Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 03:25

Naxçıvanda döyülən jurnalist İlqar Nəsibov polis nəzarətindədir...


İlqar Nəsibov
İlqar Nəsibov

-

Naxçıvanda döyülən jurnalist İlqar Nəsibova cinayət işi açılıb. Üstəlik o, polis nəzarətinə verilib. Jurnalist bədənə yüngül xəsarət yetirməkdə ittiham olunur. AzadlıqRadiosu İlqar Nəsibovla müsahibəni təqdim edir:

- Nəyə görə sizə cinayət işi açdılar ?

- Sentyabrın 20-də Naxçıvan şəhər Polis İdarəsinə çağırılmışdım. Orada şifahi dedilər ki, mənə qarşı cinayət işi qaldırılıb. Sentyabrın 22-də yenə polisə dəvət etdilər. Bu dəfə ittiham aktı ilə tanış etdilər. Məni döyən Fərid Əsgərova qarşı qaldırılan cinayət işini eyni ilə mənə tətbiq ediblər - qəsdən bədənə az ağır xəsarət yetirmək maddəsi ilə. Guya mən Fəridə xəsarətlər yetirmişəm, güc tətbiq etmişəm. Bu gün onu da bildirdilər ki, mən polis nəzarətinə verilmişəm. Bununla bağlı müstəntiqin qətimkan tədbirini mənə göstərdilər. Dedilər ki, 10 gün ərzində iş məhkəməyə göndəriləcək.

- Naxçıvanı tərk etməməklə bağlı hər hansı xəbərdarlıq etdilərmi?

- Belə bir iltizam almayıblar məndən. Sadəcə, dedilər ki, məhkəməyə kimi polis nəzarətində olacağam. Dedilər ki, polis istənilən vaxt mənə zəng edib, harada olmağımla bağlı məlumat əldə edəcəklər. Mən onlara da bildirdim ki, səhhətimlə bağlı 3-4 günlüyə Bakıya getməliyəm. Bildirdilər ki, bununla bağlı özləri mənə məlumat verəcəklər.

- Hələlik, ortada olan foto və digər faktlardan belə görünür ki, ağır xəsarətlər alan sizsiniz. Sizə xəsarət yetirən Fərid Əsgərova qarşı cinayət işi də açılıb. Birdən-birə eyni ittihamla sizə qarşı cinayət işinin qaldırılmasını necə qiymətləndirirsiniz?

- Bu, mənim fəaliyyətimi məhdudlaşdırmaq, məni qorxutmaq üçün bir təzyiqdir. Naxçıvanda ədalətdən söhbət gedə bilməz. Burada qanunlar işləmir. Qanunlar fərqli düşünənlərə qarşı bir cəza mexanizminə çevrilibdir.

- 10 gün ərzində məhkəmə olacaq. Nə gözləyirsiniz yekunda?

- Mən hiss edirəm ki, bunlar Fərid Əsgərovu tutmaq istəmirlər. Mənə qarşı bu cinayət işini ona görə qaldırıblar ki, mən geri çəkilim. Mən ona əlimi də vurmamışam. Deyirlər ki, guya onun barmağı qırılıb. Əgər həqiqətən qırılıbsa, mənim başıma vuranda qırılıb. Deyirlər ki, guya ayağımla qırmışam. Mən əjdahayam, nəyəm?

- Səhhətiniz nə yerdədir?

- Naxçıvandan çıxa bilməsəm mənim müalicə olmaq imkanlarım sıfıra bərabərdir. Sağ tərəfimdə keyləşmə keçməyib. Sınan sümüklərdə də ağrılar başlayıb, iştahasızlıq yaranıb.

- Bu yaxınlarda həyat yoldaşınız Məlahət Nəsibova Milli Şura üzvü seçildi. Sizə açılan cinayət işini bununla əlaqələndirənlər də var...

- Deyə bilmərəm. Hər şey ola bilər. Bəlkə də ehtimal etmək olar...

- Bundan sonrakı fəaliyyətinizdə dəyişiklik gözlənilirmi?

- Geri çəkilməyəcəyəm. Fiziki, maddi, mənəvi ziyana mən düşmüşəm. Bunlar məni döyəndən sonra tərk edib, ofisdən çıxıb getmişdilər. Həmin vaxt 2 litrdən çox qan itirmişdim. Mən özümə gəlib, həyat yoldaşıma zəng etməsəydim, öləcəkdim. Bunların ədalətinə inanmıram. Qurama işdir, sifarişlə həyata keçirilir.

XS
SM
MD
LG