Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 07:07

Melia: «İnsan haqları heç bir ölkənin daxili işi sayıla bilməz»


Thomas Melia
Thomas Melia
-

İyunun 11-də ABŞ Helsinki Komissiyası qarşısındakı çıxışında ABŞ dövlət katibinin müavini Thomas Melia artıq 2009-cu ildə demokratik islahat tərəfdarları və özəlliklə müxalif siyasi partiyaların ölkənin siyasi həyatına qatılarkən çətinliklərlə üzləşdiyinə diqqət çəkib:

«Bununla belə, o vaxt QHT və müstəqil fəalların fəaliyyəti mümkün idi. Təəssüf ki, o zamandan bəri mühit daha da pisləşib».

Dövlət Departamentinin Demokratiya Bürosunda Rusiya da daxil, Avropa məsələlərinə cavabdeh Thomas Melia söyləyib ki, dinc siyasi fəalların siyasi motivli mühakimələri və QHT-ləri hədəfləyən boğucu qanunvericiliyin qəbulu Azərbaycanda prezident İlham Əliyevin hakimiyyəti ilə vətəndaş cəmiyyətinin daha geniş təqibinə misallardır.

«Amerikanın Səsi»nin dinləmə barədə videosu:

CARDİN BAKI İLƏ SƏRT DANIŞMAĞA ÇAĞIRIB
Benjamin Cardin
Benjamin Cardin
Merilenddən olan demokrat senator və Helsinki Komissiyasının sədri Benjamin Cardin ABŞ və Azərbaycan arasında təhlükəsizlik, iqtisadiyyat və insan haqları sahəsində münasibətləri müzakirəyə çıxaran dinləməyə başçılıq edib.

İyunun sonlarında bir qrup ABŞ millət vəkili ilə Azərbaycana gələcək Cardin bu yaxınlarda ABŞ administrasiyasını bir çox sahələrdə ikitərəfli əməkdaşlıq olsa da, insan haqları məsələsini Bakının qarşısında «sərt şəkildə» qoymağa çağırıb.

Benjamin Cardin-in «Amerikanın səsi»nə müsahibəsi

LOBBİÇİLİK YOX, DEMOKRATİYA GƏRƏK

Azərbaycanın Vaşinqtondakı hay-küylü lobbisi Kreml Krımı ilhaq edəndən sonra Rusiyanın qaz təchizatı asılılığından Avropanın qurtarılmasında rəsmi Bakını aparıcı oyunçu kimi fəal şəkildə təbliğ edir.

Helsinki Komissiyasının dinləmələrində ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə Büroda müavini olan Eric Rubin Azərbaycanın təhlükəsizlik və enerji sahəsində ABŞ-la müsbət əməkdaşlığından söz açıb.

O, çıxışında bu sözləri də səsləndirib ki, Birləşmiş Ştatların dünya boyunca «ən güclü münasibətlərə» malik olduğu ölkələr «öz vətəndaşlarının bütün insan haqlarına ehtiram göstərən demokratiyalardır»:

«Biz demokratiyanın inkişafı sahəsində Azərbaycanda yaranmış mühitdən və getdikcə pisləşən insan haqlarının qorunma durumundan rahatsızıq».

REPRESSİYALARA MƏRUZ QALANLARIN ADLARI ÇƏKİLİB

Cənab Melia öz çıxışında müxalif siyasətçilərdən İlqar Məmmədovun və müstəqil seçki müşahidəçisi Anar Məmmədlinin siyasi motivli məhkəmələrinə də toxunub. Onlar hazırda həbsxanadadırlar.
Çıxışda Müsavat Partiyası başqanının müavini Tofiq Yaqubludan, NİDA gənclər hərəkatından, blogger Əbdul Əbilovdan, dini xadim və ictimai fəal Taleh Bağırzadədən, «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı və casusluq ittihamları ilə həbs edilən jurnalist Rauf Mirqədirovdan da söz açılıb.

Azərbaycanda hakimiyyətin müxalifət fəallarının xarici səfərlərinin qarşısını aldığını da söyləyən Thomas Melia, buna misal kimi, AXCP lideri Əli Kərimlinin, eləcə də xaricə səfərinə icazə verilməyən Leyla Yunusun adlarını çəkib.

ABŞ rəsmisi Azərbaycanın çətin coğrafi məkanda yerləşdiyini və stabilliyi qorumağa can atdığını anladığını vurğulayıb, amma ona da əminliyini bildirib ki, həqiqi stabillyin yolu demokratiya və insan haqlarının bərqərar olmasından keçir.

OBAMANIN TƏNQİDİ AZƏRBAYCANA DA AİDDİR

Thomas Melia prezident Barack Obama-nın son çıxışlarının birindən sitat gətirməklə bu tənqidin Azərbaycana da aid olduğuna işarə vurub.

Prezident həmin çıxışında demişdi: «Təəssüf ki, Amerikaya tərəfdaş bəzi ölkələrdə vətəndaş cəmiyyəti üzərinə hücumlar olur».

Thomas Melia 2011-ci ildə «dinc demokratikyönlü nümayişlərin» dağıdılmasını və ötən il QHT-lərin maliyyələşdirilmə və fəaliyyətini məhdudlaşdıran qanunvericiliyin qəbulunu nəzərdə tutaraq söyləyib ki, Azərbaycan hakimiyyətinin belə davranışları insan haqları ilə bağlı mühiti daha da pisləşdirib:

AZAD FİKRİN MƏKANI DARALIB

«2013-cü ilin əvvəllərindən bəri dinc azadfikirliliyin məkanı dramatik şəkildə daralıb və təməl insan haqlarından istifadə imkanları daha miskin vəziyyətə düşüb».

Thomas Melia öz çıxışında ATƏT-in 1991-ci il tarixli «Moskva sənədi»ni və 2010-cu il Astana Sammiti Bəyannaməsini yada salaraq bildirib ki, insan haqları, təməl azadlıqlar, demokratiya və hüququn aliliyi beynəlxalq nizamın əsasıdır və ayrılıqda hər hansı bir ölkənin daxili işi sayıla bilməz.

Daha öncə Azərbaycan rəsmiləri ABŞ Dövlət Departamentinin ölkədə insan haqları durumunun tənqidini qərəzli və qeyri-dəqiq tənqid adlandırmışdılar.

Yanvar ayında isə prezident Əliyev ölkəsində heç bir siyasi məhbusun olmadığını bəyan etmişdi.
XS
SM
MD
LG