Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 12:55

Messi kimi futbolçu olmaq istəyən qız – Aytac


Aytac Əsədova
Aytac Əsədova

-
«Bu qızı futbola Lionel Messi gətirib» deyənlər bəlkə də yanılmazlar. Məşhur «Barcelona» klubunun və Argentina yığmasının heyətlərində yer alan Messi İmişli rayonunun Bəhramtəpə qəsəbəsində yaşayan Aytac Əhədovanın həyat idealına çevrilib.

Messi-nin şəkillərini evlərinin divarlarında, şüşəsi sınıq pəncərədə, balışın altında görən valideynlərinin heç ağlına da gəlməzdi ki, az keçməz, qızları da futbolçu kimi geyinib meydançada top qovacaq və... Bu bir yana, onun oyununu televiziyadan izləyəcəklər. Hələ harasıdır, bu da yetməzmiş kimi, övladları qəsəbədəki yaşıd qızları da «başdan çıxaracaq» və beləcə, günün birində «İmişli» komandasını AFFA-nın təşkil etdiyi qızlar liqasında, müxtəlif futbol turnirlərində qalibə çevirəcək.

BİR QƏSƏBƏDƏN 11 FUTBOLÇU QIZ ÇIXIB...

Aytac futbol oynamağa 10 yaşından başladığını deyir:


«Əvvəl oğlanlarla birgə oynayırdım. Ata-anam razı olmadığından, bir müddət evdən gizlincə qaçırdım. Məktəbdə qızlardan ibarət futbol komandası yaradıldığını eşidəndə, dərhal ona üzv yazıldım. Bilirdim ki, tək olsam, evdəkilər məni gec-tez bu yoldan çəkindirəcəklər, o üzdən qəsəbədə yaşayan bir neçə qızı da özümlə məşqlərə apardım. Onlardan bəzilərinin valideynlərini məşqçimiz güclə razı saldı».


Gericil baxışların at oynatdığı Bəhramtəpədə indi futbolçu qızların sayı 11 nəfərə çatıb. Təlim-məşq toplanışlarını əvvəllər İmişli şəhərindəki Heydər Əliyev adına stadionda keçirən qızlar daha sonra Olimpiya İdman Kompleksinin açıq və qapalı arenalarından yararlanmağa başlayıblar.

Ələmdar Mustafayev
Ələmdar Mustafayev


Rayon mərkəzi 18 km aralı olduğundan, məşqlərə gediş-gəliş heç də asan olmayıb. Yolxərci də bir ayrı dərd sayılıb. Qızların uşaq inadkarlığı belə çətinliklərin hamısını aşmağa kömək edib...

«UĞURLARIMIZDA BU QIZIN BÖYÜK PAYI VAR»

Qızlardan ibarət «İmişli» futbol komandasının baş məşqçisi Ələmdar Mustafayev yetirməsinin gələcəyinə böyük ümid bəsləyir:


«Komanda yarandığı gündən Aytac onun əsas oyunçularından olub. Uğurlarımızda bu qızın böyük payı var. Futbolu çox sevir və yaxşı oynamaqdan ötrü öz üzərində çox çalışır. Rəsmi oyunlarda 100-dən çox qol vurub. Onun milli yığmamıza götürülməsini və ölkəmizi beynəlxalq miqyaslı yarışlarda təmsil etməsini arzulayıram».


Üç yetirməsinin milli yığmaya götürüldüyünü söyləyən baş məşqçi qadın futbolunu irəliyə aparmaq üçün orta məktəblərdə qızlardan ibarət komandaların yaradılmasını və onların arasında rayon birinciliyinin keçirilməsini təklif edir:


«Bu, futbola qadınların kütləvi şəkildə gəlişini təmin etməklə yanaşı, istedadlı oyunçuların üzə çıxarılması baxımından da ən doğru yoldur».


ÜNVANLI YARDIMLA ALINAN FUTBOL AYAQQABISI

Komanda yoldaşları tez-tez Aytacgilin qonağı olur.
Komanda yoldaşları tez-tez Aytacgilin qonağı olur.



Aytac eynən Messi kimi sadə və yoxsul ailədə dünyaya göz açıb. Valideynləri işsizdir. Vaxtilə övladlarından birinin müalicə xərclərini ödəmək üçün pay torpaqlarını və ev heyvanlarını satıblar. Altı nəfərlik ailənin dolanışığına ayda 120 manat ünvanlı dövlət sosial yardımı ayrılıb. Onun da təxminən yarısı Aytacın butslarına və yolxərcinə gedir.

Ailə üzvləri, hələ ki, Aytacın evə gətirdiyi medal və fəxri fərmanlarla təsəlli tapırlar. Onlar məktəbin, İmişlidəki «Gənclər Mərkəzi»nin fotostendlərində qızlarının şəklini görüb qürur duyurlar. Bacısı Aysən Aytacın oyunlarını tribunadan izləməyə Zaqatala və İsmayıllıya, Sumqayıt və Bakıya getdiyini deyir.

Komanda yoldaşları tez-tez Aytacgilin qonağı olur. Noutbuk da gətirib öz oyunlarının videoyazısına baxırlar. Bir sözlə, bu evdə daha çox futbola baxılır və futboldan söz açılır...

QIZLAR OĞLANLARA QARŞI

İndi yay tətili olduğundan yarış və dərslərə ara verilsə də, hər gün axşamüstü Rəhim Alışov adına Bəhramtəpə qəsəbə məktəbində qələbəlik olur. Yuxarı sinif şagirdləri – oğlanlı-qızlı – məktəbin meydançasında futbol oynayırlar. AzadlıqRadiosunun bölgə müxbiri də bu oyunlardan birini izləyib –

«Qızlar oğlanlara qarşı» matçını. İnanmaq olmur ki, yeniyetmələr öz təşəbbüsləri ilə belə bir yarışma təşkil edir.

«Qızlar oğlanlara qarşı»
«Qızlar oğlanlara qarşı»

Məktəbdə xadimə çalışan Xamis Şahverənova baş hakim vəzifəsini öz üzərinə götürmüşdü. Bəhramtəpə qəsəbəsində məskunlaşan məcburi köçkün ailəsində doğulmuş 7 yaşlı Aytac adaşının oyununu heyranlıqla izləyirdi...

«GÜL BAYRAMI»NA ÇAĞIRILAN ÇEMPİONLARIN AYAĞINA TİKAN BATIR...

Məktəbin futbol meydançasının nə ot örtüyü qaydasındadır, nə xətləri var, nə də qapıların toru. Ölkə çempionları, beləcə, tozlu-tikanlı meydançada top qovurlar. Neyləsinlər, qəsəbədə oynamağa başqa yer nə gəzir.

Belə təsəvvür yaranır ki, yerli icra və bələdiyyə orqanları uşaqların bu uğurundan xəbər tutmayıblar. Demə, elə deyilmiş. Aytac bildirir ki, onları müxtəlif tədbirlərə, məsələn, «Qurtuluş günü»nə, «Gül bayramı»na çağırırlar, – sadəcə, «paraddan keçmək» üçün. Azərbaycan çempionu olmaları yerli icra hakimiyyətinin, Gənclər və İdman İdarəsinin hesabatlarına düşüb. Bu uğuru öz adına çıxanlar, görəsən, nə vaxt uşaq və yeniyetmələrin ayaqlarına batan tikanların təmizlənməsi barədə də düşünəcəklər?!

XS
SM
MD
LG