Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 07:53

Zeynəb Xanlarova: «Heydər Əliyev mənə dedi ki, ay qız, o nə yazı idi yazmışdın»


Zeynəb Xanlarova
Zeynəb Xanlarova

-

“QƏLBİMDƏ DAİM YAŞAYAN İNSAN”

12 dekabr- keçmiş prezident Heydər Əliyevin vəfatından 11 il keçir. “Azərbaycan” qəzeti SSRİ xalq artisti, Dövlət mükafatları laureatı, Milli Məclisin deputatı Zeynəb Xanlarovanın yazısını dərc edib. Müəllif Heydər Əliyevlə bağlı xatirələrini bölüşür.

“İndiyə qədər onun cismani yoxluğu ilə barışa bilmirəm. Mənim üçün dünya həqiqətən də kiçilib, günəşin şüası azalıb. Onsuz həyat mənim üçün bir heçdir. Axı, mən həmişə ilhamı həm də ondan almışam...

... Bir əhvalat da danışmaq istəyirəm. Məlumdur ki, Heydər Əliyevin düşmənləri həm içəridən, həm də Moskvadan dayanmadan onu şərləyirdilər. O zaman mən SSRİ Prezidenti Mixail Qorbaçovun ünvanına sərt bir məktub yazdım. Birini də “Komsomolskaya Pravda” qəzetinə göndərdim. Allah bilir ki, məktubda nələr yazmışdım. Sonralar Heydər Əliyev mənə dedi ki, "ay qız, o nə yazı idi yazmışdın! Qorxmurdun ki, səni o yazıya görə məsuliyyətə alarlar?" Dedim: “Sizin uğrunuzda güllə qabağına da gedərəm, çəkinmərəm”. Bu, o vaxt idi ki, mənə “Sosialist Əməyi Qəhrəmanı” fəxri adı verilməsi haqqında fərman Qorbaçovun masasının üstündə idi. Bircə imza atmağı qalmışdı. Mənim yazımı oxuyandan sonra həmin fərmanı kənara tullayıb demişdi: “Eto ta narodnaya artistka SSSR Zeynab Xanlarova? Posle etoqo pisma yey ne polojeno eto poçetnoe zvaniy “Qeroy Sosialistiçeskoqo Truda”. (Bu həmin SSRİ Xalq Artisti Zeynəb Xanlarovadır? Belə məktubdan sonra ona “Sosialist Əməyi Qəhrəmanı” fəxri adı düşmür). Mən də dedim ki, cəhənnəmə versin!

TALEH BAĞIROV QOBUSTANA KÖÇÜRÜLƏCƏK

Həbsdə yatan ilahiyyatçı Taleh Bağırov Qobustan qapalı həbsxanasına köçürüləcək. Qaradağ Rayon Məhkəməsi 12 saylı Cəzaçəkmə Müəssisəsi rəisinin təqdimatı ilə belə qərar çıxarıb.

Vəkil Zaman Səmədov “Media forum”a bildirib ki, məhkəmə qərarı dekabrın 20-də qüvvəyə minir, ondan sonra məhbus Qobustana etap ediləcək.

Məhbusun qardaşı Elşən Bağırov deyib ki, bəlkə də Qobustan daha əlverişli variantdır:

“Çünki 12 saylı Cəzaçəkmə Müəssisəsində Talehə telefonla danışmaq imkanı vermirlər, yanına gedənləri görüşə buraxmırlar. Qobustanda heç olmasa 3 aydan bir görüş mümkün olar”.

TALEH BAĞIROVUN 2015-Cİ İLİN AVQUST AYINDA HƏBSDƏN ÇIXMALIDIR

“Azadlıq” bütün dövrlərdə prinsiplərinə sadiq qalıb”

Yaxın günlərdə 25 yaşını tamamlayacaq “Azadlıq” qəzeti baş redaktorun birinci müavini Rahim Hacıyevlə müsahibə dərc edib.

- Son illər “Azadlıq”a təzyiqlər nə ilə bağlıdır?

- “Azadlıq” qəzeti fəaliyyət göstərdiyi 25 il ərzində Azərbaycan mətbuatı tarixinin ən parlaq nümunələrindən birinə çevrilmişdi. Qəzet başlıca amalına həmişə sadiq qalıb - azadlığa və həqiqətə xidmət etmək, ölkədə gedən proseslər, baş verən hadisələr barədə oxuculara obyektiv informasiya çatdırmaq. Bütün bunlar Azərbaycanda mövcud olan avtoritarizmin qəzetə qarşı sərt repressiyaları ilə nəticələnib. 2006-cı ildə qəzet ofisindən çıxarılıb. Bir az sonra qəzetin satirik yazarı və daha sonra baş redaktoru həbs olunub. İki əməkdaşı bıçaqlanıb və onlar ölkəni tərk etməyə məcbur olublar. Bu proses sonrakı illərdə də davam edib. Əməkdaşların oğurlanması, döyülməsindən belə çəkinməyiblər. 2014-cü il bu baxımdan daha ağır olub. Natiq Ədilovun qardaşı həbs olunub, daha sonra siyasət şöbəsinin müdiri Seymur Həzi həbs edilib. Qəzetin başqa bir əməkdaşı Xalid Qarayev 25 sutkalıq həbs olunub. İlin əvvəlində digər əməkdaşımız İlham Hüseyn də 20 sutkalıq həbs olundu. Eyni zamanda, qəzet ağır maliyyə vəziyyətinə salınıb.

BÖLGƏLƏRDƏ İNSANSIZ KƏNDLƏR ÇOXALIR

“Bizim Yol”: Dövlət Statistika Komitəsinin hesabatında əhalisi az olan kəndlərin adları açıqlanıb. Məlum olub ki, Şamaxı rayonunun Acıdərə kəndində cəmi 1 nəfər yaşayır. Əhali sayına görə sonrakı yerləri İsmayıllı rayonunun Pirqəm kəndi-2 nəfər, Gərzə kəndi - 3 nəfər, Dahar kəndi - 5 nəfər tutur. Bəzi rayonlarda da əhalisi az olan kəndlər var. Neftçala rayonunun Qızqayıtdı kəndində - 3, Siyəzən rayonunun Əlməkolu kəndində - 4, Qax rayonunun Bağtala kəndində - 9, Yardımlı rayonunun Musa kəndində 8 nəfər yaşayır. Komitənin məlumatına görə, Azərbaycanın bəzi rayonlarında müxtəlif səbəblərdən tamamilə boşalan və hazırda heç kimin yaşamadığı bir neçə kənd də var. Hazırda həmin ərazi kənd statusu daşısa da, heç kim yaşamır. Məsələn, Balakən rayonunun Göyəmtala, Darvazbinə, Abjit, Mazımqarışan, Bərdə rayonunun Çərəlilər kəndi, Cəlilabad rayonunun Novoqolovka qəsəbəsi, Hacıqabul rayonunun Balıqçı qəsəbəsi, Meyniman kəndi, Xaçmaz rayonunun Xaraxoba, Üryənoba, Xızı rayonunun Yuxarı Əngilan, Qars kəndində heç kim yaşamır. Quba rayonunun İbrahimhaput, Gədik, Qobustan rayonunun Şıxlar, Damlamaca, Dağ Kolanı kəndində, Şamaxı rayonunun Yeni Qızmeydan, Zaqatala rayonunun isə Əzgili kəndi kənd statusu daşısa da, hazırda orda heç kim yaşamır. DSK-nın məlumatına görə, hazırda ölkə əhalisinin 53 faizi şəhərlərdə, 47 faizi isə kənd yerlərində yaşayır.

“YENİ NƏSİL ORTAYA ÇIXMALIDIR Kİ, İNQİLABA, QAN VERMƏYƏ HAZIR OLSUN”

Güney Azərbaycan Demokrat Partiyasının sədri, İsveçdə mühacir həyatı yaşayan Mahmud Bilgin Bakıya səfəri çərçivəsində “Yeni Müsavat” qəzetinə müsahibə verib.

- Bu gün Güneydəki milli hərəkat səngimiş kimi görünür, üstəlik də hərəkat lidersiz qalıb. Belə olan halda vəziyyətin yaxşılığa doğru dəyişməsinə nə dərəcədə ümid edirsiniz?

- İran hakimiyyəti “liberal” adlandırdığı Ruhani kartı ilə oynamağa çalışdı, azərbaycanlıların bəzi hissələrini də arxasınca aparmağa çalışdı, bir sıra hallarda buna nail oldu. Biz demişdik ki, bu, bir oyundur. Ancaq rejim bu oyunu bacardı. İndi isə bu oyun əhali arasında öz rəngini itirib. Sual olunur, Ruhani bu il yarımda nə iş gördü? Əslində vəziyyət daha da pisləşib. Camaata basqılar yenə davam edir, Urmu gölü üçün bir iş görmədi, ədalət gətirəcəyini vəd etmişdi, bunu görmədik. Üstəlik, yerindən tərpənən zindana atıldı. Yeni GAMOH-un liderlərindən olan Yürüş Mehrəlibəyli, Lətif Həsənliyə 9 il zindan veriblər. Bu, təkcə onlara verilən cəza deyil. Bizim millətimizin gözünü qorxutmaq üçün belə edirlər ki, o biri fəallar da yerlərində otursunlar.

Camaatımız bu basqının qabağında nə edir? Görür ki, küçə və meydanlara çıxsa, qan töküləcək, hələ inqilab vaxtı deyil. Ona görə də otaqlara toplaşıb türkləşmə, milliləşməyə aid kitablar oxuyurlar, internetdən materiallar tapırlar, feysbukla əlaqə yaradırlar. Bu yolla milli hərəkat özünü toparlamağa çalışır ki, yenidən hərəkətə keçsin. Bir də ki, inqilab etmək sadə məsələ deyil. 2006-cı ildə milyonlarla insan küçələrə axışdı, onlarla şəhid verdik, yüzlərlə yaralımız oldu, 17 min ada tutuldu. Bu, bir topluma böyük bir zərbəydi. Növbəti dəfə ayağa qalxmaq üçün hazırlıq gərəkdir. Yeni nəsil ortaya çıxmalıdır ki, inqilaba, qan verməyə hazır olsun. Bu hazırlıq da gedir. Əsas məsələ odur ki, rejim zəifləsin, rejimin içərisindəki mafiya qrupları zamanında olduğu kimi bir-birinin qanına daraşsın və Qərb də bizim hərəkatı mənimsəsin, ona yardımçı olsun. Yardımçı olmasa da, heç olmasa hərəkata müxalif də olmasın.

XS
SM
MD
LG