Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 00:53

Əkrəm Əylisli: «Əsərdir, yazılıb. Kimsə bunu götürüb çap edə bilər»


Əkrəm Əylisli
Əkrəm Əylisli
-

“Əvvəla, deməyə borcluyam ki, romanı nəşr edənlər məndən heç nə soruşmayıblar.

İkincisi, mən yenə bu fikirdəyəm ki, biz özümüz bu əsərə qarşı nə qədər artıq dərəcədə əsəbilik göstərsək, erməni tərəfi bundan bir o qədər istifadə etməyə çalışacaq.

Üçüncüsü, mən yenə bu fikirdəyəm ki, məsələyə ümumbəşəri dəyərlər nöqteyi-nəzərindən yanaşsaq, bu yazıda Azərbaycan xalqına, başaşağılığı gətirə biləcək heç nə yoxdur”.


Bunu “Daş yuxular” romanının erməni dilinə çevrilib çap olumasına münasibət bildirərkən romanın müəllifi – Əkrəm Əylisli deyib.

Yazıçının özü Ermənistanda gerçəkləşdirilən bu tərcümə və əsərin çapı barədə məlumatı aprelin 11-də İnternetdən öyrəndiyini söyləyir.


- Bu haqda sizə məlumat verməmişdilər?

- Qətiyyən. Mənim onlarla nə əlaqəm var ki? Əsərdir, yazılıb. Kimsə bunu götürüb çap edə bilər. Amma hər halda məndən soruşsaydılar, mən məsləhət görməzdim. Ona görə ki, indiki vaxtda bu artıq siyasi məsələyə çevrilir.

- Adətən, bir yazıçının əsərinin başqa dilə çevrilməsi onun üçün xoş hadisə sayılır...

- Neçə il əvvəl, bizim nəsildən və bizdən sonra gələn nəslin bəzi nümayəndələri Ermənistanda əsəri çıxanda sevinə-sevinə mətbuata informasiya verirdi. Erməni yazıçısının da Azərbaycanda əsəri çap olunanda, o da böyük məmnuniyyətlə xəbəri yayırdı. Ən böyük arzum o olardı ki, vaxt gələydi, bu ovqat bizə qayıdaydı, ermənilər siyasi məqsəd güdmədən əsərimizi çap edəydilər. Mən bilmirəm indi burda nə dərəcədə siyasi məqsəd var. Mənə elə gəlir ki, bir naşir görüb ki, bundan yaxşı qazana bilər, çap edib. Kimsə bundan pul çıxartmaq istəyir. Mən bunu belə başa düşürəm. Mən bunu çap edənləri tanımıram. Mənim tanıdığım Qrant Matevosyan
"Daş yuxular" erməni dilində
"Daş yuxular" erməni dilində
lub, o da həyatda yoxdur. Onun tərcüməçisi vardı – Anahid Bayandur, mənimlə Moskvada Ədəbiyyat İnstitutunda oxumuşdu, o da yoxdur.

- Əkrəm müəllim, bir müddət əvvəl sizə hücumlarla bağlı Avropa ölkələrinin səfirliklərinə müraciət etmişdiniz...

- Bəli, onda müəyyən bir əsəbilik vardı...

- Müraciətinizə cavab verildi?

- Müsbət cavab verən də oldu, cavab verməyən də oldu. Mən bu haqda ona görə düşünmədim ki, Azərbaycanda kim nə deyir desin, nə qədər söyür, söysün... – mən içimdə inanmasam ki, Azərbaycanı onların hər birindən artıq dərəcədə çox istəyirəm, inanmasam ki, mən bu yazımla Azərbaycanın başını uca etmək üçün, millətlər arasında ədavətin götürülməsinə cəhd göstərmişəm,– bunlara inana bilməsəm, mən yaşaya bilmərəm. Mənim 75 yaşım var. Mən yüz faiz arxayınam ki, bunu sözlə, dillə yox, həyatımla sübut eləmişəm. Mən Azərbaycan xalqını ən yüksəkliklərdə görmüşəm, elə də göstərmişəm.

- Xaricdəki həmkarlarınız “Daş yuxular”ı necə yozdular?

- Son vaxtlar istər Rusiyanın, istərsə də digər ölkələrin bir sıra tanınan yazıçılarından, ziyalılarından İnternet vasitəsi ilə xeyli məktub almışam. Bu məktublardakı müsbət yanaşmanın obyektivliyinə şübhə etməyə mənim heç bir əsasım yoxdur. Çünki bu fərdlərin heç biri Azərbaycanın düşməni deyil, dostudur. Bu yazıçılar heç vaxt heç bir əsərində ermənipərəst mövqe göstərməyiblər. Bu adamlar, sadəcə, xalqlar arasındakı ədavətin aradan götürülməsini istəyən humanist adamlardır. Mən də bir yazıçı kimi onların sırasındayam.
XS
SM
MD
LG