Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:53

Sevginin olmadığı yer


-

"Ədəbi Azadlıq-2014" Milli Müsabiqəsinin 20-liyindən. Müsabiqəyə göndərildiyi kimi, nöqtə-vergülünə toxunulmadan çap edilir.


Murad Tağızadə


Sevginin olmadığı yer


Qatar yavaş-yavaş stansiyadan uzaqlaşmağa başladı. Atam, anam, bir də bacım perronda durub mənə əl eləyirdilər.

Gözdən itincəyə qədər mən də onlara qarşılıq verdim. Uzun müddət ailəmdən uzaq yaşadığımdan onlardan ayrılmaq mənə çox da çətin gəlmirdi.

Kupedə məndən başqa 30-35 yaşlarında bir oğlan vardı. Üst-başından baxımsız birinə bənzəyirdi. Əynində köhnə cins şalvar, bürüşük pambıq köynək vardı. Vaxtsız ağarmış saçlarını sanki illərlə daramamışdı. İri, əyri burnu isə qırışmış sifətinə bir qədər də qorxunc görkəm verirdi.

Uzun müddət səssiz-səmirsiz yol getdik. Ünsiyyətsiz biri olduğumdan tanımadığım adamlarla söhbətə girə bilmirdim. Özüm də bundan sıxılırdım. Nəhayət oğlan kupenin içindəki sükutu pozaraq hara getdiyimi soruşdu.

– Vətənə borcumu ödəməyə gedirəm, hərbi xidmətə – söhbətin açılmasından razı halda cavab verdim.

– Çox sevirsən vətəni?

– Əlbəttə, – ardınca gülümsəyərək gərəksiz şəkildə əlavə elədim ki, – “Vətəni sevmiyən insan olmaz, olsa, ol şəxsdə vicdan olmaz!”

– Yaxşı, bəs doğulduğun torpağı özünün seçmə imkanın olsaydı haranı seçərdin?

– Norveç, – düşünmədən cavab verdim.

– Deməli sevmirsən. Heç kəs sevmir.

Onun bu sözlərindən duruxduğumu görüb davam elədi:

– Kiçik qardaşım Cəlal da vətəni çox sevdiyini deyirdi. Mən ikinci kursu bitirəndə o, fəxr hissi ilə hərbi xidmətə yollandı. Bir il sonra isə vərəmə yoluxduğundan tərxis olunub evə qayıtdı. Cəlal yaşca məndən kiçik olsa da, bədəncə daha cüssəli və sağlam idi. Ordudan qayıdandasa bir dəri, bir sümük qalmışdı. Hər dəfə Bakıdan kəndə gedəndə onu daha da zəifləmiş, kiçilmiş görürdüm. Baxışlarında adamın ürəyini dağlayan, yalvarış dolu bir ifadə vardı. Sanki öləcəyini hiss edib məndən onu xilas etməyimi istəyirdi. Axı onun xoş arzuları, hər gün qurmaqdan bezmədiyi xəyalları vardı hələ gerçəkləşdirməyə. Müalicə olunmasına baxmayaraq, tərxisdən 8 ay sonra arzularıyla birlikdə dünyadan köçdü. Sonradan məlum oldu ki, onun ölümündə əsas rolu elə rayon həkimlərinin səhlənkarlığı oynayıb. Amma bu məmləkətdə xəstə, yaxud yaralı insanların ölümünə görə həkimləri nəinki cəzalandırmağa, hətta qınamağa belə kimsənin haqqı çatmır.

Boğazını arıtlayıb əvvəlki tərzdə sözünə davam elədi:

– Bilirsən anam bizə görə nə qədər əziyyət çəkmişdi? Anam Cəlalla məni demək olar ki, təkbaşına böyütmüşdü. Çox zəhmətkeş bir qadın idi. Kəndin uşaq bağçasında xadimə işləyirdi. Hər gün səhər tezdən durub çörək bişirir, inəkləri sağıb örüşə ötürür, toyuq-cücəni yemləyir, bağı suvarır, bizim üçün yemək hazırlayır, sonra da işə yola düşürdü. Axşam işdən evə qayıtdıqdan sonra da bir dəqiqə belə oturub dincini aldığını görməzdik.

Atamı isə gözümü açandan heç vaxt bir işin qulpundan yapışan görməmişdim. Bütün gününü çayxanada nərd, domino oynamaqla keçirirdi. Evə ancaq yeməyə, bir də yatmağa gəlirdi. Axşamlar onun evə gəlişi ailəmiz üçün əsl faciə idi. Düzdü, qardaşımla məni çox istəyirdi, amma anama gün verib işıq vermirdi. Hər gün bir bəhanə tapıb evdə dava-dalaş salırdı.

Anam bütün həyatını min əzab-əziyyətlə, başqalarına sərf edərək yaşamasına baxmayaraq, yenə də taleyindən narazı görünmür, dəqiqəbaşı tanrıya şükür etməyi unutmurdu. Sanki hər şey belə də olmalıymış. Sanki dünyaya elə möhnət çəkmək üçün gəlmişdi. Qardaşımın ölümü isə onun ömrü boyu qatlaşdığı əziyyətləri bir andaca heçə endirmişdi. İllərdir namaz qılan, inanclara bağlı anam gör nə qədər sarsılmışdı ki, hətta allahı söyürdü. Təsəvvür edirsən? – bayaqdan yerə dikilmiş baxışını mənə yönəldib soruşdu.

Nə cavab verəcəyimi bilməyib başımı tərpətdim. Bir qədər fikrə getdikdən sonra dedim:

– İtkinizin ağırlığını anlayıram. Amma belə faciələr bu və ya digər şəkildə hər kəsin başına gələ bilər. Bunlara görə ali dəyərlərə dönük çıxmaq düzgün sayılmaz.

– Hansı dəyərlər? Tanrı? Vətən? İndiyədək baş verən bütün müharibələrin, qətllərin, qırğınların, fəlakətlərin arxasında elə bu dəyərlər durur. Onlar uğrunda vuruşanların, həlak olanların qazancı nə olub? Tarixə nəzər salsan, görərsən ki, heç nə. Qazananlar yalnız kiçik maraqlı qruplar olub. Hansılar ki, bizi qulaqlarımıza xoş gələn sözlər deməklə yönləndirirlər.

– Bəs onda biz dünyaya nə məqsədlə gəlmişik?

– Məqsəd? Dünyaya gəlişində məqsəd axtaran yeganə varlıq insandır. Amma heç vaxt tapa bilməyəcək. Yoxdu çünki. İnsan da it kimi, pişik kimi məqsədsiz gəlir dünyaya. Boş yerə. Sonradan hərə özünə bir qondarma məqsəd seçir. Kimi aya uçur, kimi okeanın dibinə enir, kimi kölə olmağı seçir, kimi azad yaşamağı. Amma dünyadan köçəndə bütün bunların onun üçün fərqi olmur. Fəaliyyətinin nəticəsi isə elə it-pişik kimi nəslini artırmaqdan ibarət olur.

Bu gün insan cəmiyyəti qarşısında duran əsas hədəflərə fikir ver: rasizmin, müharibələrin, nüvə təhlükəsinin, suyun, havanın, torpağın çirklənməsinin, meşələrin qırılmasının, ərzaq qıtlığının, qlobal istiləşmənin qarşısını almaq. Hansı ki, bütün bunlara heyvanlar insanlar yaranmamışdan əvvəl nail idilər. Elədirsə, insan özünü bir itdən niyə daha üstün hesab etməlidir? Niyə it kimi yaşayıb ondan fərqli olaraq yenidən dirilməyinə ümid etməlidir?

– Axı dünyada gözəl şeylər də var. Məsələn, sevgi kimi. – Onunla razı olmadığı göstərmək istədim.

– Sevgi? – istehzayla dedi. – Dünyanı çirkinləşdirən elə sevginin özüdür. Özünə sevgi, var-dövlət sevgisi, güc, hakimiyyət sevgisi, qadınlara sevgi...

– Mən kişi ilə qadın arasındakı sevgini nəzərdə tuturdum, – sözünü yarımçıq kəsərək dedim.

– Yeddi milyard insanın içində birinə aşiq olusan, təsadüf elə gətirir ki, o da sənə aşiq olur. Bu nağılımı nəzərdə tuturdun? Ürək döyüntüsü, qısqanclıq, yuxusuzluq, iştahasızlıq. Bunlaramı sevgi deyirsən sən? Sevgi elə sevişməyin özüdür. Amma reallıq bilirsən necədir? Mənim bir tanışım vardı. Bir qızla dəli kimi bir-birilərinə aşiq idilər. Buna baxmayaraq, tanışım mütəmadi olaraq gedib fahişə ilə bir yatağa girirdi. Sonra da gəlib bizə intim macəralarından danışırdı. Bax, budur reallıq! Səncə bu eşq kimə lazımdı, hə? Belə cütlüklər azdır? Xeyr! Hər on cütlükdən doqquzu bu vəziyyətdədir. Hər on mövzudan doqquzu intim macəralardan bəhs edir.

– Bunlar sadəcə milli dəyərlərdəki boşluqlarla bağlıdı.

– Xeyr, bu bütün dünyada belədi. – Səsini yüksəldərək cavab verdi. – Heç yerdə bir-birinə tamamilə sadiq cütlük tapa bilməzsən. İki tərəfdən biri mütləq xəyanət edəcək. Adətən bunu hər ikisi edir. Ən azı düşüncəsində. Bilirsən, necə dəhşətlidir düşüncədə xəyanət?

O, bunları deyəndə mən də Rəna haqqında düşünürdüm. Görən mənə xəyanət etmişdi? Təskinliyi onda tapırdım ki, mən ona xəyanət etmişdim, deməli, onun mənə xəyanət etməmə ehtimalı qalırdı. Həmsöhbətimin nəzəriyyəsinə görə. O, isə söhbətinə davam etməkdə idi:

– Əvvəllər elə bilirdim intim mövzular yalnız yeniyetmələr, gənclər arasında açılır. Amma bir dəfə kəndimizin bərbərxanasında ağsaqqalların da bu mövzuda söhbətinə şahid oldum. Cəmi bir ay öncə gözlərinin yaşını axıdaraq həyat yoldaşını dünyadan yola salan səksən beş yaşlı bir kişi artıq özünə yeni bədən tapmağından danışırdı. Onsuz qəlbi, hissləri olan səksən beş yaşında birinin bu dünyada nə işi ola bilərdi ki?
Hələ kəndimizdə Hacı adında biri varıydı. Bir dəfə məktəbə gedəndə yolda məni saxlayıb demişdi: “Qız olsaydım, alardın məni? Yatardın mənimlə?”. Balaca olduğumdan qorxub qaçmağa başlamışdım. O isə arxamca qışqırırdı: “Yatardın mənimlə? Cavab ver də, ay oğraş! Yatardın, yatardın”. Bir az böyüyəndən sonra öyrəndim ki, Hacı homoseksual imiş. Bir qədər də əqli çatışmazlığı varmış. Kəndimizin bir sıra ağsaqqallarına ikinci baharlarını yaşadıbmış. Özləri fəxrlə danışırdılar.

Bu məqamda həmsöhbətim başmaqlarını çıxarıb yatağına girdi. Qolunu gözlərinin üzərinə qoyub dedi:
– Düzü, qardaşımın ölümündən sonra mən də getmək istəyirdim buralardan.
– Hara?
– Sevginin olmadığı yerə, – cavabından razı halda güldü.
– Bəs sizi bu fikirdən daşındıran nə oldu?
– Anamı tək qoyub getmək istəmədim.
Bir qədər susub sonra əlavə elədi:
– Yordum səni də.
– Yox! Nə danışırsız?! Əksinə, xoşdur mənimçün.
– Heç adını soruşmadım.
– Kamil.
– Mənim adım da Cəfər.
– Tanışlığımıza şad oldum, – gülümsəyərək dedim.
– Yataq bəlkə? Mənim yuxum gəlir.
– Yataq.
– Gecən xeyrə qalsın, Kamil.
– Xeyrə qarşı.
Səhər gözlərimi açanda hava yenicə işıqlanırdı. Başımı çevirəndə kupe yoldaşımı görmədim. Balaca idman çantası da yerində olmadığından təxmin elədim ki, mən yatarkən qatardan düşüb gedib.
Getmişdi. Sevginin olmadığı daha bir yerə.
XS
SM
MD
LG