Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 17:44

Həsən Hüseynli son söz çıxışı edib


QHT rəhbəri Həsən Hüseynli
QHT rəhbəri Həsən Hüseynli

-

İyulun 14-də Gəncə şəhər Nizami rayon Məhkəməsində QHT rəhbəri Həsən Hüseynliyə 5 il 11 ay 28 gün həbs cəzası verilib. Cəza müddəti 14 iyuldan hesablanır. QHT rəhbəri ona son söz üçün ayrılmış vaxtda son çıxışını edib.

Həsən Hüseynli silah tətbiq etməklə xuliqanlıq və qanunsuz soyuq silah gəzdirməkdə ittiham olunur.

QHT rəhbəri qeyd edir ki, bu il martın 31-də ona qarşı təxribat olub. Gəncədəki Mərkəzi Poçtun yaxınlığında 35-40 yaşlarında bir adam ona yaxınlaşaraq söz atıb, söyüş söyüb, daha sonra güc tətbiq edib. Elə həmin gün polisə üz tutan Arzu Qəhrəmanov Həsən Hüseynlinin onu bıçaqla vurduğunu iddia edib.

Sön söz çıxışının mətni

Möhtərəm hakim,

Hörmətli məhkəmə iştirakçıları,

İlk növbədə mənə son söz deməyə hazırlaşmağım üçün 2 gün vaxt verməyinizə görə təşəkkür edirəm. Doğrudur, mən bu çıxışımın daha arqumentli və effektli olması üçün Sizdən bir həftə vaxt istəmişdim. Məqsədim vəkillərimin çıxışlarından sonra bir daha cinayət işinin materiallarına baxıb mənə qarşı atılan böhtanın vəkillərim tərəfindən hüquqi terminlər və peşəkar ifadələr vasitəsi ilə faş edilməsini, istintaqın qərəzli aparılmasını və mənim bəraət almalı olduğumu sübut etmələrini daha sadə sözlərlə, mülkü ifadələrlə məhkəmə iştirakçılarına çatdırmaq idi. Lakin Siz mənə Qanunun tələblərinə görə, bu dövrdə cinayət işinin materialları ilə tanış olmaq hüququmun olmadığını bildirdikdən sonra hesab etdim ki, işin hüquqi tərəfinə münasibətdə hörmətli vəkillərimin sübutları və çıxışları ilə kifayətlənim. Ona görə də son sözümdə bu barədə çox qısa danışacağam.

Beləliklə, bu ilin mart ayının 31-də mənə qarşı atılan böhtan əsasında Gəncə ŞBPİ-də cinayət işi açılıb. Azərbaycan dilinin izahlı lüğətində böhtan sözünün mənası «olmayan bir şeyi olmuş kimi təqdim etmək»dir. Mən isə bu sözün sinonimi olan iftira sözünün özüm qavradığım şəkildə, alleqorik izahını diqqətinizə çatdırmaq istəyirəm: İftira ifritələrin insanlara və bütün insanlığa ləkə yaxmaq üçün istifadə etdiyi üsuldur.

Gəncə ŞBPİ-nin müstəntiqi Füzuli Şıxıyev bir böhtançının iftirası və 2 yalançı şahidin ifadələri üzərində qurduğu və apardığı qondarma cinayət işinin gedişində başqa heç bir fakt ortaya qoya bilmədiyini görəndə inanmaq istəyirdim ki, 20 ilə yaxın iş təcrübəsi olan bu müstəntiq, axır ki, bu işin böhtan ola biləcəyi versiyasına da baxacaq və obyektiv faktlar toplayaraq bu versiyanı sübut etməklə mənim barəmdə qaldırılmış qondarma cinayət işinə xitam verəcəkdir. Lakin, təəssüf ki, müstəntiq öz peşə kodeksinin ziddinə olaraq mənim xeyrimə olan versiyaları araşdırmadı. Üstəlik o, ədalətli hüquq sisteminə xas olan humanizm prinsiplərindən imtina edərək istintaq gedişində mənim bioqrafiyam, şəxsi keyfiyyətlərim, ailədə, cəmiyyətdə mövqeyim barədə heç bir məlumat toplamadı və beləliklə də bu işdə yüngülləşdirici halların olub-olmadığı açıq qaldı. Buna görə də mən müstəntiq Füzuli Şıxıyevin apardığı istintaqı və bunun əsasında tərtib etdiyi İttiham Aktını qeyri-peşəkar və qərəzli hesab edirəm. Müstəntiqin İttiham Aktını tərtib edərkən qərəzli olması elementar bir faktdan da açıq-aydın görünür. O, mənim iki sutka şübhəli şəxs qismində saxlanmağımdan sonra barəmdə həbs qətimkan tədbiri seçilmək üçün məhkəməyə müraciət etməyərək öz qərarı ilə polis nəzarəti altında saxlanma qətimkan tədbiri seçərkən bu qərarında mənim ilk məhkumluğum, ictimai təhlükəli şəxs olmamağım və cəmiyyətdə müsbət nüfuza malik olmağım kimi yüngülləşdirici hallara istinad etdiyini bildirmişdi. Lakin müstəntiq ibtidai istintaqı yekunlaşdıraraq Gəncə şəhər prokurorluğuna təqdim etmək üçün ittiham hazırlayarkən bütün bu yüngülləşdirici halları, habelə mənim polis nəzarətində qalmağım üçün yaşadığım ərazi üzrə Mənzil İstismar İdarəsindən barəmdə verilən çox müsbət xasiyyətnaməni, yumşaq desək, unudaraq İttiham Aktında işdə yüngülləşdirici halların olmadığını qeyd etmişdir.

Mən qətiyyətlə bəyan edirəm ki, müstəntiq Füzuli Şıxıyevin apardığı ibtidai istintaq həqiqəti aşkar etməyib və onun tərtib etdiyi İttiham Aktı qeyri-obyektiv və qərəzlidir. Müstəntiq bu qondarma İttiham Aktını Gəncə şəhər Prokurorluğuna təqdim etdi. Bu etapda məndə yenidən bir ümid yarandı ki, müstəntiqdən qat-qat təcrübəli və bildiyimə görə, hüquq sahəsində yüksək savada malik olan Gəncə şəhər prokuroru cənab Adil Vəliyev İttiham Aktı ilə tanış olan kimi bu ittihamın qondarma olduğunu müəyyənləşdirəcək və işi məhkəməyə göndərmədən ona xitam verəcəkdir.

Yenə də təəssüflə deməliyəm ki, Gəncə şəhər prokuroru da bu işə səhlənkar yanaşdı və primitiv şəkildə qondarılmış bu cinayət işinin məsuliyyətini bölüşərək onu baxılmaq üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərdi.

Məhkəmə iclasının gedişatında mənim və vəkillərimin qaldırdığı, həqiqətin aşkarlanmasına kömək edə biləcək bir çox mühüm vəsatətlərə dövlət ittihamçısı tərəfindən etiraz edildi və möhtərəm hakim bu vəsatətlərin əksəriyyətini rədd etdi.

Nəticədə dövlət ittihamçısı məhkəmə iclasında baş verənlərin mahiyyətinə varmadan, yalnız böhtançının və yalançı şahidlərin bir-birinə zidd, dolaşıq ifadələrinə əsaslanaraq, müstəntiqin tərtib etdiyi qondarma İttiham Aktında yazılanları demək olar ki, sözbəsöz təkrar etməklə bu qondarma cinayət işindəki saxtakarlığın və qərəzliliyin məsuliyyətini bütövlükdə öz üzərinə götürərək cinayətin sübuta yetirildiyini iddia etdi və mənə ittiham olunduğum maddələr üzrə nəzərdə tutulmuş ən ağır cəzanın tətbiq edilməsini təklif etdi. Hakimdən bu ağır cəzanı böyük ehtirasla istəyən dövlət ittihamçısı hətta şahidlərdən birinin məhkəmədə ifadə verərkən müstəntiq tərəfindən tərtib edilib imzaladığı ilkin ufadəsini kəskin şəkildə dəyişərək təqsirləndirilən şəxsin xeyrinə yönələn ifadə verdiyini də nəzərə almadı.

Əlavə olaraq bunu da qeyd etmək istəyirəm ki, dövlət ittihamçısı hakimdən bu cəzanı istəyəndə işdə yüngülləşdirici halların olmadığını qeyd etdi. Cənab dövlət ittihamçısı, əgər Siz yuxarıda sadaladıqlarımdan əlavə istintaq dövründə mənim barəmdə yazılı və elektron KİV-də, habelə sosial media şəbəkələrində yayımlanan müsbət ictimai fikri, hüquq müdafiəçilərinin ölkə prezidentinə və digər nüfuzlu dövlət xadimlərinə etdikləri müraciətləri, mənim nümunəvi ailə başçısı, elm adamı, maarifçi olmağım Sizin üçün yüngülləşdirici hal deyilsə, bəs Siz nəyi yüngülləşdirici hal hesab edirsiniz? Yoxsa deyəcəksiniz ki, nə medianı, nə sosial medianı izləyirsiniz, nə də ki, təqsirləndirilən şəxsin şəxsi keyfiyyətləri Sizin üçün maraqlı deyil? Belədirsə, Siz ölkə vətəndaşları üçün ən vacib hüquq mühafizə orqanı olan prokurorluğu təmsil edərək dövlət adından bu dövlətin vətəndaşına belə ağır ittiham irəli sürmək məsuliyyətini necə öz üzərinizə götürə bilirsiniz? Vətəndaşın taleyi Sizin üçün belə vacib faktor deyilsə və Siz işin mahiyyətini aydınlaşdırıb həqiqəti aşkara çıxarmaq əvəzinə, sadəcə, işi tələm-tələsik yekunlaşdıraraq, hətta mən deyərdim ki, ondan tezliklə yaxa qurtararaq məzuniyyətinizə getmək istəyirsinizsə, buyurun, bu gün hökm oxunandan sonra gedin məzuniyyətinizə. Sizə övladlarınız və nəvələrinizlə birgə yaxşı istirahət etməyi və mümkün qədər vicdan əzabından uzaq olmağı arzulayıram.

Möhtərəm hakim! Mən hələ də ədalətli qərara ümidimi itirməmişəm. Özümü bu qondarma cinayətdə təqsirli bilmirəm və Sizdən bəraət hökmü gözləyirəm! Əminəm ki, hakimin çıxardığı hər bir ədalətli məhkəmə qərarı müstəntiqin də, dövlət ittihamçısının da buraxdığı səhvlərin dövlətin nüfuzuna vuracağı zərəri aradan qaldırmağa qadirdir. Siz Azərbaycan dövlətçiliyi naminə, ölkəmizin nüfuzunun beynəlxalq aləmdə qorunması naminə ədalətli qərar qəbul etməlisiniz!

İndi müqəddəs Ramazan ayıdır. Özünü müsəlman bilən hər kəsin heç olmasa bu ayda etdiyi günahlar barədə düşünməsi və yeni günahlar etməməsi vacibdir. Ona görə də çıxışımın əvvəlində böhtanın dilçilik baxımından mahiyyəti barədə dediklərimə dini baxımdan da əlavə etmək istəyirəm. Bizim dinimizdə və yəqin ki, bütün dinlərdə böhtan insanın edə biləcəyi günahların ən ağırı sayılır. Bu qondarma cinayət işi də başdan-başa böhtan üzərində qurulub. Mən bu işdə günah etmiş hər bir kəsi, nə qədər ki, gec deyil, tövbə edərək bu günahdan xilas olmağa çağırıram. Allah böyükdür, tövbə edən hər bir kəsin günahlarını bağışlayar.

Möhtərəm hakim! Bu gün bir çox adamın günahının daha da ağırlaşması və ya ədalətin bərqərar olacağı halda bu günahların bağışlanacağı məsuliyyəti tamamilə Sizin üzərinizdədir. Mən Quranı-Kərimin nazil olduğu bu müqəddəs Ramazan ayında bu işdə heç bir günahım olmadığını bir daha qətiyyətlə təsdiqləyirəm və Sizi ədaləti bərqərar etməyə çağırıram.

Hökmün necə olacağından asılı olmayaraq, mənim bu böhtandan qurtulmağım üçün var qüvvələri ilə çalışan vəkillərimə, mənə mənəvi dəstək olan ailə üzvlərimə, dostlarıma, tələbələrimə, jurnalistlərə, hüquq müdafiəçilərinə, beynəlxalq təşkilatlara və ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun bir sıra nümayəndələrinə minnətdarlığımı bildirirəm.

Haqqınızı halal edin!

Sözümün sonunda sevimli tələbələrim barədə də bir neçə kəlmə demək istəyirəm. Mən vaxtilə az bir müddətdə orta məktəbdə və universitetdə dərs demişəm və müəllim adı ilə fəxr edirəm. Lakin uzun illərdir ki, auditoriyaya girmirəm və bu baxımdan formal olaraq mənim tələbələrim yoxdur. Bununla belə, bu gün savadını artırmaq üçün məndən azacıq da olsa məsləhət alan, xaricdə təhsilini davam etdirməyinə köməyim dəyən yüzlərlə gənc məni özlərinə müəllim bilirlər və mən də onları özümün doğma tələbələrim hesab edirəm. Böhtanla üzləşdiyim bu ağır günlərimdə mənim tələbələrimin əksəriyyəti ruhən mənimlə olublar, telefon zəngləri ilə, sms-lərlə, e-mail vasitəsi ilə sosial şəbəkələrin imkanından istifadə etməklə mənə ürək sözlərini çatdırıblar, mənə bu böhtanın yapışmayacağına əmin olduqlarını bildiriblər. Cənab dövlət ittihamçısı mənim üçün yüngülləşdirici hal olmadığını iddia etsə də tələbələrimin bu mənəvi dəstəyi mənim üçün ən şərəfli yüngülləşdirici haldır. Bu mənəvi dəstək indiyədək mənə belə bir böhtan qarşısında durum gətirməyə, dözümlü olmağa, təmkinimi pozmamağa yetərli olub. Bu müddətdə aldığım saysız-hesabsız mesajlardan yalnız birini sizin üçün oxuyacağam və əminəm ki, tək bu mesajı seçdiyim üçün başqa tələbələrim məndən inciməzlər.

Türkiyədə təhsil alan bir tələbəmin yazdığı bu dəyərli sözləri lütfən siz də dinləyin:

«23 illk həyatımda özümü ilk dəfədir ki, bu qədər gücsüz hiss edirəm... Həyatda idealım olan, çox sevdiyim, hədsiz dəyər verdiyim insan – Həsən Hüseynli üçün heç nə edə bilmirəm və bu məni çox üzür... İlk dəfədir ki, zamanın keçməsini istəmirəm... Canım Həsən müəllimim! Sizə söz verirəm, Sizin üçün daha yaxşı oxuyacağam və diplomumu ilk Sizə göstərəcəm... Ən əsası, aldığım diplomu və savadı öz ölkəm üçün yaşamaq istədiyimiz Azərbaycan üçün istifadə edəcəm... Necə ki, Siz etmisiniz və bizlər Sizə baxıb öyrənmişik... Sizi çooxxx, həm də çoooxxxx istəyirəm... Həmişə yanımızda olun.»

XS
SM
MD
LG