Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 01:31

Hakimiyyət yeni oyun qaydaları təklif edir, yoxsa?..


Rauf Arifoğlu
Rauf Arifoğlu

-

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin KİV rəhbərləri ilə 3 saatlıq müşavirəsindən sonra onun çıxışı sosial şəbəkələrdə müzakirə olunur.

Görüşə qatılan «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu AzadlıqRadiosuna müsahibəsində deyir ki, Ramiz Mehdiyevin çıxışının tam mətnini əldə edib təhlil edəcəklər.

- Rauf bəy, müşavirədən hazırlanan xəbəri bir çox media orqanı «Ramiz Mehdiyev KİV-ə xəbərdarlıq etdi» başlığıyla yayıb. Bunu, o cümlədən Ramiz Mehdiyevin çıxışındakı tezisləri necə qiymətləndirirsiniz?

- Ramiz Mehdiyevin çıxışı çox geniş idi, bir saata yaxın çəkdi. Orda yalnız xəbərdarlıq deyildi, həm də hakimiyyətin və dövlət təsisatlarının adından narahatlıq da ifadə olundu. Bu, daha çox hərbi məsələlərlə bağlı xəbərlərə aid idi. Bu xəbərlərdə sistemsizliyin, xaosun olmasını, tiraj yarışına qapılaraq yoxlanılmamış məlumatların verilməsini vurğuladı. Administrasiya məmurlarının da çıxışlarından aydınlaşdı ki, onlar hərbi sferaya aid məlumatların, o cümlədən, girov götürülən hərbçilərlə, şəhid düşən əsgərlərlə bağlı məlumatların Müdafiə Nazirliyinin təsdiqindən və redaktəsindən keçmədən yayımlanmasına qarşıdırlar. Arqumentlər də səsləndirdilər, haqlı olduqları da vardı, haqsız arqumentlər də vardı. Məsələn, razılaşdım ki, şəhid olan əsgərin şəxsiyyətinin Müdafiə Nazirliyindən əvvəl açıqlanması düz deyil. Övladının şəhid olması xəbərini saytdan oxuyan bir ailənin, nəslin, kəndin vəziyyətini təsvir edin. Müdafiə Nazirliyi ailəyə xəbəri özü verib onları hazırlamalıdır bu duruma. Bu müşavirədə daha çox diqqətimi o çəkdi ki, hakimiyyət son üçgünlük müharibə ilə bağlı xəbərlərin yoxlanmadan, hətta bəzən dezinformasiya olduğu halda yayımlanmasından narahatdır. Xüsusilə qeyd olundu ki, hərbi texnikanın dislokasiyası videoya çəkilir, bu barədə xəbər verilir. İndi biz orda səslənən təklifləri redaksiyada müzakirə və təhlil edəcəyik ki, hansını qəbul etmək olar, hansını yox - Bu, sadəcə, təhlildir, ya təhdid?

- Redaksiyada müzakirə etmək istədiyiniz təkliflər daha çox cəbhə xəbərlərinə aiddir, yoxsa orda səslənən siyasiyönümlü tezislər də müzakirə olunacaq?

- Hakimiyyət və onun məmurları öz mövqeyini bildirə bilərlər, buna əməl edib-etməmək müstəqil redaksiyaların işidir. Biz bir neçə halı nəzərə aldıq, müşavirədən çıxan kimi dərhal redaksiya ilə əlaqə saxlayıb, bildirdim ki, hərbi hissələrin adları və bu tipli məsələlərlə bağlı diqqətli olsunlar. Qalan məsələləri isə kollektivlə müzakirə edəcəyik.

- Ramiz Mehdiyevin çıxışını müstəqil mətbuata təhdid, özünüsenzuranı gücləndirmək tövsiyəsi kimi qiymətləndirmək olarmı?

- Sizə söylədim, burda daha çox hakimiyyətin hərbi sferaya aid xəbərlərin xaotik yayılma faktından narahatlığını gördüm. Qalan məsələlər var ki, 20 ildir bunu eşidirəm. Buna o qədər də ciddi diqqət ayrılmasının tərəfdarı deyiləm. Mövsümi olaraq bu cür məsələlər deyilir, yazılır. Amma çıxışı əlimizə alıb bir daha təhlil edəcəyik ki, hakimiyyət yeni çərçivələrmi, oyun qaydasımı təklif edir, yoxsa sadəcə hərbi sferada yaranan problemlərin kontekstindən bu fikirləri söyləyir. Hələlik, yekun fikrim yoxdur. Bunu kollektivdə müzakirə edəcəyik və bir həftə gözləyəcəyik ki, bunun ardınca təhdid gələcəkmi?..

XS
SM
MD
LG