Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 10:49

Milli Şura seçkilərə Cəmil Həsənli ilə gedir


Cəmil Həsənli
Cəmil Həsənli
-
Avqustun 23-də Milli Şuranın ehtiyat vahid namizədi Cəmil Həsənlinin Təşəbbüs Qrupu yaradılıb.

Bu qrupa 150 nəfərə yaxın şəxs seçilib.

Müsavat başqanının müavini Gülağa Aslanlı həmin qrupu MSK-da təmsil edəcək.

Təşəbbüs qrupu Cəmil Həsənlinin namizədliyinin təsdiqi üçün sənədləri avqustun 24-də MSK-ya təqdim edəcək.

CƏMİL HƏSƏNLİ EHTİYAT NAMİZƏD OLDU

Səsvermə başa çatıb. Səsvermədə iştirak edən 74 nəfərin 72-si Cəmil Həsənlini dəstəkləyib. Cəmil Həsənli Milli Şuranın ikinci vahid namizədi oldu.

Cəmil Həsənli namizəd kimi çıxışında deyib ki, «Yolumuz tarixilik baxımından Rəsulzadə, günümüz baxımından Elçibəy yoldur».

O, demokratik qüvvələrin prezidentliyə potensial namizədlərinin ona güzəştə getdikləri üçün minnətdarlığını bildirib:

«Azərbaycanda kriminal rejim var. Biz bütün gücümüzlə hakimiyyətin mənbəyinin xalq olduğunu sübut etməliyik və edəcəyik».

Cəmil Həsənli

Cəmil Həsənli

1952-ci il yanvarın 15-də Biləsuvar rayonunun Ağalıkənd kəndində doğulub.

Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib.

1994-cü ildən Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur.

10 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.

2000-2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Evlidir, 3 övladı var.
«HAKİMİYYƏT MƏSƏLƏSİ KİTAB YAZMAQ QƏDƏR ASAN DEYİL»

Professor Cəmil Həsənli sessiyada bildirib ki, tarix Milli Şuranı sınaq qarşısında qoyub:

«Mən bu Milli Şuraya Rüstəm bəyə görə gəlmişəm. Rüstəm bəy ziyalılar qurumunda tək təmsil olunurdu. Mən ondan daha çox müxalifətçi olmuşam, fikirləşdim ki, onun yanında olmayım. Hakimiyyət məsələsi kitab yazmaq qədər asan deyil. Çətinlikləri, ağırlıqları var. İndiki situasiyanı, vəziyyəti, Rüstəm bəyin, dostlarımın xahişlərini nəzərə alaraq, məsul yükü yerinə yetirmək qərarına gəlmişəm».

RÜSTƏM İBRAHİMBƏYOVUN MÜRACİƏTİ OXUNDU

Rüstəm İbrahimbəyovun Milli Şura üzvlərinə müraciəti oxunub. Müraciətdə deyilir ki, «ehtiyat namizəd demokratik ənənələrə sadiq, ziyalı, vətənpərvər bir şəxs olmalıdır. Professor Cəmil Həsənli bütün bu keyfiyyətlərə malikdir».

Milli Şurada səsvermə - 23 avqust 2013

Milli Şurada səsvermə
Your browser does not support iframes.

Bütün videolara burada baxa bilərsən
Rüstəm İbrahimbəyov ehtiyat vahid namizəd kimi Cəmil Həsənliyə dəstək verilməsini xahiş edib.

AXCP sədri Əli Kərimli deyib ki, Rüstəm İbrahimbəyovun namizədliyinə maneə yaradılıb:

«Ümid edirəm ki, Rüstəm bəyin məktubundan sonra elliklə yeni bir qərar qəbul edə biləcəyik».

Əli Kərimlinin fikrincə, «Cəmil Həsənli ehtiyat vahid namizədliyə tamamilə uyğun, ən ləyaqətli insanlardan biri, dünyada tanınan ən böyük alimlərdən biridir».

«SƏDRİN TƏKLİF ETDİYİ NAMİZƏDƏ SƏS VERƏK»

«EL» Hərəkatının lideri Eldar Namazov deyib ki, bu gün vacib qərar qəbul olunacaq:

«Ehtiyat namizədə təkcə hüquqi mandat verməyəcəyik, ona siyasi legitimlik mandatı verməliyik. Fərqi yoxdur, kimin kimə münasibəti necədir. Sədrin təklif etdiyi namizədə səs verək, seçki kampaniyasına başlayaq. Şəxsi maraqları kənara qoyaq».

«BU, İBRAHİMBƏYOVUN ÜSTÜNDƏN XƏTT ÇƏKMƏK»

ALP sədri Əvəz Temirxan dedi ki, o, bu gün seçiləcək namizədin lehinə səs verəcək:

«Milli Şuranın qorunması üçün verilən qərara səs verməliyik. Biz dostlarımızı başa düşürük. Bizi ötən sessiyada verdiyimiz qərara görə qınayanlar oldu. Bilmirəm ki, bu gün seçiləcək namizədi təbrik edim, ya yox. Amma bu, İbrahimbəyovun namizədliyini üstündən xətt çəkmək deməkdir».

«İNDİ DƏ CƏMİL HƏSƏNLİNİ TAPIB GƏTİRİBLƏR»

Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər deyib ki, «vahid namizədlə bağlı ayın 12-də Təşəbbüs Qrupunu yaratdıq, Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürdük. Ancaq heç də partiyaların hamısı həmin toplantıda iştirak etmədi».

Sülhəddin Əkbər deyib ki, bu gün Milli Şuranın fəaliyyətində sınma nöqtəsidir:

«Cəmil müəllimi tapıblar, onu irəli verib, özlərini kənarda qoymaq istəyirlər. Kim məsuliyyət daşımaq istəyirsə, buyursun».

KXCP EHTİYAT NAMİZƏDİ DƏSTƏKLƏDİ

KXCP sədri Mirmahmud Mirəlioğlu deyib ki, nəyi qəbul edəcəyiksə, Allah da onu qəbul eləsin:

«Rüstəm İbrahimbəyovun ehtiyat namizədlə bağlı məktubu var. Bunu da dəstəkləyirik. Səsimizi sədrin nəzərdə tutduğu yeni namizədə veririk».

16:30 - İCLAS BAŞLADI

İndilərdə Milli Şuranın toplantısı başlayıb. Müsavat başqanı İsa Qəmbər deyib ki, bugünkü toplantıda Milli Şuranın ehtiyat vahid namizədini müəyyənləşdiriləcək.

İsa Qəmbər vaxt itkisinə yol verməməyi, çıxışçılara 4-5 dəqiqədən kənara çıxmamağı məsləhət görüb.

RÜSTƏM İBRAHİMBƏYOVDAN CƏMİL HƏSƏNLİYƏ DƏSTƏK

Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov tarixçi alim Cəmil Həsənlinin şuranın ehtiyat namizədi olmasını dəstəkləyir.

Rüstəm İbrahimbəyov «Media forum» saytına açıqlamasında deyib ki, C. Həsənlinin namizəd olması məsələsi Milli Şuranın sessiyasında müzakirə ediləcək və orada qərar veriləcək:

«Cəmil müəllimin namizədliyini ürəkdən dəstəkləyirəm. O, Azərbaycanın çox hörmətli və tanınmış ziyalısıdır. Hamının ona böyük hörməti var. Avqustun 22-də Milli Şura üzvlərinə müraciət göndərmişəm. Xahiş etmişəm ki, Cəmil Həsənlinin namizədliyini dəstəkləsinlər. Telefonla sessiyaya qatılacam, Milli Şura üzvlərindən xahiş edəcəm ki, müraciətimi nəzərə alsınlar və Cəmil Həsənlinin namizədliyini dəstəkləsinlər».

CƏMİL HƏSƏNLİ EHTİYAT VAHİD NAMİZƏD OLA BİLƏR

Milli Şuranın avqustun 23-də keçiriləcək sessiyasında tarixçi alim Cəmil Həsənlinin Milli Şuranın ehtiyat vahid namizədi kimi qəbul olunacağı gözlənilir.

Bu haqda AzadlıqRadiosuna AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib:

«Ancaq bütün hallarda bu qərar müzakirə nəticəsində qəbul olunacaq».

MİLLİ ŞURA SESSİYANIN VAXTINI DƏYİŞİB

Demokratik Qüvvələrin Milli Şurası sessiyanın vaxtını dəyişib. Avqustun 26-da keçirilməli olan sessiya bu gün – avqustun 23-də olacaq. Müsavat Partiyasının mərkəzi qərargahında işə başlayacaq sessiyanın gündəliyinə Milli Şuranın ehtiyat namizədinin müəyyənləşdirilməsi və təşkilati məsələlər daxildir.

Məlumatı «Media forum» saytına Milli Şura Aparatının mətbuat xidməti verib.

Şuranın sessiyasının üç gün qabağa çəkilməsi məsləhətləşmələrdə qərara alınıb.

Demokratik Qüvvələrin Milli Şurası iyunun 7-də yaradılıb. İyulun 2-də şuranın sədri Rüstəm İbrahimbəyov qurumun prezidentliyə vahid namizədi elan olunub. Ancaq Moskvada yaşayan Rüstəm İbrahimbəyov Azərbaycana gəlib seçkiyə qatıla bilmir. Buna görə də Milli Şura prezidentliyə ehtiyat namizəd müəyyənləşdirməyə qərar verib.
XS
SM
MD
LG