Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:54

Bir gün məni də gəlib aparacaqlar... (Seçmə şeirlərdən)


Rüfət Əhmədzadə
Rüfət Əhmədzadə
-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Əsərlər Münsifə imzası göstərilmədən göndərilib.


Rüfət Əhmədzadə


Potensial vicdan məhbusu

Bir gün məni də gəlib aparacaqlar,
Bilirsən...
Çarpayının
bir çamadan belə yerləşməyən altından
Nə qədər desən silah tapacaqlar.
Çox mübahisə etsən,
Bir qalaq ot da çıxar.
Bir gün gözlənilmədən,
Qollarımı gözlərin qarşısında
Buracaqlar, bilirsən...
Hərdən düşünürəm ki,
Sən məni elə buna görə sevirsən.

Bir gün məni də gəlib aparacaqlar,
bilirsən...
Deməyə söz tapmayacaqsan o an.
Təəccüb və sualla mənə baxacaqsan...
Mənsə gülümsünəcəm:
- Hər şey yaxşı olacaq.
Bu sözləri çox eşitmisən məndən,
Çox inanmısan mənə...
Yenə inanacaqsan.
Sənə ağ yalanları sırısam da.
Hərdən düşünürəm ki,
Sən məni elə buna görə sevirsən.

Bir gün məni də gəlib aparacaqlar,
Bilirsən...
Qucağında körpə ilə qapıda heykəl olub qalacaqsan.
O an itimiz Toplan son dəfə hürəcək...
Ondan sonra kim açacaq axı bizim qapını?
O qapını sənin gözlərin möhürləyəcək bərk...
Ümidlərin heç vaxt etməyəcək tərk...
Oğlum məni soruşsa...
Mütləq belə deyərsən:
– Atan səninçün azadlıq almağa gedib, gələr...
Çox ümid edirəm, ki,
Məni elə buna görə sevərsiz...


Sənin anan düz eləmədi, Cek

Ey, Cek!
Sənin anan düz eləmədi…
Qızla görüşəndə zəng edib bezdirmədi,
Dostlarla gəzəndə,
“Rədd ol, qayıt xarabana” demədi.
Gecəyarısında qışqırıb qonşuları oyatmadı üstünə,
Onların söyüşləri də bonus gəlmədi,
Bu günə qədər dəymədi şəstinə.
Anan indiyə qədər
Heç nəyi söz eləmədi.
Cek, incimə, sənin anan düz eləmədi!

Eh, Cek!
Sən marixuana çəkəndə,
Gəlib qulağının dibindən ilişdirmədi nəyi var.
Atana döydürmədi barda içib evə sərxoş gələndə...
Sən narkotikə görə həbsə atılanda,
Qızıllarını satıb hakimə rüşvət vermədi,
Sənin anan heç nəyi düz eləmədi, Cek!

Sən həbsdən normal insan kimi qayıtdın evə,
O isə dedi: “get həyatını qur”...
Sənin anan düz eləmədi, Cek!
Sən əvvəl Əfqanıstana,
Sonra da İraqa getdin....
Nə qədər məsumun qanını tökdün.
Anan səni vaxtında “niqodnı” çıxartmadı...
Ləçər anan düz eləmədi, Cek!
Bir qatilin şəklini böyüdüb divardan asdı!
XS
SM
MD
LG