Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:50

Britaniya səfiri: «ATƏT-in müşahidə missiyasının gəldiyi nəticə ən etibarlı və ətraflı mənbədir» [Video]


Irfan Siddiq: «Biz şou naminə hansısa bəyanatların verilməsinin tərəfdarı deyilik»

-


Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Irfan Siddiq AzadlıqRadiosunun «İşdən sonra» proqramının suallarına cavab verib.

- Cənab səfir, uzun müddət deyil ki, Azərbaycandasınız. Bu müddət ərzində Azərbaycanla yaxından tanış olmaq imkanınız olubmu? Bu vəzifəyə təyin olunmazdan əvvəl Azərbaycan haqqında nə bilirdiniz və təəssüratınız dəyişibmi?

- İlk olaraq qeyd etmək istəyirəm ki, burda olmaqdan çox məmnunam. Təkcə AzadlıqRadiosunun studiyasında deyil, Bakıda, Azərbaycanda olmağımdan məmnunam. Böyük Britaniyanın fövqəladə və səlahiyyətli səfiri kimi bu ölkəyə təyin olunmağımdan qürur hissi duyuram. Azərbaycan doğrudan da çox zəngin mədəniyyətə və tarixə malik ölkədir. Belə bir ölkədə işləməkdən böyük məmnuniyyət duyuram. Eyni zamanda Böyük Britaniya və Azərbaycan arasında bir sıra əməkdaşlıq sahələri var ki, bu sahədə maraqlı layihələr həyata keçirilir. Azərbaycan həm də dinamik inkişaf edən, prosesləri tez-tez dəyişən bir ölkədir. Düşünürəm ki, bu dinamikada əməkdaşlıq üçün yeni imkanlar mövcuddur. Azərbaycana təyinatdan əvvəl isə bu ölkə haqda bilgilərim iqtisadi inkişaf, enerji sahələri ilə bağlı idi. Onu da bilirdim ki, bu sahələrdə müxtəlif imkanlar mövcuddur. Bu sahələr həm də Böyük Britaniya dövləti üçün əhəmiyyətli sahələrdir. Çünki bu sahələrə Böyük Britaniya şirkətləri böyük səhmlər yatırıb. Böyük Britaniya Azərbaycana ən çox sərmayə yatıran ölkədir. Azərbaycanda hazırda 400-dən çox özəl Britaniya şirkəti fəaliyyət göstərir. Onlar Azərbaycan iqtisadiyyatını şaxələndirməyə və neft sahəsindən asılılığı azaltmağa çalışır. Bu isə iki ölkə arasında əməkdaşlıq üçün yeni imkanlar yaradır. Azərbaycan inkişaf etdikcə dünyada da öz rolunu artırır, regional təhlükəsizlik və əməkdaşlıq sahəsində də tərəfdaşa çevrilir. Bu sahədə də bizim hökumətlə yeni imkanlar mövcuddur. Bu səbəbdən Azərbaycanda olmaqdan çox məmnunam.

- Siz daha öncə ərəb ölkələrində, maraqlı hadisələrin cərəyan etdiyi ölkələrdə çalışmısınız. Britaniya hökuməti ərəb ölkələrinin və Azərbaycan mediasının tənqidinə tuş gəlir. Bu tənqidlərə hər hansı cavabınız var?

- Böyük Britaniya hökumətinin ərəb dövlətləri ilə əvvəlki münasibətini ərəb baharı baş verdikdən sonrakı ilə fərqləndirmək lazımdır. Vaxtında əsas tənqidlər ondan ibarət idi ki, Böyük Britaniya hökuməti siyasi stabillik naminə demokratik dəyərləri qurban verir. Baş nazir və xarici işlər naziri bu tənqidlərə cavab veriblər.
Irfan Siddiq
Irfan Siddiq
Onlar etiraf ediblər ki, vaxtilə biz diqqəti daha çox demokratik inkişaf amillərinə deyil, siyasi sabitliyə yönləndirmişik. Tunisdə və Misirdə baş verən hadisələrdən dərhal sonra biz öz mövqeyimizi çox aydın şəkildə bildirmişik. Bizim mövqeyimizi o idi ki, Britaniyanın həm maraqları, həm də dəyərləri var. Bunların hər ikisini biz təşviq etməyə çalışırıq. Ərəb baharından sonra müşahidə etdiyimiz hal ondan ibarət oldu ki, qısamüddətli hədəflər naminə uzunmüddətli dəyərləri qurban verəndə, nəticə etibarilə, dəyərlərə ləkə salırıq. Bu səbəbdən hazırda BİZ AÇIQ ŞƏKİLDƏ BƏYAN EDİRİK Kİ, HƏM DƏYƏRLƏRİMİZİ, HƏM DƏ MARAQLARIMIZI TƏŞVİQ ETMƏYƏ ÇALIŞIRIQ. Yalnız bu yolla dəyər və maraqlarımızın uzunmüddətli müdafiəsinə təminat və zəmanət əldə edə bilərik. Bu yanaşma, Azərbaycan da daxil, dünyanın bütün ölkələrinə şamil olunur.

- Belə bir mövqe var ki, Azərbaycanda Britaniya hökuməti ikinci dəfə çaya girir. Yəni ərəb ölkələrində girdiyi çaya girir. Belə düşünənlər Britaniya hökumətini məhz o dəyərləri qurban verməkdə günahlandırırlar...

- Burda Böyük Britaniya hökumətinin maraqları var və Azərbaycan hökuməti ilə əməkdaşlıq edərək bu maraqların irəli aparılmasına çalışırıq. Ancaq bu o demək deyil ki, maraqlarımıza görə dəyərlərimizlə əlaqədar açıq və dürüst müzakirələr aparmırıq və yaxud onları qurban veririk. Əksinə, biz bütün mümkün müstəvilərdə Azərbaycan hökuməti ilə bu dəyərlərə dair konstruktiv müzakirələr və fikir mübadiləsi aparırıq. Burda «konstruktiv» sözünə ayrıca diqqət yönəlmək istəyirəm. Biz şou naminə hansısa bəyanatların verilməsinin tərəfdarı deyilik. Əksinə, Azərbaycandan olan tərəfdaşlarımızla birgə, müştərək maraqlar naminə irəliləməkdə maraqlıyıq.

- Dediklərinizi zaman testindən keçirək. Siz Azərbaycan rəsmiləri ilə görüşlərinizdə vaxtın nə qədər hissəsini təhlükəsizlik, nə qədərini iqtisadi əməkdaşlığa və insan haqlarına ayırırsınız?

- Təəssüf ki, sualınıza dəqiq rəqəmlərlə cavab verə bilməyəcəyəm. Artıq 6 həftədir ki, Azərbaycandayam. Əksər görüşlərim, sadəcə, tanışlıq görüşləri olub. Bununla belə, görüşdüyüm insanlarla dediyiniz məsələlərin hər biri barədə müzakirələrim olub. Ölkəyə yeni gəlmisinizsə və tərəflər arasında, hələlik, etimad yoxdursa, birbaşa çətin məsələlərə müdaxilə edib onlar haqqında açıq və səmimi müzakirə aparmaq o qədər də asan deyil. Bunun üçün müəyyən qədər vaxt lazımdır. Keçirdiyim görüşlər ərzində bu mövzulara sərf etdiyim vaxtın hazırda dəqiq bölgüsünü aparmaq mümkün deyil. Lakin bu suala bir ildən sonra qayıtsaq, dəqiq cavab verə bilərəm.

- Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı mövqeyiniz nədən ibarətdir?

- Mənim mövqeyim Böyük Britaniyanın xarici işlər nazirinin mövqeyindən fərqlənmir. Həmin bəyanatda da qeyd olunub ki, biz bir sıra müsbət məqamlara nəzər yetirmiş və onları qiymətləndirmişdik. Seçkilərə texniki hazırlıq, vətəndaşların müstəqil müşahidəçi kimi iştirakı məsələlərini müsbət dəyərləndirmişdik. Lakin biz ATƏT/DTİHB-nin apardığı müşahidələri və onların verdiyi ilkin nəticələri də nəzərdən keçirmişik. Düşünürük ki, ATƏT/DTİHB-NIN MÜŞAHİDƏ MİSSİYASININ GƏLDİYİ NƏTİCƏ ƏN ETİBARLI VƏ ƏTRAFLI MƏNBƏDİR. Biz onların gəldiyi nəticələrlə razıyıq və nəticələrə dəstək veririk. Ümid edirik ki, Azərbaycan hökuməti ATƏT/DTİHB-nin yekun hesabatından irəli gələn tövsiyələri qəbul edərək müəyyən təkmilləşmələr aparacaq və nəticə etibarilə seçki sistemindəki müəyyən çatışmazlıqlar aradan qaldırılacaq.

- Dinləyicidən səfirə konkret sual var. Seçki saxtalaşdırılıb, ya yox?

- Bu sualı mən cavablandıra bilməyəcəyəm. Mən seçki mütəxəssisi deyiləm. Bu məsələdə ATƏT/DTİHB-nin, yəni mütəxəssislərin rəyinə əsaslanıram. Onların gəldiyi qənaət odur ki, seçki günü ciddi problemlər müşahidə olunub. Hətta bu hesabatla tanışlıqdan sonra da seçkilərin saxtalaşdırılıb, saxtalaşdırılmaması ilə bağlı birbaşa qənaətə gəlmək və buna rəy vermək mənim səlahiyyətimə daxil deyil. Düşünürəm ki, ATƏT/DTİHB Azərbaycan hökuməti ilə konstruktiv əməkdaşlıq edərək seçkilərin etibarlılığının artırılmasına nail ola bilər.

- ATƏT/DTİHB-nin hesabatında qeyd olunub ki, müşahidə aparılan seçki məntəqələrinin 58 faizində səssayımı pis və ya çox pis kimi qiymətləndirilib. Bu cümləni necə qəbul edirsiniz? Bu, seçicilərin iradəsinin saxtalaşdırılmasıdır, ya necə?

- Seçki günü mən özüm də səfirliyin müşahidə missiyasının tərkibində müşahidə aparırdım. Seçki sahəsində mütəxəssis olmadığım üçün ATƏT/DTİHB-nin bizə təqdim etdiyi qiymətləndirmə forması əsasında həmin seçki prosesini qiymətləndirirdim. Həmin qiymətləndirmə formasına baxsanız, görərsiniz ki, seçki prosesinin və səslərin sayılması prosesinin yaxşı, pis və ya çox pis olması ilə əlaqədar onların konkret meyarları və metodologiyası mövcuddur.
Irfan Siddiq
Irfan Siddiq
Həmin təfsilata uyğun müşahidələrinizə əsasən qiymətinizi verdikdə, siz bu prosesin pis və ya çox pis olması barədə qənaətinizi bildirirsiniz. Ancaq bu o demək deyil ki, prosesin pis və ya çox pis olması qəsdən və yaxud da kimlərinsə məqsədi nəticəsində baş verib. Mənim müşahidə apardığım seçki məntəqəsində səssayımı pis həyata keçirildi. Bu, həmin prosesin qəsdən pis aparılması və hansısa tərəfin məqsədi nəticəsində saxtakarlıq olması qənaətinə gəlmək üçün mənə əsas vermir. ATƏT/DTİHB-nin həmin metodologiyasının etibarlı olduğunu düşünürəm. Çünki onlar sırf prosesə və seçkilərin gedişatına diqqət yetirirlər və heç bir fərziyyə, mülahizə irəli sürmürlər. Faktla təsdiqləyə bilməyəcəkləri fikirləri orda əks etdirmirlər.

- Dinləyici soruşur: Cənab səfir, fikrinizcə, Azərbaycan monarxiyası ilə Böyük Britaniya monarxiyası arasında hansı fərqlər var? İngiltərə kralı «Şirürək» Riçard kimi, cəngavər kimi bu suala cavab versin.

- Çox qeyri-adi sualdır. Dinləyicinin Azərbaycanın dövlət quruluşu ilə bağlı təsəvvürü fərqlidir. Əslində, Azərbaycan respublikadır. Monarxiyanı respublika ilə müqayisə etmək mənim üçün çətindir.

- Ailə üzvlərinin Azərbaycanda hakimiyyəti bir-birinə ötürməsi sizin respublika anlayışınızla nə dərəcədə uyğun gəlir?

- Belə bir yanaşma varsa, deyə bilərəm ki, ABŞ-da da müəyyən bir müddət ərzində ata və oğulun prezident olmasını monarxiya rəmzi adlandırmaq olar. Bunun bu cür anlama gəldiyini düşünmürəm. Birləşmiş Krallıqda konstitusiyalı monarxiya quruluşudur. Monarxın ölkəmiz üçün konkret rolunu və dəyərini təyin etmişik. Ona görə monarx öz vəzifəsində, öz yerində qalır. Azərbaycandakı seçkilərdən və ya mövcud sistemdən bəzi insanlar narazı ola bilər və ya tənqid edə bilərlər. Hər bir halda Azərbaycan respublikadır və burda prezident təyin olunmur, seçilir. Hansı ailədən olsa da, o, seçki yolu ilə gəlib.

- Seçkinin tam ədalətli və demokratik olması haqda rəy varsa. Varmı belə rəy?

- Bu sualın cavabını Azərbaycan vətəndaşlarından almaq lazımdır. 6 həftədir Azərbaycanda olan bir insanın bu suala cavab verməsi, fikrimcə, doğru olmaz.

- Sizcə, indi Azərbaycan hökumətinin qarşısında legitimlik məsələsi dayanır?

- Bu, Azərbaycan xalqının öz düşüncələrinə əsaslanan qərarı olmalıdır. Onlar doğrudan da mövcud vəziyyətdən razıdırlarsa və özlərini rahat hiss edirlərsə, müvafiq çatışmazlıqlara baxmayaraq razılaşırlarsa, o zaman bu legitimlik məsələsi ortaya çıxmayacaq. Bu məsələyə Azərbaycan xalqı cavab verməlidir, kənardan müşahidə aparan və ya xarici bir şəxs yox. Belə problemləri və fərqli fikirləri etibarlı seçki nəticəsində həll etmək mümkündür.

- Belə bir fikir də var ki, Azərbaycanda insanların ifadə azadlığı enerji sahəsində qazanılan pulların köməyi ilə basqı altına alınır və bu məsələdə Britaniya hökuməti və şirkətləri Azərbaycan hökumətinə yardımçı olurlar...

- Mövcud qanunvericiliyə əsasən, Britaniya şirkətlərinin bu ölkədə işləməsi iqtisadi inkişafa töhfə verir. Britaniya şirkətlərinin Azərbaycandakı fəaliyyəti həm Britaniya, həm də Azərbaycan iqtisadiyyatına öz töhfəsini verir. Neft və qaz sahəsindən gəlirlərin istifadəsi ilə bağlı Azərbaycan xalqının narahatlığı varsa, bu tamam başqa bir söhbətin mövzusudur. Çünki istənilən halda bu zənginliklərdən istifadə edərək ölkə üçün gəlirin əldə olunması hər bir dövlət üçün vacib məsələdir.

- Azərbaycanda siyasi məhbuslar var. 9 jurnalist həbsdədir. Britaniya hökumətinin bununla bağlı mövqeyini eşitmək olar?

- Bu məsələ ilə əlaqədar bizim mövqeyimizi aydın və açıqdır. JURNALİSTLƏRİN VƏ SİYASİ MÜXALİFƏT FƏALLARININ HƏBSİ AZƏRBAYCAN ÜÇÜN O QƏDƏR DƏ FAYDALI DEYİL. Bu Azərbaycanın həm imicinə, həm maraqlarına, həm də uzunmüddətli planlarına fayda verən amil deyil. Biz bu məsələni Azərbaycan rəsmiləri ilə görüşdə vaxtaşırı qaldırırıq. Bizə verilən cavab o olur ki, bu məsələlər cinayət tərkibli məsələlərdir, qanuni hüquqi prosedurlar gözlənilməlidir. Biz Azərbaycan hökumətini bu insanlarla əlaqədar prosesləri mümkün qədər tez və ədalətli şəkildə həyata keçirməyə dəvət edirik. İstəyirik ki, insanların məhkəməsi beynəlxalq standartlara uyğun həyata keçirilsin, bu insanların mühakiməsi ədalətli aparılsın, onların təqsirkar olub-olmamaları üzə çıxsın.

- Konkret hansı məhbusların işləri müzakirə olunub? Və siz Azərbaycan rəsmilərinin verdiyi cavabları ağlabatan sayırsınız?

Irfan Siddiq
Irfan Siddiq
- Adların indi burda sadalanması o qədər də fayda verməz. Azərbaycanın xarici işlər naziri Böyük Britaniyaya səfər edərkən bizim nazirlə görüşündə bu məsələlər qaldırılıb. Aldığımız cavab isə odur ki, bunlar cinayət tərkibli işlərdir. Biz bu işlərin müvafiq qaydalara və standartlara uyğun aparılmasında maraqlıyıq.

- Cavablara inanırsınız?

- Biz gərək hər bir vəziyyətə fərqli yanaşaq və onun hər birini dəyərləndirək.

- Mən fərdi halları soruşuram.

- Burda bir sıra məsələlər və bir sıra insanlarla bağlı aldığımız cavablar bizi qane etməyib. Biz həmin məsələlərə daha çox diqqət yetiririk və bu məsələlər daha çox narahatlıq doğurur.

- Dinləyici soruşur ki, gizli bizneslər ya birbaşa, ya da dolayı yolla Britaniyada mənzillənən şirkətlər vasitəsi ilə idarə olunur. Britaniya hökuməti belə şirkətlərə nəzarət etməyi planlaşdırırmı? Söhbət Azərbaycan prezidentinin ailə üzvlərinin və nazirlərin ailə üzvlərinin bizneslərindən gedir. Bu şirkətlərdən maliyyə mənbələri haqda hesabat soruşulurmu?

- Böyük Britaniyada maliyyə mənbələri və maliyyə hesablarına dair çox dəqiq və konkret qaydalara malikik. Kiminsə hansısa məsələdən narahatlığı və ya şikayəti varsa, bunlar araşdırılır. Biz heç bir halda hansısa fərziyyəyə əsasən, həmin şirkətlərin işini araşdırmır, sorğu-suala tutmuruq.

- Yəqin ki, ABŞ səfirliyi və Azərbaycan hökuməti arasında baş verən son prosesləri izləyirsiniz...

- ABŞ səfiri ilə müdafiə naziri arasında keçirilən bu şəxsi görüşdə hansı fikirlərin səslənib-səslənməməsi barədə şərh vermək mənim səlahiyyətimə aid deyil. Mənim Azərbaycan rəsmiləri ilə görüşlərimin əsasını açıq və səmimi söhbət təşkil edir. Elə bir ifadədən yararlanmaram ki, onun ictimaiyyətə açıqlanması məndə hansısa bir utanc hissi yaratsın.

- Sabah (oktyabrın 18-də-red) Azərbaycanda Müstəqillik Aktının qəbul edilməsinin 22 ili tamam olur. Azərbaycan xalqına nə arzulayırsınız?

- İlk olaraq Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Əmin etmək istəyirəm ki, Azərbaycan xalqının inkişafı üçün Böyük Britaniya Azərbaycanla bərabər işləməyə və dəstək verməyə hazırdır.

- Bizimlə tez-tez görüşə razılıq verəcəyinizə ümid edirik...

- Ümid edirəm ki, yenidən bu studiyaya qayıdacaq, suallarınızı cavablandırmaq imkanı əldə edəcək və burda olduğumdan məmnuniyyətimi bildirəcəyəm.
XS
SM
MD
LG