Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 22:52

Andres Herkel ADR və Rəsulzadə haqqında


Andres Herkel
Andres Herkel
-
AŞPA Monitorinq Komitəsinin sədri, Azərbaycan üzrə keçmiş həmməruzəçi Andres Herkel AzadlıqRadiosuna müsahibə verib. Xatırladaq ki, onun 2010-cu ildə Estoniyada, estonca çapdan çıxmış «Azərbaycan məktubları» kitabında cümhuriyyət Azərbaycanına həsr olunmuş ayrıca bölmə var. Herkel o zaman bildirirdi ki, kitabın Azərbaycan dilinə tərcüməsi barədə düşünür və bu işi görməyə iki könüllü də tapılıb. Ondan ilk olaraq tərcümənin nə yerdə olduğunu soruşduq. Herkel tərcümə işində elə bir yenilik olmadığını deyir, ancaq onu da əlavə edir ki, «bəlkə kimsə icazəsiz tərcümə edib, çünki eston dilini bilməyənlərdən kitabın məzmunu barədə eşidirəm».

– Sabah (müsahibə mayın 27-də alınıb - A.K.) Azərbaycan Demokratik Cümhuriyyətinin 95 yaşı tamam olur. Kitabınızın bir bölümünü ADR-ə, onun banisi Məmməd Əmin Rəsulzadəyə həsr etdiyinizi deyirdiniz. Bu bölüm barədə bir az ətraflı danışa bilərsinizmi? Niyə Azərbaycan tarixinin məhz o dövrü diqqətinizi çəkdi?

– Məncə, o bölüm həm kitabımın, həm də Azərbaycan tarixinin ən mühüm dövrüdür. Axı bu dövrdə demokratik respublika və müstəqil dövlət qurmaq cəhdi oldu, ancaq təəssüf ki, qonşu ölkələrdəki siyasi durum üzündən çox yaşaya bilmədi. Düşünürəm ki, bu, milli özünüdərkin və milli düşüncəli ziyalıların, Rəsulzadə kimi siyasətçilərin, jurnalist və yazıçıların fikir toqquşmalarının mühüm nəticəsi idi. Bu prosesin Azərbaycan, Baltikboyu və Şərqi Avropa ölkələrində fərqli özəllikləri ayrıca diqqətimi çəkirdi. Axı milli oyanış və mədəni hərəkat kiçik dövlətlərin öz suveren milli dövlətlərini qurmasına aparırdı. Bu eyni vaxtda bir çox ölkədə baş verirdi. Məni özəlliklə Şərq cəmiyyəti olan Azərbaycanda prosesin Avropanın digər yerlərindən fərqləri maraqlandırırdı. Belə bir qənaətə gəldim ki, elə böyük fərq yoxdur. Avropa dəyərləri az və çox dərəcədə Azərbaycana gəlirdi. Ancaq bu, İslam dünyasında çox maraqlı nümunə idi və bizimlə çoxlu bənzərlikləri üzə çıxarır.

– «Bilirsinizmi hansı müsəlman ölkəsi ilk demokratik respublika olub? Cavab – Azərbaycandır... Azərbaycan ilk müsəlman ölkəsi olaraq qadınlara seçki hüququ verib. Azərbaycan ilk Şərq ölkəsi kimi qadınların təhsil sistemini qurub» – Bir Estoniyalı millət vəkilinin Azərbaycan haqqında belə vurğunluqla yazmasının səbəbi və ya səbəbləri nədir?

– Əsas səbəb odur ki, Azərbaycanda həmişə bir suala cavab axtarırdım – niyə son 100 ildə tarix belə fərqli keçib? Axı ilkin dövrlərdə oxşarlıqlar çox olub... İkinci qənaətim də o oldu ki, Azərbaycanın bizə nisbətən daha uzun müddət sovet təsirində qalması burada cəmiyyətin inkişafına çox pis təsir göstərib.

– Bugünkü Azərbaycan ADR-in, bir başqa deyimlə, AXC-nin varisidir. Sizcə, bu varis ilk müsəlman demokratik ölkəsinin dəyərlərini necə qoruyur?

– Təəssüf ki, «Sərhədsiz Reportyorlar», «Human Rights Watch» kimi təşkilatların açıqladığı reytinqləri gözdən keçirərkən, insan haqları və azadlıqlar sahəsində xeyli tənqid görərik. O biri yandan böyük iqtisadi potensial var, axı Azərbaycan iqtisadi baxımdan regionun yaxşı gəlişən ölkəsidir. Reytinqlərin müqayisəsi isə belə deməyə əsas verir ki, bu potensialdan insanların şəraiti və inkişafı üçün düzgün istifadə olunmayıb.

– 5 il əvvəl – 2008-ci ildə prezident seçkilərini yaxşı üzgüçülük məşqinə bənzətmişdiniz. Amma bunu da demişdiniz ki, «üzgüçülük hovuzu boşdur» («suyu boşaldılıb» mənasında –A.K.). Sizcə, 5 ildən sonra hovuz hansı durumdadır?

– (Gülür) Məndə olan məlumata görə, prezidentliyə potensial namizədlərdən biri azadlıqda deyil. Məncə, əsas rəqib, yaxud əsas rəqiblərdən biri azad deyilsə, təəssüf ki, hovuz boş qalacaq. Digər namizədlərdən xəbərim yoxdur, ancaq görünən odur ki, hazırkı prezidentin əlində nəhəng resurslar var. İmkanlar bərabər deyil. Əsl rəqabətli seçki keçirmək çox çətin olacaq.

– Konstitusiyaya dəyişikliklər bir şəxsin prezident seçilməsinə zaman limitini aradan qaldırdı. Bu dəyişikliyin seçki mühitinə təsirini necə dəyərləndirirsiniz?

– İki müddət dalbadal bir vəzifədə qalmamağa dair Avropa yanaşması siyasi rəhbərliyi təzələmək ehtiyacı ilə bağlıdır. Buna dair yazılı öhdəliklər olmasa da, yazılmamış qaydalara əməl etməli olursan. Bir şəxsin üçüncü dəfə namizədliyi seçkinin real və rəqabətli keçəcəyini göstərə bilməz. Bir məqamı da xatırladım ki, prezident seçilməyə limiti ilk dəfə ləğv edən ölkə Belarus olub. Belarus demokratik prinsiplərə əməl etmədiyinə görə Avropa Şurasının üzvü deyil. Məncə, bu mənada Belarusla müqayisə olunmaq Azərbaycan üçün yaxşı, yaxud faydalı deyil.

– Kitabınızda 2008-ci il prezident seçkiləri zamanı – AŞPA müşahidə missiyasının rəhbəri olarkən, seçkiyə dair tənqidi fikirlərinizə missiya daxilində etirazların olduğunu da qeyd etmisiniz. ATƏT missiyasının rəhbəri Boris Frlec-lə razılaşdırdığınız birgə bəyanatda ümumi seçki mühiti barədə tənqidi fikirlər yer alıb. Ancaq AŞPA-dan olan həmkarlarınız bunu üsyanla qarşılayıb. Nəticədə seçkidən bir gün sonra keçirilən mətbuat konfransı bir neçə saatlığa ertələnib, üstəlik, missiyanın bəyanatına «nəzərəçarpacaq irəliləyiş» ifadəsi salınıb.

– Hə, doğrudur. Çox çətin seçki müşahidə missiyası idi. Mən daim bu mövqeni paylaşıram ki, beynəlxalq təşkilatlar öz missiyalarına uyğun danışmalıdır. Müxtəlif səslərdən gələn mesaj anlaşıqlı olmur. Birgə bəyanatla və birgə mövqedən çıxış etməyimiz çox önəmli idi. Qarşılıqlı güzəştlər də siyasətin bir növüdür.

– AŞPA-nın Monitorinq Komitəsinin sədri Azərbaycanın öz öhdəliklərini tam yerinə yetirməsi yolunda hansı əngəlləri görür?

– Əngəllər çoxdur. Monitorinq Komitəsinin Azərbaycana dair son hesabatı bir çox məsələyə xeyli tənqidi yanaşırdı. Siyasi məhbuslara dair digər hesabat qəbul olunmasa da, Monitorinq Komitəsinin hesabatında da problemlər vurğulanıb. Məncə, əsas maneə hakimiyyətin, əsasən, bir əldə toplanmasını istəməkdir. Bütün digər problemlər bu meyldən doğur. Yəni müxalifətin təcridi, azad medianın olmaması, bəzi siyasi fəalların həbsi, sərbəst toplaşma azadlığından istifadəyə məhdudiyyətlər və s. Məhkəmələr azad deyil, ədliyyə sahəsində aramsız zəifliklər gözə çarpır.

– Ancaq rəsmilər sizi, bəzən, ayrı-seçkilikdə günahlandırır. Əsas arqument də odur ki, niyə, məsələn, Gürcüstan və Ermənistanın öhdəliklərini necə yerinə yetirməsinə belə diqqət ayrılmır? Elə siyasi məhbuslar məsələsində də Azərbaycan nümayəndə heyəti ölkəyə qarşı qərəzli, qeyri-obyektiv münasibətdən gileylənirdi.

– Bu fikirlə razı deyiləm. Gürcüstan da, Ermənistan da diqqət mərkəzindədir. Son bir neçə ildə Gürcüstanı bəlkə hamıdan çox müzakirə etmişik. Müharibə, keçmiş baş nazirin həbsi və digər məsələlərlə bağlı. Ermənistana dair də mövqeyimiz belədir. Məncə, digər ölkələrlə müqayisədənsə, qaldırılan problemlərlə məşğul olmaq daha konstruktiv yanaşma olardı. Fakt budur ki, Azərbaycanda bəzi problemlər daha sistematik xarakter daşıyır. Gürcüstanda rəqabətli seçki keçirildi. Ermənistanda nisbətən rəqabətli seçki baş tutdu – ən azından orada güclü müxalifət var. Ancaq son seçkilərdə Azərbaycanda rəqabət mühitinin olmaması əsas problem idi. Ümid edirəm ki, bu durum dəyişəcək.

– Bir il əvvəl Avropa QHT-lərindən biri «Kürü diplomatiyası. Azərbaycan Avropa Şurasını necə susdurdu» adlı hesabat yaydı. Siz də Azərbaycan üzrə həmməruzəçi olduğunuz dövrdə deyirdiniz ki, bu ölkənin nümayəndə heyəti daha çox AŞPA-da lobbiçilik fəaliyyəti ilə məşğuldur. AŞPA deputatlarının bahalı hədiyyələrlə susdurulması barədə iddialara inanaq, ya inanmayaq?

– Buna şərh vermək çox çətindir. Azərbaycan nümayəndə heyətinin lobbiçiliklə məşğul olmasını, ölkənin proqramlarının əhəmiyyətini kiçiltdiyini demişəm. Ancaq Azərbaycanın Avropa Şurasını susdurduğunu düşünmürəm. Onu da etiraf etməliyəm ki, bəzən, Azərbaycan deputatları inandırmaq işində xeyli irəliləyirlər. Ancaq bəzi siyasi fəallar həbsdə ola-ola, özünün tam bir demokratiya olmasına Avropa Şurasında əksəriyyəti inandırmaq çətindir. Həm də Azərbaycanı tənqid edən təkcə Avropa Şurası deyil. «Transparency International», «Human Rights Watch» təşkilatlarının rəyləri də üst-üstə düşür.

– 2010-cu ildə həmməruzəçilikdən gedəndə demişdiniz ki, Azərbaycan xalqı üçün həddən artıq kədərlənsəniz də, bu ölkəni sevirsiniz. Bu kədər və sevgi nədən qaynaqlanırdı və həmin duyğularınız yenə qalırmı?

– Bilirsiniz, işimi başa vurandan sonra Azərbaycanda bir dəfə də olmamışam. Əlaqələrim də sıx deyil. Ancaq ordan gələn xəbərlər durumun dəyişmədiyini göstərir. Yadımdadır, ölkədəki durumu yaxşıya doğru dəyişə bilmədiyimə kədərlənmişdim. Ancaq cümlənin ikinci hissəsi üzərində daha çox dayandım. Mən bu ölkəni sevməyə, onun tarixini, adətlərini öyrənməyə başladım. Xeyli adamla görüşdüm. Hələ də bu fikirdəyəm ki, Azərbaycan çoxlu dostum olan ölkədir. «Facebook» səhifəmdə məni izləyənlər sırasında Azərbaycandan olanlar Estoniyadan sonra ikinci yerdə gəlir. Daha çox estonca yazsam da...(gülür).

– Azərbaycana yenə gəlmək istərdinizmi?

– Əlbəttə. Ancaq builki seçkilərlə bağlı əmin deyiləm. Bir gün Azərbaycana təkrar gələcəyimi düşünürəm, ancaq indidən deyə bilmərəm nə vaxt.

– Azərbaycan Demokratik Cümhuriyyətinin 95 illiyidir. Bu münasibətlə bu ölkənin demokratik qüvvələrinə hansı mesajınız var?

– Ümid edirəm bütün qüvvələr minimum da olsa demokratik yanaşmadan və vətənpərvərlik hisslərindən xali deyil. Onlara bizdən əvvəl yaşamış milli və siyasi liderləri, tarixi köklərini xatırlatmaq istərdim. Rəsulzadənin Azərbaycan tarixində rolu çox böyükdür. Bir eston atalar sözünü xatırlatmaq istərdim. «Tarixini yada salmayanın gələcəyi yaxşı olmaz». Bu məsələ çox önəmlidir. Azərbaycanda tarixi qoruyub saxlayanlar çoxdur. Ancaq ilk demokratik respublika barədə ictimai müzakirələr aparmaq, daha açıq danışmağa cəsarət tapmaq sizdən ötrü danılmaz önəm daşıyır.
XS
SM
MD
LG