Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 13:40

«Azərbaycan məhbəslərindəki əziz təmiz insanlar...»


Arif Yunus və Leyla Yunus
Arif Yunus və Leyla Yunus

-

Siyasi məhbusların yaxınlarına və vəkillərinə dünyanın müxtəlif yerlərindən məktublar yazılır. AzadlıqRadiosu məhbusların və məhbuslara yazılan məktubların dərcinə başlayır.

«SONUNDA DOĞRU OLAN ÜSTÜN GƏLİR»

«Azərbaycan məhbəslərindəki əziz təmiz insanlar, əziz Leyla, əziz Arif!

Biz heç vaxt görüşməmişik, hərçənd mən bir neçə il Azərbaycanda və Azərbaycan üzrə işləmişəm. Mən daha çox texniki işlərlə məşğulam və zənnimcə, buna görə də yollarımız heç vaxt kəsişməyib. Mənim bəzi dostlarım sizi uzun müddətdir tanıyırlar və buna görə də gördüyünüz işlər barədə məlumatım var. Mən Azərbaycanda baş verənlərdən, işimlə əlaqədar tanıdığım və həmişə çox hörmət etdiyim İlqar Məmmədovun 2013-cü ilin fevralında həbs edilməsindən sonra narahat olmağa başladım.

Mən bu məktubu yazıram ki, sizin gördüyünüz işlərin nə dərəcədə ilhamverici olduğunu bildirim. Siz həmişə ən birinci önəmi insanlara verən siyasətləri müdafiə etmisiniz. Belə bir yanaşma heç də həmişə xoşa gəlmir və bəzən hətta təhlükəlidir, çünki insan təmizliyi üçün məkan açır.

Haradasa, bəlkə də bir dissidentin xatirələrində oxumuşam ki, məhbuslar məkanı zamana dəyişirlər. Kameranız dardır, amma zamanınız sonsuzdur. Bu, sevincli bir duyğu deyil, lakin təhlükə və zülmdən qorxmayan insanlara, bugündən uzaq keçmişə gedən o uzun və qırılmaz ənənə xəttini izləmək imkanı verir. Bu həm də onu göstərir ki, ilk baxışdan ağla sığmasa da, sonunda doğru olan üstün gəlir. Bəlkə də bunları uzaqdan söyləmək asandır, lakin mən inanıram ki, zaman həmişə insanlara hakimiyyət və puldan daha çox önəm verən daha təmiz dünya üçün döyüşənlərlədir.

Sizə məktub yazanlardan fərqli olaraq, mən başqa bir ölkənin adi vətəndaşı kimi yazıram. Bu, müəyyən məhdudiyyət qoyur. Təşkilatların adından yazanlar sizin azad edilməyiniz üçün təzyiqi davam etdirəcəklər, Azərbaycan hökumətinə və dünyaya göstərəcəklər ki, ölkə vətəndaşı ilə xoş rəftar CNN telekanalında bahalı reklam verməkdən daha faydalıdır.

Lakin mənim adi bir vətəndaş kimi yazmağımda da fayda var: Bu bir siqnal olacaq ki, dünya boyunca adi vətəndaşlar Azərbaycanda çox sayda təmiz adamın həbsə atıldığını görürlər. Bu, çox mühüm mesajdır. Biz sizi dəstəkləyirik və dəstəkləməkdə, sizdən, Azərbaycanda doğrunun və başqa insanların tərəfində dayanan çox sayda mərd insandan ilhamlanmaqda davam edəcəyik.

Ən xoş arzularla,

Doktor Hans F.Gutbrod

Almaniya».

XS
SM
MD
LG