Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:56

Təbrizli yazar Hamid Əhmədi: "Bizim xalqımız oxumağı bacarmır"


Hamid Əhmədi
Hamid Əhmədi
-

"Sizlər Çexovu, Dostoyevskini, rus ədəbiyyatının başqa divlərini oxumusuz, ancaq bunun sizin ədəbiyyata təsiri nədənsə azdır, xarakterlər açılmır".


"Bir Mən Qalmışdım, Bir Küçə, Bir də Ayda" hekayəsi ilə "Ədəbi Azadlıq-2013" Müsabiqəsinin onluğuna keçmiş təbrizli yazar Hamid Əhmədi ilə söhbət (telefonla)


- Hamid bəy, necə oldu ədəbiyyat müsabiqəsinə qatıldız? İstərdik bu haqda danışasız.

- Əslində, mənim sizin müsabiqədə mükafat qazanan xanım Kəbiri ilə dostluğum vardı. Hər ikimiz Təbrizdə yaşayırıq. O dedi ki, Azadlıq Radiosu hər il ədəbi yarışma keçirir. Məndə maraq oyatdı, dedim qatılaq görək, bəlkə bizə də bir dəyər verən oldu. Maraqlıydı ki, bizim yazılarımıza orda necə baxırlar.

- Təbriz ədəbi mühitində yazılarınız necə qarşılanır?

- Təbrizdə, ümumən bu tay Azərbaycanda son 20 ildə ədəbiyyat daha çox gəlişib. Şeir bölümündə və hekayə janrında siz demiş imzalar var. Ancaq bir sıra sıxıntılar da var. Yəni yaymaq, kitab çap etmək, dərgi-filan məsələsində sıxıntı olduğundan yazıçıların gərəkli səsləri eşidilmir. Burda Rza Kazımi kimi gözəl hekayəçimiz var, iki-üç kitabı çıxıb. Salih Atayi var burda. Güclü yazıçılar çoxdur. Ancaq belə fürsətlər olmayanda, kitab, dərgi olmayanda çətin olur. Mən hekayə yazanda yazıçı, ədəbiyyatçı dostlarıma oxuyuram, onların düşüncələrini alıram. Onların dediklərindən faydalanıram. Yazar dostlarım da eləcə. Bu yolla, inernetlə bir-birimizlə ilgilənirik. Ordakı kimi olmasa da, az-çox münasibətimiz var.

- Özünüz haqda danışardız. Neçə yaşınız var, nə vaxtdan yazırsız?

- Mənim 27 yaşım var, Təbrizdə anadan olmuşam. Psixologiyanı bitirmişəm, elə o sahədə da çalışıram. Ancaq uşaqlıqdan ədəbiyyatla varam, ilgilənmişəm. Məsələn, atam mənə Səməd Behrənginin kitablarını oxumağa verirdi. Yazmaq alın yazısı kimidir, yazmasan olmur. Əvvəllər farsca yazardım, son 8-9 ildə türkcə yazıram. Türkcə yazmağı sevirəm. Burda yayılan fərqli ədəbi dərgilərdə hekayələrim çap olunub. O tayda Rasim Qaracagilin “Alatoran” adlı dərgisi var, orda hekayələrim çıxıb. Hələlik bir kitabım nəşr olunub, Həcc yolçuluğu haqqındadır. Hekayələrimi çap etdirməyi hələlik düşünmürəm. Hekayələrimdə bir sıra obrazlar var, onları burda çıxarmağa hələlik rahat icazə verilmir. Hekayələrimdə bir az da erotik fəzalar var. Bir az da siyasi düşüncələr var.

- Sizin müsabiqəyə təqdim etdiyiniz hekayədə vulqar ifadələr, səhnələr vardı. O tayda bu cür yazılara reaksiya necə olur? Buna görə yazar basqıya məruz qalırmı?

- Burda hər cür baxış var. Biri belə yazıları sevir, biri qarşı durur. Mən şəxsən belə düşünürəm ki, hekayə də yaşamın bir tikəsidir. Yaşadığımız dünyada belə şeyləri hər gün görürük: söyüş söyürük, xəyanət edirik, yalan deyirik... Mən oxucuya deyəmmərəm ki, yox, dünya gözəldir, yox, dünyada belə şeylər yoxdur. Eyni zamanda, bunu biz yazmasaq, oxucunu aldatmış oluruq. Oxucuya yalan deməməliyik, məncə. Müsabiqəyə göndərdiyim hekayədə də rəvayətin xəttini bir az pozmuşam, çalışmışam Təbrizdə yaşayan gənc oğlanın yaşayış tərzini göstərim. Ola bilər bütün cavanlar belə olmasın, amma beləsi də var...

- Təbrizdə yaxınlarda Rasim Qaracanın, Pərviz Cəbrayılın kitabları çıxdı. O kitablara, ümumiyyətlə, dünya ədəbiyyatından tərcümələrə maraq, tələbat varmı?

- Bizim xalqımız oxumağı bacarmır. Təhsil almadıqlarından çətin olur oxumaq, zora düşürlər. Kitab bazarı yaxşıdır, kitab çıxır, amma oxunur ya oxunmur ayrı məsələdir. İranda hər nəfərə kitab oxumaq üçün ildə düşən vaxt 5 dəqiqədir. Bu çox azdır. Bilmirəm, Azərbaycanda bu rəqəm nə qədərdir. Bizim xalqımız az oxuyur, oxumaqdan daha çox eşitməyə maraqlıdır. Şəhriyarın “Heydərbabaya salam”ını CD-də dinləməkdən daha çox ləzzət alır, nəinki oxumaqdan. Oxumağa hövsələ yoxdur, bir az tənbəllik var, bir də təhsil almamaq problemi var. Ancaq ədəbiyyatçılar çıxan kitabları oxuyurlar.

- Hamid Əhmədi öz kitabları ilə İranda pul qazana bilərmi?

- Yox. Bizim ölkə kimi ölkələrdə yazıçılıq ikinci iş kimidir, hobbidir. Ona görə də bu işdən pul qazanmaq çətindir, bəlkə də mümkün deyil. Bu ölkənin iqtisadi, siyasi durumuna da bağlıdır. Amma mən şəxsən pul üçün yazmıram.

- Yəni Təbrizdə, Tehranda kitabının qonorarı ilə dolanan yazarlar yoxdur?

- Niyə ki... var. Tehranda fars yazarlar, ad qazanmış yazarlar kitab çıxmazdan qabaq da qonorarlarını ala bilirlər. Amma İran azərbaycanlıları ilə bağlı belə durumun olmasına inanmıram.

- Belə fikir var ki, İran Azərbaycanında yaşayan azərbaycanlılar ana dilində təhsil ala bilmirlər. Bu faktor da onların yazmasına təsir göstərir. Razılaşırsızmı?

- Arada heç olmasa 180 illik ayrılıq var. Bu ayrılıq hər tərəfdən – dünyagörüşümüzə, yaşam tərzimizə təsirini göstərib, o cümlədən də dilimizdə. Siz orda rus ədəbiyyatı və kültürünün təsiri altında olmusuz, biz burda fars ədəbiyyatı və kültürünün. Bu istər-istəməz dildə də təsirini qoyub. Dildə fərq yoxdur, dili bəyan etməkdə fərq var. Mən həmişə düşünürəm ki, bu tayın öz ədəbiyyatı yaranmalıdır. Son iyirmi ildə o tayla bu tay arasında fərqlər çoxalıb, həm dil, həm də yaşamla bağlı. Mən “Məşədi İbad” filminə baxanda ləzzət alıram, dili o qədər doğma gəlir. Amma indi orda bir televiziya aparıcısının dediyinə qulaq asanda dediklərindən baş aça bilmirəm. Dildə fərqlər çoxalır və bu, ayrılığı bir az da artırır. Amma orda latın qrafikası ilə çıxan kitabı oxumaq olur, çətinlik yoxdur. O tayda az adam tapılır ki, ərəb qrafikasını öyrənib bizim yazıları da oxusun. Əlifba öyrənilsə münasibətlər daha da artar və körpülər yaranar, yaranmalıdır da. Bir-birimiz arasındakı fərqləri də öyrənməliyik.

- Onluğa düşən hekayələri oxudunuzmu?

- On bir hekayənin hamısını oxudum. Yaxşı hekayə də vardı, zəifi də. “Şampun” hekayəsini çox bəyəndim. Bu hekayə o qədər real, o qədər gözəl yazılmışdı, düşündüm ki, bu hadisə Təbrizdə də üz verə bilər. Hamı hekayə yaza bilər, əsas məsələ necə yazmaqdır. Hekayədə dinamika olmasa boşqaba qoymaq olmur. Bəzən də yazıçı oxucuya nəsihət vermək istəyir, bu da oxucunu aşağılamaqdır. Bir də sizlər Çexovu, Dostoyevskini, rus ədəbiyyatının başqa divlərini oxumusuz, ancaq bunun sizin ədəbiyyata təsiri nədənsə azdır, xarakterlər açılmır.
XS
SM
MD
LG