Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 07:03

Etirazçı gənclərin əllərini qandalladılar


Hər gəncə bir cüt əl qandalı…
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

Hər gəncə bir cüt əl qandalı…

-
Dekabrın 29-da Fəvvarələr Meydanında etiraz aksiyasına qatıldıqları üçün tutulan gənc fəalların əlinə saxlandıqları təcridxanada qandal vurulub.

Həmin gənclər hazırda inzibati qaydada həbs olunanların Binəqədi təcridxanasında saxlanır.

QANDALLAMA İLK HADİSƏ DEYİL

Gənc fəallardan birinin – Orxan Eyyubzadənin anası Rəhimə Məmmədova yanvarın 6-da oğlu ilə görüşüb. Oğlu ona qandal məsələsinin ilk hadisə olmadığını deyib:

«Uşaqlar Samir Poladovun ürəyi tutduğuna görə həkim tələb ediblər. Həkim gəlməyib. Həkim gəlməməyinə etirazını bildirən Orxanı təzədən qandallayıblar. Hay-küy yaratdıqlarından uşaqların hamısını ayırıb tək-tək otaqlara salıblar. Onlar qapını döyüb, yenə həkim tələb ediblər. Bir saatdan sonra təcili yarıdım gəlib. Artıq bir neçə dəfədir uşaqları qandallayırlar. Bundan əvvəl köhnə yeməyə və suya (evdən su daşıyıb aparırdıq), qızdırıcı işləmədiyindən soyuğa görə qandallamışdılar. Beş nömrəli kameraya salmışdılar. Həmin kamerada istilik sistemi yoxdur, pəncərələri sınıqdır... Aparıb salırlar ora, qandallayırlar».

Yanvarın 6-da Azərbaycan İşgəncələr Əleyhinə Komitəsinin rəhbəri Elçin Behbudov Binəqədi təcridxanasında 6 gənc fəalla görüşüb:

«Onlara qandal vurublar. İki saatadək qandalda saxlayıblar, sonra açıblar. Təcridxana rəhbəri mənə dedi ki, nizamnaməyə görə, əgər tabe olmurlarsa, 1-2 saatadək qandal vura bilərik. Başqa bir şikayətləri yeməkdən idi. Dedilər ki, onlara eyni yemək verirlər, makaron, kotlet, mərci şorbası. Məntəqə rəhbəri dedi ki, mərkəzdən nə göndərirlərsə, biz də onlara onu veririk».

Orxan Mansurzadə
Orxan Mansurzadə
Orxan Eyyubzadə Elçin Behbudova həbs olunarkən Səbail rayon Polis İdarəsində döyüldüyünü də söyləyib.

DİN: DAXİLİ QAYDALARA ƏMƏL ETMƏYƏNLƏRƏ ƏL QANDALI TƏTBİQ OLUNA BİLƏR

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyir ki, Orxan Eyyubzadəyə Səbail rayon Polis İdarəsində işgəncə verilməsi böhtandır. O ki qaldı əl qandalına, daxili qaydalara əməl etməyənlərə qarşı bu tətbiq oluna bilər:

«Bütün bunlar gündəmdə qalmaq üçün qəsdən edilən hərəkətlərdir. Orxan Eyyubzadə daxili nizam-intizam qaydalarını pozarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara müqavimət göstərib. Saxlandığı kamerada dövlət əmlakına da müəyyən zərər yetirib. Özü bir tərəfə, başqalarını da bu işlərə təhrik etmək istəyib. Ona görə məntəqə rəhbərliyi tərəfindən mövcud qaydalar çərçivəsində belə tədbir tətbiq olunub. Bu da təlimata uyğun şəkildə həyata keçirilib».

DİN sözçüsü deyir ki, təcridxanada saxlanma şəraiti də, ərzaqla təminat da yüksək səviyyədədir.
Vüqar Məhərrəmov
Vüqar Məhərrəmov

OMBUDSMAN APARATI: «BU QAYDALAR DƏYİŞDİRİLMƏLİDİR»

Gənclərə qandal vurulmasından Ombudsman Aparatında da məlumatlıdırlar. Qurumun işgəncələrin qarşısının alınması şöbəsinin müdiri və Milli Preventiv Mexanizm Qrupunun rəhbəri Vüqar Məhərrəmov deyir ki, bununla bağlı məntəqə rəhbərliyi ilə əlaqə saxlayıb:

«Müəssisənin rəisi ilə danışmışam. Bildirdi ki, saxlama məntəqəsinin tənzimlənməsi ilə bağlı daxili işlər nazirinin əmri var. Əmrdə tabesizlik göstərən, rejim qaydalarını pozan şəxslərə qarşı gün ərzində iki saat əl qandalının tətbiqi nəzərdə tutulur. Bu, qaydalarda var. Sözün düzü, biz özümüz də təklif vermişik ki, həmin qaydalar dəyişdirilsin, ümumiyyətlə inzibati qaydada saxlananlar haqqında qanun qəbul olunsun. Bu məsələ bizim xüsusi diqqətimizdədir. Yəqin ki, yaxın vaxtlarda həmin gənclərlə görüşüb yerində araşdırma aparacağıq».

Hüquqi Dövlət Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışov deyir ki, təcridxana daxilində saxlanan şəxsi qandallamaq qanunsuzdur:
Müzəffər Baxışov
Müzəffər Baxışov

«Dustaq bir yerdən başqa yerə aparılanda, məhkəməyə çıxarılanda qandallana bilər. Yoxsa tabe olmadığına görə əl-qolunu qandallamaq qanunsuz hərəkətdir. Qandallama hərəkətin məhdudlaşdırılmasıdır və təhlükəsizliyi təmin etmək üçün həyata keçirilir. Amma «səs-küy salırlar» deyib qandal vurmaq qanunsuzdur, vəzifə səlahiyyətlərini aşmaqdır».

29 dekabr aksiyası Qarabağ veteranı Zaur Həsənovu intihar həddinə çatdıran məmur özbaşınalığına etiraz olaraq keçirilmişdi.

Səbail rayon Məhkəməsi aksiyada iştiraka görə Müsavat Partiyasının fəalı Orxan Eyyubzadəni 18 sutka həbs edib. Partiyanın üzvü Tural Sadıqlı 17 sutka həbs olunub. Təşkilat fəalı Cavid Hacıbəyliyə və AXCP üzvü Orxan Carçıya 16 sutka, AXCP fəalı Türkel Əlisoya və bitərəf Samir Poladova 15 sutka həbs cəzası kəsilib.
16 nəfər 300-600 manat arasında cərimələnib.

Keçən ilin mayında gənc fəallar – Əbülfəz Qurbanlı, Turqut Qəmbər və İlkin Rüstəmzadə də inzibati cəza müddəti dövründə Binəqədi təcridxanasında qeyri-insani rəftarla üzləşdiklərini bildirmişdilər. Həmin vaxt onların saçları qırxılmış, məntəqədə təmizlik işləri görərkən çəkilmiş şəkilləri yayılmışdı.
XS
SM
MD
LG