Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 09:07

Bloqqer Ə.Əbilov: «Məndən narkotik maddə yox, müxalifət haqqında soruşurdular»


Əbdül Əbilov
Əbdül Əbilov
-
Aprelin 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində bloqqer Əbdül Əbilovun məhkəmə prosesi keçirildi. Prosesə hakim Həsən Əhmədov sədrlik edir.

Əbdül Əbilov öz ifadəsində bildirdi ki, istintaq dövründə onunla narkotik maddə ilə bağlı heç bir sorğu-sual aparılmayıb: “Məndən ancaq müxalifət, Əli Kərimli və Cəmil Həsənli barədə soruşurdular”.

Bundan sonra şahid qismində ifadə vermək üçün Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməliyyatçıları Zaur Kərimov, İbrahim Kazımov, Hətəm Əliyev məhkəmə zalına dəvət edildilər. Vəkil Xalid Bağırov bildirdi ki, ilkin istintaq dövrü verilən şahid ifadələri hamısı bir-birindən köçürülüb, sözbəsöz bir birini təkrar edir. Vəkil şahid Zaur Kərimova suallarını verdi:

Vəkil: Siz hansı əməliyyat məlumatı əsasında Əbdül Əbilovun evinə gəlmisiniz?
Şahid: Bizdə məlumat var idi ki, onda narkotik maddə var.

Vəkil: Siz evdən nə götürmüsünüz?

Şahid: Narkotik maddə, bir də nootbuk.

Vəkil: Narkotik maddə üçün getmişdinizsə, nootbuk nəyinizə lazım idi?

Şahid: Rəhbərlik belə tapşırdı.

“BƏLKƏ HƏBSİNİ DƏ ÖZÜ XAHİŞ EDİB...”

Proses zamanı məlum oldu ki, Əbdül Əbilovun evində axtarış aparmaq üçün əməliyyatçıların əlində order olmayıb. Əməliyyatçı İbrahim Kazımov Əbilovun evinə onun xahişi ilə getdiklərini deyib.

Şahid: Biz Əbdül Əbilovun öz xahişi ilə onun evinə getdik. O bizə dedi ki, evdə də narkotik maddə var, gedək onu da verim sizə.

Vəkil: Bəlkə onu həbs etməyi də özü sizdən xahiş edib?

Vəkilin bəzi suallarına cavab verərkən şahidlərin prokuror və hakim tərəfindən yönləndirilməsi Əbdül Əbilovun məhkəmə zalında olan yaxınları və dostları tərəfindən etirazla qarşılandı. Hakim etiraz edənlərin zaldan çıxarılmasını tələb etdi.

“QURAN”DAN KƏNAR DURAN ŞAHİD

Əbdül Əbilov İbrahim Kazımovun saxlanma və axtarış əməliyyatında iştirak etmədiyini, “bandotdel”də onu döydüyünü bildirdi.

Şahid Hətəm Əliyev ifadə verərkən Əbdül Əbilovun anası Nurcahan Əbilova məhkəmə əməkdaşlarının mühafizəsini yarıb göz yaşları içində əlində “Quran” məhkəmə zalına daxil oldu. Çəliklə gəzən, yaşlı ana əlində tutduğu “Quran”ı Hətəm Əliyevə uzadaraq: “Əlini bas bu kitaba ki, yalan danışmayacaqsan”, - dedi. Hətəm Əliyev ananın əli ona uzandıqca, kənara çəkilirdi. Bundan sonra hakim nəzarətçilərə tapşırdı ki, Nurcahan Əbilovanı məhkəmədən çıxarsınlar. Bu mümkün olmadıqda isə fasilə elan etdi. Fasilə zamanı əməliyyatçı, məhkəmədə şahid qismində iştirak edən Hətəm Əliyev onun haqqında ucadan "üzəduran, işverən" ifadəsi işlədənləri göstərərək, məhkəmə əməliyyatçılarına "çıxarın bunu burdan" əmrləri verirdi. Ondan bu əmrləri hansı səlahiyyətlə verdiyini soruşanlara isə "mən polisəm" cavabını verirdi.
Fasilədən sonra şahid ifadələri davam etdirildi. Hakim növbəti iclası mayın 1-nə təyin etdi.

Əbdül Əbilov keçən ilin noyabrında həbs olunub. O, külli miqdarda narkotik maddə saxlamaqda, satmaqda ittiham olunur. Vəkil deyir ki, «bu, «facebook» fəallarının maddəsi olduğu üçün Əbdül Əbilova da belə bir ittiham irəli sürülüb».

Əbdül Əbilov «facebook»da «Yaltaqlara dur deyək» səhifəsinin idarəçisi olub. Həbs ediləndən sonra həmin səhifə bağlanıb.
XS
SM
MD
LG