Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 15:25

Hüquq müdafiəçisi Leyla Yunus prezident İlham Əliyevə məktub yazıb


Leyla Yunus
Leyla Yunus

-

Contact.az saytının yayımladığı məktubda Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının yay sessiyasındakı çıxışına toxunub.

O bildirib ki, Azərbaycanı tərk etməyib, həbsdə olan jurnalist Rauf Mirqədirovla bağlı açılan cinayət işi ilə əlaqədar prokurorluğun suallarından yayınmayıb.

Leyla Yunus aprel ayının sonunda ölkəni tərk etməsi ilə bağlı hər hansı rəsmi qadağanın olmadığı halda aeroportda saxlanmasını, bank hesablarına həbs qoyulmasını xatırladır: «Cənab prezident, Strasburqda mənim «artıq neçə gündür ki, istintaqdan yayınmağımla» bağlı dedikləriniz həqiqətə uyğun deyil».

Hüquq müdafiəçisi aprelin 29-da istintaqda 9 saat ərzində dörd müstəntiqin suallarını cavablandırdığını qeyd edir.

Prezidentə məktubunda Leyla Yunus yazır ki, onun və həyat yoldaşının pasportları qeyri-qanuni əllərindən alınıb və sənədləri qaytarılmayana qədər yenidən ifadə verməkdən imtina ediblər.

İlham Əliyev Strasburqda Leyla Yunusa qarşı təzyiq olunması ilə bağlı sualı cavablandırarkən deyib ki, əksinə, hüquq müdafiəçisi özü polisə qarşı fiziki təzyiq göstərib. Leyla Yunus müraciətində bildirir ki, aprelin 29-u axşamı onlar polis təzyiqləri ilə üzləşiblər və hətta ərinin səhhəti pisləşib:

«Cənab prezident, cavabınız nümayiş etdirdi ki, 2011-ci il avqustun 11-də evimizin dağıdılmasına şəxsən siz sərəncam vermisiniz, Hacıbala Abutalıbova məhkəmə qərarını yerinə yetirməyə, bizə təzminat ödənilməsinə imkan yaratmamısınız. Şəxsən siz bizim girov kimi saxlanmamız üçün pasportumuzun qaytarılmamasında maraqlısınız».

«İNANMIRDIM Kİ, TƏZYİQLƏRİN ARXASINDA MƏHZ İLHAM ƏLİYEV DURUR»

Leyla Yunus deyir, o indiyədək inanmırdı ki, üzləşdikləri son hadisələrin arxasında məhz İlham Əliyev durur: «Atanız müdrik idi, mənim real təhlükə olmadığımı bilirdi və emosiyaya qapılmayıb praqmatik siyasət yürüdürdü».

Hüquq müdafiəçisi yazır ki, prezidentin onu məhv etmək üçün bütün imkanları var: «Məhv edə bilərsiniz, amma heç vaxt qalib gələ bilməyəcəksiniz. Tarix hər şeyi yerinə qoyacaq. Tarixdə siz prezident İlham Əliyev kimi yox, Heydər Əliyevin oğlu, hüquq müdafiəçisi olan bir qadını qəddarlıqla məhv etmiş, amma onu sındıra, ona qalib gələ bilməmiş bir şəxs kimi qalacaqsınız».

Leyla Yunus məktubunu «Seçim sizindir» ifadəsi ilə bitirib.

İki aydır ki, Leyla Yunus dövlətə xəyanət ittihamı ilə həbsdə olan jurnalist Rauf Mirqədirovun istintaqına şahid qismində cəlb olunub. Prezident İlham Əliyev iyunun 25-də Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında çıxışından sonra sualları cavablandırıb. Suallardan biri Leyla Yunusla bağlı olub.

XS
SM
MD
LG