Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 15:53

ABŞ Konqresində Azərbaycan dinləməsi gözlənir


ABŞ Konqresi
ABŞ Konqresi

-

Fevralın 12-də ABŞ Nümayəndələr Palatasının altkomitəsində Azərbaycanla bağlı dinləmələr keçiriləcək. Müzakirə belə adlanır: «Azərbaycan: ABŞ-ın enerji, təhlükəsizlik və insan haqları maraqları». Məlumatı Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi yayıb.

GERİLƏMƏ

Dinləmələr Avropa, Avrasiya və Yeni Yaranan Təhlükələr üzrə Altkomitədə baş tutacaq. Komitənin sədri Dana Rohrabacher dinləmə barədə deyib:

«Azərbaycan dünyanın çətin bölgəsində yerləşir; maraqlarımıza dostcasına yanaşmayan ölkələrlə əhatə olunub. Birləşmiş Ştatlar Azərbaycana iqtisadiyyatını gücləndirməkdə yardım edib və təhlükəsizlik əməkdaşlığına görə minnətdarıq. Ancaq insan haqları və demokratiya sahəsində irəliləyiş möhkəm olmayıb və hətta geriləyib. AzadlıqRadiosunun Bakı bürosunun bağlanması iki ölkənin münasibətlərinə rəvac vermir. Dinləmələrdə narahatlıq doğuran və əməkdaşlığın gücləndirilə biləcəyi sahələr müəyyənləşəcək. Davamlı yaxşı münasibətlər üçün atılmalı addımları müzakirə edəcəyik».

SANKSİYA ÇAĞIRIŞLARI

Dinləmələrdə şahid kimi Kennan İnstitutundan Audrey Altstadt, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich, Orta Asiya-Qafqaz İnstitutunun direktoru Svante Cornell iştirak edəcək.

Richard Kauzlarich də daxil olmaqla, ABŞ-ın bir sıra keçmiş diplomatları Azərbaycanda insan haqları pozuntularına görə bu ölkəyə sanksiyalara çağırıblar.

ABŞ Nümayəndələr Palatasının üzvü Dana Rohrabacher isə bu yaxınlarda verdiyi bəyanatda AzadlıqRadiosu Bakı bürosunun bağlanmasını pisləyir, hökuməti araşdırmaçı-jurnalist Xədicə İsmayılı azadlığa buraxmağa çağırırdı.

Məhz həmin bəyanatda konqresmen ABŞ-ın Azərbaycanla münasibətlərinə dair dinləmə keçiriləcəyinə ümidvar olduğunu bildirmişdi.

Azərbaycan rəsmiləri sanksiya çağırışlarını «Bakıya təzyiq» adlandırıblar.

XS
SM
MD
LG