Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 06:26

Günel Mövlud. Zəhərli, kinli qocalar


Günel Mövlud
Günel Mövlud
-

Onlar gəncliyini doyunca, öpüşə-öpüşə, sevişə-sevişə yaşamalıdı ki, yaşlananda kompleksli, zəhərli, istədiyi kimi yaşamağı bacaran gənclərə nifrətlə baxan kinli qocaya çevrilməsinlər...


Günel Mövlud


ÖPÜŞƏ BİLMƏYƏNLƏRİN PAYTAXTI


Azərbaycanda ən çox sevdiyim yerlərdən biri Gəncədi.

Gəncə Bakı kimi ovqatsız, ruhsuz, atmosfersiz şəhər deyil.

Gəncə əsl şəhərdir. Sözün tarixi, qədim, memarlıq (son vaxtlar məhv eləməklə məşğuldurlar) mənasında şəhərdi.

Gəncənin hər yerində, hər künc-bucağında, hər evində, hər adamında görə bildiyin, hiss eləyə bildiyin yeganə, vahid atmosferi, ovqatı var.

Bir neçə ay yaşadığım bu şəhər yadımda evlərdəki kitabxanalar, müsiqi alətləri, musiqi məktəblərinə gedən qızları, insanlarının qəribə və azərbaycansayağı aristokratlığı ilə qalıb.

Amma hər nə qədər Bakıdan daha çox «şəhər» olsa da, əxlaq, davranış, münasibətlər mənasında Gəncə əyalətdi.

Bakıda rahat eləyə bildiyini burada eləyə, paytaxtda rahat geyinə bildiyini burada geyinə, orada yaşadığın kimi burada rahat yaşaya bilməzsən.

Yaşlılar üçün belə şeylər problem deyil. Yaşlı sakinlər nə fərqlilik, nə açıq geyim, nə sərbəst hərəkət iddiasındadırlar. Belə şeylərə iddialı olan, fərqlənmək, rahat yaşamaq, rahat münasibətlər qurmaq, istədiyini geyinmək istəyənlər gənclərdir.

Gəncənin Avropanın Gənclər paytaxtı elan olunduğunu eşidəndə yadıma bütün bunların korluğunu, çətinliyini yaşayan Gəncə gəncləri düşdü.

O şəhərdə olduğum müddətdə gənclərin, xüsusilə gənc qızların necə çətin və gərgin gənclik yaşadığının şahidi olmuşam.

Gəncə elə bir şəhərdir ki, polis küçədə qol-qola gedən qızla oğlanı yaxalayıb, polis bölməsinə apara və gənclərin valideynlərinə zəng edib, bölməyə çağıra bilər.

Qızın ata-anasını bölməyə gətizdirər, oğlanla-qızı sorğu-suala tutar, cərimə eləyər.
Şerif. Blok
Şerif. Blok

Əlbəttə, sən bunların hüquqa zidd hərəkət olduğunu təsdiqləyə bilərsən. Amma bunun üçün həmin gənc xüsusi əxlaq qaydalarının hakim olduğu şəhərdə yaşadığını unutmalıdır.

Gəncə elə bir şəhərdir ki, bu şəhərdə gənc qız hansısa qaranlıq dalanda, ya parkın gizli yerində sevdiyi oğlanla öpüşərkən yaxalansa, bu, onun az qala sonu deməkdir. Polis o öpüşə görə cütlükdən ağlasığmaz məbləğdə pul tələb edə bilər. Əlbəttə, verməyə də bilərsən, amma polis o qızın valideynlərini bölməyə çağırıb, qızlarının parklarda oğlanla öpüşdüyünü desə, necə olacaq?

Gəncə elə bir şəhərdir ki, burada oğlan sevdiyi qızla bir kafedə, çayxanada oturub, bir stəkan çayı da qorxa-qorxa içir. Qəfil hansısa polisin yaxınlaşıb, sənəd tələb etmə, sənəd varsa da, yoxsa da bölməyə aparmaqla hədələməsi kimi ehtimal var.

Bəs, onda Gəncə hansı gənclərin paytaxtıdı? Gəncliyini sərbəst, rahat yaşaya bilməyən, istədiyini geyinə bilməyib, istədiyini eləyə bilməyib, qorxa-qorxa, çəkinə-çəkinə yaşamağa məcbur olan gənclərin paytaxtımı?

Əlbəttə, yazını oxuyub, «çox elə lazımdı parklarda, orda-burda öpüşmək, açıq-saçıq geyinmək» deyənlər də olacaq.

Bəli, lazımdı.

Vacibdi.

Uşaq uşaqlığını yaşamalıdı, qoca rahat qocalığını, gənc də səhvlərlə, yanılmalarla, dəliliklərlə dolu azad və sərbəst gəncliyini.

Gəncliyini doyunca, öpüşə-öpüşə, sevişə-sevişə yaşamalıdı ki, yaşlananda kompleksli, zəhərli, istədiyi kimi yaşamağı bacaran gənclərə nifrətlə baxan kinli qocaya çevrilməsin.

Gələcəkdə, öpüşdüklərinə görə oğlanla qızı tutub, bölməyə aparan polis olmasın.

Qızla oğlanların məktəbdə bir yerdə oxumağına qadağa tələb edən siyasətçi olmasın.

«Mən indiki gənclərə nifrət edirəm» deyən şairlərdən olmasın.

Dövrünün yaradıcı gəncliyinə «lümpenlər» deyən xalq yazıçısı olmasın.

Gənclər gəncliyini elə doyunca yaşamalıdı ki, özündən sonrakı gəncliyin dəliliklərini görəndə, öz keçmiş «günah»larını yadına salıb, qımışsınlar, gülsünlər.

Türk şairləri demiş, iştə, böylə yaşanmalı bir gənclik…

Gəncəni isə hələ ki, «öpüşə bilməyən gənclərin paytaxtı» elan eləsinlər…

P.S. Yazını bitirib, redaktora göndərmək istəyirdim ki, bir xəbər oxudum. Polis azad yaradıcı gənclərin layihəsi olan, baxılan, sevilən “Oda” teatrının aktyorlarını bölməyə aparıb, teatrın yerləşdiyi yerin isə sənədlərini və açarlarını müsadirə edib. Buyurun, bu da sizə «Avropanın gənclər paytaxtı»nın yerləşdiyi ölkə…
XS
SM
MD
LG