Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:51

«Bu Melia gedib, başqa Melia gələcək»


Thomas Melia
Thomas Melia
-
ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Thomas Melia son dörd ayda ikinci dəfə Azərbaycanda olub. Dekabrda AzadlıqRadiosuna müsahibəsində Thomas Melia Azərbaycan hakimiyyətini ATƏT kimi beynəlxalq qurumlar qarşısında öhdəliklərini yerinə yetirməyə çağırırdı. Ötən dörd ayda Azərbaycanda gənc fəallar həbsə atılıb, Milli Demokratiya İnstitutunun ətrafında qalmaqal baş verib, hakimiyyət ATƏT-in Bakı ofisinin statusunun endirilməsi üçün müraciət edib.

«BİZ AZƏRBAYCANDAN HEÇ NƏ TƏLƏB ETMİRİK»

Thomas Melia AzadlıqRadiosuna müsahibəsində sonuncu məsələdə ABŞ-ın hazırkı mandata tərəfdar olduğunu deyir, MDİ ilə bağlı yazılanları və deyilənləri uydurma sayır. Eyni zamanda, ABŞ-ın Azərbaycandan heç nə tələb etmədiyini də vurğulayır:

– Biz Azərbaycanı demokratik niyyətlərinə doğru irəliləməyə dəvət edirik. ATƏT-ə qoşulmaqla illər boyu formalaşan konsensus prosesinin bir hissəsi olmasını, ifadə, toplaşma azadlıqlarına əməl etməsini, real seçki keçirməsini istəyirik. Azərbaycan hökuməti bütün bu öhdəlikləri imzalayıb.

Thomas Melia «Turan» informasiya agentliyinə müsahibəsində Birləşmiş Ştatların demokratiyanı neftə qurban verməyəcəyini də xatırladıb.

Ötən həftə prezident İlham Əliyev Rusiya televiziyasına müsahibəsində heç bir qüvvənin Azərbaycanı nəyə isə vadar edə bilməyəcəyini demişdi. O, bu sözləri Qəbələ RLS-in qapadılmasının amerikalıların təzyiqi ilə bağlı olub-olmamasına dair jurnalistin sualını cavablarkən söyləmişdi. Bəzi təhlilçilər bunu bir tərəfdən Qərbin təzyiqlərinə mesaj sayır, bəziləri də elə Rusiyanın özünə, sonuncudan daha çox dəstək qazanmağa yönəldiyini düşünür.
Leyla Əliyeva
Leyla Əliyeva

«QAFQAZA MARAQ AZALIB»

ABŞ-ın Azərbaycanla münasibətlərində bundan sonra demokratiya və insan haqlarına daha böyük önəm verəcəyini gözləmək olarmı? Politoloq Leyla Əliyevanın fikrincə, məsələ Azərbaycanın ABŞ-dan ötrü üstün ölkələr sırasında olmamasındadır. Ekspert düşünür ki, Qafqaza maraq azalıb, Demokratlar Respublikaçılardan fərqli olaraq xarici ölkələrə elə də sərt müdaxiləni xoşlamırlar. O, ABŞ üçün Rusiya, İran, Əfqanıstan, İraq və Çini daha vacib ölkə sayır:

«Onlar daha çox Rusiya ilə birbaşa siyasətə diqqət yönəldirlər. Əlbəttə, İran da var, ancaq İran məsələsi də, məncə, elə də ön planda deyil. Respublikaçılar Rusiyanın, İranın zəiflədilməsində Azərbaycandan yararlanırdılar. Gürcüstana demokratiya ilə bağlı diqqət yönəldirdilər, sərmayə qoyurdular».

Politoloq seçki yaxınlaşdıqca, bütün aktyorların ehtiyatlı davrandığını vurğulayır. Seçkilərin nəticəsi çox qeyri-müəyyən olduğu üçün hər hansı yanlış bəyanat və ya hərəkətdən hamı ehtiyatlanır. Leyla Əliyeva ABŞ-ın regiondakı siyasətinin bir müddət dəyişməz qalacağını, supergücün ölkədə qüvvələr balansına diqqət yetirəcəyini düşünür:

«Burada fəallıq, ciddi qarşıdurma olsa, müdaxilə etməyə, dəstək verməyə məcbur qalacaqlar. İndilik, ciddi bir dəyişiklik gözləmirəm».

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
KÖHNƏ BAYATILAR VƏ SEÇKİ «VAĞZALI»SI

Politoloq Zərdüşt Əlizadə hələ də köhnə bayatıların çalındığını deyir.

«Son 22 ildə Azərbaycana çox Melialar gəlib-gedib. Bu Melia gedəcək, başqa Melia gələcək», - deyən politoloq vurğulayır ki, illərdir ABŞ Azərbaycan hakimiyyətini demokratiya yoluna dəvət edir, ancaq eyni zamanda neft, qaz, tranzit məsələlərində əməkdaşlığını sürdürür. Politoloq seçki ilində təzyiqlərin nəyi isə dəyişəcəyinə də inanmır, çünki onun fikrincə, Azərbaycanda seçki keçirilmir:

«Azərbaycanda mərasimlər var – toy, yas mərasimi var, bir də var seçki mərasimi. Seçkidə kimin qalib gələcəyi əvvəlcədən bəllidir. Ancaq mütləq gərək «vağzalı» çalınsın, kimsə oynasın, kimsə gətirsin pul atsın... Yəni, mərasimin bütün ayinləri göz qabağındadır, hamısı da olacaq, narahat olmayın, ürəyinizə də salmayın. Əminəm ki, İlham Əliyev qalib gələcək. Çünki neft-qaz pulları qurtarmayıb. Rüşvət, alver, torpaq pulları tükənməyib. Xarici kreditlər gəlirsə, hamısı həzmi-rabedən keçirilməlidir».

Zərdüşt Əlizadə Azərbaycanın indiki aktuallığının yalnız İranla bağlı olduğunu deyir:
Siyavuş Novruzov
Siyavuş Novruzov

«İranın zəbtində Azərbaycandan istifadə etmək istəyirlər, Azərbaycan da bu yola qoşulub. Cənubi Azərbaycan məsələsi, cənubdakı azərbaycanlıların şimaldakı kimi xoşbəxt edilməsi planlarından danışır və sairə».

Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov «Media forum» saytına açıqlamasında deyib ki, «ABŞ bizə dost və müttəfiq ölkədir. Amma kimi seçib-seçməmək haqda bizə göstəriş verməyə haqqı yoxdur». YAP icra katibinin müavini ABŞ-ın seçki sistemini qüsurlu sayır və Birləşmiş Ştatlara öz seçki sistemini dəyişməyi məsləhət görür.

Beynəlxalq qurumların Azərbaycan hakimiyyətinə tövsiyələri sırasında seçki qanunvericiliyinə dəyişikliklər də var.
XS
SM
MD
LG