Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 00:33

İrandan kafel gətirən sürücülərin Astara gömrüyündə üzləşdiyi maneələr...


Vidadi Abbasov
Vidadi Abbasov
-
Artıq bir aya yaxındır ki, 20-yə yaxın yük maşını Astara gömrüyündə saxlanır. Sürücülər maşına yaxın buraxılmırlar. Gömrük məntəqəsindən cavab ala bilməyən sürücülər gözləmək məcburiyyətində qalıblar. Maşınların uzun müddət yüklü qalması isə sürücülərə sərf etmir. «Kamaz» markalı yük maşının sürücüsü Vidadi Abbasov gözləməkdən bezdiklərini deyir:

«Keçən ayın 27-də «Ulduz» firması üçün yük vurdum, apardım Bakıya, rahat boşaltdılar, çıxdım gəldim. Təzədən ayın 6-da girdim İrana, ayın 7-də həmin firma üçün yük vurdum gəldim, gömrükdə maşını saxladılar. Bu günə kimi maşın saxlanıb orda. Səbəb nədir, onu mənə demirlər. Bir mən yox, 15-16 yük maşını qalıb orda. Kafel vurmuşuq. Nə yük sahibi bizə sahib durur, nə gömrük».

Sürücü deyir ki, idarə etdiyi maşın onun şəxsi mülkiyyətidir. Böyük bir ailənin yeganə qazanc mənbəyidir:

«Maşın işləməyəndən sonra mənim ailəm nə yeməlidir? Gündəlik, heç olmasa, çörəkpulu olsun ki, çörək alım. Qalmışıq avara, heç kim də bizə sahib durmur, yiyəsizik. Sahibkara dedim iki xəstə nəvəm var, mənim üçün pul göndər. Deyir səni gömrük saxlayıb, get gömrükdən pul al».

«MONOPOLİYADIR...

Sürücü Sahib Əliyevin idarə etdiyi yük maşını da Astara gömrüyündə saxlanıb. Ona da maşının saxlanmasının səbəbini demirlər.
«Qalmışıq avara, heç kim də bizə sahib durmur»
«Qalmışıq avara, heç kim də bizə sahib durmur»

«Heç nə demirlər. Maşına yaxın qoymurlar. Gedək maşını işə salaq, onu da qoymurlar. Kafeldir. Kafelin sahibi deyir ki, gömrüyü vermişəm məhkəməyə, gözləyirik, deyir məhkəmə olacaq. 13 gündür ordayam. Maşın var 2 aydır yatır orda. Kredit veririk. Maşınla dolanırıq da biz. Orda 2 ay yatan var, 30 gün yatan var, 15 gün yatan var. Monopoliyadır, ondan pul istəyirlər, saxlayıblar».

«MƏHKƏMƏYƏ VERMİŞƏM»

Öyrəndik ki, Astara gömrüyün həyətində saxlanan maşınların 12-sinə kafel yüklənib. Kafeli Azərbaycana gətirmək istəyən isə «Ulduz» MMC firmasıdır. Firmanın sahibi Mədət Pənahov deyir ki, bütün sənədləri qaydasındadır. Qanunla tələb olunan gömrük rüsumlarının hamısını ödəyib:

«Bəziləri 2 aydır, bəziləri daha çoxdur. Gömrük saxlayıb, buraxmır. Rüşvət istəyirlər. Biz vermirik, çünki qanunla işləyən təşkilatıq. Məhkəməyə vermişəm. Hərənin öz prosesi var. O qədər məhkəmə prosesi var ki, başımız şişib məhkəmələrdə».

Astara gömrüyün həyətində saxlanan maşınların 12-sinə kafel yüklənib
Astara gömrüyün həyətində saxlanan maşınların 12-sinə kafel yüklənib
«DEYİR BURDA MƏNƏM, BAĞDADDA KOR XƏLİFƏ»

Sahibkarın deməsinə görə, Astara gömrüyündə özbaşınalıqdır, onlardan monopolistlə görüşməyi tələb edirlər:

«Natiq Cəfərli var burda. Deyir burda mənəm, Bağdadda kor xəlifə. Açıq deyir ki, bizə deyilməsə, buraxmarıq. Mən də monopolistin yanına nə üçün getməliyəm? Hələ 3 maşın malım oğurlanıb, yoxa çıxıb. Onun da məhkəməsi gedir».

GÖMRÜKDƏ DANIŞMAQ İSTƏMİRLƏR...

Astara Gömrük İdarəsinin növbətçi hissəsində suallarımıza cavab verə bilməyəcəklərini bildirdilər:

«Onu növbətçi hissə deyə bilməz. Mən bilə bilmərəm».

Daha sonra sahibkarın adını çəkdiyi Astara Gömrük İdarəsinin əməkdaşı Natiq Cəfərli ilə əlaqə saxladıq. O, suallarımıza cavab verməyib gömrük komitəsinin mətbuat xidməti ilə əlaqə saxlamağımızı təklif etdi.
Vidadi Mirzəyev
Vidadi Mirzəyev
Gömrük Komitəsinin mətbuat xidmətinə də zəng vurduq. Oradan isə suallarımızı eşitdikdən sonra telefonu söndürdülər.

«MONOPOLİYA GÖTÜRÜLƏRSƏ...»

İqtisadçı Vidadi Mirzəyev deyir ki, Astara gömrüyündə Azərbaycana daxil olan bütün istehlak malları monopoliyadadır. Ölkəyə gətirilən istənilən məhsula dövlət rüsumundan başqa əlavə haqq istənilir. Bu qayda 20 ildir davam edir və bu gün də qüvvədədir. İqtisadçının dediyinə görə, İranda ən keyfiyyətli kafelin bir kvadratmetri 3 manat 20 qəpiyədirsə, Azərbaycanda ən yaxşı halda 11 manatadır. O deyir ki, gömrükdə monopoliya götürülsə, qiymətlər ən azı 2 dəfə aşağı düşər.

İqtisadçı deyir ki, Gömrük Komitəsinin sədri Aydın Əliyev Astarada olanda gömrükdə baş verən qanunsuzluqlar barəsində ona şifahi və yazılı şəkildə şikayət edilib. Komitə sədri bildirib ki, bütün şikayətlər araşdırılacaq.

AzadlıqRadiosu olaraq növbəti günlərdə sahibkarların Gömrük Komitəsinə qarşı qaldırdıqları iddialar əsasında keçirilən məhkəmələri də işıqlandıracağıq.
XS
SM
MD
LG