Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 10:48

Şahbaz Xuduoğlu: "Bir nəşriyyatı vergi yolu ilə batırmaq düzgün deyil"


Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu
-
Üstəlik, nəşriyyat 150 min manat cərimə olunub.

«Qanun» Nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun AzadlıqRadiosuna müsahibəsini təqdim edirik:

- Şahbaz bəy, «Qanun» Nəşriyyatını hansı pozuntulara görə cərimə ediblər?

- Nəşriyyatımızdan götürdükləri bloknotlar, vərəqlər içərisində harada bir rəqəm görüblərsə, onu hesablayıb belə bir nəticə çıxarıblar. Hansı rəsmi sənədlərə istinad olunduğu da bəlli deyil. Nazirlik əməkdaşlarının ötən il bizdən götürdüyü sənədlər, kompüterlər hələ də qaytarılmayıb. Bu cərimənin bir hissəsi xarici yazarların əsərləri ilə bağlı müəllif hüquqlarına görə ödənilən vəsaitlərlə əlaqəlidir. Qeyd olunur ki, bununla bağlı Azərbaycana royaliti ödənilməyib. Bizim müqavilə şərtlərində nə göstərilibsə, biz onu ödəmişik. İkinci məsələ əmək haqları ilə bağlıdır. Bizə deyilir ki, niyə «Qanun» Nəşriyyatında bir işçi rəsmi sənədlərdə 130-150 manat maaş alır, amma başqa bir təşkilatda bu məbləğ daha çoxdur. Bunlar ANS PRESS nəşriyyatı ilə müqayisə aparıblar. Deyirlər, o nəşriyyat öz işçilərinə 500 manat maaş verir, siz niyə vermirsiniz? Buna cavab yazmışıq ki, bizdə olan işçilərin bir hissəsi yarımştatdır, onlar başqa bir yerdə də işləyirlər. Bundan başqa, tərcüməçilərə ödənilən vəsaitlərdən vergi ödənilmədiyi bildirilir. Biz hansı tərcüməçi ilə işi yekunlaşdırmışıqsa onların maaşları verilən zaman vergilər də ödənilib. Amma elə tərcüməçilər də var onlarla işimiz davam edir. Maaşla bağlı analogiya aparılmasını da doğru saymıram. Bu, qarşılıqlı razılaşma əsasında olan məsələdir. Biz prezidentin fərmanını da pozmuruq. Orda deyilir ki, maaş 100-120 manatdan aşağı olmamalıdır. Bizdə bundan aşağı deyil. ANS kimi böyük şirkətlə bizim aramızda müqayisə aparmaq da doğru deyil. Bizdən sənədləri zorla götürüblərsə, o sənədlərə istinad etsinlər. Yox, sənədləri götürüblər, həm də analogiya tətbiq edirlərsə, bu, qanunazidd bir addımdır.

- Sizə hansısa detallar məlumdurmu? Niyə belə bir problemlə üz-üzəsiniz?

- Bilirsiniz, bizdə prezidentliyə keçmiş namizəd Cəmil Həsənlinin plakatları çap olunub. İlk gündən demişəm ki, bizdə çap olunan bircə Cəmil Həsənlinin plakatları olmayıb, digər namizədlərdən də sifarişlər almışıq. Bir də axı, biz o plakatı Cəmil Həsənli ilə bağlı televiziyadakı qarşıdurmalardan əvvəl çap etmişik. Gəlib sifariş veriblər, biz də çap etmişik. Hökumətə yaxın saytlar yazırlar ki, guya bizdə dövlət əleyhinə hansısa broşürlər çap olunub. Bunlar hamısı yalandır. Bir Cəmil Həsənlinin plakatları çap olunub, onun da üzərində «Qanun» Nəşriyyatının adı yazılıb. İkinci bir məsələ kitab monopoliyası ilə bağlıdır. Siz bir azdan şahidi olacaqsınız ki, yeni kitab mağazaları açılacaq. Üçüncü bir məsələ də var, əslində bunu birinci məsələ də saymaq olar. Bu da rüşvət söhbətidir - «Bütün təşkilatlar rüşvətə oturulduğu halda bu nəşriyyat niyə rüşvət ödəmir?». Bizə belə eşitdirmələr olur. Amma mən dəfələrlə bəyan etmişəm ki, məni bu cür əzmək mümkün deyil, çünki mən rüşvət verməmişəm və verməyəcəm də. Gəlin normal bir sistem yaradın, o sistemlə işləyək. Niyə görə mən rüşvət ödəməliyəm? Bu harada yazılıb?

- Sizə Cəmil Həsənlinin plakatlarını çap etdiyinizlə bağlı iradlar olubmu?

- Hakimiyyət qəzetlərinin yazdıqlarına istinad edərək bunu deyirəm. Yazırlar ki, guya Milli Şuranın nələrinisə biz çap edirik, Milli Şuranın nəyi var ki, nəyin çap edək? Yalnız seçki vaxtı olub, biz də çap eləmişik. Biz seçkilərə bir şans kimi baxırıq, əks halda bata bilərik. Prezident seçkilərində mən maraqlıyam ki, İlham Əliyevdən tutmuş Cəmil Həsənliyə qədər hər kəsin plakatını çap edim. Mənim burda heç bir siyasi marağım olmadığı kimi, heç siyasi baxışım da yoxdur. Sadəcə, öz müstəqilliyimi və nəşriyyat olaraq öz marağımı güdürəm. Bu qanunun verdiyi imkanlardır, qanunsuz bir hərəkət etmirəm. Qanunsuz hərəkət etmişəmsə, bunu qanunla cəzalandırmaq yolları var. Sən 20 nəfərlə nəşriyyata gir, kompüterləri və bütün sənədləri götür apar və hələ də qaytarma - bu nə dərəbəyilikdir, nə özbaşınalıqdır? Biz harada yaşayırıq? Axı vergiyə bu səlahiyyətləri kim verib? Sən bir təşkilata girirsən, mülkiyyət hüququnu pozursan, qapısını sındırıb sənədlərini götürüb aparırsan. Niyə belə olmalıdır? Niyə nəşriyyat olaraq mənim gücüm vergilərlə mübarizəyə yönəlməlidir...?

- Cəriməni ödəyəcəksiniz, yoxsa məhkəmə qərarından şikayət edəcəksiniz?

- Vergilər Nazirliyi əməkdaşlarının nəşriyyatın sənədlərini qanunsuz götürməsi ilə bağlı iki məhkəmə şikayətimiz var idi. Hakim indiyə qədər 7 dəfə məhkəmə baxışı təyin edib. Amma təəssüf ki, fevralın 28-də hakim həmin iddialardan birinə baxmaqdan imtina etdi. Biz bundan apellyasiya şikayəti verəcəyik. Dünən biz həm 150 min manat cərimə olunmuşuq, həm də bizə qarşı cinayət işinin açılması ilə bağlı bildiriş gəlib. Martın 3-ü mən və nəşriyyatın digər işçiləri istintaqa çağırılmışıq. Bu, nəşriyyata qarşı qanunsuz və həm də qərəzli bir mübarizə yoludur. Vergilər Nazirliyi gərək bu kimi yollara əl atmasın. Bir nəşriyyatı vergi yolu ilə batırmaq düzgün deyil. Biz tərcümələr, yeni nəşrlər üzərində düşünmək əvəzinə, bütün günümüzü vergi ilə mübarizəyə sərf edirik. Vergi də bütün gücünü «Qanun» Nəşriyyatını batırmağa yönəldib. Bir nəşriyyatda nə qədər vergidən yayınma ola bilər ki, anlamıram. Biz 20-yə yaxın Nobel mükafatı alan yazıçını tərcümə edib yaymışıq. Biz tərcümə, kitab nəşrində bir diriltmə yaratmışıq, indi bu nəşriyyatı boğurlar...

Vergilər Nazirliyinin Vergi Auditi Departamenti ötən il noyabrın 1-də «Qanun» Nəşriyyatında yoxlama aparıb.

Yoxlama zamanı nazirliyin əməkdaşları nəşriyyatdan sənədləri, əlyazmaları və kompüterləri götürüblər.
XS
SM
MD
LG