Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 20:34

«Azərbaycan «Avropanın media işçiləri üçün ən böyük həbsxanası»dır»


Arxiv foto
Arxiv foto

-

Hesabatda son bir ildə öz peşə fəaliyyəti ilə bağlı dünyada 66 jurnalistin öldürülməsindən, daha sonra bu peşə sahiblərinin oğurlanma hallarından, həbs olunmalarından danışılır. Sərhədsiz Reportyorlar Təşkilatı belə bir məlumat yayıb. Bildirilir ki, 2013-cü ilin göstəricisi ilə müqayisədə 7 faiz azalma müşahidə olunur. Qurum onu da qeyd edir ki, jurnalistlər təhlükə ilə daha çox münaqişə zonalarında fəaliyyət göstərərkən üzləşirlər.

TƏŞKİLAT SON BİR İLDƏ PREZİDENT İLHAM ƏLİYEVİ «MƏTBUAT YIRTICISI» ADLANDIRIB

Qurumun son mətbuat azadlığı indeksində də Azərbaycan 180 ölkə arasında 160-cı yer tutub. Təşkilat son bir ildə prezident İlham Əliyevi də «mətbuat yırtıcısı» adlandırıb və onu öz ölkəsində plüralizmi ləğv etməkdə itttiham edib.

Hesabatda Azərbaycan «Avropanın media işçiləri üçün ən böyük həbsxanası» adlandırılıb və hazırda istintaq təcridxanasında saxlanan araşdırmaçı jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın adı xüsusi vurğulanıb.

Hazırda Azərbaycanda 100-dən çox siyasi məhbus arasında jurnalistlər də var – Əvəz Zeynallı, Pərviz Pəşimli, Hilal Məmmədov, Rauf Mirqədirov və başqa bir neçə nəfər. Bu ilin dekabrında araşdırmaçı jurnalist, Azadlıq radiosunun əməkdaşı Xədicə İsmayıl da həbs olundu.

Bu gün – dekabrın 16-də mətbuat məhbuslarından biri – Əvəz Zeynallı 45 yaşını həbsxanada qeyd edir.

Media eksperti Xalid Ağalıyev ölkədə medianın hazırki durumunu ən ağır hədd kimi dəyərləndirir:

«İRƏLİ SÜRÜLƏN İTTİHAMLARIN DOĞRULUĞU CİDDİ ŞÜBHƏ YARADIR»

«Azərbaycanda media sahəsində ən ağır durum 2007-2008-ci illərdə yaranmışdı. O zaman Azərbaycan ATƏT məkanında həbs olunan jurnalistlərin sayına görə öndə gedirdi. Sonrakı illər bu sahədə müəyyən yumşalmalar oldu. Təəssüf ki, 2013-2014-cü illərdə həminki vəziyyət yenidən bərpa olundu. Düzdür, hazırda jurnalistlərə qarşı ittihamlar fəaliyyətləri ilə bağlı deyil, amma irəli sürülən ittihamların doğruluğu ciddi şübhə yaradır. Hazırda media işçiləri üçün şəraitin pis olduğunu demək real vəziyyətə adekvatdır»

Xalid Ağalıyev yaxın gələcəkdə də ölkədə media işçilərinin fəaliyyəti üçün əlverişli ortamın yaranacağına ümidli deyil:

«Durum bundan da pis olmayacaq. Müəyyən yumşalmalar olacaq, o mənada ki, həbsdə olan jurnalistər azadlığa çıxacaq. Amma Azərbaycanda ümumilikdə mediada çalışanlar üçün əlverişli mühitin yaranacağına dair pozitv fikirlər söyləməyə heç bir əsas görmürəm».

HAKİMİYYƏT ÖLKƏDƏ MEDİANIN DURUMUNU TƏNQİD EDƏN HESABATLARI QƏRƏZLİ SAYIR

Azərbaycan hakimiyyəti isə ölkədə medianın durumunu tənqid edən hesabatları, ekspert rəylərini qərəzli sayır, söz və fikir azadlığının olduğunu deyirlər.

Dekabrın 16-da açıqlanan hesabata görə, «jurnalistlərin bütün dünyanı lərzəyə salacaq dərəcədə qəddarcasına öldürülməsi hallarına az təsadüf edilir».

Adam oğurluğu halları isə 37 faiz artıb, 119-a çatıb, onlardan 33-ü Ukraynaya aiddir.

Hesabata görə, jurnalistlərin ən çox öldürüldüyü ölkə Suriyadır (15), daha sonra Fələstin (7), Ukrayna (6) və İraq (4). Jurnalistlərin ən çox həbs olunduğu ölkə isə Çindir (29). Bu siyahıda növbəti yeri Eritreya (28) və İran (19) tutur.

XS
SM
MD
LG