Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 03:37

Obamanın sevimli kitabları


Barak Obama
Barak Obama

-

ABŞ-ın ilk qaradərili prezidenti Barak Obama bir müddət əvvəl sevimli kitablarını öz Facebook səhifəsində paylaşıb.

Şekspirin faciələri, "Bibliya" və ABŞ-ın 16-cı prezidenti Lincoln-un yazıları ilə yanaşı onu aşağı kitablar da ilhamlandırıb.

Bunlar həm bədii, həm publisistik, həm də fəlsəfi kitablardır.

Toni Morrison "Solomonun nəğməsi" (1977)

Nobel mükafatlı Amerika yazıçısının bu romanı ABŞ-da qaradərililərin acı taleyindən bəhs edir.

Baş qəhrəman südçü Macon daim axtarışdadır, özünü şəxsiyyət kimi təsdiqləməyə, özünəxas mənəvi aləmini ifadə etməyə çalışır.

Bu axtarış Macon-un öz ulu babası, sirr pərdəsinə bürünmüş Solomon haqda məlumat toplaması ilə paralel gedir.

Qaradərili qəhrəman bu prosesdə özü, mənsub olduğu nəsil, əcdadlarının vətəni olan Afrika haqda daha çox öyrənir.

(Romanı burda oxu)

Herman Melville "Mobi Dik" (1851)

İşmael balina ovlayan gəmidə işə düzəlir. Amma tezliklə anlayır ki, kapitan Ahabın məqsədi heç də balina ovlayıb satmaq deyil. O, Mobi Dik adlı bir balinanın axtarışındadır. Bu balina çox böyükdür və balina ovlayan gəmiləri batırması ilə tanınır. Bir zaman Ahabın da gəmisini batırıb. Kapitanın təkayaq olması, taxta protezlə gəzməsi də həmin dəhşətli hadisənin "yadigarıdır". İndi Ahab həmin balinanı tapıb qisas almaq istəyir.

Taylor Branch "Parting the Waters: America in the King Years" (2007)

Bu kitab ötən əsrin ortalarında ABŞ-da başlanan mülki hüquq bərabərliyi, qaradərililərə qarşı ayrı-seçkiliyin aradan qaldırılmasına yönəlmiş hərəkatın tarixidir.

Müəllif bu kitaba görə Pulitzer mükafatına layiq görülüb.

Marilynne Robinson "Gilead" (2004)

Bu kitabda da İrqçilik problemi əsas mövzulardan biridir. Yaşı 70-i haqlamış vaiz John Ames ağır xəstədir. o, 7 yaşlı oğluna gələcəkdə oxuması üçün məktub yazır. Bu məktub onun öz babası, atası və özünün həyat tarixçəsidir. 19-cu əsrin ortalarından başlayan həmin tarixçə həm də ABŞ tarixinin ən dramatik dövrlərinin salnaməsidir. Ames-in babası Amerikada qaradərili qulların alınıb-satılmasına qarşı çıxıb, sonradan vətəndaş müharibəsində quldar ştatlara qarşı vuruşub. Atası isə sülhpərvər bir insan olub. Ames oğluna nəsihətində onun bu tarixdən necə nəticə çıxarmalı, hansı prinsiplərlə yaşamalı olduğunu yazır.

Ralph Waldo Emerson "Self-Reliance" (1841)

Amerika filosofu Ralph Waldo Emerson bu kitabında bildirir ki, hər bir insanın daxilində bir dahi yatır. Bu dahinin öz düşüncələri, prinsipləri var. İnsan ona əməl edəndə həmin dahinin özünü təsdiqləməsinə yol açmış olur. Amma bir çox insanlar öz hisslərinə, düşüncələrinə etibar etmək, özünə aid məxsusi yolla getmək əvəzinə konformizm yolunu seçirlər, yəni cəmiyyətin onlardan tələb etdiyi düşüncə modelinə uyğunlaşırlar, yaxud hansısa qrupların maraqlarına xidmət etməyə başlayırlar. Filosof hesab edir ki, insandan daim hansısa prinsiplərə sadiq olmağı, əvvəlki mövqeyini ölənəcən sərgiləməyi, ardıcıl olmağı tələb etmək düzgün deyil. İnsan daim dəyişən həyatda öz instinktlərinə, ideyalarına uyğun hərəkət etməlidir. Emerson mövqe sabitliyini, ardıcıllığını "dövlət adamları, filosoflar və müqəddəslərin heyran olduğu dar düşüncə növü, saxta ardıcıllıq adlandırır.

huffingtonpost.com

Hazırladı Rövşən

XS
SM
MD
LG