Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 18:58

Adın miqrant, nə gərək and...


Foto: Arxiv
Foto: Arxiv
-
Məhəmməd 17 yaşına çatsa da, 3 ildir – ailəsi işləmək üçün Türkiyəyə üz tutandan bəri, məktəbə getmir. Anası Dilarə Əliyeva deyir ki, Türkiyəyə gedəndə oğlunun təhsilini orada davam etdirəcəyini düşünürmüş. Amma miqrantlar üçün şərtlər gözlədiyindən ağır olub:

«3 ildir oğlum məktəbə getmir. Onun yaşıdlarının dərs oxuyub, məktəbə getdiyini görəndə ürəyim ağrıyır. Öz-özümə fikirləşirəm ki, mənim oğlum kimin balasından əksikdir ki, təhsilsiz qaldı. Kaş ki, bu işimiz öz məmləkətimizdə olaydı, ən azı, oğlum məktəbdən uzaq düşməzdi».

YÜZLƏRLƏ UŞAQ MƏKTƏBƏ GEDƏ BİLMİR...

Əliyevlər Türkiyədə daimi yaşama və işləmək hüququ olmayan əməkçi miqrant ailələrindən biridir. Miqrantların yeganə problemi təhsil deyil. 20 ildir Türkiyədə çalışan Şakir Əliyevin sözlərinə görə, yaşama icazəsi olmadığı üçün Türkiyədə çalışan miqrantlar əmək müqaviləsi bağlamadan çalışırlar. Onların məcburi və tibbi sığortaları da yoxdur, bir sözlə, bütün hüquqlardan məhrumdurlar:

«Miqrantlar çox çətinliklərlə üzləşirlər. Mən özüm 20 ildir burdayam. Amma ailəm 3 ildir köçüb bura. Problemlərimiz, çətinliklərimiz çoxdur. Məsələn, yüzlərlə miqrant ailə tanıyıram ki, uşaqları təhsil ala bilmir. Bütün çətinlik və problemlərin kökündə viza məsələsi durur. Yaşama iznimiz yoxdur deyə, ayda bir dəfə ölkəyə giriş-çıxış etməliyik. Çünki 3 aylıq, ya da 6 aylıq viza almış olsaq, bu zaman Türkiyəyə bir də 3 aydan sonra keçə bilərik. Beləcə, çoxları qaçaq çalışmağa üstünlük verir. Problemlərimizi də qaldırmağa qorxuruq. Sonra qazandığımız çörəkpulundan da məhrum olarıq, axı».

İLDƏ BİR GÜN YADA DÜŞƏN MİQRANTLAR...

Dünyada hər altı nəfərdən, Azərbaycanda hər 9 nəfərdən biri miqrantdır. Rəsmi statistikaya görə, dünyada 760 milyon daxili, 238 milyon xarici miqrant var. Daimi yaşama icazəsi olmadan çalışan miqrantlar nəinki ucuz əmək qüvvəsi kimi istismar olunur, eləcə də insan alveri qurbanına çevrilir, müxtəlif cinayətlərə cəlb olunma riski ilə üz-üzə qalırlar.

Miqrantların və onların ailələrinin təhlükəsizliyi və hüquqlarının qorunması üçün 18 dekabr Beynəlxalq Miqrantlar Günü kimi qeyd olunur. Həmin günü Filippin və Asiya miqrantların hüquqlarını müdafiə edən təşkilatlar 1997-ci ildən qeyd etməyə başlayıb – miqrantların həmrəyliyi günü kimi. Sonradan – 2000-ci ildə BMT-nin Baş Assambleyası 18 dekabrı Beynəlxalq Miqrantlar Günü elan edib. BMT-yə üzv olan ölkələr miqrantların problemlərini çözmək, onların təhlükəsizliyini qorumaq və daha rahat şəraitlə təmin etmək üçün öhdəlik götürüblər.
Azərbaycanda Çin miqrantları - 2011
Azərbaycanda Çin miqrantları - 2011

Şakir Əliyev 18 dekabrın miqrantlar günü olmasından xəbərsizdir. Deyir, heç belə bir günün mövcudluğu haqda əvvəllər eşitməyib. Ardınca əlavə edir ki, ildə bir dəfə yada salınmaqdansa, miqrantların problemlərini həll etmək üçün real işlər görülsə, daha yaxşı olar.

AZƏRBAYCANDA MİQRANTLARA YARADILAN ŞƏRAİT

Bakıda keçirilən Beynəlxalq Miqrantlar Günündə Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev ölkədə miqrasiya probleminin dövlət səviyyəsində həllindən danışıb. O, 2013-cü ilin avqustunda qüvvəyə minən Miqrasiya Məcəlləsində miqrant hüquqlarının qorunmasını hədəfləyən bütün zəruri məqamların əksini tapdığını söyləyib. Pərviz Musayev yeni məcəllə hazırlanarkən yerli QHT-lərdən və Beynəlxalq Miqrasiya Təşkilatından gələn tövsiyələrin nəzərə alındığını da diqqətə yetirib:

«Regionda bənzərsiz bir sənəd hazırlanıb və qəbul edilib. Ölkəmizdə qeydiyyata düşən miqrantlardan rüsum alınmır. Azərbaycan vətəndaşı ilə nikaha daxil olanlara iş üçün rəsmi icazə tələb olunmur. Dövlət Miqrasiya Xidmətinin saxlama mərkəzində yaşamaq yeri olmayan əcnəbilər, qaçqın statusu almaq istəyənlər və digər miqrantlar yerləşdirilir».

«2013-CÜ İL RUSİYADA ÇALIŞAN AZƏRBAYCANLILAR ÜÇÜN ÇƏTİN OLUB»

Pərviz Musayev bildirib ki, 2013-cü ildə özəlliklə Rusiyada çalışan azərbaycanlı miqrantlar problemlərlə üzləşiblər. O, azərbaycanlıların hüquqlarının qorunması istiqamətində dövlətin atdığı addımlardan da söz açıb:
Rusiyada miqrantlara qarşı reydlər - 2013
Rusiyada miqrantlara qarşı reydlər - 2013

«Rusiya ilə ikitərəfli sazişin hazırlanması istiqamətində iş görülür. İndi layihə hazırlanır. İnanıram ki, bu sənəd qısa müddətdə imzalanacaq və həmvətənlərimizin üzləşdiyi problemlər aradan qalxacaq».

Rusiyada azərbaycanlı miqrantlara təzyiqlər Moskvanın Qərbi Biryulevo rayonundakı «Pokrovski» meyvə-tərəvəz bazasında çalışan Orxan Zeynalovun yerli sakinlərdən birinin qətlində şübhəli bilinməsindən sonra güclənib. Orxan 25 yaşlı bir gənci onun qız dostunun yanındaca bıçaqlayıb öldürməkdə suçlanır. Qətli törətməkdə şübhəli bilinən Orxan Zeynalov hadisədən 5 gün sonra saxlanıb. Onun tutulmasından öncə millətçi qruplar Moskvada gəlmələrə qarşı zorakılıqsız ötüşməyən aksiyalar keçiriblər. «Pokrovski» bazasının qarşısında etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma da yaşanıb. Bundan sonra 5 min azərbaycanlının çalışdığı bildirilən həmin baza bağlanıb. Qapısının üzərində böyük həriflərlə yazılan «9 ay qapalıdır» elanı asılıb.

Rusiya mediasının yazdığına görə, Moskvanın meyvə-tərəvəzə ehtiyacının 60 faizini «Pokrovski» bazası ödəyir və burada 5 mindən çox azərbaycanlı çalışırmış.

RUSİYADA VƏZİYYƏT...

Rusiyada təkcə azərbaycanlıların çalışdığı bazarlar bağlanmayıb. Bu ölkədə iş və yaşama icazəsi olmayanların yoxlanmasına başlanıb.
Elmira Süleymanova
Elmira Süleymanova
Sənədləri qaydasında olmayanların ölkədən çıxarılma halları ötən illə müqayisədə çoxalıb.

Ombudsman Elmira Süleymanovanın sözlərinə görə, Rusiyadan deportasiya edilməsi gözlənən 16 azərbaycanlının son anda, sadəcə, Rusiyadan çıxarılmasına nail olublar:

«Çünki deportasiya olunsaydılar, Rusiyaya 5 il ərzində gedə bilməyəcəkdilər. Onların orada işləri, ailələri var».

Elmira Süleymanova Miqrasiya Məcəlləsinin qəbulunu böyük hadisə kimi qiymətləndirsə də, məcəllədə bəzi boşluqlara da diqqət çəkib:

«Ancaq konkret hallarla bağlı Miqrasiya Məcəlləsində boşluqlar var. Bu sırada Gürcüstandan Azərbaycana keçən azərbaycanlılar, azərbaycanlıların miqrasiyası və başqa məqamları qeyd etmək olar».

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbərəvəzi Serhan Aktoprak-ın fikrincə, miqrasiya problemdən daha çox, tənzimlənməsinə ehtiyac duyulan prosesdir. O, qanuni miqrasiya ilə yanaşı, qanunsuz miqrasiyanın da artdığına diqqət çəkir:

«Bu gün insan qaçaqmalçılığı 35 milyard dollar gəlir gətirir və qanunsuz miqrasiya ucbatından dünyada hər gün, orta hesabla, 6 adam ölür».

AZƏRBAYCANA ƏN ÇOX RUSİYA VƏ GÜRCÜSTANDAN GƏLİRLƏR

Serhan Aktoprak deyir ki, bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da xarici vətəndaşların ölkəyə gəlişində artım var:
Serhan Aktoprak
Serhan Aktoprak

«Azərbaycana ən çox Rusiya və Gürcüstandan, Türkiyə, İran və Ukraynadan gəlirlər. Bu beş ölkə Azərbaycana gələn əcnəbi vətəndaşların təxminən 91 faizi (90,9%) deməkdir. Heç təəccüblü də deyil, çünki sadalanan ölkələr Azərbaycanın qonşuluğunda yerləşir, burada diaspor və icmaları var. Bu miqrasiyada iqtisadi səbəblər də rol oynayır. Kim olur-olsun, – istər azərbaycanlı, istərsə xarici, – onların hüquqlarının pozulmasına seyrçi qalmırıq. Biz Beynəlxalq Miqrasiya Təşkilatı kimi, mandatımıza uyğun olaraq, müvafiq dövlət qurumlarına məlumat verir və gözləyirik ki, onlar öz işlərini səmərəli yerinə yetirsinlər. Bu arada biz də o insanlara hüquqi yardım veririk ki, məhkəmədə iş qaldıra bilsinlər. Sağlamlıqları ilə bağlı problem varsa, ölkələrinə könüllü qayıtmaq istəyirlərsə, buna yardımlarımızı əsirgəmirik».

AZƏRBAYCANDAKI MİQRANTLAR...

Bakının Mərkəzində «Bentley»nin, eləcə də dünyanın məşhur geyim brendlərinin yerləşdiyi butiklərin yaxınlığında elə bu brendlər qədər populyar bir binanın – «Port Baku»nun tikintisində yüzlərlə xarici miqrantlar işləyirdi. Fəhlələr növbə ilə böyük avtobuslarda tikinti meydançasına gətirilirdi. AzadlıqRadiosu araşdırmışdı ki, həmin tikintidə fəhlə çalışdırılanların əksəriyyəti özbək və türkmənlərdir. Kiçik və şəraitsiz bir otaqda 10-dan çox adam qalırdı. Onların sənədləri qaydasında deyildi və gördükləri iş müqabilində az əməkhaqqı alırdılar. Həmin araşdırmanın üzərindən 3 ildən çox vaxt ötüb. «Port Baku»nun da inşası, demək olar başa çatıb. Amma bu miqrantları ölkəyə kimin gətirməsi, onları ucuz qiymətə kimin işlətməsi və başqa sualların cavabı həmin miqrantların sonrakı taleyi kimi naməlum qalıb.
Əlövsət Əliyev
Əlövsət Əliyev

AzadlıqRadiosunun başqa bir araşdırmasında «SerbAz» şirkətinin Azərbaycanda Bosniya və Serbiyadan gətirilmiş 1500 fəhləni qanunsuz işlətməsindən söz açılırdı. Bu fəhlələr «Buta-Palace» və Mingəçevirdə böyük bir mərkəzin tikintisində çalışıblar.

İndi Miqrasiya Mərkəzinin sığınacağına iki futbolçu da sığınıb. Azərbaycandakı komandalardan birində oynamağa dəvət alan futbolçular 3 ay oteldə qalıblar. Sonradan onlara əməkhaqqı ödənilməyib və klubda oynamaq işi də alınmayıb. Otel borclarının ödəyə bilmədiklərinə görə, onların pasportları borc ödəyənədək əllərindən alınıb.

«GƏLƏNİN DƏ, GEDƏNİN DƏ PROBLEMİ VAR...»

«Miqrasiya Mərkəzi» İctimai Birliyinin rəhbəri Əlövsət Əliyevin sözlərinə görə, həm Azərbaycana gələn xarici miqrantların, həm də xaricə gedən azərbaycanlıların problemləri var. Onun fikrincə, Azərbaycan hökuməti bu sahədə effektiv addımlar atmır:

«Azərbaycan vətəndaşları Rusiyanın əmək bazarını işçi ilə təmin edirsə, bu, iki hökumət arasında tənzimlənməlidir. Təəssüflər olsun ki, Azərbaycan hökuməti miqrantların hüquqlarını qorumaq üçün addım atmır. 2003-cü ildə Azərbaycanla Rusiya arasında miqrasiya sahəsində saziş imzalansa da, bu sazişdə göstərilənlərin hamısı kağız üzərində qalıb. Bir sözlə, həmin saziş «ölü» sənəddir».

Əlövsət Əliyev deyir ki, çalışdığı ölkənin vətəndaşı ilə eyni hüququ varsa, yalnız bu halda miqrantların hüquqlarının qorunmasından danışmaq olar. Vətəndaşının çalışmaq üçün üz tutduğu ölkənin rəhbərliyi ilə dövlət razılıq əldə etsəydi, iş şərtlərinin sadələşdirilməsinə nail ola bilsəydi, 17 yaşlı Məhəmməd kimi nə qədər şagird məktəbdən kənar qalmazdı.
XS
SM
MD
LG