Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 01:51

Elmlər Akademiyasından G.Gəncalpa sərt cavab - Çaldıran debatı


Dilavər Əzimli Azadlıq Radiosunun Bakı studiyasında
Dilavər Əzimli Azadlıq Radiosunun Bakı studiyasında

-

Türkü dini müstəviyə çəkməyin. Çəkdinizsə parçalanacaqdır. Bunu Türkün düşmənləri çox yaxşı bilirlər. Ona görə də dini hisslərdən istifadə edirlər...

Sultan Səlim daha da azğınlaşır. Dini üləmanın fitvasını alır ki, qızılbaşlar kafirdir. Hər qızılbaşın ölümü 60 İslam düşməninin öldürülməsindən daha savabdır. Qızılbaşın həyat yoldaşını isə cariyə etmək olar. Baxın, bu nə münasibətdir!

Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli də Çaldıran döyüşü polemikasına qoşuldu.

Dilavər Əzimli

SƏFƏVİ-OSMANI MÜNASİBƏTLƏRİNƏ YENİ BAXIŞ

Türk dünyası tarixinin ən şərəfli dövrü orta əsrlər dövrüdür.

Bu təkcə Türk dünyasının deyil, eləcə də Avropa tarixinin ən şərəfli dövrüdür.

Orta əsrlər tarixinin analizi onu da ortaya qoyur ki, Türk dünyasının faciəvi dövrü də orta əsrlərdə başladı.

Orta əsrlərin sonunda Türk dünyası artıq özünün enmə dövrünü yaşayırdı. Burada obyektiv və subyektiv səbəblər özünü göstərir.

Amma Avropa orta əsrlərdən qalib kimi çixdı.

Qalib çıxan Avropa Dünya tarixşünaslığını da öz istəyi istiqamətdə yazdırmağa başladı. Bununla da elmdə Türk düşmənçiliyinin yaranmasına nail oldular.

Dünya tarixində böyük dövlətlər quran türklərin potensialını dəyərləndirmək üçün çox da uzaqlara getmək lazım deyildir.

500 yüz il əvvələ qayıdıb dünyanın siyasi xəritəsinə nəzər salmaq lazımdır. O zaman Qərb dünyasının narahatlığını başa düşmək çətin deyildir. Bəllidir ki, həmin dövrdə dünyada türk ulusu aparıcı mövqeyə malik idi. Həmin mövqe 100-150 il bundan əvvələ kimi kimi davam etmişdir.

500 il öncə Hindistanda Babur türk imperatorluğu (1526-1858) mövcud idi. Həmin imperatorluqdan şimalda hal-hazırda Çində yerləşən Kaşğar (uyğur) xanlığı (XV yüz illik-1877) bərqərar idi. Bunlardan şərqdə Sibir və Orta Asiya Türk dövlətləri dünya xəritəsinə öz fəthlərini yazırdılar.

Dünya ərazilərinin böyük hissəsinə Azərbaycan Səfəvi dövləti (1501-1736) hökmranlıq edirdi. Onun qonşuluğunda nəhənğ və Asiya, Afrika və Avropanın böyük hissəsini əlində cəmləyən Osmanlı imperatorluğu (1299-1922), Qara dənizin şimalında isə Krım xanlığı (1441-1783), ondan şimalda Həştərxan xanlığı (1466-1556), Qasım xanlığı (1445-1552), Qazan xanlığı (1437-1552) və sair türk dövlətləri hökmran idilər.

Osmanlı İmperiyası - türk yeniçəriləri
Osmanlı İmperiyası - türk yeniçəriləri

Osmanlı imperatorluğu təkbaşına Avropa dövlətlərini dizə çökdürmüşdü. Avropa və avropalı üçün türk amili bir nömrəli təhlükə kimi o zamandan böyük əhəmiyyət kəsb etməyə başlamışdı. İngiltərənin rəhbərliyi ilə, bütün Avropa dövlətləri mövcud türk potensialını zəiflətmək üçün hücuma keçdilər. Hazırlanan strteji planın son mərhələsində iki böyük türk dövləti, yəni Osmanlı və Səfəvi dövlətləri müharibəyə cəlb edilir və bununla həm Avropanın canı qurtulur, həm də dünya üzərində olan Türk ağalığı parçalanıb iflasa uğrayırdı.

Bu plan tezliklə işə düşdü və Avropaya böyük uğurlar gətirdi. Avropalılar Osmanlı-Səfəvi çəkişməsini dərinləşdirərək, onların zəifləməsində mühüm rol oynadılar. Bu çəkişmə iki yüz ildən artıq davam etdi. Bu çəkişmədən təkcə həmin imperatorluqlar deyil, digər Türk dövlətləri də zərər çəkdilər.

Bu mənada hər ikisinin üzərinə böyük məsuliyyət düşür. Bu çəkişmə ona gətirib çıxardı ki, Qara dənizin şimalından (Dəşti Qıpçaqdan) Sibir və Uzaq Şərqə qədər uzanan böyük türk əraziləri (1681-ci ildə Qasım xanlığı, 1556-cı ildə Qazan xanlığını, 1557-ci ildə Noqay ordası, 1557-ci ildə Həştərxan xanlığı, 1600-cü ildə Sibir xanlığı və daha sonralar 1783-cü ildə Krım xanlığı və XIX əsrdə Qazaq xanlığı) ruslar tərəfindən işğal edildi. İşğal siyasəti davam etməyə başladı. Sonrakı dövrlərdə Türküstanın başqa türk dövlətləri (1868-ci ildə Buxara xanlığı, 1873-cü ildə Xivə xanlığı, 1876-cı ildə Kokənd xanlığı və 1885-ci ildə Türkmənistan xanlığı), Qafqaz və Şimalı Qafqaz türk dövlətləri və topluluqları ruslar tərəfindən, köməksiz qalan Şərqi Türkistan (Kaşğar-Turfan xanlığı) 1877-ci ildə Çin tərəfindən işğal edildi.

Beləliklə, Qərb dünyasının strateji planı həyata keçdi. Türklərin zəifləməsi və uduzmasl hesabına böyük Rusiya yarandı. Rusların tarixi bizlərə yaxşı məlumdur. Onlar Skandinav xalqlarından olmuş və Xəzər İmperatorluğunun (türk imperatorluğu) son illərində Şərqə doğru hərəkət etmişlər. Yaranan vəziyyətdən istifadə edən ruslar böyük əraziləri işğal edərək, türkləri assimilyasiya yolu ilə ruslaşdırmağa nail oldular. Beləliklə, orta əsrlərdə dünyanın əksəriyyət ərazilərinə yayılan və orada dünyəvi, insan haqlarına xidmət edən imperatorluqlar yaradan Türklər orta əsrlərin sonunda yarımcan vəziyyətə düşdülər.

İndi də Türkün tarixini təhrif etmək, elmdə Türk düşmənçiliyini yaratmaq lazım idi. XVIII əsrdə İngiltərə başda olmaqla başlanan bu kampaniya XX əsrdə öz nəticəsini verdi. Bu siyasət SSRİ yaradıldıqdan sonra daha uğurla davam etdirildi. Bu avromərkəzçilik xətti idi ki, indi də elmdə davam etdirilir. Bu siyasətin mərkəzində tarixdə Türk tarixinin rolunu azaltmaq, türkləri bir-birinə qarşı qoymaq dayanırdı. Tarix də bi istiqamətdən yazıldı. Bu tarix də öyrədildi. Türk dünyası parçalandı.

Bu parçalanma elmdə daha eybəcər şəkildə özünü göstərdi. Buna misal Osmanlı-Səfəvi münasibətlərini göstərmək olar. Tariximizdə bu imperiyaları elə üz-üzə qoyublar ki, hələ də davam etməkdədir. Kimi dindirərsən “Çaldıran” savaşından danışır. Avropa yüz il, otuz il döyüşdü. Bu gün orada heç kəs ondan danışmır. Amma gəlin görək bu gün Əmir Teymuru Türkiyədə Orta Asiyadakı kimi sevirlərmi? Yaxud İldırım Bəyazidə Orta Asiyada münasibət necədir? Şah I İsmayılı Türkiyədə təhqir edirlər. Sultan I Səlimi də Azərbaycanda sevmirlər.

Osmanlı İmperiyası ən güclü vaxtında, 1683
Osmanlı İmperiyası ən güclü vaxtında, 1683

Görün türklər haqqında dünyanın ən varlı milyarderlərindən və masonlarından olan David Rokfeller nə yazır:”Bu türklər əslində birləşib bir araya gəlsələr qarşılarında heş bir güc dayanmaz”. Bunu bizlər başa düşməsək də, Türkün düşmənləri çox yaxşı başa düşür. Bununla bağlı D.Rokfeller əlavə edir:”Bu üzdən belə bir olacağa qarşı ajanlarımız hər an tətikdə gözləyirlər. Türk dövlətlərində açar mövqelərdə adamlarımız vardır. Onların vasitəsiylə Türk dövlətlərinin aralarında ən ufaq bir yaxınlaşma sezdikdə o an sabitliyi pozacaq olaylar və zərbələrlə bunun qarşısını alırıq”.

Bu misalı elə-belə çəkmədik. İki yüz ildən artıqdır ki, Avropa əlində olan bu silahla Türk Birliyinə zərbə endirməkdədir. Bunu da bizim işərimizdən çıxan və “sapı özümüzdən olan baltalarla” edir. Onları yaxşı maliyyələşdirir və istənilən zaman sifarişlər verir. Onlar da Türk dünyasının incə damarından yapışmağı bacarırlar. Bu incə damarlardan biri də dini hisslərdir. Bir dəfə mötəbər bir məclisdə çıxışım zamanı bildirdim ki, Türkü dini müstəviyə çəkməyin. Çəkdinizsə parçalanacaqdır. Türkü yalnız Türk mənəviyyatı birləşdirə bilər. Bunu Türkün düşmənləri çox yaxşı bilirlər. Ona görə də dini hisslərdən istifadə edirlər.

Son zamanlarda düşüncəmdə bir fikir dolaşırdı: Türk dünyasından danışanda nəyə görə daha çox Osmanlı-Səfəvi münasibətlərinə toxunurlar. Nəyə görə daha çox “Çaldıranı”ı qabardırlar. Mənə elə gəlir ki, bunun cavabını yuxarıda verə bildim. Bu məsələni daha çox dini müstəviyə yönəldə biliblər. Osmanlı-Səfəvi münasibətlərində daha çox dini müstəvi hakimdır. Bu da dünyanın iri güclərinə sərf edir. Bu Türk dünyasını parçalayır. Bu gündən tarixə boylananlar üçün bu göydəndüşmə bir şeydir. Cənublu soydaşlarımız Səfəvi dövlətindən danışanda onu indiki İran İslam Respublikasına bərabər tutur və bildirirlər ki, bu günki İran İslam Respublikası səfəvilərin varisidir. Bunu da İranda və xaricdə nəşr olunan tarixi kitablardan oxuyublar. Əslində, bu təhrif olunmuş tarixdir. Lakin beyinlərdə öz yerini möhkəmlədə bilmişdir.

Əli Şəriətidən tutmuş əksəriyyət İran tarixçiləri səfəviləri Sasni imperiyasının varisləri sayırdılar. Onlar “Səfəviyyə”nin kökünü “Şuubi”likdə axtarırlar. “Şuubi”liyi də sasanilərə aid edirlər. Bu nəzəriyyə avromərkəzşilərə də sərf edir. Bu uydurulma bir nəzəriyyədir ki, Cənublu qardaşlarımız da onun əsiridirlər. Səfəviləri sasnilərin varisləri saymaq tarixə qarşı, həm də Türk tarixinə qarşı bir ədalətsizlikdir. Səfəvilər Səlcuqların varisləri idilər. Dünyanın bütün səfəvişünasları bu dövləti Bayanduri (Ağqoyunlu) imperiyasının davamı kimi qəbul edirlər. Bu dövlətin təməlləri Türk dövlətçilik sisteminə söykənirdi. Bu yaxınlarda Kembric Universiteti tərəfindən Rudi Mattheenin müəlifliyi ilə nəşr olunan “SAFAVID DYNASTY. Originating from a mystical order at the turn of the 14th century, the Safavids ruled Persia from 1501 to 1722” kitabında göstərilir ki, “XVI əsrin əvvəllərində indiki İran və Azərbaycan ərazilərində meydana gələn Səfəvi dövlətini İran milli dövləti kimi verirlər. Bu böyük bir yanlışlıq və tarixi səhvdir. Səfəvi dövləti Moğol və Teymuri dövlətlərinin davamı olmaqla, onların pul, vergi sistemini özündə əks etdirir və onalar məxsus dövlət strukturunu yaradırdı. Bu dövlət özündə Türk dövlətçiliyini əks etdirirdi”.

Mənə elə gəlir ki, bu gün səfəviləri sasanilərin varisi sayan və indiki İran dəvlətinin sələfi sayanlara bu əməlli-başlı cavabdır. Əslində, “Şuubi”liyi də düzgün izah etməmişlər.

Bu sahədə tədqiqatlar aparan Əkbər Nəcəf yazır ki, bu cərəyanı azərbaycanlı İsmayıl ibn Yəsar yaratmışdır. Bunun sasanilərə dəxli yoxdur. O, məvali şairlər arasında ən məşhuru idi. Məvali ərəb olmayan müsəlmanlara verilən ümumi addır. Mənası “yaxın olmaq, bir kəsin ardınca getmək və ona qoşulmaq” deməkdir. İsmayılın atası Yəsar müsəlmanlarla döyüşlərin birində əsir düşmüş və qul kimi Mədinəyə gətirilmişdi.

Burada islamı qəbul edib, əsirlikdən azad olmuş və sərbəst buraxılmışdı. Mədinədə evlənən Yəsarın İsmayıl, Məhəmməd və İbrahim adında üç oğlu olmuş və hər üçü də şair idi. İsmayılın əməvilərə qarşı yaratdığı hərəkatın uzun tarixi vardır. Biz bunu bütünlüklə yazsaq, böyük həcmdə məqalə alına bilər. Ona görə qısa məlumat verməklə kifayətlənəcəyik. Çünki bunun izahı “sapı özümüzdən olan baltalar”ın iddialarını alt-üst edir.

Qızılbaş əsgərinin menekeni, İran İslam Respublikası
Qızılbaş əsgərinin menekeni, İran İslam Respublikası

Əməvi sülaləsi ərəbləri bütün xalqlardan üstün hesab edir, müsəlman olsalar belə digərlərini özlərindən aşağı sayırdılar. İslam dinində bütün müsəlmanlar bərabərhüquqlu hesab edilsələr də, Əməvilər ərəb millətçiliyinə dayanan siyasət apararaq, ərəb olmayan bir müsəlmanın ərəblə evlənməsini belə qadağan etmişdilər. Əməvilərə görə, Quran ərəblərə gəlmişdir və onlar millətlərin ən şərəflisidirlər. Hətta əməvilər başqa xalqların müsəlman olmasına da qarşı idilər. Azərbaycan və Sovet dövrü tarixçilərinin əsərlərində yer alan iddiaların əksinə əməvilər 100 illik xilafətləri dövründə əsla müsəlmanlaşdırma siyasəti aparmayıblar. Çünki müsəlmanlaşma cizyənin qaldırılmasına və xəzinəyə gələn külli miqdarda vergilərin azalmasına səbəb olduğundan, əməvilər ərəb olmayanların müsəlmanlığı qəbul etməsini istəmirdilər. Hətta islamı qəbul edənlərin belə müsəlmanlığını keçərsiz hesab edirdilər. Xəlifə Ömər ibn Əbdüləziz (715-717) əməvilərin bu zülmkarlığına son qoymaq istəmiş, ancaq özü bu siyasətin qurbanı olmuşdur. Əməvilərin ərəb millətçiliyinə əsaslanan siyasətinə ilk dəfə açıq şəkildə xəlifənin hüzurunda etiraz edən İsmayıl ibn Yəsar olmuşdur. İsmayılın bu davranışı ilk şuubi hərəkət hesab edilir. Əslində, nə Quranda, nə də hədislərdə şuub adı keçmir.

Quranda “şab” sözü var ki, “Şuub”un tək halıdır. Şuubiyə termini Abbasilər zamanında ortaya çıxıb. Bu söz “ərəb olmayan” mənasına gəlir. Mənbələrdə bu ad ilk dəfə azərbaycanlı şair İsmayıl ibn Yəsar üçün istifadə edilib:”İsmayıl həddindən artıq əcəm təəssübkeşi olan bir şuub idi”. Ərəblər İraqdan şərqə doğru uzanan əhaliyə (iranlı, türk, xorasanlı, sistanlı və s.) ümumi şəkildə əcəm deyirdilər. Əcəm ərəb dilində “kobud, pis, səviyyəsiz” mənasına gəlirdi. Əcəmlər də ərəblərə eyni mənada “tayy” deyirdi. “Tat” sözünün də buradan yarandığı iddia edilir. Müasir tarixşünaslıqda şuubilər farslar hesab edilir.

Bu fikir XX əsr Avropa düşüncəsinin məhsuludur. Xüsusilə də bu cərəyanı ilk tədqiq edən avropalı şərqşünas Gibbdən sonra şüubiyyəyə fars damğası vurulmuşdur. Avropa İslam coğrafiyasını bir-biriylə düşmən ərəb, fars və türk olaraq üç böyük kimlik üzərində inşa etmək istəyirdi. Bu anlayışa görə İran farsların, Anadolu, Azərbaycan və Orta Asiya türklərin, İraq, Suriya, Ərəbistan və Misir isə ərəblərin vətəni hesab edilmişdir. Halbuki nə İslamdan əvvəl, nə də sonra milli sərhədləri müəyyən edilmiş bir müsəlman coğrafiya anlayışı yoxdur. Hər şeydən əvvəl “fars” adı ərəblərin bəzi irani qruplara verdiyi addır. İranlılar özlərini heç bir zaman fars adlandırmayıb. Firdovsinin “Şahnamə” əsərinin ilk əlyazmalarında “fars”adı keçmir. Pers və Sasani mənbələrində indiki İrandakı xalqlar üçün “parsi” və ya “parisi” adı işlədilir.

Bu ad milli mənsubiyyət mənasında deyil. “Pers dövlətinə mənsub olan”, yəni vətəndaşlıq mənasına gəlirdi. Misal üçün, I Dara Bisutin kitabəsində imperiyanı təşkil edən 13 əyalətin və xalqlarının (Atropatena, Midiya, Sakarta, Parthia, Dahea, Aria və s.) adlarını çəkdikdən sonra ancaq öz hərbi birləşmələri üçün “Pars” (yəni süvari) adını işlədir. Klassik ərəb mənbələrində də fars adı “süvari” (furs) mənasında keçir. Hətta şuubilərin əsərlərində belə (misal üçün İsmayıl Yəsarın qəsidələrində) “fars” adı “süvari” mənasında işlədilib. Digər tərəfdən Sasanilər dövləti milli dövlət olmayıb. Sasanilərdə bir millətin üstünlüyü anlayışı yoxdur, əksinə Sasani cəmiyyəti kast sisteminə əsaslanırdı və siniflər arasında üstünlük vardı. Buna görə Sasani cəmiyyəti dörd sinfə ayrılırdı: maqan (din adamları), artişravan (ordu), debiran (idarəçilər, katiblər) və vastroşan (kəndlilər). İyerxiyanın başında isə Sasani ailəsi dururdu. Yəni, sasanilər sinfi cəmiyyət idi, ərəblər və türklər kimi qövmiyyətçiliyə əsaslanan siyasi-idari tərkibə sahib olmayıblar. Buna səbəb Sasani ailəsinin özünün iranlı olmamasıdır. Çünki sasanilər ailəsi quşanların hakimiyyəti altında olan Xorasan ilə Soğdak arasındakı sərhəd zonada məskunlaşan sakalardan gəlirdi.

Ərəblər şuubiləri “məcusi, zındıq, mülhid” hesab edirdilər. Misal üçün Abbasilər tarixinin ən böyük sərkərdəsi olan türk əsilli komandan Afşin şuubi idi və ərəblər tərəfindən məcisi və zındıqlıqda ittiham edilərək öldürülmüşdür.

Şüübilər də ərəbləri sevmirdilər. Onlar ərəblərə belə deyirdilər:”Ey ərəblər, siz körpə qızlarınızı diri-diri torpağa basdıran qövmün insanları deyilmisiniz? Nəyinizlə fəxr edirsiniz? Biz əcəmlər mədəniyyətlər, dövlətlər və şəhərlər yaratdığımız halda siz dəvə otarıb, südünü içirdizniz”.

Çaldıran döyüşünün baş verdiyi ərazidə abidə
Çaldıran döyüşünün baş verdiyi ərazidə abidə

Şuubiliyə bu qədər yer verməyimiz elə-belə deyildir. Məsələ ondadır ki, Mənuçöhr Cavanşir (Güntay Gəncalp) kimilər avromərkəzçilik xəttindən çıxış edərək səfəviləri şuubilərin daşıyıcıları kimi verirlər. Yadınıza salım ki, Sultan I Səlim də qızılbşaları “məcusi, mülhid, zındıq” hesab edirdi. Bunu onun Şah Xətaiyə göndərdiyi məktublar da sübut edir. Görünür, Mənüçöhr Cavanşir bundan yararlanmışdır. Amam burada eynilik axtarmaq tarixdən xəbərsiz olmaq deməkdir. Məsələ ondadır ki, “Qızılbaşlıq”” türkmən anlayışıdır və özündə Türk sisstemini əks etdirir. Bir zamanlar bunu dəyərli tədqiqatçılar İren Melikova və Fuad Köprülü, Abdulbaqi Gölpinarlı da yazmışlar. Bu gün isə bu sahədə Ahmet Yaşar Ocağın və Ahmet Akgündüzün dəyərli araşdırmaları vardır. Yəni, “Qızılbaşlığ”ın şiəliyə dəxli yoxdur.

Bir də onu vurğulamaq istərdim ki, bu günki şiəliklə orta əsrlərdəki şiəlik arasında kəskin fərq vardır. Orta əsr şiəliyi təsəvvvüfdür. Bunu Avropa şərqşünasları da yazır. Bu günki İran şiəliyi isə siyasi şiəlikdir. İranın əlindən həztəti Əli (ə)ni ala bilsək, İran atəşpərəst donuna düşəcəkdir. Bu baxımdan bu gündən o günə baxmaq tarixi həqiqətləri təhrif etmək deməkdir. Bunu sübut edən amillərdən biri də “Qızılbaşlığ”ın hal-hazırda da Türkiyə ərazilərində yaşamasıdır.

Türkiyədə “Qızılbaşlıq” ələvilik adı altında fəaliyyət göstərir. Orada bütün cəm məclislərində Şah Xətainin adı gələndə hamı ayağa qalxır, sağ əllərini ürəklərinin başına qoyurlar və başlarını aşağı salıb zikr edirlər. Bütün zikr məclislərində Şah Xətaidən oxuyurlar. Əgər bi miras farsların və ya sasanilərin idisə, nəyə görə indiki İranda farsların yaşadıqları yerlərdə təkyələr yoxdur? Əksinə, bu gün oaralarda siyasi şiəlik özünün fanatizm səviyyəsindədir.

Şah Xətai bir sufi idi. Ona pir deyə müraciət edirdilər. Ondan sonra, XVIII əsrdə də onu pir sayırdılar.

Şah Xətaini şiə adlandırmaq da həqiqətə uyğun deyildir. O, mürşid idi. Sufi idi. Şah Xətai təriqət əhli di. O, yazırdı:

Şəriət öyrəndim min bir ad üçün,

Həqiqət öyrəndim eyni-zat üçün,

Mərifət öyrəndim bu süfat üçün,

Təriqətə xidmət etdim əzəldən.

Onun vaxtında heç bir şəriət hökmlərindən ibarət kitablar yox idi. Hər yerdə təkyələr olmaqla zikrlər həyata keçirilirdi. Mənbələr göstərir ki, Şah İsmayıl bəzi qərarların qəbulu zamanı Cəfəri fiqhinə deyil, təsəvvüf ədəb-ərkanına istinad edirdi. Mənbələr onu da göstərir ki, səfəvilər hakimiyyətə gəldikdən radikal şiə yönümlü meyllərə qarşı aktiv mübarizə aparmışdılar. Beləliklə də, Səfəvilər dövlətində ortodoksal şiəliyin möhkəmlənməsi üzun bir zaman almışdı. Bu mənada Şah Xətainin dövrü yalnız təsvvüf dövrü kimi nəzərdən keçirilə bilər. Şəriət ehkamları, fiqh ondan sonra, Şah Təhmasibin dövründə kitab halına gətirildi. Bu da dövlətin quruluşundan irəli gəlirdi. Şah Xətainin dövründə ona qarşı ilk çıxan Mazandaran şiələri oldu.

Şah İsmayılın Divanı, İran Parlament Kitabxanası
Şah İsmayılın Divanı, İran Parlament Kitabxanası

Onlar Şah Xətainin sufi davranışını qəbul etmək istəmirdilər. Onların başında Mazandaranın şiə məzhəbi və seyid mənşəli Çəlavilər sülaləsinə mənsub olan Əmir Hüseyn Kiya dururdu. Mazandaran şiələri Şah Xəatai hakimiyyətini qəbul etmirdilər.

Mənbələr məlumat verir ki, peyğəmbər və imamlar nəslindən olması ilə öyünən, İran şiələrinin lideri roluna iddia edən və üstəlik, Səfəvi hakimiyyətini tanımaqdan imtina edən Çəlavi, Şah İsmayıl üçün təkcə siyasi deyi, dini-ideoloji baxımdan da təhlükəli opponent idi. Göründüyü ki, Şah Xətaini bu gün İran şiələrinin sələfi adlandırmaq necə də gülüncdür. Bu fakt onun Türk oğlu Türk olduğunu ortaya qoyur. Çünki Türk dini baxımdan daha çox təsəvvüfə yaxın olmuşdur. Məhz, Türk dünyasının təsəvvüfü hesabına İslam Avropaya qədər yayılmışdır. Ərəblərin qılıncla görə bilmədiklərini, Türk təsəvvüflə edə bilmişdir. Bunların da mərkəzində Şah Xətai və onun yaratdığı Azərbaycan Səfəvilər dövləti dayanır. Səfəvi şahı həm də Səfəviyyə təriqətinin mürşid-i kamili, qızılbaş döyüşçüləri isə onun müridləri hesab olunurdular.

Digər sufi təriqətlərində olduğu kimi, Səfəviyyə təriqətində də hələ lap əvvəldən qəbul edilmiş normalara əsasən sufilər, müridlər öz mürşidlərinə sözsüz və qeyd-şərtsiz tabe olmalı, onun göstərişlərini müzakirə etməməli idilər. Buna görə də Səfəvi şahının əmrlərini yerinə yetirməmək və ona qarşı çıxmaq “nasufilik” və “küfr” hesab olunur və ölümlə cəzalandırılırdı. Qızılbaş əmirləri Qara Piri bəyin və Danə Məhəmməd bəyin “Aləmara”da əksini tapmış çıxışlarından aydın olur ki, qızılbaşlar arasında İsmayılın müqəddəsliyinə fanatik bir inam mövcud idi və onlar onun yolunda ölümə atılmağı özlərinə şərəf bilirdilər. Şahın tərəfdarları öz mürşidlərinin qeyri-adi bir mənəvi qüdrət sahibi olduğuna inanır və ona səcdə edirdilər:

”Şah İsmayılın kəramətini müşahidə edən sufilərin hamısı səcdəyə düşdülər və dedilər: Həqiqətən də, o, Mürtəza Əli Əleyhissəlamın övladıdır. Mürşid belə olsun gərək!”.

Qızılbaşlar hətta Həzrət Əlinin Şah İsmayılda təcəlla etdiyini düşünürdülər. Bu məsələyə münasibət Sultan Səlimin dini ixtilaflara aydınlıq gətirmək üçün səfəvilərin sarayına göndərdiyi dini nümayəndənin münasibətində də özünü göstərir. “Aləmara”da deyilir ki. Sultan Səlim hakimiyyətə gəlməsinin ardından siyasi məsələlər barədə Şah İsmayıla göndərdiyi iki elçidən sonra dini ixtilaflara aydınlıq gətirmək üçün Hənəfi məktəbinə mənsub sünni məzhəbli Osmanlı din xadimlərindən olan Qazı Xəlil Çələbini Azərbaycan göndərmişdi.

Sultaniyyə şəhərində Şah İsmayılla görüşən Osmanlı ruhanisi şahın hüzurunda Səfəvilər dövlətinin şiə din xadimləri (Qazızadə Lahici, Molla Əli Cəbəlamil, Mir Şəmsəddin, Mir Seyid Şərif) ilə dini məsələlər barədə bəhs etmiş və bu söhbətlərdə hər iki tərəf ifrat təəssübkeşlik ortaya qoyaraq, öz mövqeyini müdafiə etmişdi. Qazı Xəlil Çələbi Şah İsmayılın yüksəliş ili olan h. 906-cı ili əbcəd hesabı ilə farsca “məzhəb-i na-həqq” (haqsız məzhəb”, “yanlış məzhəb”) kimi mənalandırsa da, Molla Əli Cəbəlamil öz hazırcavablığı ilə ona qarşı çıxaraq, bu ifadəni ərəbcə “məzhəbuna həqq” (“məzhəbimiz hadır”) kimi izah etmişdi. Qazı Xəlil Osmanlı sarayına qayıdaraq, apardığı müzakirələr barədə məruzə etmiş, məhz bundan sonra Osmanlı üləması Sultan Səlimin Səfəvilər üzərinə hücumuna haqq qazandırmış və tam dəstək vermişdi.

Göründüyü kimi, burada təriqətlə şəriət üz-üzə gəlmişdi. Əslində, Osmanlı dövlətini də quran sufilər idi. Sadəcə olaraq, Sultan Məhəmməd Fatehin Konstantinopolu fəthindən sonra (1453) sonra vəziyyət dəyişdi. Osmanlı sərhədləri genişləndikcə üləmaların siyasi müstəvidə çəkisi artırdı. Ərəb şəriəti Türk irfan sistemini üstələyə bildi. Osmanlı dövləti dini baxımdan ərəb-sami maraqlarını özündə əks etdirən bir dövlətə çevrildi. Bu gün də elədir. Baxın, bizdə Türkiyəyə sevgi genetikdir.

Bizdə şiə də, sünni də Türkiyəni bir türk kimi sevir və ona sayğı ilə yanaşır. Amma Türkiyədən bizə daha çox dini müstəvidən yanaşırlar və bizi Türk kimi deyil, şiə kimi görürlər. Ona görə də bizə yanaşmada qədim dövlətlərimizi İran dövləti kimi təqdim edirlər. Onlar unudurlar ki, indiki İranda oaln şiəlik Sasani-fars ənənələrini özündə əks etdirən bir şiəlikdir. Bunun orta əsrlərdəki şiəliyə dəxli yoxdur. Yuxarıda yazdıqlarımızı oxuyandan sonra Şah Xətaiyə indiki İran şiəsi kimi baxmaq olarmı? Bu gün Azərbaycanda yaşayan inanclı insanlar daha çox təsəvvvüfə meyllidirlər. Türkiyənin Şərqi Anadolusu da bu vəziyyətdədir. Əsl İslam da budur. Yoxsa, İraqda baş kəsənlər İslamı təmsil edə billərlərmi?

Məsələyə obyektiv baxış Səfəvi-Osmanlı ziddiyyətlərində baş verənlərə tam aydınlıq gətirir. Hələ də bu imperiyalar arasındakı münasibətlərə dini müstəvidən yanaşırlar. Kökündən yanlışdır. Osmanlı imperiyasının türkçülükdən uzaqlaşmasının obyektiv və subyektiv səbəbləri vardır. Bu imperia öz sərhədlərinə Balkanlara qədər əraziləri qatmışdı. Onlar Türkcə danışsalar da, İslamı qəbul etsələr də Türk olmadılar. Bu günki ixtilafların kökündə dayanan səbəblərdən də biri budur. Bəlkə də başlıcası budur. Onlar Osmanlı imperiyasına sifətini dəyişmiş Bizans imperatorluğu kim baxırdılar.

Gəncədə Şah İsmayılın adına kəsilmiş iki şahılıq sikkə
Gəncədə Şah İsmayılın adına kəsilmiş iki şahılıq sikkə

Bu imperiyanın “Diyari Rum” adlandırılması da onların köməyinə gəlirdi. Avropa onların hesabına səfəvilərlə münasibətləri düşmənçilik müstəvisinə sürükləyirdi. Avropa çox gözəl başa düşürdü ki, bu iki imperiya arasında anlaşma baş verərdisə, dünya yalnız Türk qanunları ilə idarə olunacaqdı. Türkün qılıncı Vatikana sancılacaqdı. İşlər bu istiqamətdə də gedirdi. Əgər Sultan Səlim iqtidara gətirilməsəydi, Səfəvi-Osmanlı əraziləri bir ərazidə bütünləşəcəkdi. Sultan Səlim iqtidara gələndə Osmanı ordusunda 20 mindən artıq Səfəvi müridi var idi. Sultan Səlimin öldürdüyü qardaşları da Səfəvi müridləri idilər.

Bəzən mənə elə gəlir ki, Sultan Səlimin iqtidara gəlişində kənar qüvvələr ciddi rol oynayıblar. Yəni. yunanlar, yəhidilər.... Onları da Qərb idarə edirdi. Osmanlı ticarəti yəhidilərin və ermənilərin əlində idi. Həmin dövrdə, Şah İsmayıl zamanında ticarətdə yalnız türklər idi. Osmanlı ticarəti səfəvilərdən asılı idi. Bursa həmin dövrdə dünya ticarətinin mərkəzinə çevrilmişdi. Dünyanın taleyi Şərqi Anadoludan asılı idi. Şərqi Anadolutya sahib olan dünyaya nəzarət edirdi. Çünki hələ okean ticarəti mövcud deyildi. Quru ticarətin toparlandığı ərazi isə Şərqi Anadolu idi. Şərqdən gələn karvanlar Səfəvi əraziləri vasitəsiylə Şərqi Anadoluya daxil olurdu. Şərqi Anadolu şəhərlərində Avropa ticarətçiləri Səfəvi ərazilərindən gələn karvanları gözləyirdilər. O zaman bütün Səfəvi ərazilərində ipək istehsal olunurdu. Xam ipəyin qiyməti yox idi. Görünür ki, Sultan Səlimin iqtidara gəlməsində maraqlı olan qüvvələr onun vasitəsiylə Səfəvi ərazilərini fəth edib hədsiz gəlir gətirən ipəyə sahib olmaq istəyirdilər.

O zaman Avropa manufakturaları birbaşa Səfəvi ipəyindən asılı idi. İpək bu günki neftin rolunu oynayırdı. Neftin başımıza gətirdiyi oyunları xatırlayın. Sultan Səlimdən qabaq atası Sultan Bəyazidlə Şah Xətai arasında ata-oğul münasibətləri var idi. Sultan Səlim Osmanlı varisi sayılmırdı. Ondan qabaq Qorqud var idi. Vəziyyət belə gedərdisə, Osmanlı ərazilərinin Şah Xətainin dövlətinə qatılmaq ehtimalı böyük idi. Belə bir vəziyyətdə Sultan Səlim siyasi səhnəyə gətirildi. Düzdü, Sultan Səlim böyük işlər gördü. Çökməkdə olan Osmanlı imperiyasını dirçəltdi. Məkkə və Mədinəni fəth etməklə İslam xəlifələyini də İstanbula gətirdi. Amma bundan sonra Türkün facisi baş verdi.

İki nəhəng Türk dövləti üz-üzə gəldi. Uduş Avropa üçün oldu. Türk sistemi həmişəlik yarımcan vəziyyətinə düşdü. Sonda bir Osmanlı imperiyası qaldı. İmperiya XVII əsrdən sonra xəstə vəziyyətinə gəldi. Nəhayət, çökdürüldü. Bu tam çöküş ola bilərdi. Lakin Mustafa Kamal Atatürk Şərqi Anadolu sufilərini başına yığıb cihad etdi və bu günki Türkiyəni bu günki sərhədlərdə ortaya qoydu. Bütün bunları analız edəndə bir sual ortaya çıxır: “Çaldıran” savaşı baş verməyə bilərdimi? Bə yaxud nəyə görə “Çaldıran” savaşı bu günə qədər gündəmdən düşmür. Axı, Türkün savaş tarixində çox belə döyüşlər olub.

Məsələn, Çingiz xan-Məhəmməd Xarəzmşah, Əmir Teymur-İldırım Bəzyazid, Əmir Teymur-Toxtamış, Həsən padişah-Sultan Məhəmməd Fateh, Həsən padişah-Cahanşah, Qara Yusif-Əmir Teymur və s. aralarındakı müharibələr. Amma daha çox “Çaldıran”ın adı hallandırılır. Bunun da səbəbi vardır. Məhz, “Çaldıran”dan istifadə etməklə Türkün incə hisslərinə toxunurlar. Bu dini hisslərdir. Dini hissləri ortaya qoydun Türk parçalanacaqdır. Bunu Türkün düşmənləri çox yaxşı bilir. 500 ildir ki, “Çaldıran”ı dini müstəvidən təqdim edirlər. Bunun ideloji əsasalarını elə qurublar ki, dağıtmaq çətindir. Amma “Çaldıran” dini müharibə deyildi. Bu Türkün son faciəsi idi. Bundan sonra Türkün azmanlığı heçə endirilirdi. “Çaldıran”dan sonra Avropanın günəşi daha artıq şölələr verməyə başladı.

Sultan Səlim və Şah İsmayıl
Sultan Səlim və Şah İsmayıl

Beləliklə. “Çaldıran”dan qaçmaq mümkün deyildi. Bu savaşda hər ikisinin məsuliyyəti var idi. Birində az, digərində çox...

Amma mənbələrin tədqiqi bu savaşda daha çox məsuliyyəti Sultan Səlimin üzərinə qoyur. Bunu onun Şah Xətaiyə yazdığı təhqir dolu məktublar sübut edir. Şah Xətai isə ona cavabında onu bu yoldan şəkindirməyə çalışır və Əmir Teymur-İldırım Bəyazid münasibətlərini nümunə göstərir. Sultan Səlim isə əksinə, daha da azğınlaşır. Dini üləmanın fitvasını alır ki, qızılbaşlar kafirdir. Hər qızılbaşın ölümü 60 İslam düşməninin öldürülməsindən daha savabdır. Qızılbaşın həyat yoldaşını isə cariyə etmək olar. Baxın, bu nə münasibətdir! Qızılbaşlara Türk kimi baxılmır. Onlara kafir kimi baxırlar və onlara qarşı müharibəni Osmanlı üləması cihad adlandırır.

Mənbələr məlumat verir ki, Sultan Səlimlə birgə Azərbaycan üzərinə sünni kürdlər də yeridilər. Şərqi Anadoluda, Səfəvi tabeçilində yaşayan sünni məzhəbli kürd tayfaları da Səfəvi-Osmanlı müharibəsinin qızışdırılmasında canfəşanlıq edirdilər. Kürd əmirləri israrla Sultan Səlimə müraciət edərək, onu Azərbaycan üzərinə yürüşə təhrik edirdilər və təsadüfi deyil ki, Səlimin Azərbayacan yürüşündə 46 kürd əmiri öz silahlı dəstələri ilə fəal iştirak etmişdi.

İtaliya mənbələrində qeyd olunur ki, əgər Osmanlı topları olmasaydı. Səfəvilər qalib gələrdilər və əgər Sultan Səlim məğlub olsaydı, “onda İsmayılın qüdrəti Teymurləngin qüdrətini üstələyəcəkdi, çünki belə bir qələbənin şöhrəti nəticəsində o, özünü Şərqin mütləq hömdarına çevirəcəkdi”. A.Müller yazır ki, “öz dövlətlərinin paytaxtını müdafiə etmək üçün Çaldıran düzündə döyüşə atılmış qızılbaşların müqayisəyəgəlməz süvari qoşununun fanatikcəsinə cəsurluğu Osmanlı artilleriyası və yeniçərilərinin odlu silahları tərəfindən məğlubiyyətə uğradıldı”. Mənbələr onu da təsdiq edir ki, döyüşdən bir gün öncə Şah İsmayıl Sultan Səlimə xəbər göndərərək, onu “kişi kimi döyüşməyə” və “topxanadan istifadə etməməyə” çağırmış, Səlim bu təklifi qəbul etsə də, döyüşün gedişində artileriyadan istifadə etməklə vədinə xilaf çıxmış və bu faktor qızılbaşların məğlubiyyətini əsas amilə çevirmişdi.

İki Türk sülaləsi arasında baş vermiş bu amanslz savaş bütün Türk-müsəlman aləmi üçün fəlakətli nəticələrə gətirib çıxardı. Əslən Cənubi Azərbaycandan olan araşdırmaçı H.Rzazadə məsələni düzgün qiymətləndirərək yazır:”Çaldıran döyüşü eyni dinə inanan və eyni dildə danışan Səfəvi və Osmanlı ordularına və islam dünyasına böyük zərər vurdu. Göründüyü kimi. bu savaşın qalibləri avropalılar oldular... Biz Şah İsmayılın və onun tərəfdarlarının igidliklərini yüksək qiymətləndiririk və bu azərbaycanlı dahinin üstün xüsusiyyətləri ilə iftixar edirik. Lakin eyni zamanda, bu savaşın hər iki tərəf üçün ziyanlı nəticələrinə görə təəssüflənirik”.

XS
SM
MD
LG