Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 20:41

İntiqam Əliyev: «Məni kameradan üst geyimsiz çıxarıb apardılar»


İntiqam Əliyev (Arxiv fotosu)
İntiqam Əliyev (Arxiv fotosu)

-

Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyev bu günlərdə məcburi şəkildə xəstəxanaya aparılması ilə bağlı fevralın 24-də açıqlama yayıb.

O, açıqlamasında Ədliyyə Nazirliyinin səhhəti ilə bağlı fevralın 20-də yaydığı məlumatın həqiqətə uyğun olmadığını vurğulayır:

«Fevralın 19-da həkim kamerama gəlib mənə dedi ki, səni müayinəyə aparırıq. Mən isə imtina etdim. Dedim ki, mən öz həkimimin müşayiətilə müayinə olunmaq, vəkillərimə, yaxınlarıma xəbər vermək istəyirəm. Soruşdum ki, niyə bu qərarı 1 gün əvvəl deyil, 1 saat qabaq xəbər verirsiniz? Bundan əlavə, əvvəlki müayinələrimin nəticəsi mənə təqdim olunmursa, mən niyə yenidən müayinə olunmalıyam?! Mənə dedilər ki, getməsən, səni zorla aparacayıq. Mən isə təkidlə getməyəcəyimi bildirdim».

İntiqam Əliyev bildirir ki, bir neçə dəqiqədən sonra kameraya 10 nəfərə yaxın adam daxil olub:

«Bildirdilər ki, getməyəcəyim təqdirdə qərarı güc yolu ilə tətbiq edəcəklər. Gəlib qoluma girdilər. Gördüm ki, artıq dirənmək mənasızdır. Bundan sonra razılaşdım. Məni kameradan adi paltarda, üst geyimsiz vəziyyətdə çıxarıb Neyrocərrahiyyə Xəstəxanasına apardılar. Soruşdum ki, müayinə nə ilə bağlıdır, müayinə qərarını kim verib, göstəriş kimdən gəlib? Dedilər ki, ictimaiyyət sizin sağlıq durumunuza görə narahatdır. Ona görə sizi müayinə etməliyik. İki dəqiqə ərzində konsilium keçirtdilər, baş və döş qəfəsimi rentgenə saldılar. Müayinə formal xarakter daşıyırdı. Sonra həkimdən müayinələrin nəticəsini istədim. Dedi ki, nəticələr verilməyəcək. Başa düşdüm ki, məqsəd kiməsə hesabat verməkdir. Ədliyyə Nazirliyinin bəyanatında göstəriləndən fərqli olaraq, mənə heç bir müalicə tətbiq olunmur».

Fevralın 20-də Ədliyyə Nazirliyi İntiqam Əliyevin səhhəti ilə bağlı bəyanat yaymışdı. Bəyanatda bildirilirdi ki, İntiqam Əliyev qabaqcıl klinikalarda müayinə olunur və onun səhhəti daim nəzarətdə saxlanılır:

«Fevralın 19-da Neyrocərrahiyyə Xəstəxanasında respublikanın aparıcı mütəxəssislərinin iştirakı ilə İntiqam Əliyevin müayinəsi keçirilib. Onun daxili və digər orqanlarının ultrasəs müayinəsi, başın və döş qəfəsinin kompüter tomoqrafiyası, qanın müvafiq laborator analizləri keçirilib. Eyni zamanda, İntiqam Əliyevin onkoloji xəstəlikdən əziyyət çəkdiyi barədə şayiələrin yayılması ilə əlaqədar onun qan analizi götürülüb və yoxlanılmaq üçün i Milli Onkologiya Mərkəzinin laboratoriyasına göndərilib. Aparılan əlavə müayinələr nəticəsində İntiqam Əliyevdə hər hansı ciddi xəstəliyin, o cümlədən onkoloji prosesin mövcudluğu bir daha inkar edilib, ona cari ambulator müalicə təyin edilib».

İntiqam Əliyev 2014-cü ilin avqustunda həbs olunub. O, vergidən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə və qanunsuz sahibkarlıqda ittiham olunur. Onun səhhətinin ağır olması və həbsxanada müalicə olunmasına şərait yaradılmadığı ilə bağlı bundan öncə də məlumatlar yayılmışdı. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bu məlumatları təkzib edərək həbsxanada məhbusların müalicəsi üçün bütün çəraitin yaradıldığı haqda məlumat yaymışdı. İntiqam Əliyev 1 saylı İstintaq Təcridxanasında saxlanır.

«Amnesty International» İintiqam Əliyevi «vicdan məhbusu» kimi tanıyıb.

XS
SM
MD
LG