Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:36

«Turizm haqqında» qanun: Azərbaycana «gəl», yoxsa «gəlmə»?


Foto: Arxiv
Foto: Arxiv

-

Gözlə

No media source currently available

0:00 0:06:30 0:00
Direct-ə keçid

«Qapıları açmaq lazımdır ki, ölkəyə daha çox turist gəlsin. Təbii, gələn turistin bir qəbahəti yoxdursa. İstər fiziki şəxs kimi, istər bir şirkətin nümayəndəsi, istərsə fərdi qaydada – bir sözlə, hansı yolla gəlirsə-gəlsin, əsas odur ki, ölkədə turizm gəlişsin. Ölkəyə valyuta axını olsun. Amma qanuna son dəyişiklər ölkəyə gələn turist sayını azaldacaq».

Bu sözləri «Turizm haqqında» qanuna əlavələr parlamentdə müzakirəyə çıxarılarkən, millət vəkili Fazil Mustafa dilə gətirib.

Oktyabrın 17-də Azərbaycan Parlamenti sözügedən qanuna 7-ci maddəni artırıb. Bəzi deputatlar razılaşmasa da, parlament bu dəyişikliyi bəyənib.

6 BƏNDLİ 7-Cİ MADDƏ...

«Turizm haqqında» qanuna 6 bənddən ibarət 7-ci maddə əlavə olunub. Ortaya sual çıxır: bu əlavə niyə bəzi deputatların etirazını doğurub? Narazı deputatlar «Turizm vizası və turistlərə verilən elektron vizalar» adlı maddənin, özəlliklə 4-cü və 5-ci bəndlərini etirazla qarşılayıblar. Orada deyilir:

«7-1.4. Azərbaycan Respublikasına gələn turistlər turizm şirkətləri vasitəsilə elektron viza ala bilərlər.

7-1.5. Elektron viza almaq üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında fəaliyyət göstərən və müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçmiş turizm şirkətlərinə birbaşa və ya yaşadıqları ölkələrdə həmin şirkətlərin tərəfdaşı olan turizm şirkətləri vasitəsilə müraciət edə bilərlər».

Fazil Mustafa
Fazil Mustafa

Əlavənin əleyhinə çıxan deputatlardan biri – Fazil Mustafa belə məhdudlaşdırıcı bəndə ehtiyac görmür:

«Fiziki şəxslər turizm firmasından yararlanmadan viza ala bilməzlər. Qanunda birbaşa qadağa yoxdur, amma yalnız «hüquqi şəxslər» sözünü saxlamaq bu sahəni turizm firmalarının inhisarına vermək deməkdir. Bu, yanlışdır. Təbii ki, xarici vətəndaşlar ölkəyə turizm firmaları vasitəsilə gələ bilər, amma onların fərdi qaydada gəlmələri də məhdudlaşdırılmamalıdır. Dünya təcrübəsinə baxanda, əcnəbilər kiminsə vasitəçiliyi olmadan ölkəyə gələ, istədikləri turizm obyektini seçə və istədikləri yerdə, istədikləri kimi istirahət edə bilərlər. Amma bizdə, təəssüf ki, məhdudlaşdırıcı yolu seçiblər. Bu da yanlış yanaşmadır, anlaşılan deyil. Niyə mənim ölkəyə fərdi gəlişim məhdudlaşdırılmalıdır? Niyə yalnız və yalnız hansısa turist firması vasitəsilə gələ bilərəm? Üstəlik, bu turizm şirkətlərinin xidmət keyfiyyətinə kim zəmanət verəcək? Turistlərin seçim imkanları olmalıdır. Bu sahə kimlərinsə inhisarına verilməməlidir».

SƏRTLƏŞƏN ŞƏRTLƏR VƏ NƏTİCƏ...

Fazil Mustafanın fikrincə, qanuna yeni əlavə, ilk növbədə, ölkəyə gələn turistlərin sayına təsir göstərəcək. O, bu fikrini belə əsaslandırır ki, azərbaycanlılar qonşu ölkələrdə – Gürcüstan və Türkiyədə daha çox istirahətə meyllənir, nəinki Azərbaycanda. Bununla da daxili turizmdən gələn vəsait azalır. Bu gerçəklər ola-ola, xarici turizmin, üstəlik, qanuna əlavələrlə məhdudlaşdırılması anlaşılan deyil:

«Əlavənin ən böyük ziyanı odur ki, ölkəyə gələn turist sayı azalacaq. İnsanlar daha çox sərbəstliyi seçir, istəyir ki, özləri rahatlıqla onlayn qaydada viza doldursunlar. Onların sərbəstliyini əllərindən alıb, şərtləri sərtləşdirmək, son nəticədə, Azərbaycana gəlmək istəyənlərin həvəsini qaçıracaq».

Siyavuş Novruzov
Siyavuş Novruzov

YENİ QAYDA TƏHLÜKƏSİZLİK TƏDBİRİDİR?

Qanunu dəyişdirməyin tərəfdarlarından olan Siyavuş Novruzov əlavələri təhlükəsizlik baxımından yerində və doğru sayır:

«Kiminsə istədiyi vaxt və istədiyi şəkildə ölkəyə gəlişinə icazə verilsə, bəs təhlükəsizlik məsələləri necə olacaq? Əksər Avropa ölkələri bu sistemlə çalışır. Bu qanunun əleyhinə çıxan deputatlar, yəqin, bu halla rastlaşmayıblar. Axı bizim diplomatik pasportlarımız var, ona görə də bizdən bunlar tələb edilmir. Amma adi Azərbaycan vətəndaşı xaricə getmək istəyirsə, bu mərhələdən keçməlidir. Turist vizası almaq istəyənlər bütün sənədləşdirmə işlərini hüquqi şəxslərlə görürlər. Bu, həm turistlərin özünə xeyirdir, həm də ölkəyə».

SON 5 İLDƏ ÖLKƏYƏ GƏLƏN TURİSTLƏRİN SAYI YARIBAYARI AZALIB

Azərbaycanda gələn turistlərin sayı azalmaqda, turist sifətiylə başqa ölkələrə gedənlər artmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatlarından bu nəticə çıxır. Məsələn, 2012-ci ildə Azərbaycana 23 min 440 turist gəlibsə, 2013-cü ildə bu göstərici 10 min 605 nəfər olub. Yəni, azı, 50 faiz azalıb. Əvəzində Azərbaycandan gedən turistlərin sayı artıb. 2012-ci ildə 78 min turist xaricə gedibsə, 2013-cü ildə bu rəqəm 81 min 500 nəfərə çatıb.

Bir məqam da gözardı edilə bilməz: 2012-ci ildə Azərbaycan «Eurovision 2012» mahnı yarışmasına ev sahibliyi edib. Amma yarışmadan bir il öncənin – 2011-ci ildə ölkəyə gələn turist sayının iki il sonra ilə – 2013-cü illə müqayisəsi yenə azalma meylini açıq üzə çıxarır: arada, azı, 7 min nəfər fərq var.

Bakı Dövlət Universitetinin «Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm» kafedrasının müəllimi Samir Babazadə qanunlara hər hansı əlavə və dəyişiklik etməzdən öncə mütəxəssislərlə məsləhətləşməyi məsləhət görür. Onun fikrincə, mütəxəssis təklifləri nəzərə alınsaydı, belə qaranlıq məqamlar qalmazdı:

Monteneqroda turistlər
Monteneqroda turistlər

«Təklif edərdim ki, turist vizaları sadələşdirilsin. Vizaverilmə qaydasının sadələşdirilməsi ölkəyə gələn turist sayının çoxalmasına birbaşa təsir göstərir. Qanunlara əlavələr zamanı mütəxəssislərlə məsləhətləşmələr sonrakı problemləri də önləyə bilər. Tutalım, bir müddət öncə əcnəbilərin qeydiyyatı ilə bağlı otellərin üzərinə bir məsuliyyət qoyulub. Yeni əlavəyə görə, otellər də əcnəbilərin qeydiyyatını aparmalı və Miqrasiya Xidmətinə məlumat verməlidir. Burada bəlli boşluqlar var».

MONTENEQRO TƏCRÜBƏSİ

Daha çox turist cəlb etməkdən ötrü ayrı-ayrı ölkələr müxtəlif yollara əl atır. Tutalım, Monteneqro (Azərbaycanda əvvəllər daha çox Çernoqoriya kimi tanınan ölkə – keçmiş Yuqoslaviyadan ayrılan müstəqil dövlət – red.) yayda ölkəyə daha çox turist gətirmək üçün mövsüm boyunca viza rejimini aradan qaldırır. Amma bununla da yetərlənmir – turistlərə ucuz təyyarə biletləri və əlverişli qiymətə otellər təklif edir. Bütün bunlar ölkəyə daha çox turistin, büdcəyə də daha çox vəsaitin gəlməsi deməkdir. Daha çox turistsə daha çox iş yeri deməkdir. Bir sözlə, turizmin inkişafı təkcə ölkənin iqtisadiyyatına deyil, sosial yaşamına da birbaşa təsir göstərir.

XS
SM
MD
LG