Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:00

Cəngavər kimi təqdim olunan quldurlarımız


Seymur Baycan
Seymur Baycan

-

Guya keçmişdə kişilik olub. Hansı kişilikdən söhbət gedir?

Məzlum adamlara zülm etmək, döymək, söymək, təpəsinə vurub çörəyini əlindən almaq bəyəm kişilikdir?..

Seymur Baycan

QULDURLUĞUN CƏNGAVƏRLİK KİMİ TƏQDİM OLUNMASI

Məhəmməd Əsəd Bəyin “Qafqazın on iki sirri”, İlyas Əfəndiyevin “Geriyə baxma, qoca” əsərlərini və M.S.Ordubadinin xatirələrini oxudum.

Bu üç ayrı-ayrı adamın yazdığı üç kitabı birləşdirən bir xətt var. Hər üçü Qafqazdan, Qafqazda baş verən hadisələrdən bəhs edir.

Bu üç əsərdən birini İlyas Əfəndiyevin “Geriyə baxma, qoca” əsərini əvvəllər oxumuşdum.

Məhəmməd Əsəd Bəyin “Qafqazın on iki sirri” əsəri ikibaşlı əsərdi. “Qafqazın on iki sirri” əsərində yazılanları oxuduqda oxuduqlarına həm heyran ola bilərsən, həm də oxuduqlarından iyrənə bilərsən.

Əsərdə yazılanları necə qəbul etmək oxucunun özünün səviyyəsindən, həyat fəlsəfəsindən, həyatda tutduğu mövqedən asılıdır. Şəxsən mən o kitabda yazılanlardan iyrəndim. Necə qorxulu bir məkanda, necə vəhşi bir cəmiyyətdə yaşadığımı bir daha dərk etdim.

Təbiət təsvirlərinə, vəhşi adət-ənənələrin bəh-bəhlə, iştahla təsvir olunmasına bir qram da aldanmadım. Əgər kiməsə bu vəhşiliklər xoşdursa, bu adət-ənənələr onda heyranlıq doğurursa öz işidir. Adət-ənənə adı qoyulan vəhşilikləri elə tam bir vəhşilik kimi qəbul etdim.

Məhəmməd Əsəd Bəy Qafqaz xalqlarının adət-ənənələrindən, yaşayışından yazır. Məkanlara, hadisələrə, gördüklərinə, eşitdiklərinə öz usta qələmi ilə sirlilik, ecazkarlıq qatır. Müəllif bu məkana, bu məkanda yaşayanlara qarşı maraq oyatmaq istəyir.

Sanki bu kitab yerli adamlar üçün yox, xarici ölkə vətəndaşları üçün yazılıb. Sanki bu kitabı yazıçı yox, bir turizm şirkətinin çox professional meneceri yazıb. Amma aldanmağa gərək yoxdur.

Bu gün də həmin vəhşilik davam edir. Bu gün də həmin vəhşiliyə adət-ənənə adı qoyublar. youtube-a girib bu adamların toy mərasimlərindən çəkilmiş beş- altı videoya baxmaq kifayətdir.

Göyə avtomat atana bax, camaatın üstünə maşın sürənə bax, masanın üstünə çıxıb oynayana bax, bir-birinin başına boşqab çırpanlara bax. İsrafçılıq, görməmişlik, kobudluq. Terrorçu yetişdirmək üçün gözəl, münbit şərait.

İlyas Əfəndiyevin “Geriyə baxma, qoca” əsəri bizim ədəbiyyatımızda özünəməxsus yeri olan romanlardan biridir. Əsərin axıcı dili var. Hadisələrlə, obrazlarla zəngindir.

Əsəri oxuduqda keçmiş haqqında xeyli məlumat almaq olar. Sovet dövründə yazılmasına və nəşr olunmasına baxmayaraq müəllif hadisələrə obyektiv münasibət göstərməyə çalışıb.

Bir neçə yerdə hətta müəllifin boğulduğunu hiss etdim. Hiss etdim ki, İlyas Əfəndiyevin əslində deməyə sözü çoxdur. Yaşadığı dövr, siyasi quruluş ürəyindəkilərin hamısını olduğu kimi yazmağa imkan vermir. Əsərdə müəllifin bizim ədəbiyyat üçün cəsarət sayıla biləcək şəxsi həyatı ilə bağlı etiraflarına da rast gəlirik.

Bütün hallarda “Geriyə baxma, qoca” əsərində qəribə bir enerji var və belə bir əsəri yazan adamın həm də “Sarıköynəklə Valehin nağılı” kimi düşük bir əsər yazmasını heç cürə başa düşə bilmirəm. Müəllif bir çox hadisələrə münasibətdə keçmişi müqəddəsləşdirməyə çalışsa da, öz keçmişi üçün darıxdığını biruzə versə də “Geriyə baxma, qoca” əsəri keçmişimiz haqqında məlumat almaq üçün dəyərli əsərdir. Əsəd Bəyin “Qafqazın on iki sirri” əsərində olduğu kimi bu əsərdə də yazılan hadisələrin necə qəbul edilməsi oxucunun özündən asılıdır.

Mən bu əsərdə çoxlu vəhşiliklər, göz yaşları, qan, intriqalar, tayfa davaları, zülm, istismar, bədbəxtliklər gördüm.

Ordubadinin “Xatirələr”i yığcamlığı və kəskinliyi ilə yuxarıda haqqında söz açdığım əsərlərdən xeyli seçilir.

Bu xatirələri oxuyarkən necə qorxulu adamların arasında yaşadığımı bir daha dərk etdim. Hamı zülm edir. Bəy zülm edir. Xan zülm edir. Bakı qoçuları zülm edir. Neft milyonçuları zülm edir. Molla aldadır. Seyid aldadır. Cəhalət, savadsızlıq tüğyan edir. Hər tərəf zülüm. Hər tərəf insan əməyinin istismarı. Ordubadinin Tiflis həbsxanasında baş verənlər haqqında yazdıqları isə adamın ürəyini bulandırır. Tiflis həbsxanasına 32 nəfər, yaşları 18-20 arası olan rus uşaqlar da salınmışdı. Onlar müharibənin gətirdiyi səfalətə görə oğurluq etdiklərindən həbs olunmuşdular.

Ordubadi yazır- “Çoxdan bəri qadından və azad həyatdan ayrılmış, müsəlman əxlaqsızlıqlarından təşkil edilmiş bu həyasız kütlə bədbəxt uşaqların üzərindən olmazın həyasızlığı yapırdılar. Hər bir uşaq gecədə heç olmasa 6-7 nəfər caninin şəhvətini soyutmağa məcbur olurdu.

Qoyulan qaydaya görə, hər bir uşaq bu gecə kimin yanında yatacağını şifahi cədvəl üzrə bilirdi...Bunların içərisində ən gözəli Jorka ilə Volodya idi. Bunlara həbsxananın qoluzorbalıları sahiblənmişdi. Volodyanı iranlı Məşədi Hüseyn, Jorkanı isə Baqrat saxlayırdı”

Müəlliflərin hadisələrə yanaşmasından, yazı tərzindən asılı olmayaraq bu üç kitabdan belə bir nəticə çıxardım. Cəhalətin mədəniyyət, vəhşiliyin adət-ənənə, quldurluğun cəngavərlik kimi təqdim olunduğu bir yerdə yaşamaqdayıq.

Bu tayfa o tayfanı çapıb talayır. O tayfa bu tayfanın mal-qarasını oğurlayır. Qan davası. Bu onun övladını öldürür. O, bunun övladını öldürür. Bu onun uşağını oğurlayır. O, bunun uşağını oğurlayır. Hər tərəf zülm, qan, göz yaşı. Mədəniyyətin izi-tozu belə görünmür. Ən böyük hadisə toy və yas mərasimləridir.

Yığışırlar inəkdən, qoyundan yeyib, atdanıb-düşüb, ağlaşıb, üz cırıb dağılışırlar. Budur bizim keçmişimiz. Kasıb itinin adını Gümüş qoyduğu kimi, bu biabırçı keçmişə müxtəlif cəlbedici adlar qoyublar. Nağıllar danışıblar bizə. Biz də bir nümunəvi vətəndaş, həqiqi bir vətənpərvər, xalqını sevən bir insan kimi bu nağıllara inanmalıyıq.

Guya keçmişdə kişilik olub. Hansı kişilikdən söhbət gedir? Məzlum adamlara zülm etmək, döymək, söymək, təpəsinə vurub çörəyini əlindən almaq bəyəm kişilikdir? Neçə dəfə eşitmişəm . Baxırsan qalstuklu, kostyumlu kişidir. Özünü ziyalı hesab edir. Ağıl verir. Məsləhət verir. Nəsihət verir. Dünya siyasətindən danışır. Masonları ifşa edir. Deyir ki, keçmişdə kişilər sözlərində bütöv olublar. Keçmişdə kişilik olub. Biri-birindən borc alanda bığından bir tük çıxarıb girov qoyurmuş. Keçmiş dedikdə də yüz il bundan əvvəl nəzərdə tutulur. Söhbət baş verib ötən əsrin evvəlində. Bu söhbəti hətta iki dəfə televiziyada eşitmişəm. Soruşan yoxdur ki, axi adam niyə bığından bir tük çıxarıb başqasına verməlidir.

Bu nə karikaturadır?! Niyə özünüz özünüzü biabir edirsiniz, niyə özünüz özünüzü ifşa edirsiniz? Bir anlıq gözünüz önündə canlandırın. Bir adam birindən borc alır və bığından bir tük çıxarıb borc aldığı adama verir. Nə qədər gülməli mənzərədir.

Yaxşı, bəs sənəd hardadi? Bəs notarius niyə yoxdur? Siz pul borc götürüb bığınızdan bir tük çıxarıb girov qoyanda başqa xalqlar mədəniyyətin hansı mərhələsində idilər? Niyə mən bu gülməli bığ karikaturası ilə fəxr etməliyəm? Nəyə görə? Guya keçmişdə cəngavərlik olub.

Yol kəsənə, qaçaq-quldura cəngavər, kolda-kosda gizlənib onu-bunu vurub öldürməyə, adamları soymağa cəngavərlik demək nə dərəcədə doğrudur. Bu nağıllar bu gün də danışılır. Üstəlik səndən bu nağıllara inanmaq, quldurluğun kişilik kimi təqdim olunmasına hörmət etmək tələb olunur.

Bu keçmişi olduğu kimi qəbul etsən düşmən dəyirmanına su tökən, millətinə xor baxan adam adı qazanırsan. Bir düşünən adam yoxdur, niyə mən bu biabırçı keçmişə hörmət etməliyəm? Niyə bu vəhşilik məndə heyranlıq, hörmət doğurmalıdır?

Nəyə görə, nəyin xatirinə?

Niyə mən özüm-özümü aldatmalıyam? Ona görə ki, bu nağıllara inanmamaq, yaşadığın məkana, mənsub olduğun xalqa xəyanət etmək kimi qəbul edilir. Bizim yazıçıların öz despotik ataları haqqında yazdıqlarına baxın. Elə bil İsa peyğəmbər haqqında yazırlar. Yalan danışan təkcə yazıçılardımı? Əksəriyyət yalan danışır. Quldurluğun cəngavərlik, vəhşiliyin adət-ənənə kimi təqdim olunduğu bir yerdə adamlar despotik atalarını asanlıqla ciddi ata kimi xarakterizə edirlər.

Ən adi bir səhv üstündə uşağı vəhşicəsinə cəzalandırmaq, əlinə keçənlə döymək niyə atanın ciddiliyi kimi yozulmalıdır? Ən pisi də odur ki, bu gün yekə-yekə kişilər ataları tərəfindən döyülməklərini ,söyülməklərini xoş bir xatirə kimi xatırlayırlar. Onları heç nəyin üstündə döyən, söyən, cəzalandıran atalarının adlarını öz övladlarına qoyurlar.

Çünki onlar da övladlarını döyürlər və dəqiq bilirlər ki, övladları da böyüyəndə bu zorakılığı xoş bir xatirə kimi xatırlayacaq. Deyəcəklər ki, mənim atam ciddi, qaşqabaqlı kişi idi. Atalarının zorakılıqlarını ciddi atanın hərəkətləri, ciddi atanın tərbiyəsi kimi təqdim edəcəklər.

Deyəcəklər ki, nə yaxşı atam o vaxt məni döyürdü, yoxsa allah bilir mənim axırım necə olacaqdı. Bu ölkədə nə qədər ciddi kişi olub. Bu ölkədə nə qədər ciddi kişi var. Bəs bu qədər ciddi kişi olubsa tariximiz niyə belə it günündədir? Ölkəmiz niyə belə bərbad vəziyyətdədi?

Bəs əgər ölkədə bu qədər ciddi, qaşqabaqlı kişilər varsa bu qədər yaltaqlanan, bu qədər alçalan, bu qədər yalan danışan, bu qədər tərif söyləyənlər kimlərdir? Et budursa pishik hani, pishik budursa et hani.

Yoxsa bizim kişiliyimizin sərhədi yalnız evin qapısından içəri girəndə onun-bunun üstünə qışqırmaqla, uşağı döyməklə, onu geyinmə, bunu geyin, ora getmə, bura get qadağaları ilə bitir? Utanmırlar, qızarmırlar yekə-yekə kişilər toyda-nişanda istəyirəm səhvim üstə döy məni, əllərinə qurban olum, ay ata misralarını söyləyib keçmişdəki zorakılıqlar üçün darıxırlar.

Bax, bizim keçmişimiz də tariximiz də bu misralardan ibarətdir. Güclünün qarşısında əyiliblər və bu əyilməyə “hörmət edirəm” adı qoyublar. Zəifin başından basıb əziblər, bu zülmə də cəngavərlik adı qoyublar.

Bakı qoçuları adamlara zülm edirdilər, amma bu qoçular bolşeviklər gələndə quzuya döndülər. Bu vəhşilik bu gün də davam etməkdədir. Ata qızının başını kəsir. Oğul anasını öldürür. Qardaş qardaşının başını kəsir. Qardaş bacısını bıçaqlayır. Ər arvadını baltalayır. Arvad ərini bıçaqlayır. Qız zəhər içib özünü öldürür.

Toyda dava. Avtobusda dava. Küçədə dava. Məktəbdə dava. Hər yerdə dava. Hər gün az qala ölkədə vəhşicəsinə törədilmiş iki-üç qətl hadisəsi baş verir. Budur mədəniyyət? Budur adət-ənənə? Budur milli-mənəvi dəyərlər? Əgər vəhşilik, zorakılıq mədəniyyətdirsə, allah xeyir versin, nə qədər istəyirsiniz öz mədəniyyətinizlə fəxr edin.

Bərk-bərk də qoruyun, birdən kimsə allah eləməmiş o qiymətli mədəniyyətizi tutub sizdən almaq istəyər. Özləri haqqında necə də yüksək fikirdədilər.

Elə bilirlər camaatın işi-gücü qurtarıb, bunların adam baltalamaqdan, baş kəsməkdən ibarət olan milli-mənəvi dəyərlərini məhv etmək istəyir...

"Reytinq" qəzeti

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG