Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 08:49

Xədicə İsmayıl: «Televiziyalar dövlətimizi idarə edən yalançı sistemin güzgüsüdür»


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

Vətəndaşın ən təhsilsizi, ən acizi də toy çal-çağırının onun həyətindən və həyatından çox uzaqda səsləndiyini anlayır.

Mən televiziyaya baxıram. Azadlıqda olanda buna vaxt itirməzdim. Burda isə vaxt ən çox ixtiyarımda olan əmtəədir. Azərbaycan telekanallarının ən çox vaxt ayırdığı mövzu toylardır. Hansı manıs toy qıtlığı hiss elədisə, bir yolla televiziyaya çıxıb özünü reklam etdirir. Elə aparıcı da hərdən utanmadan deyir ki, sizi bura çağırdıq, indi yaxşı toy tutarsız. Manısların toy tutmasına başı qarışmış teleefirin vətəndaşlara tutulan toya ayırmağa vaxtı yoxdur. Qarabağ, sosial problemlər, manatın devalvasiyası, bahalıq, bütün bunlar olsa-olsa 8-9-cu plandadır. İkinci yerdə xeyriyyə proqramlarıdır. Bu, bir siyasətdir yəqin ki. Problem içində üzən tamaşaçı kiminsə problemlərinin hansısa xeyirxah vətəndaş, ya da özünü reklam edən özəl klinikalar və müğənnilər hesabına həll olunduğunu görür və onda ölkədə mövcud olan sistemin ümidsiz olmadığı barədə illüziya yaranır. Əslində, xeyirxahlığın təbliği baxımından çox müsbət rolu olan bu proqramları izlərkən bir açıq qalan sual məni narahat edir: Bəs DÖVLƏT hanı?

Hanı bizim pulsuz səhiyyəmiz, tənha qadınların uşaq böyütməsinə yardımçı olacaq hökumətimiz, cinayətləri ictimai qınaqla deyil, qanunun gücü ilə cəzalandırılmalı hüquq-mühafizə sistemimiz?

Hətta sosial yükü başqalarına nisbətən çox olan ANS-də dövlətin bu funksiyalarını unutmaq kimidirlər. Azyaşlı, əqli əngəli olan bir qızın zorlanması barədə tok-şouda polis və prokurorluğun zorlanma maddəsi ilə cinayət işi açmaması faktının üstündən sükutla keçilir. Şanlı hüquq-mühafizə işçilərimiz əqli qüsurlu balaca qızın öz xoşuna cinsi əlaqəyə girdiyi ehtimalı ilə bu işi açmaqdan imtina ediblər.

Televiziyanı mütəmadi izlədiyim üçün bu gün deyilənin sabaha yalan çıxmasını da izləyə bilirəm. Manat ucuzlaşan kimi bahalaşma olmayacaq vədi ilə efirə çıxan hökumət nümayəndələri və istehsalçılar, cəmi iki həftə sonra «qiymətlər qalxacaq, amma dollar kimi 30 faiz yox, 17 faiz» deyirlər. Özü də bunu kim deyir? İlham Əliyevin ailəsinin şirkətlərini idarə edən Abdulbarı Gözəl. Özü də İlham Əliyevin «hər şeyi özümüz istehsal edirik, bahalaşma olmayacaq» mesajının əks-sədası qulaqlardan getməmiş.

Televiziyalar dövlətimizi idarə edən yalançı sistemin güzgüsüdür. Kimsə bu manıs şoularının arxasında yalanların gözə çarpmadığını düşünürsə, səhv edir. Axı vətəndaşın ən təhsilsizi, ən acizi də toy çal-çağırının onun həyətindən və həyatından çox uzaqda səsləndiyini anlayır. Ən azından, gözünü televiziya ekranından ayırıb, az qidalanma ucbatından inkişafdan qalan uşaqlarının gözlərinə baxanda.

Xədicə.

Kürdəxanı. Mart 2015

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG