Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:50

Nigar Köçərlinin çıxardığı göz


Nigar Köçərli
Nigar Köçərli
-

"Polemika"da daha bir rakurs:

"Desəm ki, elə həmin repçi Qaraqan cəmiyyət üçün daha çox maarifçilik edir, çəpəki baxacaqsız...

Qaraqan, Elxan Elatlı kimi yazıçılar qat-qat çox gənci kitab oxumağa cəlb edib, nəinki AYO-çuların cəmi...

Bizdə ədəbiyyat yaratmırlar. Roman adına hərə öz həyatını yazır... Xəyallarına nə gəldi tökürlər kağıza.

Yeni dövr yazarların öz kitabına münasibəti doğduğu uşağı zibiliyyə atan qadından fərqlənmir. İki-üç təqdimat, beş-altı müsahibə, vəssalam...
"


Ramil Qafarov
bloqçu


NİGAR KÖÇƏRLİNİN ÇIXARDIĞI GÖZ

(Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir. Təhqiramiz ifadələr yazıdan çıxarılıb)


Nigar Köçərli susdu-susdu, reallığı yazar tayfasının üzünə çırpdı. Söhbət Azadlıq radiosunda Şərif Ağayarla polemikasından gedir. "Çest"i incimiş yazarcıqlar qarğa dəstəsi kimi tökülüşdü xanımın üstünə. Müsahibəni tapıb oxuyarsız. İzahını mən verəcəm.

Nigar Köçərli "Əli və Nino" kitab şəbəkəsinin sahibi, illərin kitab satıcısıdır. Bəli, biz onu qınaya bilərik ki, niyə Əhmədlidə kitab mağazası açmırsan? Ancaq kitabın oxunması, yazıçının tanınması, davamlı satılması ilk növbədə yazıçının öhdəsinə düşən işdir.

Tez-tez sovetin kitaba qayğısını dilə gətirirlər. O dövrdə kitab çox oxunurmuş. Sovet vətəndaşının iki əyləncəsi vardı. Kitabxana və klublarda göstərilən hind kinosu. İndi yüzlərlə kanalı olan televiziya, internet, facebookla kitab rəqabət apara bilməz. Kitab üçün onlar ancaq ümid yeri ola bilər. Kitaba sevgi elə sovetin sön dönəmində ölmüşdü. Məktəbli Seymur Əliyev mütaliə yerinə seansı 1 rubla ucuz pornolara baxmağı seçirdi.

Azərbaycanda yazıçının kitabını nə üçün alırlar?
Gəncədə Əkrəm Əylislinin kitabları yandırılır, yanvar 2013
Gəncədə Əkrəm Əylislinin kitabları yandırılır, yanvar 2013

Birinci səbəb şəxsiyyətinə görə. İkinci səbəb oxucuların kitab haqda rəyinə görə. Məsələn köşə yazarı Elnur Astanbəylinin "Almadan küsənlər" şeir kitabı zay məhsul olsa da, publisistikada qazandığı hörmətə görə xeyli adam kitabını almışdı. Yaxşı ki, dahi şair sindromuna qapılmadı. Köşə yazmağa davam etdi.

Şərif Ağayar iddia edir ki, Xalid Huseyni Taliban rejiminə qarşı əsərlər yazdığı üçün xüsusilə reklam olunur və satılır. Cümlə ağzından çıxan kimi Nigar Köçərlidən əsl sillə gəldi: "Yaxşı da, Şərif bəy, gülməli şeylər danışmayın. Siz də Əliyevin rejiminə qarşı çıxın, siz də məşhur olun". Əliyevlərlə mübarizə bir tərəfə. Şərif Ağayar o kəsdir ki, Əkrəm Əylisli linç ediləndə müdafiəsi üçün İctimai televiziyaya dəvət etmişdilər. Qorxub gəlməmişdi.

İndi deyin, belə qorxağın şəxsiyyətinə hörmət edib kitabını alsınlar, ya istedadına? Halbuki, o, ekrana çıxıb Əkrəm Əylislini müdafiə etsəydi, ertəsi gün bütün Azərbaycan ondan danışacaqdı. Rəfdə satılmamış kitabı qalmayacaqdı. 500 yox, 2000 tiraj sifariş edəcəkdi. Amma... Savaş kimi ədəbi şöhrət də cəsurların nəsibidir. Qorxaqlara bəhanələr qalır.

Elə bilməyin televiziya təsirsizdir. Ən axmaq şou proqramla da kitab bumuna təkan vermək olar. Əli Əkbərin Rövşanənin proqramında iştirakı yadınıza gələr. O verilişdən sonra qardaşın-qardaşa məsləhət görməyə utandığı "Sarı Gəlin" iki günə 100 ədəd satmışdı. Əli Əkbər heç nə etməmişdi. Təmkinini qorumaqdan başqa.

Yazıçının kitabına münasibəti.

Yeni dövr yazarların öz kitabına münasibəti doğduğu uşağı zibiliyyə atan qadından fərqlənmir. İki-üç təqdimat, beş-altı müsahibə, vəssalam. Kitabın məzmunu facebook statuslarında belə yoxa çıxır. Yazdıqlarını yaşatmırlar. Koelyonun "Kimyagər"i (1988) bu gün də aktualdırsa, bunu zamana yox, yazıçının zəhmətkeşliyinə bağlamaq lazımdır. Koelyo mütaliəli kişi oxucuya absurd süjetli, bekara yazıçı kimi gələ bilər. Amma o qadın xəyallarının mahir manipulyatorudur. Sırf qadın auditoriyası üçün yazır.
Elxan Qaraqan
Elxan Qaraqan

Koelyo arvadı ilə tez-tez dünya ölkələrini gəzir. Turist kimi. Hər gəlişi hadisə olur. Xüsusilə, sizin rişxəndlə baxdığınız çadralı müsəlman ölkələrində. Amma bizim yazarlar burdan-bura oxucusunun yanına gəlməkdən boyun qaçırır. 2011-ci ilin yayında 2 aprel vicdan məhbusu Elnur Məcidlinin məhkəməsi gedirdi. Elnur xahiş etmişdi ki, Seymur Baycan və Əli Əkbər ona imzalı kitabını hədiyyə etsinlər. Biz Seymura Elnurun arzusunu çatdırdıq. Cavabsa belə oldu: "Bəs bu vaxtacan
Elxan Qaraqanın romanı
Elxan Qaraqanın romanı
niyə gedib alıb oxumurdu?" Elnur aramızda ən çox mütaliəsi olan gəncdir. Məhbusun arzusu qanun olduğundan biz hər iki kitabı ona çatdırdıq. Amma o sözü unutmadıq. Seymur Baycana ən yaxşı cavabı Elnurun özü verdi. Həbsdə olduğu 1 ildə 100-dən çox kitab oxumaqla.

Kimdir maarifçi?

Azərbaycanda AYO-çuları maarifçi, gənclərə kitab oxudan qrup kimi tanıdırlar. Yanlış təsəvvürdür. AYO-çuların lovğalığı, gənclərin avamlığından yaranan fikirdir. Qaraqan, Elxan Elatlı kimi yazıçılar qat-qat çox gənci kitab oxumağa cəlb edib, nəinki AYO-çuların cəmi. Elxan Elatlının bu vaxtacan bir kitabını belə oxumamışam. Yazını yazanadək sifətdən necə göründüyünü bilmirdim. Amma kitab sərgilərinin birində stenddə 20-dən çox romanını saydım. Gerisini saymağa hövsələm çatmadı. Adam kütləyə işləyir. Ancaq bu vaxtacan oxucuya qarşı nəsə iddiası olubmu?

Təbliğat məsələsinə gəldikdə. AZTV-ə baxmıram. Amma Seymur, Günel, Aqşin və digərlərinin televiziyada, radioda, internetdə aldığı yerin onda birini bu adam almayıb. Ədəbi qalmaqallardan ümumiyyətlə yan keçib. Facebookda izləyici sayı isə 10 mindən çoxdur. Qalmaqallı AYO-çuların hamısından çox. Deməli adamın arxasınca bir nəsil gedir. Bizim yazarlar uzaqbaşı dörd roman yazıb xalqı borclu çıxarırlar. Elxan Elatlının xalqa qarşı bir iddiasını eşidən olubmu?

Soruşa bilərsiniz onlar niyə oxunur? Kim deyirsə ki, SSRİ oxucusunu Tolstoy, Dostoyevski, Çexovla tərbiyə edirdi, səhv edir. SSRİ vaxtı ancaq Azərbaycanda sevgidən, kolxoz həyatından, şəhər məcaralarından yazan yüzlərlə yazıçı, minlərlə roman çap olunmuşdu. Anar, Elçin kimi məmur yazıçılar istisna heç birinin adını xatırlamırıq. Ancaq o romanlar oxunurdu. Elxan Elatlı, Varis, Çingiz Abdullayev bax o oxucu irsinin davamıdır. Tolstoyun, Dostoyevskinin yox.

Seymur Baycan utopik sovet maarifçiliyi haqda fikirlərini tövlədən Bakıya düşmüş qlamur qıjılara yeridə bilər. Daha bizəki yox. Çünki Seymurun özü də o dövrdə dərslikdən başqa kitab görməyib. Aktiv mütaliəsi 2000-lərin əvvəlindən başlayır. İnanmırsız "Quqark"ı oxuyun.

Şəxsən ilk oxuduğum müəlliflərdən biri Salam Qədirzadə olub. (80-lərin sonu) Salam Qədirzadə əsl bestseller yazıçı idi. Zamin Hacının köşələri onun yumoristik hekayələrinə yaxın belə düşə bilməz. "Şekspir azərbaycanlı olub. Mənası şeyx iz pira deməkdir" zarafatı onun yaradıcılığındandır. İndi hansı gənc kitab mağazasına girib Salam Qədirzadənin kitablarını soruşur?

Səviyyə söhbəti edəcəksiz. Bizim AYO-çuların ən sevmədiyi şey oxucunun onları Tolstoy, Viktor Hüqo ilə müqayisə etməsidir. Hə, qaqa, sən Elxan Elatlı, Qaraqan ilə səviyyə bəhsinə girəndə oxucun da sənin qarşına Tolstoy, Hüqo qoyacaq.

Desəm ki, elə həmin repçi Qaraqan cəmiyyət üçün daha çox maarifçilik edir, çəpəki baxacaqsız. Bu yaxınlarda bir müsahibə oxumuşdum. Profesional rep yazmaq istəyən gənclər klassiklərə meyllənib. Vahidin, Füzulinin, Ömər Xəyyamın qəzəl kitabları daha çox satılır. Sən, "Nizaminin, Füzulinin bütün külliyatı Çexovun bir "6 nömrəli palata"sı etməz", deyəcəksən, ancaq bəyənmədiyin reper dövlətin görə bilmədiyi işi təkbaşına görəcək.
Bakıda "Əli və Nino" dükanı
Bakıda "Əli və Nino" dükanı

Dünyada da belədir. Futbolçu Pelenin yazdığı "Mən - Pele" avtobioqrafik kitabını oxumaq üçün minlərlə bisavad braziliyalı əlifba öyrənib. Ölkənin maarif naziri bu xidmətinə görə Peleni mükafatlandırıb. Tanrı səviyyəsinə qaldırdığınız Borxes, Markes mütaliəli intellektual təbəqənin yazıçısı olub. Əllərinə 20-dən çox ispandilli ölkə düşüb. Tanınıblar.

Keyfiyyətli əsər yazılırmı?

Bizdə ədəbiyyat yaratmırlar. Roman adına hərə öz həyatını yazır. Əli Əkbər istisna. Seymur Baycan ömür yolundan dörd roman çıxardı və söndü. İkisi yaxşı alındı ("18,6 cm", "Quqark") Araz Bayramov babat povest yazdı, susdu. Qan Turalı roman yerinə həyatını "Mustafa" adlı kinoplagiata çevirdi. Qalanlarından danışmağa dəyməz.

Yaza bilmirlər, qardaş. Şəxsən Nərmin Kamalın "Aç, mənəm"
Bakıda "Əli və Nino" dükanı
Bakıda "Əli və Nino" dükanı
romanını oxuduqdan sonra bir daha qadın yazıçının kitabını almayacağıma söz verdim. Bu qədər absurd məntiqə, uşaqlıq travması almış fetişist təfəkkürün yazıya tökülməsinə heç yerdə rast gəlməmişəm. O kitabı məndən istəyənlərə israrla verməkdən imtina etmişəm. İyrənməsinlər deyə. Sonradan kitabı çıxan qadın yazarlar haqda rəyləri gördükcə əmin oldum ki, doğru qərar vermişəm.

Əli Əkbər xaric heç bir yazıçı roman detalları üzərində araşdırma aparmır. Xəyallarına nə gəldi tökürlər kağıza. İnformativliyin kasadlığı çox vaxt gülünc məntiq səhvlərinə gətirib çıxarır. Qan Turalının nazik "Mustafa"sından xeyli səhv tutmuşdum. Qadın yazarların romanları təmiz biabırçılıqdır. Halbuki bir neçə dəfə "Google"a tıklamaq yetərdi.

Bacarmadıqları təsvirə girişirlər. Xanım yazıçılardan birinin hekayəsində erotik səhnəni oxuyub gülməkdən sərilmişdim. Adam detallardan o qədər qaçmışdı ki, əcaib sözlərdən istifadə etmişdi. Soruşanda niyə erotizmi olduğu kimi təsvir etmirsiz? Deyir, xoşlanmıram. Bacım, tutaq ki, ərə getməmisən, kişi ilə yatmamısan. İnternet ki, var. Bax, təsvir et. Daha bu nə komediyadır.

Bir qrup yazıçı var ki, sözün həqiqi mənasında palçıqdan düzəldilmiş konfetdirlər. Yenə də deyirəm, "Bütün dahilərdə dəlilik vardır, bizimkilər özünü dahiliyə vurmuş dəlilərdir". Həmid Herişçi, Əsəd Qaraqaplan, Şəhriyar Del Gerani və s. ayağı yer tutmayan sufilər. Şeiriyyatdan, mistikadan nəsrə enirlər. Yazdıqları isə zibil.

Yazını yaza-yaza oxudum ki, Nigar Köçərli Həmid Herişçinin "Portretlər" əsərini mağazasında satmaqdan imtina edib. Müdrik qərardır. Bu yerdə Əli Novruzovun fikri yada düşür: "Həmid Herisçinin kitablarını ictimai yerdə oxumayın".

Nigar Köçərli 2 ildə bir dənə kitabı satılmayan Vahid Qazının da adın çəkib. Həqiqəti götürə bilməyən Qazı özünü qoyub ... Axı, kimə lazımdır sənin Ağdam xatirələrindən bəhs edən qaralaman? Yerli, qohum-əqraba üçün yazılan kitabı ciddi oxucu niyə almalıdır. O cür ... yeri rəf deyil, Avropanın qaçqın kampıdır.

İndi də boykot söhbəti salıblar. Bəs Nigar kitabımızı yaxşı yerə qoymur. Ona görə almırlar. Bir ara şən maarifçilər hərəkatı vardı. İndi şən tərcüməçilər hərəkatı yaranıb. Tərcümə də tərcümə olsa. Çevir tatı, vur tatı. Dəfələrlə olub ki, 10 dəqiqə axtardığım kitabı tapmamışam. Satıcıdan soruşmuşam. Tapıb verib. Yaxşı piar olunmuş kitabın hara qoyulmasının fərqi yoxdur. Əsas odur oxucu mağazaya girmədən kitabı görsün.

Özünüzdən nə qədər ... yazar düzəldirsiz-düzəldin xeyri yoxdur. Kitab bazarı öz qanunlarını diktə edir. Bir neçə il əvvəl Əbülfəz Qurbanlı ilə şəhər mərkəzindəki kitabxanaların birinə girmişdik. "Əli və Nino" deyildi. Gənc yazarların kitabını soruşduq. Üstündə təzə çapdan çıxmış kitabların düzüldüyü masanı göstərdilər. Üstdə gənc yazarlar, yerdə Elçinin üst-üstə qalanmış nəfis cildli külliyatı dururdu. Elçin Əfəndiyev bu ölkədə baş nazir müavini, sizlər uzağı köşə yazarısız. Bazar ona da rəhm etməyib. Əgər kitabınız ön rəfdə deyil, anbarda yatırsa, deməli ... dövrü keçib. Əsər yaratmaq vaxtıdır.

azadig.blogspot.cz

Oxu zali: Mövzu ilə bağlı istənilən baxış bucağından yazını çap etməyə hazırıq.
XS
SM
MD
LG