Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 22:23

İrandan kafel gətirən sahibkarın Astara gömrüyündə sərgüzəştləri...


Arxiv foto: Gömrükdə qalan maşınlar
Arxiv foto: Gömrükdə qalan maşınlar
-

«Arçın» kiçik müəssisəsinin İrandan gətirdiyi kafel 2 aydır Astara gömrüyündə saxlanır. Müəssisəsinin direktoru Yunus Orucovun iddia edir ki, malın bütün sənədləri qaydasındadır. Lakin Astara Gömrük İdarəsi malı buraxmır:

«Fevralın 1-dən qanuni müqavilə əsasında İran İslam Respublikasından öz firmamın adına keramika məhsulu olan yük gətirmişəm. Bu günkü günə kimi də Astara gömrüyü heç bir əsas olmadan malı buraxmır. Bu barədə fevralın 4-də Astara Gömrük İdarəsinin rəisinə müraciət etmişəm. Heç bir nəticəsi olmayıb».

YUXARILARA ŞİKAYƏTLƏR…
Yunus Orucov
Yunus Orucov
Sahibkarın dediyinə görə, əlacsızlıqdan yuxarı orqanlara üz tutmalı olub. O, dəfələrlə gömrük komitəsinə və digər cavabdeh təşkilatlara müraciət etdiyini söyləyir:

«Respublika Gömrük Komitəsinə, onun internet saytına, şəxsən Aydın Əliyeva dəfələrlə müraciət etmişəm. Onların Qaynar xətti olan 192 ilə hər gün danışıram. Həmçinin Respublikanın Baş prokuroruna dəfələrlə müraciət eləmişəm».

Sahibkarın fikrincə, monopoliyaya şərait yaratmaq elə korrupsiyaya şərait yaratmaq deməkdir. O hesab edir ki, ölkədə yaradılmış korrupsiya idarəsi də belə hallara qarşı mübarizə aparmalıdır:

«İKİ AYDAN ÇOXDUR MAL ORDA QALIB»

«Mən yuxarıda Allah, aşağıda prezidentə inanıram. O, dəfələrlə korrupsiyaya qarşı, rüşvətxorluğa qarşı mübarizədən danışıb. Mən də inanıram ki, bu adam bununla mübarizə aparır. Çünki biz zəhmətlə böyümüşük. Bizim böyüklərimiz bizi belə tərbiyə edib. Ancaq indiyə kimi heç bir nəticəsi olmayıb. İki aydan çoxdur mal orda qalıb».
Yunus Orucovun bir masa sənədi
Yunus Orucovun bir masa sənədi
Sahibkarın sözlərinə görə, kafelin gömrükdə saxlanması nəticəsində hər gün ona 50 manatdan çox ziyan dəyir. Sürücü ilə bağladığı müqaviləyə görə, ona pul ödəyir. Yunus Orucov hesab edir ki, bu məbləğ kiçik sahibkarlığı məhv etməyə kifayət edir:

«HƏR GÜN 50 MANAT CƏRİMƏ ÖDƏMƏLİ OLURAM»

«Uzun yazışmalardan sonra Astara Gömrük İdarəsindən mənə bir məktub gəlib ki, guya «invoice»un əsli olmadığına görə gömrük rəsmiləşdirilməsi mümkün olmayıb. Sonradan təzədən «invoice»un əslini onlara göndərmişəm. Bu günə kimi nəticəsi olmayıb. Sürücü ilə bağladığım müqaviləyə əsasən hər gün 50 manat cərimə ödəməli oluram. Dəfələrlə müraciət etmişəm, heç bir nəticəsi olmayıb».

SAHİBKAR MƏHKƏMƏYƏ ÜZ TUTUB...

Yunus Orucov deyir ki, əvvəllər də Astara gömrüyündə belə qanunsuzluqlar olub. Lakin uzun yazışmadan sonra məsələ həllini tapıb. Lakin bu dəfə malı buraxmaq istəmirlər. Sahibkar Astara gömrüyünü Şirvan İqtisad Məhkəməsinə verdiyini deyir. Onun sözlərinə görə, birinci məhkəmə baxışında Astara gömrüyündən nümayəndə iştirak etməyib. Növbəti məhkəmə baxışı gözlənilir.
Astara Gömrük İdarəsi
Astara Gömrük İdarəsi
Bu deyilənlərə münasibət öyrənmək üçün Astara Gömrük İdarəsi ilə əlaqə saxladıq. İdarənin növbətçi hissəsindən suallarımızı dinləsələr də cavab vermək istəmədilər. Astara Gömrük İdarəsinin yük şöbəsinin rəisi Aydın Babayevlə də danışmaq istəyimiz alınmadı.

GÖMRÜKDƏN CAVAB...

Astara Gömrük İdarəsinin rəis müavini Abbas İsmayılovdan sahibkar Yunus Orucovun ünvanına gələn məktubda isə oxuyuruq: «Sizin Dövlət Gömrük Komitəsinə ünvanladığınız müraciətlə əlaqədar bildiririk ki, təqdim etdiyiniz kafel yükünə dair sənədlərdə «invoice»un əsli olmadığından yükün rəsmiləşdirilməsi mümkün olmamışdır».

Halbuki, sahibkar deyilən sənədin əslini idarəyə 1 aydır göndərdiyini bildirir.

Sabiq gömrük işçisi Elman Hüseynov deyir ki, «invoice» malın qiymətini dəyərləndirən sənəddir. Bu sənəd səhvdirsə və ya yoxdursa gömrük idarəsi malı özü dəyərləndirə bilər. Elman Hüseynovun sözlərinə görə, Astara gömrüyü ilə bağlı belə şikayətlər tez-tez eşidilir. O bu barədə ötən ilin avqustunda Astara rayonunda vətəndaşların qəbulunu keçirən Gömrük Komitəsinin sədri Aydın Əliyevə də şikayət etdiyini deyir:

«AZAD SAHİBKARLIQ BELƏ OLMUR»


«Mənim özümə qarşı qanun pozuntusu olub. Bununla əlaqədar ona sənədlər təqdim elədim. Ondan sonra komitə sədri söz verdi ki, mənim ərizəmə bir daha baxılacaq. Ondan sonra 20 dəfə ona müraciət eləmişəm. Heç cavab da vermirlər. Bunlar elə bilir ki, ayrı zümrədirlər. Amma bizdə hüquqi dövlətdir, hamı bərabərdir. Həmin məsələlər həm avtobus şöbəsində, həm də yük şöbəsində hökm sürür. Özbaşınalıqdır. Bunlar müəyyən adamlara hüquq verirlər. Həmin adamların üstünə göndərirlər ki, gedin onlarla razılaşın. Axı azad sahibkarlıq belə olmur».
Vidadi Mirzəyev
Vidadi Mirzəyev
İqtisadçı Vidadi Mirzəyev isə deyir ki, korrupsiyaya qarşı mübarizə gömrükdən başlamalıdır:

«Korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni gömrükdən başlamaq əvəzinə taksi sürücülərindən başladılar».

SÜNİ QİYMƏT ARTIMI NECƏ YARANIR?

İqtisadçının dediyinə görə, İrandan kvadratı 2-3 manata gələn kafel, gömrükdən keçəndən sonra 11-12 manata qalxır. Halbuki, gömrük rüsumları ilə birlikdə kafelin bir kvadratı 5 manatdan çox olmamalıdır. Onun dediyinə görə, bütün idxal məsullarında süni qiymət artımı belə yaranır.

Ötən il «Xəzər» MMC-yə məxsus kafel dolu 6 yük maşını da Astara gömrüyündə 4 aya yaxın saxlanmışdı. Sahibkar məhkəmə çəkişməsindən sonra öz hüquqlarını qismən təmin edə bildi. Hərçənd sahibkara külli miqdarda ziyan dəydi. Elman Hüseynov da belə problemlərlə üzləşən sahibkarlara məhkəmələrə müraciət etməyi məsləhət görür.
XS
SM
MD
LG