Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:45

Pedro Agramunt Azərbaycanda insan haqları üzrə məruzəçi təyin olunub


Pedro Agramunt
Pedro Agramunt

-

Pedro Agramunt Azərbaycanda insan haqları üzrə məruzəçi təyin olunub. İspaniyalı deputat Avropa Şurası Parlament Assambleyasının (AŞPA) İnsan Haqları və Hüquqi İşlər Komitəsində iyunun 25-də keçirilən səsvermədə səslərin çoxunu qazanıb.

Məlumatı AzadlıqRadiosuna AŞPA-nın üzvü, irlandiyalı deputat Michael McNamara verib. Pedro Agramunt AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisidir. Bundan sonra o, eyni zamanda iki işi yerinə yetirəcək.

Michael McNamara deyir ki, AŞPA-nın tarixində belə bir təcrübə olub, Rusiya üzrə həmməruzəçilərdən biri həm də Magnitsky işi üzrə məruzəçi təyin olunub.

Səsvermədə niderlandlı deputat Peter Omtziyg səslərin 19, Pedro Agramunt isə 29-nu qazanıb.

SƏSVERMƏ İYUNUN 26-NA SAXLANA BİLƏRDİ

McNamara bu səsvermənin öncədən planlaşdırılmamasına diqqət çəkir:

«Bəzi şəxslər səsvermənin bu günə (iyunun 26-na –red.) keçirilməsini istəyirdi ki, digər parlamentarilərə də şans verilsin, onlar da məruzəçi postuna namizədliklərini versinlər. Ancaq komitə sədri məsələni dünən səsə qoymaq qərarı verdi».

Pedro Agramunt Monitorinq Komitəsindəki işindən savayı Hüquqi İşlər Komitəsi üçün daha çox siyasi məhbusları hədəfləyən hesabat da hazırlayacaq. McNamara deyir ki, Agramunt ona tapşırılan işi yerinə yetirməlidir:

«Gözləyirəm ki, bu işi yerinə yetirəcək. Hüquqi İşlər Komitəsi ona bu işi tapşırıb. O, həmin posta namizədliyini veribsə, deməli tapşırığı şərəflə görməlidir».

Michael McNamara
Michael McNamara

«HESABATI SƏBİRSİZLİKLƏ GÖZLƏYİRİK»

Michael McNamara söyləyir ki, Azərbaycan nümayəndə heyəti ölkədə siyasi məhbuslara dair hesabat hazırlanmasını istəmirdi:

«İndi isə hesabat olacaq. Bu, qələbə, ya məğlubiyyət məsələsi deyil. Hesabat hazırlanıb İnsan Haqları və Hüquqi İşlər Komitəsinə təqdim olunacaq. Hesabat həm də komitə üçün keçərli olmalıdır. İndi o hesabatı səbirsizliklə gözləyirik».

McNamara onu da qeyd edir ki, Pedro Agramunt onun üçün gözlənən namizəd olmayıb, onun namizədliyini ispan nümayəndə heyətindən başqa bir deputat irəli sürüb. Ancaq McNamara Agramunt-a bu vacib işdə uğurlar arzulayır.

Michael McNamara Azərbaycanda siyasi məhbuslar üzrə qətnamə hazırlanması barədə təklifi bu ilin aprelində verib. O, iyunun 23-də israrla təklifin AŞPA-nın Hüquqi İşlər Komitəsinə göndərilməsinə nail olub – iclasın bitməsinə 30 saniyə qalmış məsələni səsə qoydurub. İrlandiyalı deputat deyib ki, «Amnesty International» hüquq-müdafiə təşkilatının Azərbaycanda 19 vicdan məhbusunun olması iddialarına AŞPA-nın göz yumması qurumun nüfuzuna zərbə vurur.

«İLHAM ƏLİYEV MÜZAKİRƏNİ NƏ VAXT BAŞLAYACAQ?»

AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Pedro Agramunt bir müddət öncə «BBC Azərbaycanca»ya müsahibəsində deyirdi ki, Azərbaycanda siyasi məhbusların sayı şişirdilib.

İlham Əliyev
İlham Əliyev

Yerli hüquq müdafiəçiləri narahat idi ki, McNamara-nın təklifi Monitorinq Komitəsinə göndərilə və orada həmməruzəçilərin səlahiyyətinə keçə bilər.

İyunun 24-də AŞPA-da çıxış edən prezident İlham Əliyev deyib ki, Azərbaycanda siyasi məhbus yoxdur, deputat McNamara-nın dedikləri yanlış informasiyaya əsaslanır. Prezident deputata söyləyib ki, o, müzakirə açmaq istəyirsə, «bunun üçün başqa yer tapa bilərik».

Michael McNamara AzadlıqRadiosuna bildirir ki, Avropa Şurasının Nazirlər Komitəsinin sədrinə sual göndərib. Soruşub ki, Azərbaycan prezidenti siyasi məhbuslar barədə, çıxışında söz verdiyi açıq müzakirəyə nə vaxt başlayacaq.

Hüquq müdafiəçiləri ölkədə 80-dən çox siyasi məhbus olduğunu bildirir.

Azərbaycan bu ilin mayından noyabrınadək Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir.

XS
SM
MD
LG