Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 10:47

YAP olimpində köhnə və yeni xanım - Mehriban Əliyeva


Mehriban Əliyeva və İlham Əliyev
Mehriban Əliyeva və İlham Əliyev
-
Ötən həftə Yeni Azərbaycan Partiyasının qurultayında sədr İlham Əliyevə dörd yeni müavin seçildi. Onlardan biri prezidentin xanımı, deputat və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır. Digər 3 müavinləri də yada salaq: YAP-ın icra katibi Əli Əhmədov, Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov.

Müavinlər arasında ən çox diqqət çəkən, yorum və yozumlara yer açan, təbii ki, ölkənin birinci xanımı Mehriban Əliyeva oldu. İstər-istəməz, «İllərdir boş saxlanan 3 müavin postundan birinə niyə məhz birinci xanım gətirildi» sualına cavab axtarılmağa başlandı.

«PREZİDENTİN GÜVƏNDİYİ ADAMLARIN SAYI O QƏDƏR AZALIB Kİ...»

REAL Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli:

«Bütün bu siyasi prosesin getdikcə şəxsi müstəviyə keçməsi, ailə şəbəkəsi halını alması narahatlıq doğurur. Olub-bitənlər ölkədəki siyasi proseslərin yanlış istiqamətdə getdiyini də göstərir. Ola bilər, partiya daxilində prezidentin güvəndiyi adamların sayı o qədər azalıb ki, həyat yoldaşını özünə müavin seçir. Ona görə də çevrəni daraldırlar. Belə deyək, ən təbii çevrəni – ailə formatını seçirlər».

«MEHRİBAN ƏLİYEVA HAKİMİYYƏTİN EHTİYAT VARİANTIDIR»

Milli Şuranın üzvü Zəfər Quliyev bu qərara təəccüblənmədiyini deyir. O, hakim partiyanın artıq bir dəfə bu ssenaridən yararlandığını yada salır:

«Hələ Heydər Əliyevin vaxtında YAP hakim ailənin, yumşaq desək, alətinə çevrilməkdəydi. Yanılmıramsa, 2001-ci ildə hakim partiyanın qurultayında İlham Əliyev sədrin müavini seçilmişdi. O zaman həm ölkədə, həm də xaricdə güman edilirdi ki, Heydər Əliyev, beləliklə, hakimiyyəti öz oğluna verməyə hazırlaşır. Doğrudan da İlham Əliyev hakimiyyətə gəldi və iki il sonra YAP sədri oldu».

Zəfər Quliyev
Zəfər Quliyev
Zəfər Quliyevin dediyinə görə, YAP-ın son qərarları Mehriban Əliyevanın start vəziyyətə gətirilməsindən, növbəti prezident seçkilərinə onun hazırlanmasından xəbər verir:

«Qəfil hakimiyyət ötürülüşü Mehriban Əliyeva vasitəsilə reallaşa bilər. Eyni zamanda belə versiya da var ki, bu uzaq gələcəyə yox, builki prezident seçkilərinə yönəlik addımdır. YAP İlham Əliyevin namizədliyini irəli sürsə də, hakimiyyət ehtiyat variantını da hazırlayır. Hadisələrin gedişindən asılı olaraq, məsələn, İlham Əliyev namizədliyini vermək istəməsə və ya namizədliyini geri götürməyə məcbur qalsa, Mehriban Əliyeva seçkilərə qatıla bilər. Bu versiyaların heç biri istisna deyil. Builki seçkilərlə bağlı proqnoz vermək də, düzü, çətindir».

«O, YAP-A YENİ AB-HAVA GƏTİRƏCƏK»

YAP Siyasi Şurasının üzvü, deputat Yevda Abramov Zəfər Quliyevin söylədiklərini cəfəngiyat adlandırır. O, Mehriban Əliyevanın sədr müavini gətirilməsini prezident seçkilərinə bağlamaq fikri ilə razılaşmır. Yevda Abramov düşünür ki, YAP Mehriban Əliyevanı bu vəzifəyə daha öncə gətirməliydi:

«Mehriban xanım YAP-a yeni ab-hava gətirəcək. O, partiyada da cənab prezidentə kömək edəcək. Başqa deyilənlər cəfəngiyat və boş söhbətdir. Mehriban Əliyevanın YAP-a sədr müavini gətirilməsinin prezident seçkiləri ilə nə əlaqəsi?».

Yevda Abramovun fikrincə, Mehriban Əliyevanın YAP-a sədr müavini gətirilməsi hakim partiyada önəmli keyfiyyət dəyişikliyi yaradacaq:
Yevda Abramov
Yevda Abramov
«Partiyanın sosial bazası genişlənəcək. Müavinlik institutunda ciddiyyət yaranacaq. Əvvəlki müavinlərə fikir verin də. Axırı nə ilə qurtardı? Cənab prezident elə müavinlik institutu yaratdı ki, güclü Azərbaycan yaratmaqda ona dəstək olsun. Yəni müavinlərin sabit olması, yuxarı orqanların dediyi ilə oturub-durması lazımdır. Əvvəlki müavinlik bunu doğrulda bilmədi. Bəziləri səfir getdi, bəziləri başqa sahələrə meyl etdi, kimi də istintaqa məruz qaldı. Bu institut isə daha operativ, daha güclü olacaq».

Son illərdə YAP sədrinin tək müavini vardı – Əli Əhmədov. Partiya sədrinin 3 müavin postu 2005-ci ildən boş saxlanırdı.

YAP sədrinin müavinlərindən Əli Nağıyev 2005-ci ildə nazir vəzifəsindən gedib və 2011-ci ilədək səfir işləyib.

Hakimiyyəti, o cümlədən, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi sərt tənqid edən, «91-lər»dən olan bir başqa müavin – Sirus Təbrizli 2007-ci ildə partiyadan çıxarılıb.

YAP sədrinin müavini Murtuz Ələsgərov isə 2012-ci ildə vəfat edib.

İxtisasca həkim olan Mehriban Əliyeva 2005-ci ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub.

2005-ci və 2010-cu illərdə Milli Məclisin deputatı seçilib.

Heydər Əliyev Fonduna rəhbərlik edən Mehriban Əliyeva 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının da prezidentidir.

O, 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə isə ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.
XS
SM
MD
LG