Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 10:05

Novella Cəfəroğlu: «Birgə qrupun işini ləngidənlər var»


Novella Cəfəroğlu
Novella Cəfəroğlu

-
Ötən ilin oktyabrında Azərbaycanda «İnsan hüquqları üzrə Birgə Qrup» işə başladı. Bu 2005-2008-ci illərdə fəaliyyət göstərən qrup yeni adla əvvəlki kimi işçi qrup yox, birgə qrup adı ilə işə başladı. Adı fərqli olsa da məqsədi eyni idi: siyasi məhbusların azadlığına çalışmaq və hüququ pozulan vətəndaşlara yardım etmək.

İşçi qrupun üzvü Novella Cəfəroğlu AzadlıqRadiosuna qrupun işindən, qarşıdan gələn novruz bayramında əvfin olub-olmayacağından danışıb.

- Novruz bayramı ərəfisində əvf gözlənilirmi?

- Biz əfvlə bağlı siyahımızı yazıb Əfv Komissiyasına təqdim etmişik. Ümid edirik ki, bayramdan sonra əfv olacaq, ümid edirdik ki, işçi qrup bir yerə toplaşacaq.

- Yəni, ümid edirsiniz, bu o deməkdir ki, hələ dəqiq deyil?

- Bütün işçi qrupun adından biz öz siyahımızı təqdim etmişik.

- Tanınmışlardan kimlərin adını salmısınız bu siyahıya?

- Bu siyahıda siyasi motivlə tutulanlar, xəstələr – adlarını görmək istədiklərinizin hamısı o siyahıya salınıb. Bizim siyahı çox mükəmməldir.

- Ümumiyyətlə, işçi qurpun üzvü kimi qrupun işini necə qiymətləndirirsiniz? Qrupun işi gözlədiyiniz kimi gedirmi?

- Düzünü deyim ki, yox. Gözlədiyimiz kimi getmir. Dörd aydır biz görüşə bilmirik. Çünki hər dəfə bir iş çıxır və biz bir yerə yığışa bilmirik. Çox narazıyıq. Narazıyıq ki, qrupun işini bu qədər ləngidirlər.

- Konkret işçi qrupun işini ləngidən kimlərdir?

- Yəni, vaxtında yığıla bilmirik. Görüşlər olmayanda da iş ləngiyir.

- Yəni, kimə və ya kimlərə görə iş ləngiyir?

- İşi ləngidən bunların bir yerə yığılmamasıdır. Bir yerə yığıla bilməyəndə də iş getmir.

- Bunlar deyəndə kimi nəzərdə tutursunuz?

Fuad Ələsgərov
Fuad Ələsgərov

- Məsələn, Fuad Ələsgərov (Prezident Administrasiyasının şöbə müdiri) ezamiyyətdə idi, Səməd Seyidov (deputat) tez-tez səfərlərdə olur, Azay Quliyev (deputat) də onun kimi. İki həmsədr (Fuad Ələsgərov və Səməd Seyidov AR), bir də Avropalı nümayəndələrinin görüşə gələ bilməməsi üzündən iş yubanır, işçi qrup vaxtında bir yerə toplaşa bilmir.

- İşçi qrupdan gözlədiklərinizin özünü tam doğrutlması üçün nə çatışmır? Gözləntilərinizin dəyişməsi üçün nəyi dəyişmək lazımdır?

- Vallah, ancaq işçi qrupunun bir araya gəlməsi. Bir araya gələ bilsək, öz sözlərimizi deyə biləcəyik.

- Yəni, düşünürsünüz ki, işçi qrup üzvləri bir araya yığılsa problemlər həll olunacaq?

- Mən hesab edirəm ki, yavaş-yavaş həll olunar. İşçi qrup vaxtında yığışsa çox məsələlər də həll olunacaq. Çünki işçi qrupun işi yalnız yığışmaq deyil, biz siyasi motivli həbslərdən başqa digər hüququ pozulanlara da yardım edirik. Neçə nəfər prokrorluqdan, nə qədəri polisdən buraxılıb.

Leyla Yunus, İlqar Məmmədov və İntiqam Əliyev (arxiv fotosu)
Leyla Yunus, İlqar Məmmədov və İntiqam Əliyev (arxiv fotosu)

- İnsan Hüquqları üzrə Birgə Qrupun əsas məqsədi siyasi məhbusların azadlığına çalışmaq və hüququ pozulan vətəndaşlara yardım göstərməkdir. Amma son aylar yeni həbslərlə yanaşı, həm də həbsdə olanlara qarşı əlavə ittihamlar irəli sürüldü. Məsələn, İnqitam Əliyev, Rəsul Cəfərova. Siz son baş verənləri necə qiymətlənirirsiz?

- Onlar bizim soydaşlarımızdır, onlar bizim dostlarımızdır. Onların azadlığa qovuşmasını hamıdan çox biz istəyirik.

- Yəni, son baş verənləri necə dəyərləndirirsiz?

- Mən yenə təkrar edirəm onlar bizim dostlarımızdır. Onların azadlığa qovuşmağını biz də istəyirik.

«İnsan hüquqları üzrə Birgə Qrup»a Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərovla Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov sədrlik edir. Deputat Əli Hüseynli, vətəndaş cəmiyyətindən Əliməmməd Nuriyev, Mirvari Qəhrəmanlı, Eldar Zeynalov, Sahib Məmmədov, Novella Cəfəroğlu, Arzu Abdullayeva, Səadət Bənənyarlı da sözügedən Qrupda təmsil olunurlar. Qrupda Avropa Şurası baş katibi Jagland-ın xüsusi nümayəndəsi, AŞ-nın siyasi işlər üzrə şöbə müdiri Alexander Gessel də var.

Birgə Qrupun əsas məqsədi siyasi məhbusların azadlığına çalışmaq və hüququ pozulan vətəndaşlara yardım göstərməkdir. ​

XS
SM
MD
LG