Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 07:38

Şahbaz Xuduoğlu. Tomaşın faciəsi


Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu

-

Rus əsgərləri 20 yanvarda Bakıya soxulanda mən Tomaş idim. Amma Tomaş qədər ağıllı və hadisələri dərindən dərk etmirdim...

Şahbaz Xuduoğlu

TOMAŞIN FACƏSİ

Düz 46 il bundan əvvəl, 21 avqust 1968-ci ildə rus əsgərləri Praqaya girdilər.

Bu yazının eyni gündə yazılması isə tam təsadüfdür.

Tomaşı tanıyan varmı? Bilirsiz o kimidir?

Bizlərlə onun arasında bənzərlik, oxşarlıq varmı?

Tomaş şəxsən mənə çox bənzəyir. Mən onun dövrünü yaşamışam. Rus əsgərləri 20 yanvarda Bakıya soxulanda mən Tomaş idim. Amma Tomaş qədər ağıllı və hadisələri dərindən dərk etmirdim.

Bilmirdim ki, nifrətin gücü rus tanklarına daş, “Molotov kokteyli”ni atmaqda yox, aşırı gücdən iyrənməkdədir. Tomaş rusun gücündən iyrənmişdi.

O, çox azad adamdır. Onun qədər azad olan insan anasının yanmış cəsədinin külünə möhtacdır. Anasının vəsiyyətinin əsiridir

Murakaminin “Norveç meşəsi”, Coetzee-nin “Maykl K.-nın həyatı və zəmanəsi” və Milan Kunderanın “Varlığın dözülməz yüngüllüyü” arasında bir əlaqə varmı? Yoxdur. Sadəcə, bu əsərlərdəki tiplər haradasa çox yaxın qohumdurlar. Kölə olmamağın yeganə yolunu özünə əzab verməkdə görür, təklif olunan yeməkdən imtina edir, heç kəslə ünsiyyətə girmir. Heç kəsin oyuncağı olmaq istəmir. Vicdanlı insanın cəzasını yaşayır.

Yenidən Tomaşa qayıdıram.

O, yaxşı bir cərrah idi, amma işləməyə qoymadılar. Onun ölkəsi rusların siyasəti nəticəsində bütün vicdanlı insanlardan imtina etdi. Küçələrin adları, binaların təyinatları, inzibati ərazilər dəyişdi, dəyişiklik çox sürətlə baş verdi.

Hər şey ondan başladı ki, Tomaş təsadüfən Sofoklu oxudu, Edip əfsanəsini. Və rusların Çexoslovakiyaya girməsinə etiraz etməyə cəsarəti çatmayan çex ziyalılarını qəsd edən bir yazı yazdı. Yazdı ki, Edip yatdığı qadının anası olduğunu biləndən sonra özünü cəzalandırdı, gözlərini çıxardı.

Bu - sağ qalmaq şərti ilə insana verilən ən ağır cəzadır.

Amma siz öz susqunluğunuzu və qorxaqlığınızı cəzalandıra bilmirsiz.

Tomaş bu yazını qəzetə göndərdi. Məqsədi heç də inqilab etmək deyildi, sadəcə, vətəndaş olaraq rus tanklarının Çexoslovakiyaya hücumuna biganə qala bilmədi. Qəzet Tomaşun yazısını məktublar bölməsində ixtisarla, görünməyən bir yerdə nəşr etdi.

Bununla da Tomaş həyatını həsr etməyə hazır olduğu işini itirdi. Bu yazı ilə Tomaş Edip kimi özünü cəzalandırdı, öz çıxılmazlığını, zəifliyini, biçarəliyini.

Onu cərrah olmağa qoymadılar, əvəzində pəncərəsilən oldu.

Ona görə pəncərəsilən oldu ki, insanlar ətraflarında baş verənləri

görə bilsin.

Tomaş bir faciə qəhrəmanıdır. O, mütaliə edir, pəncərələri yuyur, qadınları sevir, sevdiyi qadınlara xəyanət edir. O, sevdiyi qadına xəyanəti ona görə edirdi ki, sevdiyi qadının yanına qayıtsın.

Saçlarının arasında həmişə başqa qadınların ətirləri gizlənirdi. Bunu Tereza bilirdi. Amma Tereza yanındakı iti qədər ona sədaqətli idi…

Tomaş biçarəliyin rəmzidir. Tomaş güclü hakimiyyətin altında qalan xalqdır. Özünü ifadə edə bilməməyin rəmzidir...

İstədiyi işlə məşğul ola bilmədi, imkan vermədilər. Bu mənada bizdə Tomaşa bənzərlər çoxdur.

Tomaşın həyatını yaşayıram. Bircə maşın qəzası hələ baş verməyib.

Milan Kunderanın “Varlığın dözülməz yüngüllüyü” əla əsərdir. Azğınlığa, gücə, silaha, müharibəyə, siyasətə qarşı yazılmış bir əsərdir. Bu əsər Milan Kunderanın qlobal dünya görüşünü göstərir. Qlobal dünyada güc çox zəifdir. Bir avara bir qəhrəmandan daha ləyaqətli həyat yaşaya bilir.

Bir- biri ilə əlaqəsi olmayan 3 əsər barədə yazdım.

Oxuyun, yazın və paylaşın. Axı, fikir paylaşıldıqca sənin olur. Əks halda bir vaxtdan sonra sən də unudacaqsan.

O kitab ki, sizə heç nə vermir, onu oxumayın. Vaxtınıza rəhm edin. Amma oxuduğunuz kitabdan həyatınıza rəng qatın.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG