Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 12:43

Anar Məmmədlinin işində zərərçəkən: «Mən niyə zərərçəkənəm?»


Anar Məmmədli
Anar Məmmədli
-
Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəallar Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədovun cinayət işi üzrə məhkəməsində 12 zərərçəkən ifadə verib. Onların hər biri təqsirləndirilən şəxslərə qarşı hər hansı iddianın olmadığını deyib zərərçəkən kimi tanınmalarına etiraz etdi.

“MƏN NİYƏ ZƏRƏRÇƏKƏNƏM?”


İstintaqın zərərçəkən kimi tanıdığı Elvin Yusifov məhkəmə ifadəsi zamanı dönə-dönə vurğuladı ki, o, niyə zərərçəkən kimi qəbul olunub, bu ona hələ də qaranlıqdı: “Mən niyə zərərçəkənəm? Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi ilə əməkdaşlığım zamanı mənə verilən əmək haqqını almışam, bundan başqa tədbirlərin təşkili üçün də 2800 manatı almışam. Şahid kimi dindiriləndə müstəntiqə dedim ki, gəlib-gedə bilmirəm. O da mənə boş vərəq verib dedi ki, onda bura imza at, səni bir daha çağırmayaq. İndi məni maraqlandırır ki, niyə zərərçəkənəm?”

“600 MANATA KOMPÜTER SATMIŞAM”

İstintaq ifadəsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi üçün yalnız kompüter təmir etdiyi göstərilən zərərçəkən Behbud Əliyev məhkəmədə dedi ki, sonradan o, təşkilata 600 manat məbləğində kompüter satdığını xatırlayıb: “Bir neçə il əvvəl kompüter təmiri ilə məşğul idim, amma təmir edib satdığımız kompüter də olub. İstintaqa çağırılanda xeyli düşündüm ki, bu nə ilə bağlı ola bilər? Hətta özümdən də şübhələnirdim... Bu alqı-satqı 5 il əvvəl olub, hər şeyi xatırlamıram”.

Behbud Əliyev Anar Məmmədli və ya başqalarına qarşı heç bir iddiasının, narazılığının olmadığını söylədi.

“TƏŞKİLATI YARATMIŞAM, AMMA TƏDBİRLƏRDƏ İŞTİRAK ETMƏMİŞƏM”

İstintaqın zərərçəkən kimi tanıdığı daha bir nəfər Vüqar Süleymanov məhkəmədə istintaq ifadəsindən fərqli danışdı. O, 2003-cü ildə tələbələrin hüquqlarının müdafiəsi məqsədilə təşkilat təsis etmiş, sonradan bu təşkilatın adı Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi olmuşdu. Vüqar Süleymanov istintaq ifadəsində təşkilatın daxili tədbirlərində, xüsusilə Elnur Məmmədovun quruma sədr seçilməsi ilə bağlı iclasda iştirak etmədiyini bildirsə də, məhkəmədə bunun əksini söylədi. Hakimin “istintaqa niyə belə ifadə vermisən” sualını isə əsaslandıra bilmədi.

Elnur Məmmədov da Vüqar Süleymanovun təşkilatın tədbirlərində iştirakını sübut edən fotoşəkilləri məhkəməyə təqdim etdi.

MİLLİ DEMOKRATİYA İNSTİTUTUNDAN GƏLƏN MƏKTUB


Bəşir Süleymanlının vəkili Əlibaba Rzayev məhkəməyə ABŞ-ın Milli Demokratiya İnstitutunun baş ofisinin məktubunu təqdim etdi. Bildirdi ki, həmin məktubda həqiqətən də Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi ilə cinayət işində adı hallanan qrant müqaviləsini bağlayıblar. Vəkilin sözlərinə görə, məktubda yazılıb ki, Milli Demokratiya İnstitutu layihənin icra edilməsi ilə bağlı bir neçə dəfə monitorinq aparıb, məlum olub ki, ayrılan vəsait təyinatı üzrə xərclənir və onların layihə icraçılarının işindən hər hansı narazılıqları olmayıb: “Məktubda yazılıb ki, onların təqsirləndirilən şəxslərə qarşı hər hansı iddiaları yoxdur, xahiş edirlər ki, məhkəmə hökm verərkən onların məktubunu nəzərə alsın”.

Əlibaba Rzayev həmçinin 7 zərərçəkənin özlərini zərərçəkən saymadıqları ilə bağlı notarial qaydada təsdiq olunmuş ərizələrini məhkəməyə təqdim etdi.

Proses mayın 7-də davam edəcək.

Anar Məmmədli 2013-cü ilin dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, seçkinin nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir. Müdafiə tərəfi Anar Məmmədlinin həbsinin əsl səbəbinin keçən ilin oktyabrında keçirilmiş prezident seçkilərində qanun pozuntularının monitorinqinin aparılması olduğunu bildirir.

Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty International Anar Məmmədlini vicdan məhbusu sayır.
XS
SM
MD
LG