Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 12:49

İlham Əliyev: «Ukrayna hökuməti anlamalıdır ki, Azərbaycan Rusiya ilə yaxın dostdur»


İlham Əliyev
İlham Əliyev

-

“Ümid edirəm ki, Ukraynada tezliklə atəşkəs əldə olunacaq, sonra isə sülh bağlanacaq”.

Bunu Davos İqtisadi Forumundakı müzakirədə prezident İlham Əliyev deyib.

“Rusiya ilə Ukrayna arasında indiki münasibətlər Rusiya ilə başqa keçmiş sovet respublikaları arasındakı münasibətlərə necə təsir edir” sualının cavabında o deyib ki, “praktiki cəhətdən” Azərbaycanda heç kəs belə bir təsiri hiss etmir:

- Mən bunu səmimi şəkildə deyirəm. Gündəlik formatda bunun bizə təsiri yoxdur. Amma siyasi nöqteyi-nəzərdən, əlbəttə ki, Rusiya və Ukrayna ilə yaxşı münasibətləri olan istənilən dövlət üçün bu vəziyyət münasib deyil. Biz yaxınlarını itirmiş insanların ağrı-acısını bölüşürük və təəssüf ki bu faciə davam edir. Hər iki tərəfdən günahsız insanlar öldürülür. Buna nə qədər tez son qoyulsa, bir o qədər yaxşıdır. Bizim ölkə müharibə və işğaldan əziyyət çəkmiş bir ölkədir. Biz bunu anlayırıq. Hər bir müharibə atəşkəslə bitir və sonra sülh sazişinin bağlanması lazım olur.

"Azərbaycan, Qazaxıstan kimi ölkələrin öz mövqeyi, gündəmi var"

Ukrayna - Donsetskdə atəş altına düşmüş trolleybus, 22 yanvar
Ukrayna - Donsetskdə atəş altına düşmüş trolleybus, 22 yanvar

İlham Əliyev deyib ki, Rusiya və Ukrayna hökumətlərinin öz tərəfdaşları ilə necə davrandıqları da mühümdür:

- Çünki biz hamımız MDB-nin üzvləriyik. Biz hamımız Sovetlər Birliyinin üzvü olmuşuq. Bizi bir-birimizə çox şey bağlayır. Bu, təkcə Rusiya və Ukrayna deyil. Bizim də Rusiyada, Ukraynada qohumlarımız var. Rusiyada 1 milyondan, Ukraynada 500 mindən çox azərbaycanlı yaşayır. Yəni həm o tərəfdə, həm bu tərəfdə. Və bu, vətəndaş qarşıdurmasıdır.

Mən demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü prinsipi ilə bağlı mövqeyi çox aydındır. Və heç kim bizdən başqa mövqe gözləməməlidir – beynəlxalq hüquq normalarını və bizim Ermənistanla bağlı vəziyyətimizi nəzərə aldıqda. Mən çox məmnunam ki, Rusiya hökuməti və rəhbərliyi Azərbaycanın mövqeyini anlayır və hörmət edir. Mən bunu Rusiyadakı həmkarlarımla yüksək səviyyədə müzakirə etmişəm.

Ukrayna hökuməti ilə bağlı da eyni vəziyyət mövcud olduğuna ümid edirəm. Düzdür, hələ ki ünsiyyət imkanımız olmayıb. Onlar da anlamalıdırlar ki, bizim üçün Rusiya yaxşı dost, etibarlı tərəfdaş, böyük qonşudur. Bizim qarşılıqlı maraqlarımız, əlaqələrimiz, ticarətimiz var. Rusiya və Azərbaycan arasında münasibətlərin inkişaf yolu həm də bir nümunədir ki, qonşu olan böyük dövlətlə kiçik dövlətin münasibətləri necə olmalıdır. Məncə, bu çox yaxşı nümunədir.

Rusiya və Ukrayna paytaxtlarında anlayışla qarşılanmalıdır ki, Azərbaycan, Qazaxıstan kimi ölkələrin öz mövqeyi, gündəmi var, onlar tərəflərdən heç biri ilə münasibətlərini korlamaq istəmirlər. Və bu münaqişənin tezliklə bitməsini, bu faciəyə, insan itkisinə tez bir zamanda son qoyulmasını istəyirlər.

XS
SM
MD
LG