Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 02:42

Dünyada din azadlığı – 2013


Beynəlxalq Dini Azadlıqlar Hesabatı
Beynəlxalq Dini Azadlıqlar Hesabatı

-

Amerika Birləşmiş Ştatlarının dövlət katibi John Kerry 2013-cü il üçün Beynəlxalq Dini Azadlıqlar Hesabatını ABŞ Konqresinə təqdim edib.

Sayca 16-cı olan bu hesabat Konqres tərəfindən ratifikasiya edilməsinin ardınca ölkə hökumətinə xarici siyasətin formalaşdırılmasında və xarici yardımların ayrılması siyasətində kömək edəcək.

DİNİ İCMALARIN DİDƏRGİNLİYİ

Hesabatda deyilir ki, 2013-cü il bəşər tarixində böyük dini icmaların didərgin düşməsi ilə müşayiət olunub.

Qeyd olunur ki, dünya boyunca insanlar dini etiqadlarına və baxışlarına, dini seçimlərinə görə ayrı-seçkilik və zorakılıqlara məruz qalmaqda davam ediblər.

John Kerry
John Kerry

Hesabat müəllifləri hesab edirlər ki, dini ayrı-seçkilik aktlarının arxasında çox vaxt hökumətlərin özləri dayanır.

Onların fikrincə, təməl insan haqlarının və azadlıqların sıxışdırıldığı ölkələrdə insanlar çox vaxt ekstremist qüvvələrin nəzarətində olan dini qruplaşmalara pənah aparmalı olurlar.

XÜSUSİLƏ NARAHATLIQ DOĞURANLAR

Hesabatda din və etiqad azadlıqları sahəsindəki vəziyyətləri ilə xüsusi narahatlıq doğuran bir sıra ölkələrin adları sadalanıb.

Dövlət katibi John Kerry də sənədin təqdimatı zamanı çıxışında bu ölkələrin adlarını çəkib: Birma, Çin, Eritreya, İran, Şimali Koreya, Səudiyyə Ərəbistan, Türkmənistan və Özbəkistan.

Yeri gəlmişkən Türkmənistan bu il ilk dəfə olaraq «narahatlıq doğuran ölkələr»in (Countries of Particular Concern (CPC)) siyahısına daxil edilib.

ŞİƏ-SÜNNİ QARŞIDURMALARI

Hesabatda narahatlıqla vurğulanır ki, Yaxın Şərqdə və Pakistan kimi müsəlman ölkələrində bir tərəfdən şiə və sünni məzhəbləri arasında düşmənçilik dərinləşib, digər tərəfdən isə tarixən Şərqə sakin olan xristian icmalarına qarşı islamçı ekstremizmin hücumları dözülməz həddə çatıb.

Xristian əhalisinin, xüsusilə də İraq və Suriya kimi ölkələrdə repressiyalarla üzləşməsi və yaşadıqları yerləri tərk etmələri halları getdikcə artıb

Pakistanda kilsə
Pakistanda kilsə

Məsələn qeyd olunur ki, Pakistanda silahlılar ötən il ərzində 400 şiə müsəlmanını qətlə yetiriblər, bir kilsənin bombalanması nəticəsində isə 80-dək xristian həlak olub.

Sənəddə, həm şiələrin, həm də xristianların Misirdə, Səudiyyə Ərəbistanında diskriminasiya olunduğu vurğulanır.

HÖKUMƏTİN DİNİ

İran və Səudiyyə Ərəbistanı kimi ölkələrdə qanun İslamın yalnız hakimiyyət tərəfindən məqbul sayılan məzhəb və təriqətlərə etiqad etmək icazəsi verir.

Hesabatda bu da bildirilir ki, son illərdə bir sıra Avropa ölkələrində, o cümlədən Böyük Britaniyada məscidlər üzərinə basqın halları qeydə alınıb.

Vurğulanır ki, Avropanın ən böyük ləkəsi olan antisemitizmin bu qitədə təzahür halları çoxalmaqdadır.

KEÇMİŞ SOVET MÜSƏLMANLARI

ABŞ-ın dini azadlıqlara dair son hesabatında keçmiş müsəlman sovet respublikalarında hazırkı vəziyyətə xüsusi diqqət yetirilib.

Məsələn, qeyd olunur ki, Tacikistan 18 yaşına çatmamışların hər hansı dini fəaliyyətlə məşğul olmasını qadağan edən yeganə müsəlman ölkəsidir.

Bu ölkədə qadınların məscidlərə getməsi də qadağan olunub.

Türkmənistanda isə daha çox repressiya və zorakılıqlara məruz qalanların Yahovanın şahidləri təriqətinə aid olduqları göstərilir.

Özbəkistan isə hesabatda dini ekstremizm ittihamları ilə məhkum edilənlərin ən çox olduğu ölkələrdən biri kimi qeyd olunur.

Sənəddə deyilir ki, hazırkı təxminlərə görə Özbəkistanda «dini ekstremizm» ittihamı ilə məhkum olunmuş 10-12 min arası məhbus var.

Hesabatda Azərbaycana da xüsusi bölüm həsr olunub.

KONSTİTUSİYA YOX, HÖKUMƏT İCAZƏ VERİR

Burada qeyd olunur ki, Azərbaycanda din azadlığına Konstitusiya ilə təminat verilsə də, praktikada bir çox «qeyri-ənənəvi» din və təriqətlərin fəaliyyətinə ciddi məhdudiyyətlər qoyulur.

Bu da əlavə olunur ki, ümumilikdə hökumət dini qrupların işinə demək olar ki, ümumiyyətlə müdaxilə etmir.

Bunun əvəzində bütün dini təşkilatların dövlət qeydiyyatından keçməsi tələb olunur. Bu qaydaların xaricində fəaliyyət göstərən qruplar və onların üzvləri böyük cərimələrlə üzləşirlər.

Hesabatda Azərbaycanın dini tərkibinə dair ABŞ hökumətinin təxminləri də verilib.

AZƏRBAYCANIN DİNİ TƏRKİBİ

2013-cü ilin məlumatına görə, əhalinin 96 faizinin müsəlman, onlardan 65 faizinin şiə, 35 faizinin isə sünni olduğu düşünülür.

Rusiya Pravoslav Kilsəsinin və erməni kilsələrinin, 7-ci günün adventistlərinin, başqa xristianların, yəhudi, molokan və bəhailərin ümumilikdə 4 faiz təşkil etdiyi güman olunur.

Hesabatda qeyd olunur ki, 1992-ci ildə qəbul edilmiş Dini Azadlıqlar haqqında qanuna o vaxtdan bəri 14 dəfə dəyişiklik edilib.

Hökumət dini təşkilatların işinə birbaşa müdaxilədən çəkinsə də, qanunlar dini nifrətin və sosial düşmənçiliyin qızışdırılmasına görə cəza nəzərdə tutur və bu isə hökumətin istənilən qruplaşmanı ləğv və ya qadağan etməyə imkan yaradır.

Bu da bildirilir ki, dünyəvi təhsilə əngəl yaratdığı düşünülən dini qruplaşmalar da qadağan oluna bilər.

QÜDRƏTLİ KOMİTƏ

Hesabatda qeyd edilir ki, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmalarla münasibətdə ölkə hökumətinin qüdrətli silahı olaraq qalır.

Bu təşkilat dini qurumların rəsmən qeydiyyata alınmasında əsas rol oynayır. İslam dininə aid qrupların qeydiyyatı sahəsində isə Qafqaz Müsəlmanları İdarəsinə buna bənzər hüquq və səlahiyyətlər verilib.

Maraqlıdır ki, qanunlar yerli əhalinin əcnəbilər tərəfindən başqa dinlərə cəlb edilməsini qadağan etsə də, fərdi vətəndaşa din seçimi haqqı tanınır.

Qanun həmçinin siyasi partiyaların dini fəaliyyətlə məşğul olmasını qadağan edir. Dini liderlər eyni zamanda ictimai post tuta bilməzlər.

Sənəddə deyilir ki, hökumət qanunsuz fəaliyyətlə məşğul olduqları iddia edilən qruplar üzərinə bir neçə reydlər təşkil edib.

Belə reydlər İslam ilahiyyatçısı Səid Nursi davamçılarına və bir sıra xristian qruplarına qarşı həyata keçirilib.

HÖKUMƏTİN MƏSCİD VƏ KİLSƏ TİKİNTİLƏRİ

Arxiv foto: Nardaranda hicab qadağasına etiraz
Arxiv foto: Nardaranda hicab qadağasına etiraz

Hesabatda Azərbaycanda hicab məsələsinə də toxunulur və bildirilir ki, hökumət qızların məktəblərdə hicablanmasını qadağan edən direktivlərinin icrasına çox da can atmayıb.

Bununla belə, hicab qadağasına qarşı etiraz aksiyalarının qabağı dərhal və bir sıra hallarda zorakılıqla alınıb.

Hesabatda bildirilir ki, yeni məscidlərin açılması və ya mövcud məscidlərin bağlanması hökumətin səlahiyyətində qalır. Məsələn 2010-cu ildə bağlanmış məscidlərdən heç biri sonradan açılmayıb.

Qeyd olunur ki, prezident İlham Əliyev Şamaxı, Sumqayıt və Qəbələ şəhərlərində cümə məscidlərinin açılışında iştirak edib. Gəncədə İmamzadə məscidinin hökumət vəsaiti ilə bərpa işləri davam etdirilib.

Qaxda gürcü kilsəsinin təmirinə və Bakıda rus kilsəsinin tikintisinə də hökumət tərəfindən vəsait ayrılıb.

XS
SM
MD
LG