Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 05:07

Seymur Baycan. Əsir və girov götürülmüşlər


Seymur Baycan
Seymur Baycan

-

Oğlanlar var kreditə aldıqları maşınlarla lotuluq edirlər, kreditlə aldıqları maşını onun-bunun üstünə sürürlər, adi bir söz üstündə davaya çıxırlar, amma borclu olduqları adamların qarşısında quzuya dönürlər.

Evdə iki arvad xeylağı ola-ola kreditlə qabyuyan maşın alan adamları başa düşə bilmirəm...

Seymur Baycan

ƏSİR VƏ GİROV GÖTÜRÜLMÜŞLƏR

Yaxın keçmişimizdə Mərkəzi Bank bir məlumat yaydı.

Məlumata görə, ölkədə vaxtı keçmiş kreditin həcmi, sayı, miqdarı (heç bilmirəm hansı sözü yazım, hansı söz daha münasibdi) bir milyarda yaxınlaşıb.

Daha bilmədim bir milyard manata yaxınlaşıb, yoxsa bir milyard dollara. Hər halda manat olar.

İqtisadiyyatdanbir qram da anlayışım yoxdu. Desələr beş ən məşhur iqtisadçının adını çək, heç ikisinin adını çəkə bilmərəm. Heç bilmirəm Mərkəzi Bankın açıqladığı bu rəqəm böyük rəqəmdi, yoxsa balaca. Pulla əlaqəli rəqəmləri sevmirəm. Qərəz, iqtisadiyyat nə qədər vacib sahə olsa da, iqtisadiyyatı güclü olan dövlət nə qədər hər şeyə qadir olsa da, bu sahədən heç məlumatlı deyiləm.

Mərkəzi Bankın açıqladığı rəqəm diqqətimi çəkməzdi. Bu mövzuda yazı da yazmazdım. Əgər oxuduğum bir müsahibə olmasaydı.

Goranboyda baş verən faciədən hamının xəbəri var. Bu hadisə haqqında yazmayan qəzet, sayt, göstərməyən telekanal qalmadı. Rafiq Hüseynov adlı bir insan qumbara atıb neçə nəfəri öldürdü. Qumbaranı atıb adamları öldürən Rafiq Hüseynovun atası Müzəffər Hüseynov (sonra bu kişi də öldü. Ürəyi partladı.) müsahibə vermiş və demişdi: "Oğlum bir dəfə su üstündə dalaşıb polisə düşmüşdü. Bankdan min manat kredit götürüb oğlumu çıxartdırdım".
Mərkəzi Bankın yaydığı məlumatla bu sözlər arasında qəribə izahedilməz bir əlaqə gördüm.

Neçə vaxtdı Mərkəzi Bankın yaydığı məlumatla R.Hüseynovun atası M.Hüseynovun müsahibədə dediyi sözlər arasında gördüyüm əlaqə mənə rahatlıq vermir. Elə hey bu haqda düşünürəm. Bu bir cümlə ilə ölkədəki vəziyyəti tam izah etmək olar. Bu bir cümlədə bütöv bir ölkənin reallığı yatır. Bu cümləni bir az analiz etsən, ölkədə adamların necə yaşaması, vətəndaşların necə idarə olunması tam ortaya çıxar.

Su üstündə dalaşmaq... Buna görə polisə düşmək... Sonra da bankdan kredit götürub polisdən can qurtarmaq... Dəhşətdi. Görün, adamlar necə yaşayırlar. Ölkənin və insanların səviyyəsi ortadadı. Bu haqda bir neçə dəfə eşitmişdim ki, adamlar polisə düşəndə əgər satmağa ovucun içində heç nə yoxdursa, bankdan kredit götürüb canlarını qurtarırlar.

Bir daha təkrar edirəm, Mərkəzi Bankın yaydığı rəqəmin böyük, yoxsa kiçik, dözüləsi, yoxsa faciəvi rəqəm olduğunu bilmirəm. Amma onu dəqiq bilirəm ki, ölkədə az qala hər üç adamdan biri bankdan götürdüyü kreditin əsirinə çevrilib.

Görünən dağa nə bələdçi. Mərkəzi Bank məlumat yaydı, yaymadı onsuz da söhbətlərdən, adamların danışıqlarından, giley-güzarlarından vəziyyətin hansı həddə olduğu göz qarşısındadı. Kimisi məcbur qalıb kredit götürüb. Kimisi də bekarçılıqdan, kimisi də heç zərurət olmadığı halda kredit götürüb və özünü elə aparır ki, güya başqa cür mümkün deyildi, başqa yol yox idi, mütləq bankdan kredit götürməli idi.

Kredit götürənlər arasında hər cür adama rast gələ bilərsiniz. Onlar hər cür səbəb səsləndirə bilərlər. Biri qızını ərə verirmiş, mebel və cehiz almaq üçün kreditə girib. Biri evi təmir etmək üçün kredit görtürüb, biri maşın alırmış. Biri nəsə bir məişət avadanlığı almağı əşhədü-vacib hesab edib. Biri toyuna tanınmış müğənni çağırmaq üçün kredit götürüb (belələri də var)...

Harasa gəzməyə, istirahətəgetmək üçün kredit götürənlər də var. Səbəblər müxtəlifdi. Gəlin razılaşaq ki, vacib məqamları nəzərə almasaq, adamların çoxu bekarçılıqdan, o qədər də zərurət olmadan kreditin əsirinə çevriliblər. Məsələn,

AzTV demişkən uzağa getməyək, birinci özümünkülərdən yazım. Anam kredit götürərək özünə "şuba" alıb. Onun kimi nə qədər adamlar var. Halbuki o, bankdan kredit götürməyin əvəzinə başqa bir şey, daha ucuz bir şey alıb əyninə geyinə bilərdi.

Gəlin razılaşaq ki, adamlar çaşıblar. Yaşamağı bacarmırlar. Reklamlar və seriallar, çeşidlərin bolluğu onları çaşdırıb. Öz real vəziyyətləri ilə arzuları arasındakı sərhədi müəyyən edə bilmirlər. Ayaqlarını yorğanlarına görə uzatmırlar. Sabahı düşünmürlər. Nəticədə bataqlığa düşürlər.

Bu bankdan alıb o banka verirlər, o bankdan alıb bu banka ödəyirlər. Əlinin papağın Vəlinin başına, Vəlinin papağını da Əlinin başına qoyurlar. Narahatdırlar. Görəsən, bu ayın kreditini necə ödəyəcəm sualı onları daima narahat edir. Axı, kreditlə baş tutan toyda, nişanda necə ürəkdən əylənmək olar.

Belə baxırsan bəzənib-düzənib, geyinib-keçinib restorana gəliblər, amma real vəziyyət başqa söz deyir. Real vəziyyət onu deyir ki, bu zahiri təmtərağa aldanmaq olmaz. Bu zahiri təmtərağın arxasında böyük bir narahatlıq, söz-söhbət, dava-dalaş, intriqalar yatır. Adamların həyatı artıq özlərinə məxsus deyil.Saxtakarlıq, riyakarlıq, yersizbəhsəbəs adamları zahiri təmtərağa üstünlük verməyə məcbur edir və nəticədə adamlar banklardan asılı vəziyyətə düşürlər. Görünür onlar cəmiyyətin tələbini yerinə yetirirlər. Əgər cəmiyyətdə bu zahiri təmtərağa qiymət verilməsə, adamlar maşın, geyim əldə etmək üçün özlərini bu qədər əzab-əziyyətə salmazlar.


Adamın yadına Balzakın "Qobsek" əsəri düşür. Orda Balzak deyir ki, bu bəzəkli karetaların, bu bəzəkli paltarların sahibləri qoca Qobsekin, qoca sələmçinin qarşısında alçalırlar.

Qobsekə yalvarıb, özlərini alçaldırlar. Nəyin üstündə? Zahiri təmtərağın üstündə. Kreditə girib paltar almaq bu qədər vacibdirmi? Əgər insan hər zaman krediti necə ödəyəcəm sualı haqqında düşünürsə, başım çıxmır kreditə aldığı maşından, mebeldən, paltardan necə həzz ala bilər? Bu çoxmu vacibdir?

Qoca sələmçi Qobsek deyirdi: "Cəmiyyətdə bir söz üstündə başqalarını duelə çağıran dəlisov gəncləri burda, mənim zirzəmimdə görmək lazımdı. Onlar göz yaşı tökür, yalvarırlar".

Qobsek deyir ki, camaatın baxdığı teatrlar əsl teatr deyil. Əsl teatr burda, mənim zirzəmimdə göstərilir. Bu, həqiqi teatrdı və bu teatrın bir tək tamaşaçısı var. O da Qobsekin özüdü. Yəni Balzakın yazdığına görə, o adamlar ki müsamirələrdə bahalı paltarlarda gəzirlər, bahalı karetaları var, onlar bu zahiri təmtərağa görə qoca sələmçi Qobsekin qarşısında yalvarıb alçalmaqdadırlar. Qoca sələmçi Qobsekin dedikləri bizim cəmiyyət üçün də xarakterikdir. Oğlanlar var kreditə aldıqları maşınlarla lotuluq edirlər, kreditlə aldıqları maşını onun-bunun üstünə sürürlər, adi bir söz üstündə davaya çıxırlar, amma borclu olduqları adamların qarşısında quzuya dönürlər. (Ardı aşağıda)

Yazda rayonda, yeməkxanada yaşlı bir kişiylə tanış oldum. O, qarşı masada oturmuşdu. İkimiz də söhbət etmək istəyirdik. Hardan başlayacağımızı bilmirdik. Axırda söhbətə o, körpü saldı. Soruşdu ki, deyəsən, buralı deyilsən.
Dedim bəli, buralı deyiləm.

Hansı işlə məşğul olduğumu soruşdu. Adətən, hansı işlə məşğul olduğumu adamlardan gizlədirəm. Deyəndə jurnalistəm, bu, adamları hürküdür. Deyəndə yazıçıyam, bəziləri bu peşənin, ümumiyyətlə, nə olduğunu bilmir, bəziləri də boş-boş danışıb, adamın enerjisini alırlar, mövzu verirlər, deyirlər, gəl həyatımı danışım, roman yaz.

Bu yaşlı, zəhmətkeş kişini nədənsə aldatmaq istəmədim. Xeyirxah, həm də sadəlövh görkəmi var idi. Elə bir görkəm ki, baxan kimi adamda əminlik yaranır. Bu adamdan heç bir zərər gəlməz. Həm də belə müsbət enerjili, yaşlı adamlarla söhbət etməyi xoşlayıram.

Dedim yazıçıyam. Kişi nəylə məşğul olduğumu tam anlamasa da, yazı-pozuyla məşğul olduğumu başa düşdü, sağ olsun, məni çox dağa-daşa salmadı. Bekarçılıq idi. Yaxşı yemişdim. Çay içə-içə söhbət etməyin yeri var idi. Kişi ordan-burdan danışdı. Dedi ki, heç vaxt işsiz qala bilmir. Həmişə işləyir.
Sonra adamların avaralığından şikayətləndi. Dedi, camaat həyət-bacasını becərmir. Həyət qalır bomboş, hər xırda şey üçün bazara qaçırlar. Hər xırda şey üçün bazara qaçsan, buna heç Həzrəti Süleymanın xəzinəsi də davam gətirməz.

Çox danışdı. Axırda da dedi ki, bala, camaat qudurub. Ömür boyu işləyən, qoca yaşında da işdən qalmayan bir qoca kişinin fikrini belə kobud ifadə etməsi təbiidir. Yəqin ki, o, ətrafında baş verənləri başa düşmür və öz tərəfindən qəti olaraq prossesə belə ad verib.

Əlindən ömrü boyu bel düşməyən bu kişi ətrafdakıları necə başa düşsün. Torpaq qalıb boş. Əkən yox, becərən yox, adamlar bütün günü maşının "kapot"u üstündə damino çırpırlar. Arvadların işi-gücü seriala baxmaqdan ibarətdi. Bəs idarələrdə, ofislərdə calışanlar?

Yekə-yekə kişilər bütün günü kompüterdə oyun oynayırlar. İş saatı da bitəndə çayxanalarda oturub vaxtlarını məhv etməklə məşğul olurlar. Digəl dünya siyasətindənsöz düşəndə bütün günü oyun oynayan bu adamların hərəsi olur bir ekspert. Ciddi-ciddi mövzularda heç utanmadan elə rahatlıqla danışırlar ki, adam sadəcə mat qalır. Bilmirsən nə deyəsən, necə reaksiya verəsən. Oturub bu həyasızlığa tamaşa etməkdən savayı əlac qalmır.

Bir insan gülə-gülə, oynaya-oynaya orta həcmli bir əsəri iki həftəyə rahat oxuyar.İldə əlli iki həftə var. Əlli ikini ikiyə böləndə eləyir iyirmi altı. Yersiz və səydəş bəhanələri nəzərə alıb iyirmi altıdan altı çıxırıq. Yerdə qalır iyirmi. Ta bundan o tərəfi yoxdur. Bir insan ildə iyirmi əsər oxusasöz ehtiyatı, dünyagörüşü nə qədər artar, ətrafdakılara da müsbət yöndə təsir edə bilər. Mövzuları dəyişər. Həyatındakı boşluqlar az-çox dolar. Ünsiyyət üçün imkanlar yaranar. Fikirlərini ifadə etmək asanlaşar. Bütün bu prosseslər isə ümumilikdəmillətin səviyyəsinin qalxmasına səbəb olar.

Oxumurlar, əvəzində qızıl kimi vaxtlarını oyun oynamaqla öldürürlər. Sonra da oturub masonlardan nağıllar danışırlar. Güya bunları inkişaf etməyə qoymurlar. Yaxşı bəhanə tapıblar. Bir dəfə yazmışdıq, bir daha yazaq. Sən kitab alıb oxudun mason imkan vermədi oxumağına. Azərbaycanlı atanın ən yaxşı halda övladına deyəcəyi söz budur -get dərsini oxu. Bir uşağın dərsləri ilə ciddi maraqlansın, oturub bir uşağa kitab oxusun, nəsə izah etsin, bir oturub uşağına şahmat öyrətsin, uşaqla şahmat oynasın, ailəsini yığıb başına bir teatra aparsın… Yox olmaz.

Dərs demişkən, Gürcüstanda Azərbaycan məktəbinə getmişdim. Olanı yazmaq lazımdı. Mən məktəbdəmüəllimə oxşayan müəllim görmədim. Hər bir sənətin özünün məsuliyyəti var. Müəllim müəllimə oxşamalıdı, həkim həkimə. Hər bir insan da öz sənətinin məsuliyyətini dərk etməlidi.

Qərəz o boyda məktəbdə geyimindən, davranışından müəllimə oxşayan bir adam gördüm. O da Abxaziyadan qaçqın düşən bir gürcü qadın idi. Bu qadınla söhbət etdik. Dedi ki, doqquz ildi bu məktəbdə dərs deyirəm hələ bir dəfə də olsun bir valideyn gəlib övladıyla maraqlanmayıb ki, mənim uşağım necə oxuyur, harda güclüdü, harda zəifdi. Söhbətdən bir məqam da yadımda qalıb.

Gürcü müəllimə neçə dəfə direktordan xahiş edib ki, gəl nazirliyə məktub yazaq bizə avtobus versinlər. Uşaqlar avtobusla məktəbə gəlib-getsinlər. Direktor qorxur nazirliyə məktub yazmağa. Elə hey deyir ki, niyə yazaq, onsuz da avtobus verməyəcəklər. Müəllimə də dirəşib. Deyir gəlin yazaq, qoy avtobus verməsinlər. Biləcəyik ki, biz yazdıq məktubumuza əhəmiyyət verən olmadı. Direktor yenə də razı olmur. .. Nə bilim, dərd bir deyil, iki deyil. Gürcüstandakı zəlil gündə, İrandakı zəlil gündə, Dərbənddəki zəlil gündə, Azərbaycandakılar lap zəlil gündə. Elə bir məkan yoxdur orda millətin halına baxıb bir razı qalasan qürur hissi keçirəsən. Bütün bu bəlaların ən əsaslı səbəblərindən biri də savadsızlıqdır. Qayıdaq mövzumuza.


Doğurdanmı camaat qudurub, daha olana, aza qane olmaq istəmirlər? Əgər aza qane olmaq istəmirlərsə, o zaman bu qane olmamaq vətəndaşlıq mənasında da, bir vətəndaş kimi öz haqlarını tələb etməkdə də özünü göstərməlidir. Əgər aza qane olmaq istəmirlərsə, yaxşı olardı ki, vətəndaş kimi də aza qane olmasınlar, öz haqlarını tələb etsinlər. Desinlər ki, bu nə maaşdı, bu nə pensiyadı mənə verirsən? Hanı mənim qazım, neftim, yeraltı və yerüstü sərvətlərim?

Yox, onlar vətəndaş olduqlarını çoxdan unudublar. Onlar bir-birlərinə qənim kəsiliblər. Riyakarlıq, yersiz bəhsəbəs, saxtakarlıq, zahiri təmtarağa hədsizaludə olmaq adamların həyatını sözün həqiqi mənasında cəhənnəmə çevirib. Bundan əvvəl evin böyük uşağına bir paltar alırdılar, digər uşaqlar növbə ilə o paltarı geyinirdi.

Səssiz-səmirsiz. Sorğusuz-sualsız. Mən özüm bir çox hallarda xalam uşaqlarının paltarlarını geyinmişəm. Son iyirmi ildə hər şey o qədər sürətlə dəyişdi ki, hadisələrə, baş verənlərə doğru-dürüst qiymət vermək olmur.
Arvadlarağacın altında oturub laqqırtı vururlar, meyvələr isə ağacın altında çürüyür. Yığıb mürəbbə, kompot hazırlamaq heç ağıllarından belə keçmir. Halbuki qaçıb mağazadan kola, fanta alırlar.

Əvvəllər isə bir evdə o qədər mürəbbə, kompot hazırlayardılar ki, bütün il boyu bəs edirdi. Hətta bu ildən gələn ilə də qalırdı. Görəsən, nə baş verdi ki, adamlar bu qədər işdən ayrı düşdülər, tənbəlləşdilər?

Əlbəttə, rahatlıq lazımdı. Heç kim demir rahatlıq lazım deyil, amma baxır sən bu rahatlığı necə, hansı yollarla əldə edirsən. Evdə iki qadın xeylağı olduğı halda qabyuyan maşın almaq, özü də kreditə almaq nəyə lazımdı? Əgər iki qadın xeylağı bir ailənin qab-qacağını yuya bilmirsə, onda onlar nəyə və kimə lazımdır? Adlarını niyə qadın qoyublar? Bu gün heç bir zərurət olmadığı halda qabyuyan maşın alırsan, sabah mebeli dəyişirsən, o biri gün zərurət olmadığı halda hamamı təmir etdirirsən, bir də görürsən ki, başdan ayağa borcun içindəsən. Kreditlər xirtdəyə dirənib. Artıq sənin öz həyatın yoxdu. Qazandığını ora-bura verirsən. Yediyin- içdiyin burnundan gəlir. Bəlkə elə buna görə bizim adamlar bu qədər narahatdırlar.

Əgər hər üç adamdan biri kreditlə yaşayırsa, deməli, ən azı hər üç adamdan biri narahat həyat yaşayır. Niyə belə oldu? Hərə bir səbəb göstərə bilər. Mənəvi boşluq, adamların yaşamağı bacarmaması, yersiz bəhsəbəs, arzularla imkanların tərs mütənasibliyi öz sözünü deyir.

Sözün həqiqi mənasında kreditlə öz telefonunu təzələyən adamları başa düşmürəm. Kreditlə hansısa bir ölkəyə gedib, getdikləri yerlərdə şəkil çəkdirənləri də başa düşmürəm. Yaxşı, gəzdin, şəkil çəkdirdin, axı bu günün sabahı da var. Əgər o gəzmək sənə bu qədər narahatlıq gətirəcəksə, səni bu qədər gərginlikdə saxlayacaqsa, bunun harası gəzmək və istirahət oldu? Necə olur yekə-yekə kişilər, yekə-yekə arvadlar sabah haqqında düşünmürlər?

Bəlkə də artıq hər şeyi olduğu kimi qəbul etmək lazımdı. Bəlkə də bu yeni həyat tərzidir. Bəlkə də elə hər şey belə olmalıdır. Buna baxmayaraq, mən yenə də evdə iki arvad xeylağı ola-ola kreditlə qabyuyan maşın alan adamları başa düşə bilmirəm və onlara heç cür haqq qazandırmaq olmaz. Onlar da bu vəziyyətə düşmələrinə haqq qazandıra bilməzlər. Adamlar adını rahatlıq qoyub ağın çıxarıblar. Bu şəksizdi.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG