Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 15:32

R.Kauzlarich: «Azərbaycanın davranışı qəbuledilməzdir»


ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard D Kauzlarich.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard D Kauzlarich.

.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (1994-97), hazırda ABŞ-ın Corc Meyson Universitetində Terrorçuluq, Transmilli cinayətlər və Korrupsiya üzrə Mərkəzin direktor müavini vəzifəsində çalışan Richard Kauzlarich Amerikanın Səsinin Azərbaycanda insan haqları fəallarına basqılar, ABŞ vətəndaşının Bakıda saxlanması və başqa mövzularda suallarına cavab verib. Müsahibəni təqdim edirik:

Amerikanın Səsi: Səfir Kauzlarich ötən aylarda Azərbaycanda sivil cəmiyyət fəallarına və QHT-lərə qarşı basqılar intensiv xarakter alıb. Çox sayda fəallar, o cümlədən Leyla və Arif Yunus kimi dünya miqyasında tanınmış insan haqları müdafiəçiləri həbs olunublar. Azərbaycanda baş verənləri necə dəyərləndirirsiniz? Ölkədə baş verənlər sizi narahat edirmi?

Richard Kauzlarich: Belə situasiyalar üçün “narahat” kəlməsi tez-tez işlədilir. Məncə, biz artıq narahatlıq nöqtəsini keçmişik. Mən Azərbaycanı 1992-ci ildən bəri diqqətlə izləyirəm və indiyədək bu dərəcədə şiddətli basqılar, həbslər, azad medianın və sözün boğulmasını görməmişəm. Belə şey görməmişəm.

Azərbaycan xalqına hörmət və sevgi hissi ilə yanaşan adamlar kimi bizlər situasiyaya böyük təşvişlə baxırıq. Mən Azərbaycan hökumətinin öz vətəndaşları ilə necə davranmasından, eləcə də dünya və ABŞ-la münasibətlərə yanaşmasından narahatam. Biz narahatlıq nöqtəsini keçmişik.

Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Azərbaycanda baş verənlər ABŞ-la strateji münasibətlər qurmaq, Avro-Atlantik məkana inteqrasiya etməyi arzuladığını deyən ölkə üçün qəbuledilməzdir.

Amerikanın Səsi: Son həftələrin narahatedici olaylarından biri də Azərbaycan mənşəli ABŞ vətəndaşı Səid Nurinin ölkədən çıxışına qadağa qoyulmasıdır. Mən bilən ilk dəfədir ki, Azərbaycan hökuməti özünə ABŞ vətəndaşını saxlamaq sərbəstliyi verib. Bu situasiya barədə nə deyərdiniz?

Richard Kauzlarich: Bu, mənim bayaq haqqında danışdığım tendensiyanın tərkib hissəsidir. Zənnimcə bu adamlar etdikləri hərəkətin fərqinə varmırlar. Xəstə atasına baş çəkməyə getmiş Səid Nuriyə ölkədən çıxmağa qadağa qoyulduğu gün prezident İlham Əliyev Uelsdə NATO sammiti çərçivəsində ABŞ Dövlət Katibi Con Kerri ilə görüşürdü.

Bu, dost əməli deyil. Fərqi yoxdur ki, onun mənşəyi nədir. O, indi Amerika vətəndaşıdır. Və ona ölkədən çıxa bilməməsini demək qəbuledilməzdir. Bu, ABŞ-la strateji münasibətlərə can atdığını deyən hökumət üçün qəbuledilməz davranışdır.

Mən bunu heç cür izah edə bilmirəm. Mən bilmirəm onlar niyə belə edirlər. Yalnız ABŞ vətəndaşı kimi onu deyə bilərəm ki, bu, qəbuledilməzdir. Mən artıq amerikalı olaraq Azərbaycan kimi yerə getməkdən narahatlıq keçirirəm, çünki fikirləşirəm ki, mənə qarşı da həmyerlimə qarşı olan davranışı sərgiləyərlər.

Amerikanın Səsi: Nyu York Times qəzeti bu günlərdə Azərbaycanın ABŞ-da nüfuz satın almağa cəhd etdiyini göstərən infoqraf-məqalə dərc edib. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov iki ABŞ lobbi firması ilə ölkəsini ABŞ-da təşviq etmək üçün müqavilələr imzalayıb. Azərbaycan hökumətinin Vaşinqtonda bu növ fəaliyyətinə necə baxırsınız? Sizcə o, müvəffəq olacaqmı?

Richard Kauzlarich: Belə görünür ki, bu hərəkətlər ABŞ-dan daha çox Azərbaycanda ictimai rəyə təsir göstərməyə hesablanıb. Mənim öz hekayəsini cəmiyyətə çatdırmaq istəyən hökumətlə problemim yoxdur. Onlar bunu qəzetlər və ictimai forumlar vasitəsilə edə bilər. Hətta ABŞ-a yaxın ölkələr, müttəfiqlərimiz də bu növ lobbi şirkətlərinə müraciət edirlər. Amma Azərbaycanın etdiyi kimi ABŞ-da siyasi baxışlara təsir göstərmək məqamı çatanda, artıq bu, legitim ictimai diplomatiya ilə siyasi sistemi dəyişmək arasında sərhədi adlayır.

Hesab edirəm ki, əgər fərd yaxud təşkilat Azərbaycan hökumətindən məqalə dərc etdirmək, yaxud seminar keçirmək üçün pul alırsa, onlar sponsorun Azərbaycan hökuməti olduğunu açıqlamalıdırlar. Mənim bu məsələdə standartlarım çox aşağıdır – sadəcə sponsorunun adını açıqla. Yox, əgər sən bu faktı gizlədirsənsə, onda bu, qeyri-etik davranışdır. İctimai rəyə təsirə gəldikdə, bu səylərin Amerikada ictimai rəyə ciddi təsiri yoxdur. Azərbaycanın Amerika ictimaiyyətinə çatdırası yaxşı hekayəsi ola bilərdi. Əfsus ki, Azərbaycan hökuməti Amerika ictimaiyyəti üçün maraq doğurmayan mövzulara diqqət yetirməyə üstünlük verir.

Amerikanın Səsi: Bakıdakı nitqində prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyev Maayan Caffe adlı bir şəxsin Roll Call qəzetində dərc edilmiş məqaləsinə istinad edib. Həmin məqalədə müəllif ABŞ hökumətini Azadlıq Radiosu və Amerikanı Səsini maliyyələşdirməyə son qoymağa çağırmışdı. Siz Amerikada sərgilənən lobbi səyləri ilə Azərbaycanın daxilində müstəqil mətbuatı susdurmaq arasında əlaqə görürsünüzmü?

Richard Kauzlarich: Əvvəla Amerikada vergi ödəyən vətəndaş olaraq və AzadlıqRadiosu və Amerikanın Səsi ilə təcrübəmin əsasında onu demək istərdim ki, ABŞ vətəndaşlarının pulu bundan yaxşı işə sərf oluna bilməz. Bu media orqanları Azərbaycan ictimaiyyətinə təkcə Amerika haqda mesaj yox, dünya xəbərlərini çatdırırlar.

Mən sizin və AzadlıqRadiosunun işinin böyük həvəskarı və tərəfdarıyam. Mən xanım Caffeni tanımıram. İlk dəfədir ki, onun adını görürəm. Azərbaycan və Qafqaz haqda detallı fikir irəli sürmək iqtidarında olan adam kimi mənim belə bir yazıçıdan xəbərim yoxdur.

Hələ AzadlıqRadiosu və Amerikanın Səsinin maliyyələşməsi bir tərəfə qalsın, bu məqalənin Ramiz Mehdiyev tərəfindən gündəmə gətirilməsi mənə qəribə görünür. Ələlxüsus da nəzərə alanda ki, Mehdiyev orada yazılanları sözbəsöz təkrar edib. Bu mənə bir daha göstərir ki, Azərbaycan hökuməti daxildə hansısa əməlinə haqq qazandırmaq üçün Amerikadakı mesajdan istifadə edir. Və bu, Azərbaycan hökumətinin həm daxildə, həm də xaricdə xoşuna gəlmədiyi məlumatları boğmaq üçün səylərinə dəlalət edir.

Cənab Mehdiyev demək itsəyir ki, hətta Amerikada da AzadlıqRadiosunu, Amerikanın Səsini tənqid edirlər və ona görə də bizim üçün bu təşkilatları tənqid etmək, hədəf almaq normaldır. Hesab edirəm ki, Ramiz Mehdiyevin çıxışı ilə bu məqalə arasında birbaşa əlaqə var.

Amerikanın Səsi: Azərbaycanda insan haqlarının durumunu nəzərə alaraq, ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi sizə necə görünür?

Richard Kauzlarich: Mən həmişə demişəm ki, ABŞ-la münasibətlər təkcə təhlükəsizlik və siyasətə yox, ortaq dəyərlərə əsaslanmalıdır. Əlbəttə ki, təhlükəsizlik və siyasi təmaslar mühümdür. Amma əgər ortaq dəyərlər yoxdursa, onda strateji münasibətlərin mövcudluğu çətin olur. Təəssüf ki, Azərbaycan ələlxüsus ötən il ərzində elə dəyərlər sərgiləyir ki, bunlar ABŞ-la strateji münasibətlərə qətiyyən uyğun gəlmir.

Hələ bu problemləri bir kənara qoyaq, əgər sən ABŞ vətəndaşıənı saxlayırsansa, onda bu, strateji münasibətlərin əsaslarına böyük zərbə endirir. Biz kursun dəyişdiyinə dair əlamətlər görmürük. Belə görünür ki, repressiyalar davam edəcək, həbslər bir qədər də çoxalacaq. Hökumət elə bir münasibət sərgiləyir ki, bu onların ABŞ-la strateji münasibətlər qurmaqda ciddi olmadığını göstərir.

Biz çox çətin bir dövrdə yaşayırıq. Ukraynada baş verənlər diqqəti yenidən post-Sovet məkanına yönəldib. Amma Azərbaycan düzgün mövqe seçmir və elə davranmır ki, sabah Rusiyanın gözlənilməz hərəkətləri qarşısında ABŞ-la ehtiyac duyacağı münasibətlərə malik olsun.

XS
SM
MD
LG