Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 17:44

«Dollarla ipoteka, avtomobil və istehlak krediti alanlar batacaq»


Elman Rüstəmov
Elman Rüstəmov

-

“Elman Rüstəmov hamını aldatdı”

Parlamentin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov “virtualaz.org” saytına belə deyib. Onun sözlərinə görə, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov Azərbaycan xalqına soyuq duş təşkil etdi.

“Bankların əksəriyyəti sözün hərfi mənasında bir neçə dəqiqə ərzində böyük ziyana düşdülər. Və mən istisna etmirəm ki, onlardan bir çoxu müflis olacaq”- deputat əlavə edib.

Vahid Əhmədov deyib ki, Azərbaycan 2008-ci ildə ABŞ və Avropanın yaşadığı böhrana düşüb və bu böhran ilk növbədə həmin ölkələrin maliyyə sektoruna zərbə vurmuşdu.

Vahid Əhmədov
Vahid Əhmədov

“Bütün maliyyə sferaları, ipoteka fondları, maliyyə təşkilatları böyük ziyana düşdülər, bu isə sonda Azərbaycan əhalisinə zərbə vuracaq. Mən özüm Mərkəzi Bankla danışıqlar apardım və xahiş etdim ki, kəskin devalvasiyaya getməsinlər və manatın kursunu tədricən endirsinlər. Mərkəzi Bank rəhbərliyi bizi, deputatları və bütün Azərbaycan xalqını aldatdı. Bundan sonra mən tam əminliklə deyə bilərəm ki, Elman Rüstəmov öz yerində deyil”- Vahid Əhmədov bildirib.

Deputat deyib ki, Milli Məclisin qarşıdakı iclasında Mərkəzi Bankın hərəkətinin qanunauyğunluğu məsələsini qaldıracaq: “Qoy Elman Rüstəmov parlamentin və xalqın qarşısına çıxsın, bu cür kritik qərar qəbul etməsinin səbəbini əsaslandırsın”.

Vahid Əhmədov bildirib ki, manatın kəskin devalvasiyası kəskin inflyasiyaya səbəb olacaq və əhaliyə güclü zərbə vuracaq. Ona görə də hökumət indidən əhalinin sosial müdafiəsi üçün tədbir görməlidir.

“HÖKUMƏT DƏRHAL ANTİ-BÖHRAN PROQRAMI HAZIRLAMALI, RÜŞVƏT, İNHİSARÇILIQ DƏRHAL YIĞIŞDIRILMALIDIR”

REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli də Facebook səhifəsində yazıb ki, Elman Rüstəmov, eləcə də hökumət istefaya göndərilməlidir: “Mərkəzi Bankın rəhbəri Elman müəllim 2 dəfə xalqı aldatdığına görə, ən azı, istefa verməli, özü getməlidir, ya da, çıxıb onu kimlər belə addımlar atmağa sövq etdiyini açıqlamalıdır”.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərlinin qənaətincə, Mərkəzi Bank müstəqil qurum olsaydı, bütün məsuliyyəti o daşıyardı, ancaq indi məsuliyyət tək Mərkəzi Bankın üzərində deyil.

“Elman Rüstəmov sürəci ən pis necə mümkün idisə, elə də yönəltdi:

1) Əvvəl xarici mətbuata müsahibə verməklə panika yaratdı,

2) Sonra AZTV-yə çıxıb, guya, insanları sakitləşdirdi, amma elə orada da dedi ki, idxal mallarının qiyməti qalxacaq, bu isə, məzənnənin qalxacağı demək idi,

3) İnsanlarımız nə hökumətə, nə Mərkəzi Banka inanmadığından, əllərində olan vəsaiti dollara çevirməyə başladılar, həm əmanətlər dollara keçdi, həm də “yastıq altında” olan vəsaitlər.

Bəzi məlumatlara görə Mərkəzi Bank o panika günlərində hər gün bazara 800-900 milyon dollar çıxarmağa məcbur oldu, çox güman ki, son həftədə rezervlər yarıdan çox azaldı,

4) Rezervlər azaldı, deyirəm, amma, rezervlərin olub-olmamağını heç kim kontrol edə bilmirdi, belə bir praktika dünyada olub, məsələn, 5-6 il öncə Yunanıstanda seçkidən sonra hökumət dəyişəndə, yeni hökumət gördü ki, əvvəlki hökumətin elan etdiyi rezervlərin heç yarısı belə ölkədə yoxdur”.

Natiq Cəfərli bundan sonra baş verəcəklərdən də yazır. Onun fikrincə, ölkədə ciddi “dollarlaşma” olacaq, daşınmaz əmlak, maşın, qızıl, məişət əşyaları, mebel – yenidən dollarla satılmağa başlayacaq. “2015-də infilyasiya ikirəqəmli olacaq, ərzaq inflyasiyası 20-25% civarında olacaq. Bank və maliyyə-kredit sistemi stressə girəcək, bəzi banklar bağlanacaq. Dollarla ipoteka, avtomobil və istehlak krediti alanlar batacaq, onlara mütləq kömək lazımdır, gərək hökumət belə bir dəstək proqramı qəbul etsin”.

İqtisadçı sonda “nə etmək lazımdır” sualına öz cavablarını təqdim edir:

“Hökumət dərhal anti-böhran planının işlənməsinə başlamalı, bütün mütəxəssiləri cəlb etməli, ya da, tam tərkibdə istefaya gedib, yeni TEXNİKİ hökumətin yaradılmasına qərar verilməlidir.

Vergi və gömrükdə olan rüşvət, müdaxilələr, inhisarçılıq DƏRHAL yığışmalıdır.

Ölkədə ciddi açılıma ehtiyac var, olmasa, bu proseslər xaosa yol aça bilər, xaos isə heç kimə lazım deyil...”​

MANATLA BAĞLI ƏN SON XƏBƏRLƏRİ CANLI İZLƏ

XS
SM
MD
LG