Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 07:40

Politoloqlar Bakının Vaşinqtonla Moskva arasında vurnuxduğunu deyirlər


Arxiv fotosu: Rusiya prezidenti Vladimir Bakıda səfərdə olarkən Bakı buxtasına gətirilən Rusiya hərbi gəmisinin göyərtəsində Azərbaycan prezidenti İlham Əliyev salamlanır. 13 avqust 2013
Arxiv fotosu: Rusiya prezidenti Vladimir Bakıda səfərdə olarkən Bakı buxtasına gətirilən Rusiya hərbi gəmisinin göyərtəsində Azərbaycan prezidenti İlham Əliyev salamlanır. 13 avqust 2013

-



“Azərbaycanın ABŞ-dan gözləntiləri və istəkləri var”. Bakı özünün AŞPA-dakı nümayəndə heyətinin başçısı Səməd Seyidovun diliylə istəklərini bu cür dilə gətirdi, fevralın 14-də Milli Məclisdə Azərbaycan-ABŞ münasibətləri ilə bağlı dinləmələr zamanı.

Bəs, Bakının Vaşinqtondan istədiyi, gözlədiyi nədir? ABŞ səfirinin Azərbaycana gəlişindən bir gün sonra tələm-tələsik bu dinləmələri keçirməkdə, Vaşinqtonun ünvanına məlum tənqidləri bir daha səsləndirməkdə, gözləntilərlə bağlı anons verməksdə məqsəd nədir?

“BAKINI BU VARİANT ÇOX QANE EDƏRDİ”

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun fikrincə, Bakı çox qəribə mövqe tutub:

“Bir tərəfdən sanki ABŞ-dan Azərbaycanın ünvanına gələn iradlara, tənqidlərə adekvat reaksiya göstərir və dərhal Milli Məclisdə dinləmələr təşkil edir. Amma eyni zamanda, bu dinləmələrin tonu əvvəlki yanaşmalarla müqayisədə olduqca yumşaqdır. Ən azından orda iştirak edən hakimiyyət nümayəndələrinin, Səməd Seyidovun, Siyavuş Novruzovun münasibəti yetərincə yumşaq idi.

Ərəstun Oruclu
Ərəstun Oruclu

O ki qaldı gözləntilərə, Amerikadan Azərbaycanla əvvəlki münasibətləri qoruyub saxlamasını istəyirlər. Ancaq Səməd Seyidovun səsləndirdiyi fikirlə ifadə etsək, insan haqları kimi “önəmsiz məsələlərə” diqqət verilməsin.

Yəni, Vaşinqtonun demokratiya, insan haqları, qanunvericilik, həbs olunmuş vətəndaş cəmiyyəti fəalları kimi məsələlərə toxunmamasını istəyirlər. Yalnız təhlükəsizlik, enerji və s. yöndə əməkdaşlıq qurulsun və davam etdirilsin. Rəsmi Bakını bu variant çox qane edərdi. Amma hələlik buna adekvat reaksiya yoxdur. Görünür, bu dinləmələri keçirməkdə məqsəd həmin mesajları çatdırmaq idi”.

Azərbaycanda belə fikirlər var ki, Vaşinqtonun insan haqlarının durumu ilə bağlı tənqidləri davamlı və yetərli deyil. Ərəstun Oruclu bununla razılaşmır:

“Təxminən iki ay əvvəl ABŞ dövlət katibinin müavininin açıqlaması oldu, orda hər şeyi yetərincə aydın dedi. Digər tərəfdən ABŞ səfirinin müraciətində də deyilir ki, insan haqları iki ölkə münasibətlərində prioritet istiqamətlərdəndir. Yəni, insan haqları gündəmdədir. Hər halda, üçüncü yerdə olsa da bu prioritetdir, səkkizinci yerdə deyil”.

“AZƏRBAYCAN NƏ RUSİYAYA, NƏ ABŞ-A, NƏ DƏ QƏRBƏ İNTEQRASİYADA MARAQLIDIR”

Səməd Seyidov gözləntilərdən danışanda bildirib ki, Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artırmasını istəyir. Hərçənd Ərəstun Oruclu düşünmür ki, Bakının ABŞ-dan istədikləri arasında münaqişənin nizamlanması da var:

“İndiki halda Bakı münaqişənin həlli ilə bağlı daha çox Moskva ilə intensiv ünsiyyətdədir. Bakının atdığı addımların çoxu Rusiyanın marağına və istəyinə uyğundur, bəzi hallarda nəinki Azərbaycanın özünün. Ona görə də sadəlövhcəsinə düşünə bilməzlər ki, onların moskvapərəst siyasətinə Vaşinqtondan dəstək gələcək. Sadəcə bu qarşı tərəfi ittiham etmək məqsədi güdürdü. Güman etmirəm bu məsələdə gözlənti olsun...”

Ərəstun Oruclunun dediyinə görə, əslində ABŞ Azərbaycana tərəfdaş kimi çox da lazım deyil:

“Sadəcə Rusiyadan qorunmaq üçün Bakıya Vaşinqtonun dəstəyi, onunla əməkdaşlıq lazımdır. Azərbaycan müstəqil siyasət yürütmək istəyir, ölkədəki resurslara nəzarəti əlində saxlamağın yolunu da bunda görür. O, nə Rusiyaya, nə ABŞ-a, nə də Qərbə inteqrasiyada maraqlıdır. Sadəcə, dediyim kimi Vaşinqtonla əməkdaşlıq ona müdafiə üçün lazımdır. ABŞ-ın isə Azərbaycandan gözləntiləri konkretdir. İstəyir ki, Bakı xarici siyasət kursunu müəyyənləşdirsin. Bakı da müəyyənləşdirməyə səy göstərmir”.

BAKI MOSKVAYA FÜRSƏT VERMƏK İSTƏMİR DEYƏ...?

Politoloq Fərhad Mehdiyev də bu fikirdədir ki, Bakı Rusiyanın Ukrayna siyasətinə görə ABŞ-la bu cür davranmaq məcburiyyətində qalıb:

“Hazırda ABŞ-la Rusiya arasında qarşıdurma var. Ola bilsin Rusiya Azərbaycana işarə verib: “yer seç, ya mənim yanımdasan, ya mənə qarşısan”. Əfsus ki, Qərb bu gün öz müttəfiqlərinə arxa durmur.

Fərhad Mehdiyev
Fərhad Mehdiyev

Ukraynanı çox həvəsləndirdi ki, "gəl Avropa Birliyinin proqramlarına qoşul", amma bu gün Ukrayna dağılır və Qərb heç nə etmir. Mən baş verənləri bununla bağlayıram. Hər halda bizim Dağlıq Qarabağ münaqişəmiz var. Rusiya hər an regionu alovlandırmaq imkanına sahibdir. Odur ki, Bakı belə fürsət vermək istəmir Moskvaya”.

Fərhad Mehdiyevin qənaətincə, ABŞ-Azərbaycan münasibətləri əvvəlki kimi isti olmasa da, gərgin də deyil:

“Münasibətlər kəskin şəkildə pozulmayıb. ABŞ-ın Əfqanıstana hava dəhlizi Azərbaycan üzərindən keçir. Və Avropanın enerji təhlükəsizliyi məsələsində geri addım atılmayıb. Bəzi məsələlərdə problemlər yaşansa da, strateji əməkdaşlıq davam edir”.

Hərçənd Ərəstun Oruclu belə yanaşmaları, yəni "iki ölkə münasibətlərində gərginlik yoxdur" fikrini qəbul etmir. O, deyir: “ABŞ dövlətinin maliyyələşdirdiyi bir sıra demokratik institutların işi dayandırılıb, Prokurorluqda Amerika qurumları ilə bağlı istintaq gedir, onların çoxuna cinayət işi açılıb, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, İlham Əliyevin mətbuat xidmətinin rəhbəri səviyyəsində ABŞ ünvanına ən ağır ittihamlar səsləndirilir. Bəs, bundan artıq neyləməlidirlər? Müharibə elan etməlidirlər?

Enerji sahəsində əməkdaşlıq isə Azərbaycan üçün qaçılmazdır. Başqa bazar yoxdur. Rusiyaya satası deyil ki?

Təhlükəsizlik sahəsində əməkdaşlığa gəlincə, antiterror koalisiyasının üzvü kimi bir neçə il öncə üzərinə götürdüyü öhdəliklərdən qaça bilməz. Digər tərəfdən ABŞ Azərbaycan üzərindən Əfqanıstana qoşun aparırsa, əvəzində pul ödəyir. Bakı Vaşinqtona güzəşt etmir ki...”

XS
SM
MD
LG