Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 04:57

"Hələ də özüm üçün müəyyənləşdirə bilməmişəm ki, seks yaxşıdı, yoxsa pis"


Michel Houellebecq
Michel Houellebecq

-

"Mən siyasətin tarixin gedişinə təsirinə çox da inanmıram. Siyasətçilər yalnız Napoleonsayağı böyük fəlakətlərə səbəb ola bilərlər. Vəssalam".

Tanınmış fransız yazıçısı Michel Houellebecq-in "Paris review" jurnalına verdiyi müsahibədən (2010)

...- Qəribədi, 50 yaşım var, amma mən hələ də özüm üçün müəyyənləşdirə bilməmişəm ki, seks yaxşıdı, yoxsa pis. Pulla bağlı da şübhələrim var. Amma qəribədi ki, bunlar ola-ola məni ideoloji yazar sayırlar. Mənə elə gəlir ki, əsərlərimdə daha çox öz şübhələrimi büruzə verirəm. Əlbəttə, özüm üçün qətiləşdirdiyim şeylər də var. Məsələn, qadınla olmaq üçün pul verməyin nəyi pisdi? Əlbəttə ki yaxşıdı. Məncə, bu, inkişafın çox ciddi göstəricisi sayılmalıdır.

- Fahişələri deyirsiz?

- Bəli, mən fahişəliyi dördəlli dəstəkləyirəm.

- Niyə?

- Çünki bundan hamı qazanır. Düzdü, bu məni şəxsən maraqlandırmır, amma düşünürəm ki, yaxşı şeydi. Xeyli britaniyalı, amerikalı var ki, buna pul xərcləyir. Onlar da xoşbəxdi, qızlar da. Qızlar bundan yaxşıca pul qazanırlar.

- Qızların xoşbəxt olduğunu hardan bilirsiniz?

- Çünki söhbətlərim olur onlarla. Düzdü, çox çətindi, ingiliscə doğru-düzgün danışa bilmirlər, amma çalışıb danışdırıram onları.

Michel Houellebecq
Michel Houellebecq

- Amma daha geniş yayılmış belə bir fikir də var ki, həmin qadınlar o vəziyyətə özləri istəmədən salınıblar.

- Yanlış fikirdir. Hətta Tailandda da belə deyil. Bunun əksini söyləməksə sadəcə axmaqlıqdır.

- Sizin siyasi baxımdan sağçı düşüncə sahibi olduğunuzu deyirlər, çünki "Elementar hissəciklər"dən belə bir təsəvvür yaranır ki, siz altmışıncı illərin liberalizminin əleyhinəsiniz. Nə düşünürsünüz bu yozum haqda?

- Mənim düşündüklərimin canı odur ki, biz cəmiyyətdəki köklü dəyişikliklərin qarşısını almaq gücündə deyilik. Ailə dəyərlərinin getdikcə itməsi, aradan qalxması kimdəsə təəssüf doğura bilər. Eyni zamanda buna etiraz edən də ola bilər ki, əksinə, ailə insanın əzabları-iztirablarını artıran bi şeydi. Amma təəssüf edib-etməməyimizdən asılı olmayaraq bizim bu dəyişikliyə təsir imkanlarımız yoxdur. Mənim dəyişikliklərə kəskin reaksiya verənlərdən fərqim də budur. Saatı geri çevirmək məni qətiyyən maraqlandırmır. Çünki belə bir şeyin mümkünlüyünə inanmıram. Sən yalnız müşahidə aparıb gördüklərini təsvir edə bilərsən. Balzac-ın təhqiramiz formada dediyi bir fikirdən həmişə xoşum gəlib: romanın əsas hədəfi dəyərlərin dəyişməsindən doğan fəlakəti təsvir etməkdir. Düzdü, bu mübaliğədə bir məzələnmə də var. Amma mən məhz onun dediyini edirəm: dəyərlərin liberallaşmasından doğan fəlakəti təsvir edirəm.

- Yazırsınız ki, "təkcə dini yox, həm də siyasi ateistsiniz". Bunu xırdalaya bilərsinizmi?

- Mən siyasətin tarixin gedişinə təsirinə çox da inanmıram. Məncə, burda əsas rolu texnoloji faktorlar oynayır, bəzən də dini. Düşünmürəm ki, siyasətçilərin fəaliyyəti doğrudan da real tarixi əhəmiyyət daşıya bilər. Yalnız Napoleonsayağı böyük fəlakətlərə səbəb ola bilərlər. Vəssalam. Mən fərdi psixologiyanın da ictimai hərəkatlara hər hansı təsirinə inanmıram. Bu ideyanı mənim bütün romanlarımda görə bilərsiniz. Bu səhər bir nəfərlə Belçika haqda danışırdıq. O ölkə ki işləri heç yaxşı getmir. Heç kim də anlamır ki niyə. Psixoloji nöqteyi-nəzərdən yanaşanda, belə bir təsəvvür yaranır ki. belçikalıların özləri ölkədəki işlərin düzəlməsini həm istəyirlər, həm də bununçün çalışmağa hazırdırlar, amma yenə də heç nə alınmır. Ölkə uçuruma gedir. Bir sözlə, hər şeyin kökündə müəyyən ictimai güclər dayanır və bu proseslər fərdi psixologiya baxımından izah edilə bilməz...

- Fransız tənqidçilər sizin "Elementar zərrəciklər"dən başlayaraq kitablarınız yaxşı satılsın deyə mediadan, onların fikrincə, həyasızcasına istifadə etməyinizdən qıcıqlanırlar. O zaman bu məsələyə necə baxırdınız?

- O zaman düşünürdüm ki, əgər sən kitabının yaxşı satılmasını istəyirsənsə, mediadan bol-bol istifadə etməlisən. Doğrudan da istəyim yaxşı pul qazanmaq idi, o qədər pul ki işdən çıxa bilim. Mənim üçün yaxşı pul qazanmaqda yeganə məqsəd o idi ki, azadıq əldə edim, öz günümün ağası olum. Bu, çox mühümdür. Hərçənd indi o qədər də əminliyim yoxdur ki, kitabın satışı mediadan asılıdır.

- Bəs nədən asılıdır?

- Müştərilərin rəy və paylaşımından. Məsələn, indi Fransada kitabları ən çox satılan Marc Levy-dir. O heç vaxt mediadan istifadə etmir.

- "Elementat hissəciklər" həm də o romandır ki, tənqidçilərin diqqətini sizin bioqrafiyanıza yönəldib. Çünki belə bir təsəvvür yaranır ki, obrazların sizinlə xeyli ortaq cəhətləri var. Amma, deyəsən, insanların hər şeyi gətirib bioqrafiyaya bağlaması sizdə qıcıq doğurur.

- Bəli, qıcıq doğurur, çünki bu yanaşma romançılığın başlıca xüsusiyyəti ilə daban-dabana ziddir. Bu xüsusiyyət də ondan ibarətdir ki, obrazlar özünəməxsus yolla inkişaf edir, açılır. Başqa sözlə sən hekayətə bir neçə real faktla başlayırsan, sonra isə imkan verirsən ki, hadisələr öz hərəkətverici qüvvəsi hesabına inkişaf etsin. Və yaza-yaza nə qədər irəliləyəcəksənsə, güman ki gerçək həyatdan bir o qədər uzaqlaşacaqsan. Sən öz hekayətini faktlar əsasında nəql edə bilməzsən. Onların bəzi elementlərindən istifadə edə bilərsən, amma heç ağlına da gətirmə ki, yüz səhifə sonra obrazın nə edəcəyi səndən asılı olacaq. Edə biləcəyin şey o ola bilər ki, məsələn, öz ədəbi zövqünü obraza da köçürəsən. Bundan asan şey yoxdur, sadəcə imkan ver ki, o bir kitab açsın.

- Bioqrafiyanızdan söz düşmüşkən, bu yaxınlarda özünüz yazmısınız ki, uşaqlığınız nənənizin yanında çox xoş keçib.

- Bəli, ata nənəmin yanında. Altı yaşımdan 18 yaşımacan nənəmlə qalmışam. Bunu da iki dövrə bölmək olar. Birinci dövr həqiqətən də xoşbəxt keçib - altı yaşımdan 12 yaşımacan. Biz Yonne-də, kənddə yaşayırdıq. Mən velosipedimi sürür, bənd vurur, çoxlu mütaliə edirdim. O zaman televiziya çox deyildi. Və yaxşı ki beləydi. Amma sonra biz Crécy-en-Brie-yə köçdük. Əgər indi o yerlərə getsəniz, sizdə tamam başqa təsəvvür yaranacaq. O zaman oralar daha çox kəndə bənzəyirdi, indi isə daha çox şəhərkənarı tikililərdən ibarətdir. Daha özümü orda əvvəlkitək rahat hiss etmirəm. Əhali sıxdır. Mənsə kənd yerinin seyrəkliyini sevirəm. Səmimi desəm, yeniyetməlik uşaqlıq qədər şirin deyil.

- Bir nənəniz kommunist idi...

- Burda bir az şişirtmə var. O zaman bəlli bir zümrəyə aid olan hər kəs kommunistlərə səs verirdi. Marksın kim olduğunu bilməsə belə. Bu bir sinfi həmrəylik idi.

- İşləyirdi?

- Yox, təqaüdə çıxmışdı.

- Nə işləmişdi?

- Dəmir yolunda. Səhv etmirəmsə, kənddəki stansiyanın rəisiydi.

- Nənənizlə münasibətləriniz yaxşıydı?

- Bəli. Nənəmi çox sevirdim.

Fransa - Michel Houellebecq-in anası Lucie Ceccaldi meyvə alarkən, 28 aprel 2008
Fransa - Michel Houellebecq-in anası Lucie Ceccaldi meyvə alarkən, 28 aprel 2008

- Sizin çox incə yumor hissiniz var. O da zarafatcıl idi?

- Xeyr, elə çox zarafat etməzdi.

- Ana nənənizdi?

- Bəli. Dörd övladının dördünün də gözünün işığı idi. Çox yaxşı ana idi.

- Valideynlərinizi tez-tez görürdünüz?

- Anamı çox az, atamı isə bəli, tez-tez. Qış və yay tətillərində.

- Atanızla münasibətləriniz yaxşıydı?

- Elə də yox. Onunla yaxşı münasibətdə olmaq çətin idi. Qəribə adamdı. Əsl fərdiyyətçiydi. Amma yenə də anamdan çox onu özümə yaxın bilirdim. Onu daha yaxşı tanıyırdım.

- 6 yaşınızacan Əlcəzairdə ana nənənizlə yaşamısınız. Erkən uşaqlığınızı xatırlayırsınızmı?

- Çox az. Xatırladığım bir yaşıllıqlar içindəki oyun meydançasıdır, bir də gözyaşardıcı qazın xoşuma gələn iyi. Müharibədən çox az şey yadımda qalıb. Məsələn, küçədə pulemyot atəşləri.

- Qorxmurdunuz?

- Qətiyyən. Belə şeylər uşaqlar üçün bir əyləncədir.

- Böyüdüyüz evdə mütaliəyə həvəs böyük idimi?

- Nənəm-babam kitab oxuyan deyildilər. Təhsil görməmişdilər.

- "Elementar hissəciklər"ə qayıdaq, bu romandan sonra həyatınızda nələr dəyişdi?

- "Elementar hissəciklər"in həyatıma gətirdiyi ən böyük dəyişiklik (puldan və işdən çıxmaq imkanından başqa) o oldu ki, beynəlxalq səviyyədə tanındım. Məsələn, daha harasa turist kimi getməyə ehtiyac qalmadı, bu istəyimi kitab turlarım qarşılayrdı. Bunun nəticəsi o oldu ki, mən normalda getməyəcəyim ölkələrə də səfər etdim. Məsələn, Almaniyaya.

-Nə mənada?

- Almaniyada heç kim turizmlə məşğul olmur. Bu sahə sadəcə, mövcud deyil. Amma səhv yoldadırlar. Almaniyanın turizm imkanları pis deyil.

- "Platforma" adlı üçüncü romanınızda diqqət turizm sənayesinə yönəldilir, seks turları bazarına da girməyi qərara alan bir meynstrim turizm agentliyindən bəhs edilir.

- Roman yazmağın ən çətin tərəfi başlanğıc nöqtəni tapmaqdır. Yəni mövzunu açacaq bir şeyi. Amma hətta bu da uğura təminat vermir. Turizm mövzusundan yola çıxıb dünyanı anlamaq əla ideya olsa da, düşünürəm ki, "Platforma"da bu istəyimə çata bilməmişəm.

- Turizm sənayesində sizi cəlb edən, heyran edən nə idi?

- Səyahət kitabçalarını oxumaq mənə çox ləzzət eləyir. Xüsusən də "Michelin"inkiləri, həmin kitabçalarda yəqin ki heç vaxt səfər etməyəcəyim yerlərin necə təsvir edilməsi mənə ləzzət edir. Onların restoranlar haqda tanıtım yazılarını oxumağa xeyli vaxt sərf edirəm. İstifadə etdikləri leksikon xoşuma gəlir, dünyanı müştəriyə necə təqdim etmələri də. Onların xoşbəxtliyi və insanın özü üçün yeniliklər kəşf etməsini necə təsvir etmələrinə heyranam. Sonra mən özümə adi şeylər haqda suallar verməyə başladım. Məsələn, "Çini yeddi günə gəz!" Görəsən, onlar səfəri müxtəlif mərhələlərə necə bölürlər? Real dünyanı istehlak oluna bilən, ləzzət alınan dünyaya necə çevirirlər?

- Pattayadan, Tailanddan danışın. Seks turizmi məkanından.

- Kitabın son bölümündəki hadisələrin baş verdiyi Pattayaya heyran olmuşdum. Ora hər cür adam gedir: anqlo-saksonlar da, çinlilər də, yaponlar da, ərəblər də. İşin ən qeyri-adi tərəfi bu idi. Beləcə, səyahət kitabçasında oxuduğum bəzi şeylər məni Tailanda səfər etməyə vadar etdi.

Deyilənə görə, Bangkok-dakı bir oteldə fahişələr ərəb müştərilərin xoşuna gəlsin deyə hicab taxırlar. Bu cür şəraitə uyğunlaşma bacarığı mənə ləzzət eləyir. Fransadakı əlcəzairli məhəllələrindən Pattayaya fahişələrlə yatmağa gedənlər çoxdu. Tailandlı qızlar da onlarla Getto aksenti ilə danışırlar. “Ouais, j’tassure! Ouais, ta mère!”

Orada məxsusi olaraq yaponlar üçün akaoke barları var, ruslar üçünsə bol vodkalı restoranlar. Amma bunun ürəkağrıdan tərəfi də var: bütün bu adamların aqibəti ilə bağlı bir şey. Xüsusən də qoca anqlo-saksonlarla bağlı. Adamda elə bir hiss yaranır ki, onlar buranı heç zaman tərk edə bilməyəcəklər. Günortalar hər yan toz-duman olur. Bu elə bir vaxtdır ki, hələ populyar barlar açılmayıb. Həmin anın çox acı bir təəssüratı var: qızların öz mopedlərində yenicə peyda olmağa başladığı vaxt siz anqlo-sakson turistlərin bu toz-dumanın içindən tısbağa kimi asta-asta çıxb gəldiklərini də görürsünüz. Həmin şəhərin bax bu cür, çox qəribə bir tərəfi də var...

İngiliscədən R.Qəmbərov çevirib.

XS
SM
MD
LG