Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 07:55

“Adamaldadan quşu öldürmək” romanının müəllifi aldadıldığını deyir


ABŞ - Harper Lee və George W.Bush, Washington, 5 noyabr 2007
ABŞ - Harper Lee və George W.Bush, Washington, 5 noyabr 2007
-

Bütün zamanların bestsellerlərindən sayılan “Adamaldadan quşu öldürmək” (To Kill a Mockingbird) romanının müəllifi, 87 yaşlı Harper Lee iddia edir ki, agenti Samuel Pinkus onun zəif görməsindən və ağır eşitməsindən sui-istifadə edərək qanunsuz olaraq əsərinin müəlliflik hüquqlarına sahiblənib. ("Guardian")

Əvvəlcə əsər barədə bir qədər ətraflı məlumat vermək istərdim. Keçmiş SSRİ-də o qədər də təbliğ olunmayan (Britaniyada isə orta məktəblərdə bu əsərin oxunması icbari tədris proqramına daxil edilib) bu roman 1960-cı ildə çap olunub. Dərhal dünyaca məşhurlaşıb və Pulitzer mükafatı qazanıb.

CANLI KLASSİK

“Adamaldadan quşu öldürmək” romanı bu gün Amerika ədəbiyyatının klassikası hesab edilir.

Romanda təsvir edilən hadisələr Amerikanın depressiya illərinə təsadüf edir. Ölkənin hələ də mürtəce olaraq qalan cənubunda qaradərili gənc ağdərili qızın zorlanmasında yanlış olaraq ittiham edilir.

Əsər faciəli sonluqla bitir.

Ədəbiyyatşünaslar yazırlar ki, xanım Harper Lee süjeti öz həyatından götürüb.

1919-cu ildə yazıçının atası Amasa Coleman Lee vəkil olaraq buna bənzər bir işi aparırmış.

O, ağdərili qıza seksual təcavüz etməkdə ittiham olunan iki qaradərili gənci müdafiə edirdi.

Məhkəmədə oğlanların günahsız olduqları aşkar edilsə də, onlar ölümə məhkum edilərək asılıblar və bundan sonra Harper Lee-nin atası bir daha vəkilliklə məşğul olmayıb.
Harper Lee
Harper Lee

Əsərin adı simvolikdir. Təqsirsiz insanların yaşamaq haqqından məhrum edilməsi adamaldadan quşun - günahsız bir canlı varlığın öldürülməsi ilə müqayisə edilir.

Buna bənzər başqa əsəri qaradərili yazıçı Peter Abrahams yazmışdı. “İldırım cığırında” adlı roman sonralar Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayev tərəfindən “İldırımlı yollarla” baletinə çevrildi.

Lakin əgər Abrahams-ın əsərində qaradərili və ağdərili gənclər arasında məhəbbət tərənnüm edilirdisə, Harper Lee-nin əsəri nifrət barədə idi.

1960-cı illərin ABŞ-ında irqi nifrət irqi məhəbbətdən daha aktual mövzu idi.

İNCİLDƏN POPULYAR KİTAB

2006-cı ildə Britaniya kitabxanaçıları “Adamaldadan quşu öldürmək” əsərini hər bir həddi-büluğa çatmış insanın ölməzdən əvvəl oxuması vacib olan kitab kimi hətta “İncil”dən yüksək qiymətləndiriblər.

2007-ci ildə prezident George Bush Harper Lee-ni ABŞ-ın “Azadlıq Medalı” ilə təltif edib.

1962-ci ildə sözügedən roman əsasında Hollivudda çəkilmiş film “Oscar” mükafatına layiq görülüb, lakin… Harper Lee bundan sonra daha heç nə yazmayıb.

“Adamaldadan quşu öldürmək” ona övladı qədər əzizdir və məhz buna görə də, o, agentin xəyanətini sarsıntı ilə qarşılayıb.
Adamaldadan quş (adamoynadan quş da deyilir)
Adamaldadan quş (adamoynadan quş da deyilir)

Harper Lee iddia edir ki, onun agenti Samuel Pinkus yazıçını aldadaraq indiyədək 30 milyon nüsxəsi satılmış əsərin müəlliflik hüququnu onun əlindən alıb.

Pinkus 40 il ərzində yazıçının agenti olmuş Eugene Winick-in kürəkənidir. O, 2002-ci ildə ağır xəstələnəndə, kürəkəni Pinkus qaynatasının “yağlı” müştərilərindən bəzilərini özünün hüquq şirkətində qeydiyyata alıb.

Şikayətə Manhattan-in Federal Məhkəməsində baxılacaq.

Yazıçı iddia edir ki, o, nə vaxtsa öz hüququnu kimə isə verdiyini xatırlamır.

Xəbər verilir ki, Pinkus kitabın elektron variantının hüquqları üçün müxtəlif təklifləri qulaqardına vurub.

O, hətta kitabın 50 illik yubileyinin qeyd olunmasına dair çağırışları da cavabsız buraxıb.

Məhkəmə müəllifin hüquqlarını onun özünə qaytaracaqmı?

Hər halda az qala 90-nı haqlamaqda olan yazıçı bunu gözləyir.
XS
SM
MD
LG