Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 04:51

Bəşir Süleymanlı: «İçəridəki siyasi məhbusların azadlığı üçün çalışacağıq»


Bəşir Süleymanlı azadlığa çıxdı
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Bəşir Süleymanlı azadlığa çıxdı

-
Prezidentin martın 18-də imzaladığı əfv fərmanı ilə azad olunanlardan biri də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) icraçı direktoru Bəşir Süleymanlıdır.

Bəşir Süleymanlı AzadlıqRadiosuna müsahibəsində bildirib ki, azadlığa çıxandan sonra əsas fəaliyyətindən biri həbsdə olan digər siyasi məhbusların azadlığa çıxmasına çalışmaq olacaq.

– Bəşir bəy, azad olunmağınızı necə qarşılayırsınız?

- Dünən mənə bildirdilər ki, əfvlə bağlı siyahı gəlib, bəs, siyahıda sənin də adın var. Həmişə fikirləşirdik ki, nə vaxtsa bizi azadlığa buraxacaqlar. Ancaq qəti əmin deyildik. Təbii ki, azadlığa buraxılmağıma sevinirəm. Azadlığa çıxmaq o deməkdir ki, işimizin başına keçə bilərik.

– Əfv üçün ərizə yazmışdınızmı?

- Xeyr. Hüquq müdafiəçiləri müraciət eləmişdilər.

– Həbsdə olduğunuz müddəti necə keçirdiniz? Cəzaçəkmə yerində siyasi məhbuslara münasibət necə idi?

Bəşir Süleymanlı
Bəşir Süleymanlı

- Vaxt keçirmək.. həbsxana şəraitidir də. Ancaq siyasi məhbuslara münasibət normal idi. Xüsusi ayrı-seçkilik, hansısa neqativ hal müşahidə eləməmişəm. Nə özüm, nə də başqası ilə bağlı belə bir şey olmayıb.

– Digər vicdan məhbusları ilə əlaqə saxlaya bilirdinizmi?

- Mən yalnız 2 saylı cəzaçəkmə yerində REAL hərəkatının sədri İlqar Məmmədovla, bir də NİDA-çı Məmməd Əzizovla görüşə bilirdim. Digərləri ilə imkan yox idi. Başqa-başqa cəzaçəkmə yerlərində saxlandıqları üçün əlaqə saxlamaq imkanlarımız yox idi.

– Həbsdə bayırda baş verənləri izləyirdiniz?

- Açığı, bayırda baş verənləri izləmək imkanlarımız çox məhdud idi. Cəzaçəkmə müəssisəsində qəzet almaq imkanlarımız yox idi. Yalnız televiziyalardan, dostlardan məlumatlar alırdıq. Belə məlum oldu ki, artıq qanunvericilik dəyişib. Qeyri-hökumət təşkilatlarının fəaliyyəti minimuma endirilib. Məlumatım bu qədər idi. İndi 20 dəqiqədir azadlığa çıxmışam. Araşdıracağıq, görək, nə baş verib.

– Ölkədə baş verənləri necə qiymətləndirirsiniz?

- Vətəndaş cəmiyyətinə qarşı əvvəlki təzyiqlər davam edib, artıb. Həm də xeyli həbslər olub. Hüquq müdafiəçiləri, jurnalistlər həbs olunub. Təbii ki, bütün bunları mənfi qarşılayırıq.

– Azadlıqdasınız. Planlarınız necədir?

- Fəaliyyət göstərməklə bağlı qanunvericilik məhdudlaşdırılıb. Görək necə işləmək mümkündür. Fərdi, ya da hansısa şəkildə fəaliyyət göstərmək mümkündürsə, işimizi davam etdirəcəyik. Mümkün deyilsə, qanunun imkan verdiyi şəkildə fəaliyyət haqda düşünəcəyik. İndi içəridə həbsdə olan çox adam var. Çalışacağıq ki, onlar da tezliklə azadlığa qovuşsunlar.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı 3 il 6 ay azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 192.2.2 (mütəşəkkil dəstə tərəfindən qanunsuz sahibkarlıq), 213.1 (vergidən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham olunub. O, ittihamları qəbul etməyib, həbsini siyasi sifariş sayıb.

Amnesty İnternatinal beynəlxalq hüquq müdafiə təşkilatı B.Süleymanlını “vicdan məhbusu” elan etmişdi.

XS
SM
MD
LG