Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 05:04

Bəhramtəpə-Biləsuvar yolunda «yolsuzluq» (VİDEO)


Bəhramtəpə-Biləsuvar yolunun daimi yolçuları...
Gözlə

No media source currently available

0:00 0:04:56 0:00

Bəhramtəpə-Biləsuvar yolunun daimi yolçuları...

-

İmişlinin Qızılkənd, Aranlı və Hacırüstəmli kəndlərinin sakinləri illərdir yolsuzluqdan əziyyət çəkirlər. «Yolsuzluq» deyəndə ki, əslinə baxsan, yol var, özü də ölkə əhəmiyyətli, amma... Amma bu yolun asfalt örtüyü çoxdan dağılıb, «sinəsində» batıq və qabarmalar yaranıb. Yağmurlu günlərdə göllənən yol keçilməz olur, quraq vaxtlarda da toz dumanı qalxır, nə qalxır...

«BU YOLA DƏMİR DƏ DÖZMÜR»

«Bəzən elə qatı toz dumanı olur ki, kənarındakı kənd görünmür. Bu yoldan ötüb keçən nabələd adam fikirləşər ki, buralar səhralıqdır, nə kənd var, nə adam. Magistral yoldan – ana yoldan görünən bircə bu tozdur. Nə iş dalınca getmək olur, nə xəstəni vaxtında bir yerə çatdırmaq, nə də qonaq qarşılamaq. Belə də yaşayış olar?» – İmişlinin Aranlı kəndində yaşayan Şahlar Ağayev belə deyir. Onun sözlərinə görə, son iki ildə vəziyyət lap pisləşib:

«Nə Biləsuvar istiqamətinə rahat yol var, nə də Bəhramtəpəyə. Bu şəraitsizliyə dəmir də dözmür – ehtiyat hissələr sıradan çıxır, maşınlarımız xarab olub qalır yolda».

«TOZ UDMAQDAN CİYƏRİMİZ XIŞILDAYIR»

Yolboyu içərisində qadınlar olan yük və minik maşınları görünür. Lap kolxoz dövründəki pambıqçılara bənzəyirlər. Başlarını, üz-üzlərini yaylıqla örtdüklərindən bircə gözləri görünür...

Öyrənirəm ki, onlar «Azərsun holding»in kənd təsərrüfatı məhsulları istehsal və emal edən müəssisəsində – «Natural Green Land»da günəmuzd çalışırlar. İmişlinin Qulubəyli kəndindən olan sürücü bildirir ki, qadınları işə vaxtında çatdırmaq üçün səhər 6-da onları evdən götürür, 15 dəqiqəlik yolu saatyarıma gedirlər:

Yolboyu içərisində qadınlar olan yük və minik maşınları görünür.
Yolboyu içərisində qadınlar olan yük və minik maşınları görünür.

«Evə qayıtmağa da bir o qədər vaxt gedir. İnanın ki, bizi işdən çox yol yorur».

Qadınlar da şikayətləndi: «Yoldakı narahatlığa görə tez-tez termoslarımız, qab-qacaqlarımız qırılır, toz udmaqdan ciyərlərimiz xışıldayır».

PROBLEMİN HƏLLİ XARİCDƏ AXTARILIR

«Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda ölkə əhəmiyyətli rayonlararası avtomobil yollarının əsaslı təmiri nəzərdə tutulmuşdu. Sənəddəki tədbirlərin icra vəziyyəti barədə Biləsuvar rayon İcra Hakimiyyəti belə bir məlumat yayıb: «2013-cü ildə Bəhramtəpə-Biləsuvar magistral avtomobil yolunda 30 km tikinti işləri aparılıb və asfaltlaşdırılıb. Hazırda yol-tikinti işləri davam etdirilir».

«2012-ci il üzrə dövlət əsaslı vəsait qoyuluşunun bölgüsü»ndə sözügedən yola 5 milyon manat ayrılması nəzərdə tutulub. Sual doğur: Həmin vəsait ayrılıb, yoxsa yox, göstərilən məbləğ təmir işlərinin tam dəyəridir, yoxsa onun bir hissəsi? – Buradan bilinmir. Görünən odur ki, illər öncə başlanmış yol təmiri yarımçıq qalıb və onun nə vaxt tamamlanacağı məlum deyil.

Aranlı kəndinin bir qrup sakininin şikayətinə ötən ilin sentyabrında «Azəryolservis» ASC bu məzmunda cavab verib:

Bəhramtəpə-Biləsuvar magistral avtomobil yolu
Bəhramtəpə-Biləsuvar magistral avtomobil yolu

«Yolun yenidən qurulmasının layihə-smeta sənədləri hazırlanır. Tikinti işləri və maliyyə vəsaitinin ayrılması ilə bağlı beynəlxalq qurumlarla razılaşma işləri də aparılır».

Bu o vaxt idi ki, 62 km uzunluğunda yolun Biləsuvar rayonundan keçən hissəsi asfaltlanmışdı. Qəribədir, layihə və maliyyə mənbəyi olmadan bu iş necə görülüb? Aranlı sakinləri deyir ki, yol idarəsinin işçiləri «tezliklə yol çəkilişinə başlanılacaq» deyərək, əvvəlki vaxtlardan qalma asfalt örtüyünü qoparıb kənara atıblar. Elə o vaxtdan da, necə deyərlər, Əli aşından da olublar, Vəli aşından da...

GÖRƏN BİR DƏ GÖRMƏK İSTƏMƏZ...

Bəhramtəpə-Biləsuvar magistral avtomobil yolu ölkənin cənub bölgəsini Mərkəzi Aran rayonları, Gəncə, Bakı və digər iri şəhərlərlə birləşdirən, Azərbaycanın İranla sərhəd-keçid məntəqələrindən birinə çıxışı təmin edən əsas avtomobil yollarındandır. Yolun kənarında Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün yeni qəsəbələr salınıb. Hər gün sərnişin daşıyan şəhərlərarası marşrut avtobusları da daxil, yüzlərlə nəqliyyat vasitəsi, aralarında xarici ölkə vətəndaşları da olan minlərlə adam bu yoldan keçib gedir. Buradakı şəraitsizliyi görən, bir də bu yoldan keçmək istəməz...

XS
SM
MD
LG