Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 03:35

İlqar Məmmədov: «Əfv ərizəsi yazmayacağam»


İlqar Məmmədov,REAL hərəkatının həbsdəki lideri
İlqar Məmmədov,REAL hərəkatının həbsdəki lideri

-

REAL Hərəkatının həbsdəki lideri İlqar Məmmədov əfv ərizəsi yazmayacağını bildirir. Bunu cənab Məmmədov noyabrın 1-də REAL-dan olan həmkarlarına söyləyib. Bu barədə hərəkatın üzvü Azər Qasımlı noyabrın 2-də facebook səhifəsində yazıb.

Azər Qasımlı şənbə günü həmkarları Erkin Qədirli və Natig Jafarli ilə 2 saylı cəzaçəkmə müəssisəsində İlqar Məmmədovla görüşdüyünü, 3 saata yaxın “bütün məsələləri ətraflı müzakirə etdiklərini” qeyd edib:

DAXİLDƏN SINMAMAQ

“İlqar bəy xahiş etdi ki, ərizə yazan NİDA-çılarla bağlı mövqeyini sizlərlə bölüşək. İlqar bəy heç kəsin ərizə yazan gəncləri günahlandırmağa mənəvi haqqı olmadığını hesab edir: Ərizə yazmaq istəyən hüquq müdafiəçiləri, QHT rəhbərləri, gənc fəallar bunu çəkinmədən edə bilərlər. Onlar özlərini qorumalı və mövcud siyasi rejimə qurban verməməlidirlər. Çünki onlar bu ölkəyə gərəkli olacaqlar. Əsas məsələ daxildən sınmamaqdır!

Lakin bununla yanaşı İlqar bəy bildirdi ki, siyasi təşkilat rəhbəri kimi o özü belə bir ərizə yaza bilməz və yazmayacaq da! Bir sözlə bu məsələdə möhkəmdir.

RAMİZ MEHDİYEVİN ÇIXIŞINA CAVAB

Ramiz Mehdiyevin son çıxışına cavab olaraq 2003-cü ildə yazdığı bir məqaləni paylaşmamızı xahiş etdi. Bütün dostlara salamlarını çatdırdı.

"Ruhdan düşmək yox, yola davam!”

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev oktyabrın 25-də etdiyi çıxışında dövlət qurumlarının ciddi kadr böhranı ilə üzləşdiyini vurğulayıb. Cənab Mehdiyev həmçinin hicabla təhsil müəssisələrinə, o cümlədən ali məktəblərə getmək istəyənlərin sayının artmasından, Azərbaycandan bəzi cavanların «islam dövləti» uğrunda mübarizəyə cəlb edilməsi və Suriyaya getməsindən narahatlıq bildirib.

İlqar Məmmədov 2013-cü ildə İsmayıllı rayonunda etirazların təşkilində təqsirli bilinib, yeddi illik həbs cəzası alıb. Müsavat başqanının müavini Tofiq Yaqublu da eyni ittihamla beş illik həbsə məhkum edilib. Onlardan başqa daha bir neçə nəfər həmin hadisələrə görə həbs olunub.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi sifariş sayır. Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun dərhal azadlığa buraxılması, ona təzminat ödənilməsini tələb edən qərar çıxarıb. Həmin qərar üç ay ərzində icra olunmalıdır.

XS
SM
MD
LG