Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 15:36

İntiqam Əliyev: “Ədliyyə Nazirliyi qrant layihələri sistemini dağıdıb”


Arxiv fotosu: İntiqam Əliyev Praqada AzadlıqRadiosunun ofisini ziyarət edərkən. 5 mart 2013
Arxiv fotosu: İntiqam Əliyev Praqada AzadlıqRadiosunun ofisini ziyarət edərkən. 5 mart 2013

.

Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hüquqşünas İntiqam Əliyevin məhkəməsində qalmaqal yaşandı. Buna səbəb zərərçəkən Gülşən Orucovanın zalda oturan jurnalistlərin ünvanına təhqiramiz ifadələr işlətməsi oldu.

Gülşən Orucovanı hiddətləndirən bacısı Əfsanə Orucovanın zərərçəkən kimi ifadə verərkən düşdüyü çətin vəziyyət idi. Müdafiə tərəfinin Əfsanə Orucovanın bank hesabına köçürülən və sonradan həmin pulların İntiqam Əliyevə verildiyi iddia olunan əməliyyatlarla bağlı əksər suallarını Əfsanə Orucova cavablandıra bilmədi. Bu sualları Gülşən Orucovanın cavablandırma cəhdi vəkillərin etirazına səbəb oldu.

Daha sonra Gülşən Orucovanın jurnalistlərin də ünvanına təhqiredici ifadələr işlətməsi bütün zalda qarışıqlıq yaratdı. Gülşən Orucovanın vəkili Nemət Heydərov da zaldakıları təhqir etməyə başladı. Etiraz o həddə çatdı ki, hakim prosesi yarımçıq saxlayaraq zalı boşaltmaq göstərişi verdi.

“ÇOX ƏLA OYNADINIZ!”

Qarışıqlıq yaranmazdan öncə isə Əfsanə Orucova ifadəsində bildirdi ki, o, İntiqam Əliyevin rəhbərlik etdiyi Hüquq Maarifçiliyi Cəmiyyətində vaxtaşırı müəyyən tapşırıqları yerinə yetirib, amma maaş almayıb:

“Hər ay 143 manatlıq maaş cədvəlinə imza atmışam, amma maaş almamışam. Bunu bacım Gülşən Orucova İntiqam Əliyevlə sadəcə əmək stajım yaransın deyə razılaşdırmışdı. Gördüyüm işlərin müqabilində bir dəfə 500 manat pul almışam, amma o, maaş cədvəlinə salınmayıb”.

“Unibank”da adına olan hesaba gəlincə Əfsanə Orucova bildirib ki, hesabı da bacısının məsləhəti ilə açıb:

“Bacım məsləhət gördü ki, həmin məbləğin vergisi ödənəcək və bu da gələcəkdə pensiya alanda xeyrimə olacaq”.

Əfsanə Orucova 119 min manatı da bankdan çıxararaq ofisə gətirdiyini, bacısı Əfsanə Orucovaya verdiyini və onun da İntiqam Əliyevin otağına getdiyini bildirib. O, vəkillərin bank hesabı, həmin hesaba başqa təşkilatlardan da ödəmələrin olub-olmaması, çek kitabçası, VOEN hesabı ilə bağlı detallı sualları cavablandıra bilməyib.

Dövlət İttihamçısının Əfsanə Orucovaya “Sizin hesabınıza Media Hüququ İnstitutundan da pul köçürülübmü?” sualına hakimin etirazı isə İntiqam Əliyevi hiddətləndirib:

“Çox əla rol oynayırsız. Prokuror məsələni aydınlaşdırmaq istəyir, sizsə sualı çıxarırsız” – deyə İntiqam Əliyev bildirib.

“İNTİQAM ƏLİYEV ZAMİNƏ BURAXILSIN”

Hələ Əfsanə Orucova ifadə verməmişdən öncə İntiqam Əliyevin vəkilləri prosesdə bir neçə vəsatət də qaldırıb. Vəkil Fəxrəddin Mehtiyev hakimə bir neçə ictimaiyyət nümayəndəsinin hazırladığı müraciəti çatdırıb. Gültəkin Hacıbəyli, İlqar İbrahimoğlu, Şahvələd Çobanoğlu, Namizəd Səfərov, Arzu Abdullayeva, Ənnağı Hacıbəyli, Yalçın İmanov və daha bir neçə nəfərin də imzası olan müraciətdə hakimdən İntiqam Əliyevin zaminə buraxılması istənilirdi.

Hakim bununla bağlı vəsatəti təmin etməyib.

“YA SUS, YA DA GET HƏBSXANADA YAT

Daha sonra vəkillər bir daha vəsatət qaldıraraq istintaq zamanı aparılan sənədlərin qaytarılmasını istəyiblər. Bildiriblər ki, məhkəmə işinə əlavə olunan sənədlərdən başqa xeyli sənəd də var ki, onlar hələ də istintaq orqanında saxlanır, bu isə qanunsuzdur. Həmin sənədlər həm də müdafiənin təşkilində vacibdir.

İntiqam Əliyev bu məsələ ilə bağlı çıxışında bildirib ki, Avropa Məhkəməsinin nümayəndəsi baş prokuror Zakir Qaralovdan sənədlərin qaytarılmasını istəyəndən sonra onlara bəzi sənədlər qaytarılıb. Amma onların hamısı köhnə, artıq heç bir mahiyyət daşımayan sənədlərdir.

Hazırda Avropa Məhkəməsində prosesi gedən, xüsusilə də seçkilərlə bağlı sənədlər hələ də istintaq orqanındadır. İntiqam Əliyev iddia edir ki, elə həbsinin səbəblərindən biri də məhz bu amil – həmin işlərin Avropa Məhkəməsinə çıxarılmasını əngəlləməkdir.

Hakim vəkillərdən ona müdafiənin təşkili üçün tələb olunan sənədlərin konkret siyahısını təqdim etmələrini istəyib.

Vəkillərin digər vəsatəti onunla bağlı olub ki, məhkəmə Ədliyyə Nazirliyindən qrant layihələrinin qeydiyyata alındığı reyestr kitabını istəsin. Vəkillər Nazirliyə müraciət etdiklərini, amma müsbət cavab ala bilmədiklərini bildiriblər. Bundan başqa, vəkillər Əfsanə Orucovanın bank hesabı ilə bağlı bütün çıxarışların da bankdan istənilməsini vacib sayıblar.

İntiqam Əliyev bildirib ki, Ədliyyə Nazirliyi qrant layihələrilə bağlı sistemi, ümumiyyətlə, dağıdıb:

“Bu isə o deməkdir ki, istənilən vaxt istənilən layihə müəllifinə, təşkilata deyə bilər ki, sənin layihən qeydiyyata alınmayıb. Ya susmalısan, ya da get həbsxanada yat”.

Hakim müdafiə tərəfinin bu vəsatətlərini də təmin etməyib.
Prosesdə yaranan qalmaqaldan sonra məhkəməni yarımçıq saxlayan hakim prosesi martın 17-ə qədər təxirə salıb.

İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunur.

İttihama görə, 119 min manat vəsait Gülşən Orucovanın bacısı Əfsanə Orucovanın bank hesabına köçürülüb. Bacıların həmin vəsaiti bankdan çıxarıb İntiqam Əliyevə verdikləri iddia olunur. Qarşı tərəf bu iddianı rədd edir və bunu sübut edən hər hansı faktın olmadığını deyirlər. Vəkillər həmin pulların hesabdan çıxarılıb-çıxarılmaması ilə bağlı bank məlumatlarının tələb olunmasını vacib sayırlar.

Beynəlxalq qurumlar İntiqam Əliyevin həbsini siyasi motivli sayır.

XS
SM
MD
LG