Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 09:09

R. İbrahimbəyov: «Milli Kino Günündə Azərbaycana gələcəyəm»


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
-
İyulda Avropa Komissiyasında görüşlər planlaşdırdığını söyləyən Rüstəm İbrahimbəyov avqustun ilk günlərində Bakıya gələcəyini bildirib. O, AzadlıqRadiosuna qısa müsahibəsində İlham Əliyevin çıxışına, Rusiya vətəndaşlığından imtinasına və digər məsələlərə aydınlıq gətirib.

- Rusiya vətəndaşlığından imtina etdiniz. Bu addım namizədliyinizin qeydə alınmaması ehtimalını nə dərəcədə azaldır? Ümumiyyətlə, namizədliyinizin qeydə alınmamasına daha nələr səbəb göstərilə bilər?

- Prezidentliyə yalnız Azərbaycan vətəndaşı namizəd göstərilə bilər. Kimin ikinci vətəndaşlığı varsa, bundan imtina etməlidir. Bir də namizəd Azərbaycanda yaşamalıdır. Mən də Azərbaycanda yaşamışam, Azərbaycan vətəndaşı olmuşam. İşlərim də Azərbaycanla bağlı və Azərbaycanın adına olub.

- İndi hansı işlərlə məşğulsunuz? Azərbaycana gələcəyiniz vaxt dəqiqləşib?

- Avropaya getməliyəm. Əslində, ayın əvvəli gedəcəkdim, amma görüşlərin vaxtı ayın ortasına dəyişdirildi. Avropa Parlamentində və Avropa Komissiyasında görüşlərim olacaq. Çalışacağam ki, ayın sonunacan görüşlərimi bitirim. Avqustun 2-də – Milli Kino Günündə Azərbaycana gələcəyəm.

- Görüşlərdə, əsasən, hansı məsələlər müzakirə olunur?

- Seçkilərin nəticəsini xalq həll etməlidir. Amma 20 ildir Azərbaycanda seçkilər saxtalaşdırılır. Avropa Parlamentində də, Amerikada da bir məsələ müzakirə olunur – seçkilərin ədalətli və şəffaf keçirilməsi. Görüşlərdə seçkilərin ədalətli aparılmasına dəstək məsələsi müzakirə olunur.

- İqtidar Milli Şuranın xarici dairələrin, özəlliklə Rusiyanın layihəsi olduğunu ehtimal edir. Prezident İlham Əliyev iyulun 2-də – Polis Günü ilə bağlı tədbirdə çıxışında Azərbaycanın siyasi mənzərəsindən də danışıb və deyib ki, bəziləri hələ də qul psixologiyası ilə yaşayır, daim böyük qardaş axtarışındadır. Milli Şuranın «böyük qardaşı» var?

- Prezident görür ki, Milli Şura yaranıb. Görür ki, bu dəfə seçkiləri saxtakarlıqla udmaq o qədər də asan olmayacaq. Ona görə, belə böhtanlı çıxışları ilə çalışır öz vəziyyətini yüngülləşdirsin. Qorxusundan deyir də bütün bunları. Bilirsiniz, mən Milli Şuranın hansısa bir ölkənin layihəsi olub-olmaması ilə bağlı sualları cavablamaqdan yorulmuşam. İqtidarın öz məqsədi var. Milyonlarla manat pul oğurlayıb, pulları mənimsəyib. İndi də istəyir hansı yolla olur-olsun, seçkilərdə qalib gəlsin. Seçkiləri də udmaq üçün böhtana, saxtakarlığa, hər cür yola əl atır. Milli Şuranın hansısa ölkənin layihəsi olması barədə fikirlər böhtandan və şərdən başqa bir şey deyil.

- Bəzi müşahidəçilər düşünür ki, iqtidar Sizin namizədliyinizi qeydə almaq istəmir. Sadəcə, beynəlxalq ictimaiyyət qarşısında seçkilərin alternativli keçirildiyini göstərməyə can atır. Siyasi müşahidəçilərin fikrincə, İsa Qəmbərin namizədliyinin qüvvədə qalması iqtidara seçkilərin alternativ keçirildiyini göstərməyə və beləcə, Rüstəm İbrahimbəyovun namizədliyini qeydə almamağa şans verir. Siz nə düşünürsünüz bu barədə?

- Seçkiyə 3 ay qalıb. Müsavat Partiyası İsa Qəmbərin namizədliyini Milli Şura öz vahid namizədini elan etməzdən öncə irəli sürüb. Ona görə də oturub məsləhətləşmək lazımdır. Hansı strategiya bizə sərfəlidirsə, bununla bağlı bir qərara gələrik. Gərək olarsa, İsa Qəmbərin də namizədliyi qüvvədə qalar. Onun öz namizədliyini geri götürməsi qərarına da gələ bilərik. Yəni, birlikdə müzakirə etməliyik. Hansı qərar sərfəlidirsə, onu da qəbul edəcəyik. İsa Qəmbər vahid namizədi dəstəkləyib, onun iştirakı ilə vahid namizəd irəli sürülüb. Yenə təkrar edirəm: konkret məsələ ilə bağlı qərar qəbul etmək üçün Milli Şura müzakirə aparmalıdır və strategiyamızı Milli Şuranın birgə qərarı əsasında quracağıq.
XS
SM
MD
LG